525.Az

"Bizdə hər işi görən, amma bir işi düzgün görməyi bacarmayanlar çoxdur"


 

MARKETİNQ ÜZRƏ MÜTƏXƏSSİS TÜRKAN FƏRZƏLİYEVA: "İNSANIN ÖZÜNÜ XOŞBƏXT HİSS ETDİYİ İŞLƏ MƏŞĞUL OLMASI TAMAM BAŞQA HİSSDİR"

"Bizdə hər işi görən, amma bir işi düzgün görməyi bacarmayanlar çoxdur"<b style="color:red"></b>

Artıq neçə illərdir ki, Azərbaycanda aktuallaşan fəaliyyət sahələrindən biri də marketinq və reklam sektorudur. Sevindirici haldır ki, gənclərimiz asanlıqla bu sahələr üzrə təlimlərdə, seminarlarda iştirak edə, kurslara gedib təhsil ala bilirlər. Bu da onu göstərir ki, inkişafın nəticəsində Azərbaycanda marketinq və reklam sahələri üzrə püxtələşən gənclərimiz çoxalıb. Budəfəki müsahibimiz marketinq və reklam sahəsi ilə maraqlanan gənclərə öz fəaliyyətilə nümunə olan marketinq üzrə mütəxəssis Türkan Fərzəliyevadır. Əslən Qarabağdan -  Xankəndindən olan gənc mütəxəssis 1991-ci ildə doğulub. Orta məktəbi bitirdikdən sonra bakalavr təhsilini Azərbaycan Dövlət Neft Akademiyasının İstehsalat proseslərinin avtomatlaşdırılması fakültəsinin informasiya texnologiyaları və sistemlərin mühəndisliyi ixtisası üzrə alıb.  O, Bahçeşehir Universitetinin Sosial elmlər fakültəsinin Marketinq ixtisası üzrə magistr dərəcəsi alıb. Müxtəlif  dövrlərdə "Az-Granata", "Modern Group" şirkətlər qrupunda marketinq meneceri vəzifələrində çalışıb.

- Türkan xanım, ixtisasınız fəaliyyət göstərdiyiniz sahə ilə eyni deyil. Marketinq sahəsinə marağınız necə yarandı?

- Universiteti əla qiymətlərlə bitirməyimə baxmayaraq, birinci kursda başa düşmüşdüm ki, proqramlaşdırma mənə yad sahədir. Ona görə də 1-ci kursdan bir neçə şirkətdə könüllü işləməyə başladım. Hətta iki il 4 fərqli şirkətdə təcrübə qazanmaq üçün ödənişsiz işləmişəm. Həmin şirkətlərdə işləyəndə marketinqə doğru getdiyimi hiss edirdim. 3-4-cü kurslarda reklam agentliklərində işləyirdim. Agentliklərdə işləmək mənə çox böyük təcrübələr qazandırdı. Əslində, həmin vaxlar, yəni 2012-2013-cü illər Azərbaycanda marketinqin inkişafa başlandığı, qlobal brendlərin hədsiz dərəcədə investisiya yatırdığı və yerli brendlərin də reklamlar üçün büdcələr ayırdığı dövr idi. Son dövrlərdə fəaliyyətə başlayan həmkarlarım çox vaxt deyirlər ki, Azərbaycanda marketinq son 4-5 ildə fəaliyyət göstərməyə başlayıb.

Heç də belə deyil. Keçmişdə də Azərbaycanın yerli brendlərinin qlobal brendlərdən geri qalmayan sloqonları var idi. İxtisasım fəaliyyət göstərdiyim sahə ilə çox uzaq olmadığı üçün əvvəllər çətinlik çəkmədən işləyirdim. Menecerim işdən ayrıldıqdan sonra gördüm ki, artıq onun yerinə yetirdiyi vəzifələri mən yerinə yetirməliyəm. Bunun üçün müəyyən nəzəri biliklərə ehtiyacım var idi. Həmin nəzəri bilikləri qazanmaqdan ötrü İstanbulda Bahçeşehir Universitetində sırf marketinq sahəsi üzrə magistr təhsili aldım. Orada aldığım təhsil mənə çoxlu təcrübə qazandırdı.

- Fəaliyyət göstərdiyiniz sahənin bu günü və gələcəyi haqda nə deyə bilərsiniz?

- Hazırda Startup layihəsi ilə bazara çıxmağı planlayarıq. Zaman da bunu diktə edir. Keçmişdə Azərbaycanda çox güclü ekosistem olmadığına görə çətinlik yaranırdı. Amma hazırda yaratdığımız layihə ödəmə sistemləridir. Gələcəkdə elektron kommersiya sahəsində fəaliyyət göstərmək istəyən müştərilərin ödəmələrini rahatlıqla həyata keçirmələri üçün nəzərdə tutulan layihə üzərində işləyirəm. Məqsədimiz bu sahənin inkişafıdır. Marketinq tərəfə gəldikdə isə, marketinq var idi, indi də var, gələcəkdə də olacaq. Bir məhsulun bazara daxil olub möhkəmlənməsi üçün mütləq mövqelənməli, araşdırılmalı, rəqiblərindən üstünlükləri və ya fərqlilikləri ortaya çıxarılmalıdır. Bu, böyük marketinq strategiyası tələb edir. Marketinq strategiyası olmadan pərakəndə şəkildə bazara daxil edilən brendin, sözsüz ki, brend dəyəri olmayacaq. Çünki öncə brendləşdirilməlidir. Loqosu, adı, rəngi, özünəməxsusluğu olmalıdır. Özünəməxsus olmayan brendlərin bazarda möhkəmlənməsi çətin olur.

- Yəni deyirsiniz ki, bundan sonra marketinq daha da inkişaf edəcək?

- Əlbəttə. Düzü, bəzi ənənəvi vasitələr hələ də saxlanılır. Biz gözləyirdik ki, ənənəvi üsullar tamamilə dövriyyədən çıxar, amma çıxmır. Həm ənənəvi üsullar qalır, həm də müxtəlif yeni üsullardan istifadə edilir. Rəqəmsala keçid çox genişlənib. Ancaq bunu da düzgün etmək lazımdır.

Doğru hədəf kütləsini seçməmiş dayanmadan reklam vermək də düzgün deyil. Marketinqin əsası araşdırmadır. Araşdırma olmasa, marketinq kommunikasiya vasitəsini seçə bilməzsiniz. Ayrılmış vəsaiti boş yerə sərf etmiş olarsınız. Təəssüf ki, bəzən insanlar araşdırma aparmadan reklam çəkmək istədiklərini deyirlər. Ancaq reklamı hazırlamazdan öncə araşdırılması lazım olan bir çox şeylər var. Məsələn, reklam sahəsində ingilis sözlərindən ibarət 5M ("Money", "mission", "media", "message", "measurement") var. Bununla büdcəni, vermək istədiyin mesajı, hədəf kütləni, çəkdiyin reklamın ölçüləbilən olub-olmadığını müəyyənləşdirirsən. Televiziya üçün hazırlanmış reklamlar sırf orada verildiyi müddətdə çox vaxt ölçüləbilən olmur. Təəssüf ki, ölkəmizdə bu ölçülər düzgün və dəqiq deyil.

- Sizcə, bütün sahələrə uyğun xidmət göstərə bilən reklam şirkətləri daha əlverişlidir, yoxsa müəyyən bir sahə üzrə ixtisaslaşan?

- Azərbaycanda hər iki kateqoriyaya aid şirkətlər mövcuddur. Bütün sahələr üzrə fəaliyyət göstərmək üçün resurslar varsa, heç bir sıxıntı yoxdur. Ancaq hamısını edib, işi yarımçıq formada görürlərsə, bir sahə üzrə ixtisaslaşmaq daha yaxşı olar. Təəssüf ki, Azərbaycanda müəyyən resurs problemlemləri var. Bizdə hər işi görən, amma bir işi düzgün görməyi bacarmayan kadrlar çoxdur. Kadrlar müəyyən bir sahə üzrə ixtisaslaşsalar, daha yaxşı olar. Bu mövzuda, təbii ki, birtərəfli kimisə günahlandıra bilmərik.

Necə ki, resurs azlığı var, eləcə də resurs üçün düzgün iş tələbləri qoyan şirkət qıtlığı da var. Bu gün bir şirkət iş elanında 3-4 səhifəlik iş açıqlaması yazaraq hər şeyi etməyi bacaran marketinq mütəxəssisi axtarırsa, kadr da işsiz qalmamaq üçün məcburən hər şeyi öyrənməli olur.

- Azərbaycandakı reklam şirkətlərini və reklamların keyfiyyətini digər qabaqcıl ölkələrlə müqayisə etsəniz, əskiklərimiz və ya üstünlüklərimiz nələrdir?

- Əminəm ki, indi deyəcəklərimlə bağlı bir çox reklam şirkətləri mənimlə razılaşacaqlar və onların yaralı yerinə toxunmuş olacam. Brend menecerləri nə istədiklərini reklam agentliklərinə düzgün çatdırsa, qarşılıqlı olaraq düzgün kommunikasiya qursalar, ortaya çox gözəl işlər çıxa bilər. Təəssüf ki, hazırda bir çox brend meneceri nə istədiyini düzgün çatdıra bilmədiyi üçün reklam agentlikləri də düzgün başa düşmür. Siz su istəyirəm desəniz, onlar sadəcə suyu verəcəklər. Ancaq desəniz ki,  axı mən soyuq və qazlı su istəyirdim, onda sizə istədiyinizi verəcəklər. Ona görə də, hər şeyi detallandırmaq lazımdır. Bir sözlə, strategiyanı düzgün quranda tam olaraq məhsulun missiyasını da, hansı hədəf kütləsinə çatmalı olduğunu da bilirsən.

- "Vita1000" və "Bahar" şirələrinin reklamlarını siz hazırlamısınız. Ancaq "Vita1000" şirəsinin reklamı insanlara daha çox təsir etdi. Niyə? Eyni kateqoriyadan olan iki məhsulun reklamının eyni olmaması üçün nə edirsiniz?

- "Vita1000" şirələrinin reklamında yazdığım brifdən əmin olmağıma baxmayaraq, iki dəfə yazmışdım. Birinci brifdən sonra 4-5 dənə fərqli ssenari gəldi. Onda başa düşdüm ki, deməli, nə istədiyimi düzgün çatdıra bilməmişəm. Mən duyğulara xitab edən, emosional reklam istədiyimi yazmışdım. Fərqli ssenari gətirib deyirdilər ki, əyləncə də bir hissdir də, gülürsünüz. Mən isə həyatdan real an olmasını istəyirdim. Həmin layihəni çox detallı, xətaya yol vermədən işləməyə çalışmışdıq. 2017-ci ildə Yutubda həmin reklama bir şərh gəlmişdi. Şərhdə reklamda göstərilən kimi zabitlərin olmadığı, sadəcə uydurma ssenari olduğu yazılmışdı. Və 4 il sonra şəhidimiz Polad Həşimovun əsgərə kompot süzdüyü ilə bağlı xatirələri sosial şəbəkədə yayıldı. Mən həmin şərhə daxil olub yazdım ki, hələ də belə düşünürsünüz? Çünki biz o vaxt da bilirdik ki, belə hadisələr var, sadəcə indiki kimi üzə çıxmırdı. Müharibə şəraitindən sonra bizim necə zabitlərimizin, generallarımızın olduğunu açıq şəkildə gördük. O vaxt da o reklamı çəkəndə müharibə şəraitində olan ölkə olduğumuzu düşünərək aktuallığını qoruyacağını bilirdik. Oğlu əsgərlikdə olan analar reklamdan sonra hərbi hissəyə ziyarətə gedəndə "Vita1000" şirələrini apardığını deyirdilər. Bunun kimi aldığımız gözəl şərhlər bizi çox sevindirir. Reklamların fərqli olmasına gəldikdə isə, brendlər bazara daxil olduqda müxtəlif hədəf kütlələrinin büdcəsinə uyğun məhsullar çıxarırlar. Bir şirkətin əsas ana brendi bazarda mövcuddursa və sonra daxil olan brendlər əsas brendin satış payına daha çox daxil olursa, bu, həmin şirkətin strategiyasında müəyyən nöqsanların olduğunu göstərir. Ona görə də, mən heç vaxt digər brendə əsas brendimdən üstün reklam çəkə bilməzdim. Digər reklam da reallıqları əks etdirirdi və oynayanlar azərbaycanlı idi. Çox vaxt reklamlara avropalı, xarici insanları çəkdikdən sonra geridönüş ala bilmədikdə təəccüblənirlər. Hədəf kütləsi yerli əhalidirsə, reklama da əhaliyə yaxın olan birini çəkmək lazımdır. 

- Son olaraq, bu sahələrlə maraqlanan insanlara  təvsiyələriniz nələrdir?

- Bu sahə ilə bağlı kitabları hər zaman oxuya bilərsiniz. Xüsusilə köhnə yox, trenddə olan yeni kitabları oxusanız, daha yaxşı olar. Ancaq bu sahəni təcrübə qazanaraq öyrənmək lazımdır. Marketinqə marağı olan insan ödənişsiz belə olsa, təcrübə üçün çoxsahəli agentliklərdən birində işə başlasın. Orada karyera planlaması edərək marketinqin bütün sahələrini sınayıb onun özünə ən yaxın olan tərəfini seçə bilər. Çünki insanın özünü xoşbəxt hiss etdiyi işlə məşğul olması başqa hissdir. Bir insan iş vaxtının bitməsi üçün dəqiqə sayırsa, bu, ciddi sıxıntıdır. Xoşbəxt olduğunuz sahədə işləmək üçün isə, sadəcə özünüzü inkişaf etdirməli və nə istədiyinizi bilməlisiniz.

Aytac ASLAN

 





27.01.2021    çap et  çap et