525.Az

Rusiyada nə baş verir? - Xaqani Cəfərlinin yazısı


 

Rusiyada nə baş verir? - <b style="color:red">Xaqani Cəfərlinin yazısı </b>

Son iki yüz ildə Rusiyada baş verən hadisələr ölkəmizin yerləşdiyi bölgədəki proseslərə də təsir göstərdiyindən, bir çox hallarda isə hətta bu prosesləri yönəltdiyindən Şimal qonşumuzun ictimai-siyasi həyatı bizim üçün çox maraqlıdır.

Bu mənada Rusiyada baş verən proseslərə Azərbaycan cəmiyyətində maraq olduqca böyükdür. Yutub video hostinqdə "Aleksey Navalnı" kanalı üzərindən yayılan "Putinin sarayı. Ən böyük rüşvətin tarixçəsi" filminə postsovet respublikaları arasında baxış sayına görə Azərbaycanın ilk "beşlik"də yer alması da ölkəmizdə Rusiyada baş verən proseslərə marağın böyük olduğunu təsdiqləyir. Yeri gəlmişkən, 87 milyondan artıq izlənən filmə postsovet ölkələri arasında ən çox baxış faizi Rusiyada qeydə alınıb. Rusiyanın ardınca Ukrayna, Belarus, Qazaxıstan və Azərbaycan gəlir. Qazaxıstanın Orta Asiyanın digər respublikalarından fərqlənməsini iki amillə izah etmək olar. Birincisi, Qazaxıstanda rus dili çox geniş yayılıb. Film rus dilində olduğu üçün rusdilli insanlar tərəfindən izlənib. İkinci amil isə ondan ibarətdir ki, Qazaxıstanda İnternet və İnformasiya texnologiyaları digər Orta Asiya respublikalarından dəfələrlə çox inkişaf edib. Qazaxıstanda İnformasiya texnologiyaları mütəxəssisləri Rusiyadan da yüksək əmək haqqı alır və buna görə son illər postsovet respublikalarından bu ölkəyə mütəxəssis axını müşahidə olunur. Azərbaycan cəmiyyətində rus dilini bilən geniş bir təbəqə var. Digər tərəfdən, Azərbaycanda internetin inkişaf səviyyəsi də çox yüksəkdir. Cənubi Qafqazın digər iki respublikasında, Gürcüstanda və Ermənistanda "Putin sarayı. Ən böyük rüşvətin tarixçəsi" filminin az izlənməsi səbəbsiz deyil. Məlum olduğu kimi, Gürcüstanda son 15 ildə aparılan siyasət nəticəsində rus dili ciddi şəkildə sıxışdırılıb. Gəncliyin çox böyük hissəsi rus dilini bilmir və ingilis dilini öyrənməyə üstünlük verir. Gürcüstanda rus dilindən sonra ən işlək dil ingilis dilidir. Ermənistanın monoetnik ölkəyə çevrilməsi, rus dilində məktəblərin bağlanması bu ölkədə də rus dilini bilənlərin sayını kəskin azaldıb.

Azərbaycanda "Putinin sarayı. Ən böyük rüşvətin tarixçəsi" filminin çox izlənməsini təmin edən iki amillə yanaşı, bir də Rusiyada baş verən proseslərə çox böyük maraq öz təsirini göstərib.

Azərbaycan cəmiyyətində Rusiyada baş verən proseslər çox böyük maraq doğurduğu üçün "Rusiyada nə baş verir?" - sualına aydınlıq gətirmək vacibdir. Öncə onu qeyd etmək lazımdır ki, Rusiya ərazisinin böyük hissəsi Asiya qitəsində yerləşsə də, Rusiya dövləti mahiyyətinə görə Avropa dövləti, rus xalqı da Avropa xalqıdır. Rus xalqı ilə Avopa xalqları eyni sivilizasiyanı təmsil edirlər. Sultan Mehmet Fatehin İstanbulu fəht etməsindən qorxuya düşən və o zamana kimi Şərq dövləti olan Rusiya üzünü Qərbə çevirib. Daha sonra isə I Pyotrun məcburi islahatları ilə rus xalqı Avropa xalqlarından birinə çevrilib. Üç yüz illik bu dövr ərzində rus xalqı, xüsusilə də bu xalqın avanqard hissəsi tamamilə avropalaşıb. Bunun nəticəsində Avropada meydana çıxan bütün ideya və fikirlər çox az zamanda Rusiyada populyarlıq qazana bilir. Digər tərəfdən, rus xalqı fransızlardan sonra Avropanın ən inqilabçı xalqı sayılır. Ona görə də Rusiya cəmiyyətində tez-tez baş verən çalxalanmalar təbii qəbul olunmalıdır.



Qərbdə dövlətin cəmiyyətə müdaxiləsinin getdikcə azalması, bu tendesiyanın Avropada populyarlıq qazanması Rusiyaya da öz təsirini göstərib. Bu gün milyonlarla rus Avropa ölkələrində yaşayır, işləyir və təhsil alır. Bunun sayəsində Avropada meydana çıxan yeni fikir və cərəyanlar istər-istəməz Rusiyaya da daşınır.

Digər tərəfdən, Rusiyada internetin geniş yayılması və qismən azad olması Z nəsli formalaşdırıb. İnternet texnologiyanın formalaşdırdığı Z nəsli vaxtının çoxunu sosial şəbəkələrdə keçirir və demək olar ki, bütün məlumatı internet üzərindən alır. Z nəsli hətta ticarəti də internet üzərindən həyata keçirməyə üstünlük verir.

Bu iki obyektiv amil Rusiya cəmiyyətinin sosial strukturunda ciddi dəyişiklik yaradıb. Rusiyanın 112 şəhərində eyni zamanda keçirilən etiraz aksiyası və aksiya ərəfəsində baş verənlər bu fikiri təsdiqləyir. TikTok sosial şəbəkəsində aksiya ilə bağlı həştəqlərin 1 milyard dəfədən artıq baxış toplamasını başqa heç bir fenomenlə izah etmək mümkün deyil. Eyni fikirləri Rusiyada 70 milyona yaxın izlənmə sayı yığan "Putinin sarayı. Ən böyük rüşvətin tarixçəsi" filmi ilə bağlı da demək mümkündür.

Çox maraqlıdır ki, filmin müəllifi Aleksey Navalnı da bu qədər baxış olacağını gözləmədiyini bildirib. Navalnı deyib ki, Rusiya iqtidarı ilə yanaşı, müxalifəti də rus cəmiyyətindəki fundamental dəyişikliyinin nə qədər dərinə işlədiyinin fərqində deyil.

Rusiya baş verənlərin ölkəmizin yerləşdiyi bölgəyə müstəsna təsiri bizi Şimal qonşumuzda baş verən prosesləri yaxından izləməyə və dəyərləndirməyə məcbur edir. Rusiyada bu gün baş verən olaylar da bu mənada dəyərləndirmə zərurəti olan əsas hadisələrdəndir.

 





27.01.2021    çap et  çap et