525.Az

“Vaqif poeziya günləri onun məqbərəsinin önündə keçiriləcək”


 

“Vaqif poeziya günləri onun məqbərəsinin önündə keçiriləcək”<b style="color:red"></b>

“Təsadüfi deyil ki, bu yaxınlarda qəbul etdiyim iki nümayəndə heyətinin başçısı Şuşaya xüsusi diqqəti dilə gətirib. ICESCO-nun Baş katibi mənimlə görüş zamanı bildirdi ki, onlar təklif edəcəklər ki, Şuşa İslam mədəniyyətinin paytaxtı elan edilsin. Bu, bizi çox məmnun edən bir addımdır. Onu da bildirməliyəm ki, bu günə qədər Azərbaycanın iki şəhəri bu şərəfli ada layiq görülmüşdür - Bakı şəhəri və Naxçıvan şəhəri. Mən xatırlayıram, ICESCO belə qərarı qəbul edəndə bir neçə il əvvəl qərar verilir, ondan bir neçə il sonra artıq o şəhər bu şərəfli ada layiq görülür”.

525.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, növbə də var, sıra da var.

“Ona görə belə bir bəyanatın Bakıda səslənməsi xüsusi məmnunluq doğurur. Eyni zamanda, bu yaxınlarda Türk Şurasının nümayəndə heyəti ilə görüş əsnasında Türk Şurasının Baş katibi də belə bir təklif irəli sürdü ki, Şuşa Türk dünyasının mədəniyyət paytaxtı seçilsin. Baxın, bu tarixi şəhərimizə türk dünyasında və bütövlükdə müsəlman dünyasında nə qədər böyük maraq var, nə qədər böyük məhəbbət var. Bu, təsadüfi deyil. Ona görə biz, əlbəttə ki, Şuşanın gələcək həyatı ilə bağlı öz addımlarımızı atacağıq. Artıq mən bildirmişəm ki, bu il iki tədbir keçirilməlidir. “Xarı bülbül” festivalı, Vaqif poeziya günləri bərpa edilməlidir. Vaqifin məqbərəsinin bərpası ilə bağlı işlərə start verilməlidir və çalışmalıyıq ki, məqbərə bu il bərpa edilsin. Vaqif poeziya günləri məqbərənin önündə keçiriləcəkdir”.

"Təbii ki, düşmən Şuşanı talan edib, viran qoyub, dağıdıb. Şuşada olarkən, bu acı mənzərəni seyr edərkən adamın ürəyi ağrıyır. Amma biz bütün infrastruktur layihələrini icra edərək Şuşanı tez bir zamanda bərpa edəcəyik. Bildiyiniz kimi, Şuşaya gediş-gəlişin təşkil edilməsi üçün mənim Sərəncamımla yol çəkilir. Füzuli hava limanı inşa edilir və bu ilin sonuna qədər istifadəyə verilməlidir".

Prezident bildirib ki, ondan sonra beynəlxalq uçuşlar təşkil edilməlidir:
 
"Şuşa ilə bağlı indidən müxtəlif ölkələrdə təqdimatlar və sərgilər keçirilməlidir. Siz Azərbaycan Dövlət Turizm Agentliyi və Mədəniyyət Nazirliyi ilə birlikdə bu proqramı işləyin. Dünyanın müxtəlif ölkələrində Şuşanın tarixi, işğal dövrü, bugünkü bərpa işləri ilə bağlı təqdimatı keçirilməlidir. Həm Azərbaycan ictimaiyyəti, eyni zamanda, beynəlxalq ictimaiyyət bərpa işlərimizin gedişi ilə bağlı məlumatlandırılmalıdır".

“Şuşanın qorunması ilə bağlı müvafiq göstərişlər verilib. Azərbaycan hərbçiləri Şuşanı qoruyurlar, ətraf yüksəklikləri nəzarətdə saxlayırlar və saxlayacaqlar”.

Prezident bildirib ki, Şuşada komendantlıq yaradılıb və indi isə mülki idarəetmə institutu yaradılır:
 
“Bir daha demək istəyirəm ki, sizə böyük etimad göstərilir. Çünki Şuşanın Azərbaycan tarixində xüsusi yeri var və Şuşanın bərpası, dirçəlməsi hamımızın işidir”.

Dövlət başçısı qeyd edib ki, bütün işlər planlı şəkildə aparılmalıdır, Şuşanın tarixi siması saxlanılmalıdır, Şuşaya yad olan hər hansı bir tikiliyə yol vermək olmaz:

“Mən artıq bir müddət bundan əvvəl Şuşaya mütəxəssislərdən ibarət böyük bir qrup ezam etmişdim. Onların arasında siz də var idiniz və vəziyyətlə tanış oldunuz. Bu qrup bir neçə gün Şuşada qalıb, bütün təftiş, təhlil işlərini aparıb və mənə məruzə edib. Şuşanın bərpası bunun əsasında aparılacaqdır”.

“Eyni zamanda, biz, əlbəttə ki, Şuşanın bərpadan sonrakı həyatını da geniş müzakirə edəcəyik” deyən Azərbaycan Prezidenti artıq Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etdiyini bildirib. Prezident qeyd edib ki, bərpadan sonra Şuşada həyat qaynamalıdır:

“İnsanlar qayıdandan sonra Şuşanın çox zəngin mədəni həyatı olmalıdır. Həm ölkə daxilindəki tədbirlər, eyni zamanda, bir çox beynəlxalq tədbirlər - festivallar, müsabiqələr, qastrollar orada keçirilməlidir. Yəni, Şuşa nəinki Azərbaycanın, əminəm ki, bölgənin mədəniyyət paytaxtı adına layiq olacaqdır”.

“Şuşanın 1992-ci il mayın 8-də itirilməsi böyük faciə idi. Bu faciənin günahkarları AXC-Müsavat cütlüyüdür. Hamı bunu bilməlidir, heç kim bunu unutmamalıdır”.

Prezident bildirib ki, o vaxt Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi:
 
“AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, o vaxtkı hakimiyyəti yıxmaq üçün bu təxribatı törətdi, Şuşanı faktiki olaraq düşmənə təhvil verdi. O vaxt Azərbaycan müdafiə naziri AXC-Müsavat cütlüyünün törəməsi idi, onların quyruqlarından idi. Şuşanı satan birinci o olmuşdur. Sonra da demişdi ki, mənim günahım yoxdur. Necə sənin günahın yoxdur, satqın, xain. Demişdi ki, Şuşa əldən getsə, başıma güllə çaxacağam. Bu günə qədər də bu gülləni çaxmayıb öz satqın başına. AXC-Müsavat cütlüyü öz çirkin niyyətlərinə çatıb. Şuşa və ondan bir neçə gün sonra Laçın rayonunun işğal altına düşməsi nəticəsində o vaxtkı hakimiyyət kənarlaşdırılıb və hərbi çevriliş nəticəsində AXC-Müsavat hakimiyyətə gəlib. Ondan sonra Şuşanı unudub, Şuşanı faktiki olaraq ermənilərə bağışlayıb və sonra digər xəyanət törədib - 1993-cü ilin aprel ayında Kəlbəcəri düşmənə təhvil verib. Günahsız, əliyalın insanları orada tək qoyub, xilas edə bilməyib, qoruya bilməyib. Ondan sonra da nə edib?! Fərarilik edib, qaçıb. Ali Baş Komandan fərari, dövlət katibi fərari, parlamentin sədri fərari, digər fərarilər qaçıb gizləndilər, biri Kələkidə, biri xaricdə. Əgər müharibə dövründə Ali Baş Komandan qaçırsa, bunun adı fəraridir, başqa adı yoxdur. Hamı bunu bilməlidir, heç kim bunu unutmamalıdır.

Mən demişəm, bir daha demək istəyirəm ki, tariximizin həqiqətə uyğun olması ilə bağlı bizim alimlər, bizim mütəxəssislər gərək dolğun məlumat versinlər, tariximizi malalamasınlar. Bizə saxta tarix lazım deyil. Sovet dövründə nə qədər saxta tarixlə üzləşmişdik. Bizim qəhrəmanlarımız düşmən kimi göstərilirdi. Xalqımızın düşmənləri, qaniçənlər qəhrəman kimi göstərilirdi. 26 Bakı komissarı - o erməni bolşevik quldur dəstəsi qəhrəman kimi göstərilirdi. Ancaq onlara qarşı vuruşan milli vətənpərvər insanlar düşmən kimi göstərilirdi. Biz bunu görmüşük. Bizim nəsil bunu görüb, saxta tarix nədir. İndi yenə kimsə saxta tarix yaratmaq istəyir. Yenə kimsə hansısa fərarinin, satqının, qorxağın günahlarını yumaq istəyir. Biz buna imkan verə bilmərik. Hər kəs bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir”.

“Şuşa infrastruktur baxımından demək olar ki, tamamilə geridə qalmış bir şəhərdir”.

Dövlət başçısı bildirib ki, düşmən orada bir daşı daş üstə qoymayıb, bir bina tikməyib.

“Özləri üçün bir neçə villa tikdirib. Villanın biri o xunta başçısına, biri isə deyilənə görə, Ermənistan rəhbərliyində təmsil olunan zəngin, rüşvətxor məmura məxsusdur. Mənfur düşmən 28 il ərzində orada ondan başqa bir dənə də bina tikməyib. Yollar bərbad, binalar dağılmış, hər tərəf xozanlıq, zir-zibil, çirkin köşklər. Olan-qalanı da dağıdıblar. Bir daşı daş üstə qoymayıblar, ancaq istismar ediblər. Bundan sonra gəlib deyirlər ki, Şuşa erməni şəhəridir, onun adını da dəyişdirməyə cəhd ediblər. Ona görə infrastruktur layihələrinin icrası, əlbəttə ki, birinci məsələdir. Bununla paralel olaraq şəhərsalma işləri düzgün aparılmalıdır. Siz bu təyinata qədər Dövlət Şəhərsalma və Arxitektura Komitəsində işləmisiniz, təcrübəniz var və əminəm ki, bu işlərə rəhbərlik edəcəksiniz.

Tarixi, dini abidələrimizin bərpası ilə bağlı konkret proqram işlənilir. Müvafiq göstərişlər verilib, Heydər Əliyev Fondu bu məsələyə fəal qoşulubdur, eyni zamanda, Mədəniyyət Nazirliyi, digər aidiyyəti qurumlar. Yaşayış fondu təftiş edilib. Yaşayış fondunun böyük hissəsi yararsız vəziyyətdədir. İşğal dövründə Şuşada təqribən maksimum 2-3 min adam yaşayırdı. Ermənilər nə qədər çalışsalar da, Şuşanı məskunlaşdıra bilməmişdilər. Halbuki xaricdən gətirilmiş erməniləri orada yerləşdirməklə hərbi cinayət törətmişlər. Bütün bu aksiyalar təbliğat xarakteri daşıyırdı. Orada yaşayanların böyük hissəsi hərbçilər və onların köməkçiləri idi. Yaşayış fondunun təftişi mütləq daha müfəssəl aparılmalıdır, - birinci təftiş aparıldı, - əlbəttə ki, ondan sonra bərpa işləri aparılacaqdır”.

"Biz Şuşanı dünyanın ən gözəl şəhərlərindən birinə çevirməliyik və çevirəcəyik. Mən bu sözü vermişəm və bu sözümü də icra edəcəyəm. Necə ki, əvvəlki dövrlərdə demişdim biz heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik və vermədik. Demişdim ki, Azərbaycan bayrağı Şuşada qaldırılacaq və qaldırıldı. Demişdim ki, Şuşasız qələbəmiz yarımçıq olacaq və o vaxt müharibə dövründə bundan artığını deyə bilmirdim".

Prezident bildirib ki, çünki müharibənin aparılmasının məxfiliyi gözlənilməli idi:
 
"Müharibənin ilk günlərindən biz bilirdik ki, hədəfimiz nədir və Şuşaya doğru uğurla irəliləyirdik. Əgər müharibənin gedişatına hər bir mütəxəssis nəzər salsa, görər ki, bizim strateji hədəfimiz nə idi. Biz Ermənistan tərəfindən qurulmuş istehkamları yararaq cənub istiqamətindən işğal edilmiş torpaqlara daxil olduq, onları azad etdik və müxtəlif istiqamətlər üzrə əks-hücuma keçdik. Bunun nəticəsində Cəbrayıl, Füzuli, Hadrut, Xocavənd rayonlarının bir hissəsini, Murovdağ yüksəkliyini, Kəlbəcər rayonunun bir hissəsini, Zəngilan, Qubadlı, Laçın rayonlarının cənub hissəsini və Şuşa şəhərini azad etdik. Hədəfimiz Qarabağın tacı olan Şuşa idi və noyabrın 8-də Azərbaycan bayrağı Şuşada qaldırıldı. Ondan sonra düşmən diz çökdü, təslim oldu, ağ bayraq qaldırdı. Biz Kəlbəcər, Laçın, Ağdam rayonlarını bir güllə atmadan geri götürdük. Bizim hədəfimiz Şuşa idi, zəfərimiz də Şuşa oldu. Şuşanın azad olunması günü Zəfər günü elan edildi".

 

 

 

 

 





27.01.2021    çap et  çap et