525.Az

Elman Quliyev "Abay 175 il" medalı ilə təltif olundu


 

Elman Quliyev "Abay 175 il" medalı ilə təltif olundu<b style="color:red"></b>

Ötən il TÜRKSOY (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) Nazirlər Şurasının qərarı ilə türk dünyasının dahi ədibi Abay Kunanbayevin anadan olmasının 175 illiyi münasibətilə bütün türk dünyasında "Abay Kunanbayev ili" elan olunub. Abay ili çərçivəsində türk dünyasının bütün elm ocaqlarında olduğu kimi, Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2017-ci ildən fəaliyyət göstərən TÜRKSOY kafedrasında da geniş elmi araşdırmalar aparılıb. Bunların içərisində ADPU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, “Türk araşdırmaları” elmi-tədqiqat mərkəzinin rəhbəri Elman Quliyevin tədqiqatları xüsusilə seçilir.

ADPU-dan 525.az-a bildirilib ki, professorun TÜRKSOY-un sifarişi ilə ərsəyə gətirdiyi "Abay Kunanbayev" kitabı Ankarada nəşr olunaraq TÜRKSOY xətti ilə türk dünyasında yayımı aparılıb. Ötən ilin avqustun 10-da Ankarada Abayın 175-ci doğum gününə həsr edilmiş beynəlxalq onlayn konfransda bilavasitə bu kitabın təqdimatı keçirilib. Kitabda böyük ədib Abayın həyatı, yaradıcılığı, lirikası, poema və nəsr yaradıcılığı geniş mənada tədqiqata cəlb edilib.

Qeyd edək ki, 2020-ci ildə professor Elman Quliyev TÜRKSOY və digər təşkilatlar tərəfindən Abay yaradıcılığına həsr olunmuş 12 beynəlxalq konfransda məruzələrlə çıxış edib, müxtəlif canlı yayımlarda Abay yaradıcılığının fərqli aspektlərinə aydınlıq gətirib.

Bütün bu məhsuldar fəaliyyətin məntiqi yekunu kimi yanvarın 21-də Qazaxıstanın Azərbaycandakı səfirliyində TÜRKSOY-un Baş katibi Düsen Kaseinovun iştirakı ilə keçilən təqdimetmə mərasimində Azərbaycan abayşünasları, o cümlədən professor Elman Quliyev TÜRKSOY-un "Abay 175 il" medalı ilə təltif edilib. Həmçinin AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Elman Quliyevin Abayla bağlı tədqiqatlarının nəticələri mühüm nəticələr bölümünə salınıb.

 





26.01.2021    çap et  çap et