525.Az

"Beynəlxalq hüququn aliliyi qorunmur" - Hikmət Hacıyev


 

"Beynəlxalq hüququn aliliyi qorunmur" - <b style="color:red">Hikmət Hacıyev</b>

“Türkiyə və Azərbaycan əlaqələrinin gələcəkdə də bu şəkildə inkişaf edəcəyini deyə bilərik”.

525.az-ın məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili  Mərkəzi və Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) birgə təşkilatçılığı ilə bu gün keçirilən “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan və Türkiyə əlaqələrini artıq bütün regionun siyasətini dəyişdirə biləcək şəkildə inkişaf etdirib:
 
“Gələn dövrlər ərzində də bizim qarşımızda duran əsas iş bu əlaqələrin bütün sahələrdə inkişafına nail olmaqdır”.

H. Hacyev 2018-ci ildə Azərbaycanda keçirilən hərbi paradın çox böyük əhəmiyyəti olduğunu bildirib:

“100 il öncə qardaş Türkiyənin dəstəyi ilə Bakı azad edilmişdi”.

Prezidentin köməkçisi qeyd edib ki, 100 il sonra bu hadisəni bir daha təkrarlanıb:
 
“Bu, sıradan hərbi parad deyildi. Bu, bizim ölkələrimizin birliyinin təcəssümü idi. 2020-ci ilin iyununda erməni təxribatlarına qardaş Türkiyə yetkililərinin bizə verdiyi dəstək də regionda yürüdülən siyasətə təsir etdi. Eyni zamanda hər bir türk vətəndaşının Azərbaycanın yanında olması bizi qürurlandırdı. Nəticədə, illərdir davam edən işğaldan azad olduq”.

“Bu gün regionda siyasət dəyişib. Beynəlxalq siyasətdə beynəlxalq hüququn aliliyi qorunmur”.

Prezidentin köməkçisi bildirib ki, dövlətlər arasında gərginlik və beynəlxalq hüququ pozan addımlar getdikcə artmaqdadır: “Bugünkü beynəlxalq münasibətlər 1929-30 illərdəki böhran şəraiti ilə müqayisə olunur. Bu gün beynəlxalq münasibətlərdə gərginlik müşahidə olunur. Ümid edirik ki, bu gərginliklər olmasın. Amma COVID-19-dan sonrakı mərhələdə gərginliklərin artması bizim coğrafiyamıza da təsir edə bilər. Qeyd edim ki, bizim coğrafiyamızda siyasəti dəyişməyə nail olduq. İşğala son qoyduq. Azərbaycan və Türkiyə münasibətləri regionun və Avropanın enerji təhlükəsizliyini təmin edir. Biz bunları bacardıq və daha irəli doğru baxmalıyıq”.

 





27.01.2021    çap et  çap et