525.Az

İcbari Tibbi Sığorta sistemi nə vəd edir? - Əsas suallara cavablar


 

İCBARİ TİBBİ SIĞORTA AGENTLİYİ İCBARİ TİBBİ SIĞORTA İLƏ BAĞLI DAHA ÇOX MARAQ DOĞURAN SUALLARI CAVABLANDIRIR

İcbari Tibbi Sığorta sistemi nə vəd edir? - <b style="color:red">Əsas suallara cavablar</b>

Bu il yanvarın 1-dən ölkəmizdə mərhələli şəkildə yeni icbari tibbi sığorta sisteminin tətbiqinə başlanılıb. Hələ 2017-ci ildən etibarən sığorta sisteminin pilot layihə şəklində tətbiqi Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarını əhatə edirdi. Bu gün isə sığorta sistemi 10 milyon vətəndaşı əhatə edəcək və onun tətbiqi mərhələli şəkildə baş tutacaq. 

Bəs icbari tibbi sığorta sistemi nədir?

İcbari tibbi sığorta (İTS) dünya səhiyyəsində geniş yayılmış, həmrəyliyə əsaslanan sosial layihədir və əhalinin tibbi yardım almaq hüququnu təmin edir. Bu sistem sığorta hadisəsi zamanı sığortaolunanların xidmətlər zərfi çərçivəsində insanların tibbi yardım almasına təminat verir. Xidmətlər zərfi çərçivəsində təminatı nəzərdə tutulmuş tibbi xidmətlərin göstərildiyi hər hansı hadisə və hal sığorta hadisəsi hesab edilir.

Tətbiq ediləcək yeni sistemlə əlaqədar məsələlər mütəmadi olaraq media vasitəsilə işıqlandırılsa da, tam izahına ehtiyac duyulan bir sıra məsələlər hələ də var. Bununla bağlı ünvanladığımız suallar İcbari Tibbi Sığorta Agentliyi tərəfindən cavablandırılıb. 

- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən bölgələrdə vətəndaşların maarifləndirlməsi üzrə hansı tədbirlər görülür?

- İcbari tibbi sığortanın 2020-ci ildən ölkə üzrə mərhələli tətbiqi, habelə sistemin əhəmiyyəti, üstünlükləri barədə əhalini məlumatlandırmaq məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 2019-cu il və ötən ilin əvvəlində ölkənin bütün şəhər və rayonlarında icra hakimiyyətlərinin və müvafiq təhsil müəssisələrinin dəstəyi ilə ümumilikdə 91 maarifləndirmə tədbiri keçirilib. Tədbirlərdə vətəndaşlar icbari tibbi sığorta sisteminin məqsədi, icbari tibbi sığorta haqları, Xidmətlər zərfi, tibb müəssisələrinə müraciət etmək qaydaları və digər mövzularda məlumatlandırılıblar.

Lakin koronavirus pandemiyası səbəbilə ötən ildən ölkədə xüsusi karantin rejimi tətbiq olunduğundan maarifləndirmə tədbirlərinin davam etdirilməsi təxirə salınıb.

- İcbari tibbi sığorta ilə özəl klinikalarda müalicə almaq mümkündürmü? Bunun üçün nəzərdə tutulmuş klinikaların siyahısı varmı?

- Qeyd edək ki, icbari tibbi sığortanın Xidmətlər zərfi çərçivəsindəki tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində həyata keçirilir. Əgər TƏBİB-in tabeliyində olan tibb müəssisələrində xidmətin göstərilməsi mümkün deyilsə, o zaman müqaviləli tibb müəssisələrində göndəriş əsasında tibbi xidmət göstərilə bilir. Tibbi xidmətlərə göndəriş vərəqəsi TƏBİB-in tabeliyindəki tibb müəssisəsi tərəfindən verilir.

- Həkim resepti əsasında təyin olunmuş dərman preparatları icbari tibbi sığorta tərəfindən tam qarşılanırmı? Dərmanları ala bilməyən şəxslər bununla bağlı hara müraciət etməlidir?

- Qeyd edək ki, hazırda ölkənin 59 şəhər və rayonunda sığortaolunanlar icbari tibbi sığortanın Xidmətlər zərfindən istifadə edirlər. 2021-ci ildən icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqinin ardıcıllığına uyğun olaraq bütün sığortaolunanlar icbari tibbi sığortanın Xidmətlər zərfindən istifadə edə biləcəklər. Bu zərfə hazırda  2550 sayda müxtəlif tibbi xidmət daxildir:

- İlkin səhiyyə xidməti;

- Təcili və təxirəsalınmaz tibbi yardım xidməti;

- İxtisaslaşdırılmış ambulator yardım xidməti;

- Laboratoriya xidməti;

- Fizioterapiya xidməti;

- İnvaziv radiologiya xidməti;

- Stasionar tibbi xidmət;

Həmçinin, stasionar müalicə (xəstəxanada) və təcili təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman vasitələri də Xidmətlər zərfinə daxildir. Lakin ambulator müalicə (ev şəraitində) üçün həkim tərəfindən resept əsasında təyin olunan dərman vasitələri Xidmətlər zərfi ilə təminata alınmayıb.

- Rayon qeydiyyatında olub Bakıda yaşayan vətəndaşlar yaşadıqları yer üzrə xəstəxanada sığorta xidmətindən yararlana bilmədiklərini bildirirlər. Bu proses necə tənzimlənir?

- Hazırda icbari tibbi sığortanın tətbiq edildiyi 59 şəhər və rayonda qeydiyyatda olan sığortaolunanlar icbari tibbi sığortanın Xidmətlər zərfindən yararlanırlar. Lakin vətəndaşın yaşayış yeri üzrə qeydiyyat ünvanı ilə faktiki yaşadığı ünvan fərqli olduğu hallarda, o, yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyirsə, həmin yerə gəldikdən sonra 7 gün ərzində Daxili İşlər Nazirliyinə müraciət edərək olduğu yer üzrə müvəqqəti qeydiyyata düşməlidir. Bu halda, əgər vətəndaşa yaşadığı ərazidə icbari tibbi sığorta tətbiq edilirsə, Xidmətlər zərfindən yararlana bilər.

- Agentlik tərəfindən tibb işçilərinin maarifləndirilməsi işi necə təşkil edilir? Ayrı-ayrı sahələrdə çalışan (vərəm dispanserində, koronavirusla mübarizədə, onkoloji sahədə və s.) tibb işçiləri və həkimlər üçün hansısa xüsusi təlimlər nəzərdə tutulurmu?

- Qeyd edək ki, 2019-cu ildə və 2020-ci ilin əvvəlində Agentlik tərəfindən icbari tibbi sığortanın ilkin mərhələdə tətbiq edildiyi tibb müəssisələrinin tibb və qeyri-tibb işçiləri üçün "Qeyri-infeksion xəstəliklərin idarəolunması", "Keyfiyyət standartları", "Baş tibb bacısının/qardaşının işinin tənzimlənməsi" və s. mövzularda təlimlər, "İcbari tibbi sığorta və sosial əhəmiyyətli xəstəliklər" mövzusunda elmi-praktik konfrans, həmçinin, "Kəskin zəhərlənmələrin diaqnostika və müalicəsinə dair müasir yanaşmalar" mövzusunda tədris kursu keçirilib. Təlimlər bu il də davam etdirilir. Məlumat üçün bildirək ki, hazırda Agentlik və Asiya İnkişaf Bankının birgə təşkilatçılığı ilə tibb bacıları üçün "İnfeksiyaya nəzarət və profilaktikanın təşkili" mövzusunda təlimlərə başlanılıb.

- Həkimlərin orta aylıq maaşı 2018-ci ildə ölkə üzrə orta aylıq əməkhaqqının 1.9 mislini təşkil edib. 2018-ci ildən 2020-ci ilə qədər olan müddətdə əməkhaqqları ilə bağlı dəyişiklik olubmu?

- Bildiyiniz kimi, ötən ilin əvvəlində Agentlik tərəfindən "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi haqqında" Qayda təsdiq edilib. İlin sonunda isə Agentliyinin müvafiq qərarı ilə Qaydaya dəyişikliklər olunub. Qaydaya əsasən, tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq səhiyyə işçisinin əməkhaqqına müəyyən edilən vəzifə (tarif) maaşı, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir.

Qeyd edək ki, tibb işçilərinə vəzifədən və yerinə yetirilən işin xüsusiyyətindən asılı olaraq, sabit və ya xidmətə görə həvəsləndirici əlavələr verilir. Vəzifə öhdəliklərinin xarakterindən və müvafiq həkim ixtisası (vəzifəsi) üzrə pasiyent müraciətinin qeydiyyatı xüsusiyyətləri nəzərə alınaraq, bəzi həkimlərin (ixtisaslar/vəzifələr üzrə) aylıq vəzifə (tarif) maaşına aylıq sabit həvəsləndirici əlavələr tətbiq edilir. Qaydaya edilən dəyişikliyə görə, aylıq sabit həvəsləndirici əlavələr üzrə ixtisasların/vəzifələrin sayı 9-dan 16-ya qədər yüksəldilib.

Məsələn, hemodializ şöbəsinin həkimlərinin əməkhaqlarına 360,00 manat aylıq sabit həvəsləndirici əlavə tətbiq ediləcək. Keyfiyyətə nəzarətin idarəedilməsi komitəsinin rəhbərinin əməkhaqqına 910,00 manat aylıq sabit həvəsləndirici əlavə tətbiq edilir.

Aylıq həvəsləndirici əlavələr isə həkimlərə ixtisasları/vəzifələri üzrə göstərilən xidmətin ölçülməsi və dəyərləndirilməsi məqsədilə verilir. Optimal iş yükünü və iş saatlarını nəzərə alaraq, həkimlərin xidmətlərinin yuxarı kəmiyyət həddi məhdudlaşdırılır və yuxarı kəmiyyət həddini aşaraq göstərilən tibbi xidmətlərə görə əlavələr ödənilmir.

Qeyri-tibb işçilərinin aylıq vəzifə (tarif) maaşlarına isə aylıq həvəsləndirici əlavələr tətbiq edilir. Bu əlavələr onların çalışdıqları tibb müəssisəsinin aid olduğu qrup və kateqoriyadan asılı olaraq tənzimlənir.

Ötən il yeni Qaydanın tətbiqi  nəticəsində 23 şəhər və rayonun səhiyyə işçilərinə aylıq sabit və xidmətə görə həvəsləndirici əlavələr verilib.

Afaq RZA

 





27.01.2021    çap et  çap et