525.Az

Qələmsiz yazılanlar - Rəşad Məcidin status-esseləri


 

Qələmsiz yazılanlar - <b style="color:red">Rəşad Məcidin status-esseləri</b>

Prezident və Birinci xanım Şuşada!

Səhər-səhər bundan gözəl nə xəbər ola bilərdi ki?!

***

Ailə üzvləri ilə birlikdə cənab Prezidentin Şuşaya səfərindən reportajı göz qırpmadan, qürur hissiylə izlədim. Xalqımıza başucalığı gətirən, Tariximizin ən möhtəşəm hadisəsi barədə böyük sənət əsəri idi. Qəhrəmanı da, müəllifi də O idi - Müzəffər Ali Baş Komandan!

***

Polad Bülbüloğlunun Şuşada, ata evində "Gəl, ey səhər" mahnısını oxuması çox təsirliydi. Göz yaşları içində sevinc, xoşbəxtlik və qürur hissi doğururdu...

***

Qışqıra-qışqıra danışan aparıcıların səmimiyyətinə və dediklərinin doğruluğuna şübhə yaranır.

***

Hər adamın bir "göynən gedən" vaxtı olur...

***

Çalışın evdə ölün...

***

Qadınlar kişilərdən iki dəfə çox danışırlar. Buna əmin olmaq üçün uzun müşahidələrə ehtiyac yoxdur, "Dikdaban" verilişinə bir dəfə baxmaq kifayətdir...

Yox, bu, ərkyanə bir zarafatdır.

"Dikdaban"ın yaradıcı heyəti və aparıcıları çox səviyyəli, məlumatlıdırlar. Mövzuları və qonaqları yaxşı seçirlər, gündəmi hiss edirlər. Baxılmalı və maraqlı verilişdir.

Uğurlar!

***

Zəfərimizi, Qələbəmizi tam dərk edə bilməyənlər də var.

Görünür, bəzilərinin baş verənləri həzm etməsi üçün zaman lazımdır. Amma fərd kimi də, millət kimi də arxayınlaşmaq, dayanmaq, nəfəs dərmək olmaz. Daima ayıq-sayıq, daima hərəkətdə olmalıyıq. Bu, bizə taleyin qisməti və diktəsidir. Mübarizəmiz əbədidir.

***

SOCAR-da şişirdilmiş və havayı maaş alanlar çoxdur. Lazımsız struktur və ştatları ləğv etsələr, israfçılığa son qoysalar, qənaətlə işləsələr, "neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin davam etdirilməsinə" yanacağın qiymətini qaldırmadan da daxili vəsait tapmaq olardı...

***

Televiziyalar üçün yeni simalar çox vacibdir. Amma elə sifətlər var ki, onların simaya çevrilməsi çətin məsələdir, havayı əziyyətdir.

***

Falaqqayla dərs öyrətməklə reklamla yazı oxutdurmağın, yalvarıb "kanalıma abunə olun" deməyin arasında gizlin oxşarlıq var.

Bəs sizcə?

***

Bol-bol xəbər içində xəbərsizlik, xaos içərisində savadsızlıq...

***

Nə qədər ki, telefon var, kitab oxumaq müşkül olacaq.

***

Deyir, vaxtım qurtarır, durum qaçım evə...

***

Üzərlik qoxusu niyə keçmişə, ilkinliyə aparır adamı? Sirri nədədir?

***

Üstümüzə gələn maşınlar, xəbərlər, vahimələr...

***

Futbola marağım həvəskar səviyyədədir, futbolumuzun problemlərinə nabələdəm.

Dünən İdman TV-də Aydın Bağırovun çıxışından heyrətə gəldim. Futbolumuzun problemlərindən bu qədər açıq, cəsarətlə, həm də yana-yana və gözəl diksiya ilə, anlaşıqlı dildə danışmasından qürur duydum.  

İdman TV-yə isə rəğbətim və etibarım birəbeş artdı. Aydının Feysbuk səhifəsinə daxil olun, verilişdən qısa videolara baxın, problemdən qismən ağah olun və... kədərlənin...

***

Dünya ovcumuzun içindədirsə, evdə oturmağın nə sıxıntısı?..

***

Elə filmlər var ki, köhnəlmir. Özündə həm keçmişi yaşadır, xiffət, nisgil, hüzn oyadır, həm də ideyası, məğzi əbədidir. İlahi ədalət, sevgi, sədaqət... kimi dəyişilməz hissləri tərənnüm edir.

"Ruh" filmi kimi.

Həmişə ilk dəfə görürmüş kimi diqqətlə baxıram.

***

Deyir, sabah Şuşaya getməli olduğumdan verilişi bu gecə çəkəcəyik.

Səbəbin gözəlliyinə bax, sən Allah!..

***

Biz qar gözləyirdik, yağış yağdı. Həmişə belə olur; arzular, xəyallar tam gerçəkləşmir, yarımçıq qalır...

***

Peyvəndi bir az ifrat reklam edirlər. Bizim mentalitetdə hədsiz reklam şübhəylə qarşılanır...

***

Sosial şəbəkələrdən uzaq olanlara həsəd aparıram.

Yanlarında "cənnətin" (ya cəhənnəmin?) olmasından xəbərsiz - beyinləri dinc, əsəbləri sakit, qəlbləri rahat - insan kimi yaşayırlar...

Alışqanlığın ən carəsizi, kütləvi psixozun ən münbit mənbəyidir sosial şəbəkələr.

***

Günəş deyir ki, bu kövrək qarla qışı bitmiş saya bilərsiniz...

***

Aleksey Navalnının dediklərindən belə çıxır ki, Vladimir Putin əsasən uşaqlıq və gənclik dostlarına etibar edib, onlarla işləyib. Bu, əslində, insana xas instinktdir, mənfi keyfiyyət deyil.

Plutokratiya isə zamanın diktəsidir. İndi hakimiyyətin gücü hökmdarın gücüylə düz mütənasibdir. Pulsuz-parasız rəhbərləri tez yıxırlar.

Dünya sərvətlərinin 90 faizinin bir faiz pullu adamların - plutokratiyanın əlində cəmləşməsindən və onların hakimiyyətindən bəhs edən, əhatəli şərhlərlə və zəngin faktlarla dolu, məşhur "Plutokratiyanın hakimiyyəti" kitabı 20 il qabaq bizdə də Azərbaycan dilində nəşr olunmuşdu.

Qaldı israfçılıq, harınlıq və görməmişliyə, bunlar bir-birinə yaxın xüsusiyyətlərdir və əksəriyyətdə ikrah doğurur.

***

Belə gözəl havada küçəyə, parka maskalı çıxmaqdansa, evdə maskasız oturmaq yeydir...

***

"Dərə xəlvət, tülkü bəy"...

Bəziləri özlərini sosial şəbəkələrdə kimsəsiz, xəlvət dərədəki kimi hiss edir - ağzına gələni danışır, insanları təhqir edir, özünü sahibi-ixtiyar, ağıl mücəssəməsi və paklıq simvolu sayır. Ayılıb görəndə ki, dərə xəlvət deyil, qalırlar kəkələyə-kəkələyə...

***

Deyir, məni Cennifer Lopeslə dost eləyən sosial şəbəkələrə qurban olum. Yoxsa mən hara, Lopes hara?..

***

Yazdığı statusu bir neçə dəfə oxuyursan, görürsən ki, bu adam fikrini yazıb çatdıra, ifadə edə bilmir. Amma özünə yazıçı deyir, kitablar müəllifidir.

Roman da status deyil ki, 2-3 dəfə oxuyasan...

***

Bu yazar çox optimisdir. Əgər ümid edirsə ki, 21-ci əsrin 21-ci ilində onun bu qalın trilogiyasını məndən başqa da oxuyan tapılacaq, deməli, optimistdir.

Amma deyəsən, məndə də alınmayacaq...

***

Yazmaq həqiqətən xilasdır. Pis işlər görməkdənsə, yazmaq yaxşıdır. Amma bəzi yazılar pis işlərin ən pisidir...

***

Yazdığı statusda söyüş və vulqar ifadələrdən istifadə edənləri bloklayın getsin. Mark buna gözəl imkan yaradıb.

***

"Adam göylə əlləşir..."

Müşfiqin misrası da var:

"Bu yerlə çarpışan, göylə əlləşən..."

Məcazi mənada deyilmiş bu sözü bu gün birbaşa anlamda İlon Maska aid etmək olar. Adam, həqiqətən Göylə əlləşir, Allahlıq iddiasındadır. Belə getsə, Göydə yer qalmayacaq, Yerdə də virussuz hava.

***

Deyir, "insan" "üns", "ünsiyyət" sözlərindəndir. Ünsiyyətsiz insan öz mənasını itirir...

 





27.01.2021    çap et  çap et