525.Az

Bayrağımız - baş tacımız... - Təranə Arifqızı yazır


 

Bayrağımız - baş tacımız... - <b style="color:red">Təranə Arifqızı yazır</b>

Bayraq deyəndə müqəddəs, Ay, Günəş kimi toxunulmaz, əlçatmaz, vicdan qədər qorunub uca tutulan dəyərimiz gözümüz önündə canlanır. Ona görə hər zaman baş üstündə tutulur, məqamı zirvələr olur.

Bəs mənliyi, kimliyi, müqəddəsliyi, toxunulmazlığı bəzən niyə yanlış məqsədlər üçün istifadə edirlər? Niyə? Yəni bayrağın bayraq olmasını anlamaq bu qədərmi çətindi? Bayraqdan paltar biçilir, tikilir, əyinə geyilir. Bu, harada görünüb? Bir başqa xalqda, millətdə görmüsünüzmü, heç nə demirəm, elə təkcə dövlət atributu olaraq bayrağı nüfuzdan salacaq bir işə qol qoysunlar? Biz bir millət, xalq olaraq vətəni, dövləti, onun müqəddəsliyini simvolizə edən atributları hər zaman qoruyuruq, əziz tuturuq.

Sosial şəbəkələrdən aktiv istifadə edən biriyəm. Təbii ki, burada qarşımıza əksəriyyətini heç tanımadığımız insanların paylaşımları çıxır. Bir az əvvəl də bəzi müğənnilərin vətənpərvər mahnı oxuyarkən bayrağı geyinməsi ictimaiyyət tərəfindən sərt tənqid olunmuşdu. Hətta hörmətli professorlarımızdan biri, həm də türkoloq-alim bu məsələyə münasibət bildirərək, "bayraqdan paltar geyinmək olar, amma yaxşı olar ki, qurşaqdan yuxarı olsun" yazmışdı. Yəni bu qədərmi vacibdir bayrağın geyimə çevrilməsi? Olmaz, qətiyyən tərəfdarı deyiləm. Mənimlə razılaşanlar çoxdur, bilirəm. Qarşıma çıxan başqa bir paylaşım məni bunları diktə ilə yazmağa vadar etdi. Tortun üzərinə salınmış bayraq cəbhə bölgəsindən gəlmiş əsgər tərəfindən bıçaqla şirinlik kimi kəsilir. Olmaz! Niyə olmaz?

Qırx dörd günlük Vətən müharibəsi dövründə bəlkə də, ən çox gözümüzü oxşayan, hər yerdə qarşımıza çıxan üçrəngli bayrağımız oldu. Əlimizdən düşmədi, başımızın üstündən yerə enmədi. Qarabağda, azad olunan torpaqlarımızda ən müqəddəs zirvələrdə ucaldı.

Bayraq, onu o zirvələrə qaldıran müqəddəs şəhidlərimizin tabutuna, məzarına örpək oldu. Hər şəhid atası, hər şəhid yaxını o bayrağı öpərək gözünün üsünə qoydu, bağrına basdı balası kimi, atası kimi, qardaşı kimi... Bəs belə bir müqəddəsliyi geyim kimi istifadə etmək, doğramaq olarmı? Cəfər Cabbarlının bayraq şeiri də yəqin ki, yadınızdadır. Deyir:

Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım,
Şu sevimli üç boyalı, üç mənalı bayrağı.
Mələklərin qanadımı üzərinə kölgə salan?
Nə imiş bu, aman Allah?! Od yurdunun yarpağı!
 

Göy yarpaqlı, al çiçəkli, yaşıl otlar topasımı?
Xayır, xayır! Çiçək solur, otlar yerdə tapdanır.
Fəqət bizim bayrağımız ucaları pək seviyor,
Ulduzlardan, hilaldan da yüksəklərdə fırlanıyor.

Bu gün bayraqdan paltar tikənlər, tort bişirib satanlar, onu bıçaqla tikə-tikə doğrayıb yeyənlər, bu şeiri oxuyun və düşünün. Şair onu çiçəyə bənzətmir ki, çiçək solur, yaşıl ota bənzətmir ki, ot yerdə tapdanır. Bayrağımız ulduzlardan, Aydan yüksəklərdə dalğalanır. Onun yeri əngin səmalardır. Onun mənası bölünməzlikdir, şərəfdir, qürurdur.

Ən çox təəssüf doğuran isə sadaladığım bu mənfi hallara bəzən bir çox ziyalılar, üzdə olan bəzi məhşurları tərəfindən yol verilməsidir. Sadə insanların etdiyi səhvi bəlkə də, bağışlamaq olar. Amma ziyalılara yox. Hər gün şagirdinə bayrağın ucalığından danışan müəllim bayrağı qulaqlarının arxasına sancıb rəqs edir. Hər gün milyonların qarşısına çıxıb "Bayrağım mənim" oxuyanlar əvvəl özlərinə sual versinlər: Mənliyim, kimliyim dediyim bayrağı səhnə paltarı kimi geyinib ortalığa çıxmaq hansı məntiqə sığır?

Bayrağı məşəl kimi başının üstünə qaldıran, şəhid yoldaşının tabutuna büküb onu əbədi məkanına göndərən əsgərə evdə bayraqla bəzənmiş tortu kəsdirmək düzgündürmü? Onu doğrayıb yeyəndə hansı hissləri yaşayırsınız, bunun fərqinə vardınızmı heç? Bu həyatda başqalarından fərqli olmaq üçün çox gözəl əməllər var!..

Unutmayaq, birliyimizi, gücümüzü, dövlətçiliyimizi ifadə edən üçrəngli bayrağımıza qarşı hər zaman, hər yerdə diqqətli olmaq insanlıq, vətəndaşlıq, vəzifə borcumuzdur. Amma hər yeri bayraqla bəzəməklə vətənpərvərlik olmur! Ürəyinizdə gəzdirin yetər! Yeri ürək olanın, məkanı əbədilik olur. Müharibə vaxtı, evlərə bayraq bükülmüş tabutlar gələndə ürəyimdən ağrıyaraq qürur dolu bu misralar keçmişdi:

Hər şəhid bir bayraqdır,
Hər şəhid bir vətəndir.
Qaldırın göy üzünə,
Çiyninizin üstündə
Göyə dua göndərin!
O, Göyün duasıdır,
Ruhumun, mənliyimin,
Qələbə havasıdır!..

Bu yazıya görə bəlkə məni qınayanlar da olacaq. Qınamayın! Mən Vətənimi də, onun bayrağa dönən qəhrəman, nurüzlü oğullarını da, himnimizi də, üçrəngli bayrağımızı da bəzək-düzəksiz sevirəm... Ya dəyər verib sevəcəksən, ya da sevib dəyər verəcəksən!..

 





26.01.2021    çap et  çap et