525.Az

"Bütün dünya Şuşanı məhz Azərbaycan şəhəri kimi tanıyıb"


 

"Bütün dünya Şuşanı məhz Azərbaycan şəhəri kimi tanıyıb"<b style="color:red"></b>

“Azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi institutu mənim təşəbbüsümlə yanvarın 19-da yaradılmışdır. Birinci təyinat məhz Şuşa rayonuna olan təyinatdır. Bu da təbiidir. Şuşa Azərbaycan xalqının qəlbində xüsusi yerə malikdir. Şuşa Qarabağın tacıdır, Şuşa təkrarolunmaz şəhərdir. Şuşanın yerləşməsi, təbiəti, havası, iqlimi, tarixi abidələri, dini abidələrimiz, şəhərin memarlıq ansamblı bizim milli sərvətimizdir. Şuşanı biz qorumalıyıq, qoruyacağıq. Biz Şuşaya qayıtmışıq və bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaqdır. Necə ki, bütün dövrlərdə Şuşa həmişə Azərbaycan şəhəri olmuşdur və ermənilərin saxtakarlıq cəhdlərinə baxmayaraq, bütün dünya Şuşanı məhz Azərbaycan şəhəri kimi tanıyıb və qəbul edib”.

525.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, Şuşanın işğal altına düşməsi böyük faciə idi:
 
“Hər bir şəhərin, hər bir kəndin, rayonun işğal altına düşməsi böyük faciə idi. Amma Şuşanın işğal altında düşməsi bizim üçün bəlkə də ən ağrılı itkimiz olmuşdur. Təkcə ona görə yox ki, Şuşanın strateji yerləşməsi imkan verirdi ki, bütün bölgəyə, - əgər orada işlər düzgün qurulsaydı, - nəzarət edək, imkan verirdi ki, Şuşanı müdafiə etmək üçün hətta az qüvvələrlə bütün lazımi tədbirləri görək. Şuşanın itirilməsi xalqımız üçün böyük sarsıntı yaratmışdır, mənəvi sarsıntı yaratmışdır və biz 28 il Şuşasız yaşamışıq. Ancaq Şuşa ermənilər tərəfindən dağıdılsa da, əyilmədi, əsirlikdə olsa da, öz ləyaqətini itirmədi, erməniləşdirmə cəhdlərinə məruz qalsa da, Azərbaycan ruhunu qoruyub saxlaya bildi. Biz Şuşaya qayıtmışıq və noyabrın 8-də bu müjdəni Azərbaycan xalqına verərək demişdim ki, Şuşa, sən azadsan! Biz öz tariximizə qayıtmışıq. Əlbəttə ki, Şuşanı bərpa edəcəyik, Şuşanı dirçəldəcəyik və dirçəlmə prosesi artıq başlamışdır”.

“Şuşa bizim tarixi şəhərimizdir və biz bu şəhərə qayıtmışıq. Əgər ermənilər bu şəhəri öz şəhəri hesab edirdilərsə, nə üçün 28 il ərzində bir daş daş üstə qoymayıblar? Nə üçün Şuşanın tarixi abidələrini qoruyub saxlaya bilməyiblər? Bütün bulaqlar quruyub. Hər bir məhəllədə bulaq olub, birində də su yoxdur. Yaxşı, əgər bu, sənin şəhərindirsə, niyə sən bulaqları qurudursan?”.

Prezident bildirib ki, bütün tarixi abidələr yerlə-yeksan edilib:

“Əgər bu, sənin şəhərindirsə, niyə sən bu abidələri dağıtmısan? Əgər sən Ermənistan olaraq bəyan edirdin ki, Şuşanı azad etdiniz, kimdən azad etdiniz? Dinc əhalidən azad etdiniz? Azərbaycanlılardan azad etdiniz? Yaxşı, əgər hesab edirdiniz ki, siz bunu azad etmisiniz, niyə binaları dağıdırsınız? Əgər bu, erməni şəhəridirsə, nə üçün yerlə-yeksan edirsiniz? Orada təkcə bizim məscidlərimiz yox, bütün binalar dağıdılıb. Sovet vaxtında tikilmiş “Xruşovka”lar deyilən binalar, - hansı ki, Şuşanın memarlıq ansamblını kobudcasına pozur, - qalmışdı, orada da məskunlaşmışdılar. Mən Şuşada olarkən bu dağıntıları öz gözümlə görmüşəm. Elə bil ki, oradan vəhşi qəbilə keçib, vandallar Şuşanı bu günə salıblar. Sonra da deyirlər ki, Şuşa erməni şəhəridir. Bu, növbəti erməni yalanıdır, saxtakarlığıdır! Onların bütün tarixi saxtakarlıq və mifologiya üzərində qurulub. Onlar və onların müxtəlif ölkələrdəki havadarları onlar üçün saxta tarix yaradıblar və bu saxtakarlıq bu gün də davam edir. Baxın, görün erməni nümayəndələri və onların xaricdəki havadarları Şuşanın azad olunması ilə bağlı nələr deyirlər? Guya Şuşa bizə elə-belə verilib, döyüşlər getməyib, ermənilər Şuşanı tərk ediblər. Ağ yalandır! Şuşa əməliyyatı Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Şuşanı azad edərkən Azərbaycan əsgər və zabiti qəhrəmanlıq, peşəkarlıq, fiziki güc, yüksək milli ruh göstərib. O, Daşaltı istiqamətindən, digər istiqamətlərdən, sıldırım qayalardan qalxaraq, işğalçıları məhv edərək Şuşanı azad edib, demək olar ki, əliyalın, əlində süngü, bıçaq, yüngül silah topa, tanka qarşı vuruşub. Şuşa əməliyyatında yüzlərlə işğalçı məhv edilib, onların sayını biz bilirik. Ermənistan rəhbərliyi bunu nə qədər öz xalqından gizlətsə də, gizlədə bilməyəcək. Şuşanı müdafiə edən yüzlərlə işğalçını Azərbaycanın qəhrəman övladları məhv edib. Necə demək olar ki, Şuşa bizə bağışlanılıb? İkincisi, belə bir şəhəri kimsə kiməsə bağışlaya bilər? Biz Şuşanı qəhrəman övladların rəşadəti, qanı, canı bahasına düşmənlərin əlindən, əsarətindən almışıq. Bundan sonra Şuşada əbədi yaşayacağıq, Şuşanı qoruyacağıq və qoruyuruq”.

“Ermənilərin bütün cəhdlərinə baxmayaraq, onlar Şuşanı dünyaya erməni şəhəri kimi təqdim edə bilməmişlər. Baxmayaraq ki, 28 il ərzində buna çalışmışdılar, bir çox xarici qonaqları qanunsuz olaraq Şuşaya gətirmişdilər, Şuşa haqqında uydurmalar ortaya atmışdılar, Şuşanın adını dəyişdirmişdilər”.

Dövlət başçısı bildirib ki, amma buna baxmayaraq, heç kim buna inanmırdı:
 
“Çünki Şuşaya gələn hər bir insanın fikri ondan ibarət idi və hər bir insan öz gözü ilə görürdü ki, Şuşanın memarlıq ansamblı Azərbaycan memarlıq məktəbini təcəssüm etdirir. İndi qədim tarixi saxtalaşdırırlar, indi saxta kitablar yazdırırlar, simpoziumlar, tədbirlər keçirirlər. Amma bu, nisbətən yaxın tarixdir”.

Prezident qeyd edib ki, Şuşanı quran, Şuşa şəhərini salan bizim əcdadımız Pənahəli xan olmuşdur:
 
“Məhz onun fəaliyyəti, səyləri nəticəsində Şuşa şəhəri salınıbdır. Ondan əvvəl Pənahəli xan Bayat qalasını, Şahbulaq qalasını salmışdır. Təsadüfi deyil ki, bu şəhərə verilən birinci ad Pənahabad idi, öz adını vermişdir. Ondan sonra isə Şuşanın təmiz havasını, şüşə kimi havasını nəzərə alaraq bu şəhərə Şüşə, yəni, Şuşa adı verilmişdir”.

“Bu dərəcədə saxtakarlıq ola bilərmi?!” deyən Prezident bildirib ki, işğal dövrünə qədər Şuşa şəhərində daim azərbaycanlılar yaşayıblar:

“Burada erməni əhalisi demək olar ki, yox idi. Hətta 1920-ci illərdə bizim torpağımızda Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılanda Şuşanın əhalisinin əksəriyyəti azərbaycanlılar olmuşdur və işğal dövründə əhalinin 98 faizi azərbaycanlılar idi”.

 





27.01.2021    çap et  çap et