525.Az

Azərbaycan Ədliyyəsinin tarixinə dair dəyərli nəşr


 

Azərbaycan Ədliyyəsinin tarixinə dair dəyərli nəşr <b style="color:red"></b>

Ötən il Azərbaycan ədliyyəsinin 100 illiyinə həsr olunmuş "Azərbaycan Ədliyyəsi davamlı inkişaf yolunda" (Bakı, "Ədliyyə", 2020.) adlı kitab işıq üzü görüb.

Azərbaycan Respublikasının Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri, I dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədovun müəllifi olduğu bu kitabda Azərbaycanın ədliyyə tarixinə nəzər salınmış, inkişaf mərhələləri təhlil edilmiş, ədliyyəmizin bugünkü fəaliyyət prinsipləri haqqında söhbət açılmışdır. Kitabın nəşri tarixi əhəmiyyət daşıyır. Ona görə ki, bu nəşr özündə lazımi arxiv sənədləri cəmləşdirməklə yanaşı, gənc nəsil üçün bu sahə üzrə əsas bilik bazasını təmin edir. Yazılı məlumatlardan əlavə, fotomateriallarla zəngin olan kitab tarixi əhəmiyyət kəsb edən məqamlarla oxucunu əyani tanış edir. Bu da öz növbəsində kitabın nəfis tərtibatından və zənginliyindən xəbər verir.

Akademik Yaqub Mahmudov "Ədliyyə tariximizə sanballı töhfə" adlı ön sözdə kitabın əhəmiyyəti barədə yazır: "Azərbaycan Ədliyyəsi davamlı inkişaf yolunda" kitabının işıq üzü görməsi ədliyyə tariximizin bütöv halda, sistemli şəkildə araşdırılması baxımından çox mühüm hadisədir, məhkəmə-hüquq tariximizə sanballı töhfədir. Olduqca zəngin illüstrasiya materialı kitabı daha oxunaqlı edir. Bu qiymətli əsərin bütün oxucular tərəfindən böyük maraqla qarşılanacağına şübhə etmirəm".

Kitabın birinci hissəsi Azərbaycan Ədliyyəsinin tarixi köklərindən bəhs edir. İlk fəsil Azərbaycan Xalq Cümhuriyyəti dövrünə qədər Azərbaycan ərazisində tətbiq edilmiş qanunlar toplusu, onların yaranma və icraolunma prinsipləri haqqındadır. Ədliyyə haqqında ilkin anlayışlar Azərbaycanda ən qədim dövlətçilik ənənələrinin əsasında təhlil olunub. Bu fəsildəki qeydlər onu göstərir ki, mövcud olmuş dini-siyasi-ictimai hadisələr qanunların formalaşmasında birbaşa rol oynayıb. Vaxtilə Avestanın müddəaları mühakimə qaydalarına öz təsirini göstərib. Bu proses İslam dininin dərin kök saldığı dövrə qədər davam edib. Ümumiyyətlə, zamandan zamana püxtələşən qanunlar toplusu heç vaxt sabit forma almayıb. İslam dini Azərbaycanda yayıldıqdan sonra bir çox məsələlər kimi mütləq hökm çıxarmaq üçün Quran əsas mənbə olub. Kitabda bu haqda belə qeyd olunur: "Müsəlman hüququnun əsas mənbələri olan Quran və Sünnədə dini-əxlaqi, sosial-etik normalarla yanaşı, müxtəlif məsələlər üzrə çoxsaylı hüquq normaları da yer almışdı. Sünnə ərəbcə "nümunə" və ya "adət-ənənə" mənasını verən, Məhəmməd Peyğəmbərin hərəkət və əməlləri, həmçinin, onun dediklərindən ibarət olan mühüm mənbədir".

Həqiqət, ədalət, qanun anlayışları barədə Azərbaycan ədəbiyyatında qiymətli əsərlər mövcuddur. Kitabda bu məsələyə xüsusi toxunulub. Azərbaycan şifahi xalq ədəbiyyatının ən dəyərli nümunəsi olan "Kitabi Dədə Qorqud" eposunda, eləcə də, klassiklərimizin - Nizami Gəncəvi, Nəsrəddin Tusi, İmadəddin Nəsimi, Məhəmməd Füzulinin əsərlərində nəyin həqiqət olduğu, mütləq haqq barədə, eyni zamanda, cəmiyyətin idarə olunması, yaşam tərzi haqqında ümumibəşəri fikirlər mövcuddur.

Azərbaycanda Orta əsrlərdən üzü bəri yaranan iri dövlətlər və tez-tez əvəzlənən hakimiyyət qanunlarda da mütəmadi dəyişikliklərin olması ilə nəticələnib. Hər bir hökmdarın idarə üsulu müxtəlif olub və bu da müxtəlif illərdə "Qanunnamə"lərin yazıya alınması ilə nəticələnib. "Azərbaycan Ədliyyəsi davamlı inkişaf yolunda" kitabında xronoloji ardıcıllıq gözlənilməklə bütün proseslər öz əksini tapıb. Kitabda ardıcıl olaraq yaranan dövlətlər, eləcə də həmin dövlətlərin idarə üsulları, o dövrlərdəki qayda-qanunlar təhlil edilərək sadalanıb. Xüsusən, Azərbaycan tarixində dərin iz salmış Səfəvilər dövləti haqqında zəngin məlumatlarla rastlaşırıq: "Azərbaycan xalqının mədəni-tarixi təkamül prosesində intibah dövrü kimi səciyyələndirilən XVI əsrdə Səfəvilər dövlətinin yaranması ilə Azərbaycan feodal pərakəndəliyindən sonra yenidən özünün dövlət bütövlüyünü əldə etmişdir".

Birinci hissənin ilk fəsli xanlıqlar dövründəki vəziyyət, habelə Çar hökumətinin  işğalından sonra Azərbaycanda siyasi-sosial quruluşun təsviri ilə yekunlaşır. Kitabda göstərilən faktlardan məlum olur ki, bir çox sahədə olduğu kimi, hüquqi müstəvidə də Çar hökuməti öz ambisiyalarını güdərək Azərbaycan xalqı ilə ədalətli münasibətdə olmayıb. Çar hökumətinin cəza sistemi barədə kitabda qeyd olunur: "Şimali Azərbaycan çar Rusiyası tərəfindən işğal olunduqdan sonra burada ayrı-ayrı yerlərdə həbsxanalar tikilmişdir. Lakin həbsxanalarda  məhkumların saxlanma şəraiti, tibbi təminatı lazımi səviyyədə təşkil edilmir, müəssisələr həddindən artıq yüklənir, infrastruktur bir müddət sonra dağılırdı. Bunu Rusiya Baş Həbsxanalar idarəsinin rəisi Azərbaycan həbsxanalarını gəzdikdən sonra öz qeydlərində də etiraf etmişdi".

"Azərbaycan Ədliyyəsinin tarixi" adlanan I hissənin II fəsli Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədliyyənin təşkili və fəaliyyəti barədədir. Kitabın ən təqdirəlayiq missiyalarından biri də ədliyyə sistemi ilə bağlı məhz bu dövrə aid nüanslarının geniş şəkildə araşdırılıb böyük kütləyə təqdim olunmasıdır. AXC dövrünə aid sənədlərin əyani şəkildə təqdim olunması oxucuda çox böyük maraq yaradır.

Şərqdə ilk müstəqil dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövlətçilik ənənələrimizi yenidən dirçəltdi. Demək olar ki, bütün sahələrdə sistemləşdirilmiş sturuktur yaradıldı. Kitabda AXC-nin fəaliyyəti barədə yazılır: "Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsipinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadə inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi". Kitabda Azərbaycanın ilk Ədliyyə naziri Xəlil bəy Xasməmmədovun fəaliyyəti barədə söhbət açılır. Xüsusi maraq cəlb edən məqamlardan biri odur ki, vaxtilə AXC-nin Ədliyyə nazirliyi azərbaycanlılara qarşı törədilmiş 1928-ci il 31 mart soyqırımı barədə geniş araşdırmalar aparıb. Bu araşdırmalar nəticəsində məlum olan faktlar tarixi həqiqətlərin aşkara çıxarılmasında mühüm rol oynayıb.

I hissə "Azərbaycan ədliyyəsi Sovet dövrünün ilk illərində" adlı III fəsillə yekunlaşır. Bu fəsildə 20-60-cı illərdəki ədliyyə sistemi təhlil olunub, eyni zamanda, həmin dövrdə strukturda olan mənfi cəhətlər aydınlaşdırılıb. Kitabda təqdim olunan faktlardan məlum olur ki, bu quruluş Çar hökuməti ilə bir çox xüsusiyyətinə görə fərqlənsə də, Azərbaycan xalqına qarşı münasibət dəyişməz olaraq qalıb, həmin hakimiyyət xalqın yox, öz maraqlarını güdüb.

"Azərbaycan Ədliyyəsi davamlı inkişaf yolunda" kitabının II hissəsi Ümummilli lider Heydər Əliyevin hakimiyyət illərində Azərbaycan ədliyyəsinin inkişaf mərhələləri barədədir. Ümummilli lider Heydər Əliyev həm Sovet dövründə, həm də müstəqil Azərbaycanın Prezidenti olduğu vaxtlarda bir çox sahələrdə olduğu kimi, ədliyyə sahəsində də uğurlu islahatlar aparmış və Azərbaycan xalqının firavan həyatı naminə ali həqiqətin bərqərar olması üçün çalışmışdır. Sovet dövründə Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi xalqımız üçün çox əlamətdar hadisə idi. Çünki o, bütün məqamlarda milli təəssübkeşliyini büruzə verirdi. Ulu öndər Heydər Əliyev  hakimiyyətə gəldiyi andan etibarən Azərbaycanda hüquq-mühafizə sahəsində olan problemləri önə çəkmiş və bir çox məsələlərin həllinə nail olmuşdur. Onun fəaliyyətindəki əsas məqamlardan biri də o idi ki, bu sahə üzrə ixtisaslaşmış kadrların hazırlanmasına xüsusi diqqət yetirirdi.

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonrakı illərdə də ədliyyə sahəsində mühüm addımlar atıldı, Azərbaycan ədliyyəsi daha da püxtələşdi. Kitabda qeyd olunduğu kimi: "Dahi öndər milli dövlətçiliyi qorumaqla, gənc müstəqil respublikanı dünyaya tanıtmaqla bərabər, onun sonrakı onilliklər üçün inkişaf kursunu da müəyyən etdi".

"Azərbaycan Ədliyyəsi davamlı inkişaf yolunda" kitabının "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sisteminin inkişafı" adlı III bölməsi isə dövlətimizin başçısının Azərbaycan Ədliyyəsinin inkişafı naminə atdığı uğurlu addımlardan bəhs edir. Cənab Prezidentin fəaliyyətə başladığı ilk vaxtlardan bu günə qədər ədliyyə sahəsində islahatlar davam edir, ildən-ilə məhkəmə sistemi daha da püxtələşir. Bu sahə Azərbaycan hökumətinin daim diqqətindədir. Bunun göstəricisidir ki, Azərbaycan ədliyyəsindəki vəziyyət heç vaxt sabitləşmir, daha intensiv və inkişafyönümlü qərarlar qəbul edilir. Müəllif bu barədə qeyd edir: "Cənab İlham Əliyev ölkə Prezidenti vəzifəsində fəaliyyətə başladığı ilk günlərindən məhkəmə sisteminin müasirləşdirilməsinə və fəaliyyətinin təkmilləşdirlməsinə xüsusi diqqət göstərmiş, bu barədə zəruri tövsiyə və tapşırıqlar vermişdir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına yönələn islahatlar çərçivəsində ölkəmizdə məhkəmə sisteminin Avropa standartlarına uyğunlaşdırılması üzrə ardıcıl tədbirlər görülür".

Kitabın sonunda Azərbaycan Ədliyyəsinin 100 illiyinə həsr olunmuş silsilə tədbirlərdən maraqlı fotolar, eyni zamanda, Azərbaycanın Ədliyyə nazirləri haqqında məlumatlar öz əksini tapıb.

Azərbaycanın Ədliyyə naziri cənab Fikrət Məmmədov  "Azərbaycan Ədliyyəsi davamlı inkişaf yolunda" kitabını ərsəyə gətirməklə Azərbaycan ədliyyəsinə dair böyük bir tarixi salnamə yaratmış oldu. Elə bir salnamə ki, onillər keçsə belə, bu nəşr tarix səhifələrimizdə zəngin maddi irs kimi qorunub saxlanılacaq, nəsillərdən nəsillərə ötürüləcək.

Nadir RZALI

 





27.01.2021    çap et  çap et