525.Az

AMEA Fizika İnstitutunun icraçı direktoru kollektivə təqdim olundu


 

AMEA Fizika İnstitutunun icraçı direktoru kollektivə təqdim olundu<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda Elmi Şuranın iclası keçirilib.

525.az xəbər verir ki, iclasda AMEA-nın birinci vitse-prezidenti, akademik Dilqəm Tağıyev və vitse-prezident, akademik Rasim Əliquliyev iştirak edib.  Tədbirdə struktur dəyişiklikləri haqqında əməkdaşlara məlumat verilib.

Elmi Şuranı giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti, akademik Dilqəm Tağıyev açıb. Bildirib ki, iclasın keçirilməsində məqsəd Fizika-Riyaziyyat və Texnika Elmləri bölməsinin ümumi iclasında seçilmiş və Akademiyanın Rəyasət Heyəti tərəfindən təsdiq olunmuş Fizika İnstitutunun direktoru akademik  Arif Həşimovu kollektivə təqdim etməkdən ibarətdir. O, akademikin elmi-təşkilati fəaliyyəti haqqında ətraflı məlumat verib. Qeyd edib ki, A.Həşimov 1971-ci ildən Fizika İnstitutunda işləyir. A.Həşimovun  tanınmış alim, akademik Çingiz Cuvarlı məktəbinin yetirməsi olduğunu və bu məktəbin ənənələrini layiqincə davam etdirdiyini vurğulayıb. Akademik D.Tağıyev bildirib ki, Fizika İnstitutu Akademiyanın işçilərin sayına görə ən böyük institutlarındandır və həmişə dünyada tanınan qabaqcıl institutlarından olub. O, bundan sonra da İnstitutun inkişaf edəcəyinə və həmişə olduğu kimi irəlidə olacağına ümid etdiyini bildirib.

İclas akademik Rasim Əliquliyevin çıxışı ilə davam edib. O, çıxışında bildirib ki, akademik Arif Həşimov bir  müddət Fizika İnstitutuna rəhbərlik edib. Onun bir çox gözəl xüsusiyyətlərinin olduğunu qeyd edib,  insanlarla səmimi münasibətindən bəhs edib. R.Əliquliyev akademikin ictimai maraqlarını öz şəxsi maraqlarından  üstün tutan insan olduğunu qeyd edib. O bildirib ki, ölkədə baş verən köklü islahatların davamı kimi Azərbaycan elmi də müasir  tələblərə, dünyanın çağırışlarına uyğunlaşmalıdır. Bu məqsədlə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi altında müxtəlif istiqamətlər üzrə islahatlara start verildiyini vurğulayıb. Akademik Fizika İnstitutunun Azərbaycan elminin flaqmanı olduğunu,  Azərbaycan elminin şərəfini fundamental elmi tədqiqatlar sahəsində, o cümlədən  nüvə tədqiqatları sahəsində Dubnada, Cenevrədə fizika elmini yüksək səviyyədə təmsil etdiyini bildirib. Akademik Rasim Əliquliyev AMEA-nın Ümumi Yığıncağında AMEA nizamnaməsində dəyişiklər olacağını qeyd edib. Vurğulayıb ki, yeni struktur dəyişikliyinə əsasən, baş direktor və icraçı direktor vəzifəsi təsis edilib. İnstitutun icraçı direktor vəzifəsini fizika elmləri doktoru, professor Anar Rüstəmovun icra edəcəyini bildirib.

Tədbir akademik Arif Həşimovun çıxışı ilə davam edib.  O, ilk olaraq Akademiyanın rəhbərliyinə,  AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə ona göstərilən etimada görə minnətdarlığını bildirib. Qeyd edib ki, AMEA-da aparılan islahatlar Azərbaycanın bugünki abu-havası ilə uyğunlaşır, Azərbaycan Respublikasının Prezidenti, Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan 20 faiz torpaqlarımızın geri qaytarılması nəticəsində Yeni Azərbaycanın qurulmasında Akademiya da yaxından iştirak etməli və öz töhfələrini verməlidir. Akademik Arif Həşimov ümummilli lider Heydər Əliyevdən sitat gətirərək, bildirib ki, AMEA Azərbaycanın milli sərvətidir. O bildirib ki, belə bir sərvəti qoruyub saxlamaq, yeni Azərbaycanın inkişafı naminə bütün gücü səfərbər etmək vacibdir.

 





26.01.2021    çap et  çap et