525.Az

"Mənim adım Şuşadır..." - Nadir Rzalının yazısı


 

"Mənim adım Şuşadır..." - <b style="color:red">Nadir Rzalının yazısı </b>

Ad insanın həyatda ilkin başlanğıcıdır, körpənin dünyada valideynləri tərəfindən qazandığı ilk xoşbəxtlikdir.

Bəzi məqamlar istisna olmaqla, hər kəsə öz adı çox fərqli və əziz olur. Hər kəs öz şəxsiyyətini adında cəmləşdirir, adını bütün varlığının təzahürü kimi fikirləşir. Alimlərin fikrincə, adın insan xarakterində, insan taleyində rolu böyükdür. Təbii ki, insanın yaşadığı mühit, onu əhatə edən cəmiyyət onu fərqli istiqamətlərdə də formalaşdıra bilər. Ətrafımızda yüzlərlə insan var ki, adının mənası ilə daxili dünyası tamamilə tərs mütənasibdir. Amma elə insanlar da var ki, sözün əsl mənasında, ismi şəxsiyyətinin güzgüsüdür. Bu düşüncələr xalqımızın milli-tarixi köklərindən qaynaqlanır. "Kitabi Dədə Qorqud" eposunda Dədə Qorqud yalnız qəhrəmanlıq göstərdikdən sonra həmin igidin  xüsusiyyətinə uyğun ona ad verərdi: "Adını mən verdim, yaşını Allah versin".

Müxtəlif zamanlarda valideynlərin ad seçiminə ictimai hadisələrin, cəmiyyətdə hökm sürən düşüncələrin təsiri böyük olub. Necə deyərlər, hər şey öz zamanının məhsuludur, öz dövrünün təzahürüdür. İslam dini Azərbaycanda hökm sürən dövrdən bu günə qədər, bütün illərdə İslamdan, Qurandan gələn isimlər aktual olub. Son illərin statistik göstəricilərinə nəzər salanda ən çox "Əli", "Yusif", "Məhəmməd", "Həsən", "Zeynəb", "Zəhra", "Fatimə"  adlarının uşaqlara verildiyini görürük. İslam dininin kəskin şəkildə insan həyatına təsir etdiyi vaxtlarda, xüsusən, XVII-XIX əsrlərdə "ikimərtəbəli", yəni mürəkkəb dini adlara üstünlük verilirdi. Dini görüşlərin təsiri camaatda elə fikir formalaşdırmışdı ki, uşağa "Məhəmmədəli", "Əliabbas" kimi adlar qoysalar, həmin uşaqlar Allahın ikiqat sevimli bəndəsi olarlar. Günümüzdə də bu adlarla qarşılaşırıq, çünki bəzi insanlar babalarının, hətta bəzən ulu babalarının da adına sadiq qalır, onu yaşatmaq istəyirlər. Əməkdar jurnalist Yusif Rzayevin "Mənim adım Yusifdi" adlı məqaləsi bu baxımdan çox maraqlıdı: "Əslinə qalsa, heç ad məsələsi də o qədər önəmli deyil. Önəmlisi bu gün övladına dini ad qoyan ata-ananın nə düşünməsidi. Əgər övladına dindən gəlmə ad qoyan valideyn bununla həm də ölkənin gələcəyinə səs verirsə, ölkənin gələcəyini dünya dövləti kimi yox, zülmətə və çadraya bürünmüş görmək istədiyini deyirsə, bu, pisdi, həm də çox pisdi. Yoxsa ki, adın nə dəxli var, əsas o körpənin hansı mühitdə, hansı cəmiyyətdə, necə böyüməsidi". Bəli, əsas odur ki, sən kimsən və sənin mənəvi qatın nə dərəcədə dərindir.

Sovet dövründə bəzi dini qadağalara baxmayaraq, indiki kimi olmasa da, dini adlara müraciət çox olub. Amma o dövrlərdə bədii kitabları oxuyanlar, indikindən fərqli olaraq, qat-qat çox idi. Hər yeni roman, yeni povest cəmiyyətə arzuolunan dərəcədə yeni bir töhfə, təzə bəxşiş idi. O səbəbdən də, ədiblərin obrazlara verdiyi adlar cəmiyyətdə daha da aktuallaşmışdı. Bundan əlavə, o zamanlar kənd zəhmətkeşlərinin, sovet qabaqcıllarının adı da dəbdə idi. Şəxsiyyətə pərəstişin təsirləri əksər məqamlarda özünü büruzə verirdi.

1990-cı illərdən üzü bəri qardaş Türkiyə ilə münasibətlərimiz bərpa olunduqdan sonra, xüsusən türk filmlərinin mütəmadi izlənilməsi nəticəsində Azərbaycanda türk adları daha da populyarlaşdı. Bu da onu göstərir ki, həqiqətən, zamanın ab-havasının isimlərə təsiri danılmazdır.

Təbii ki, bütün dövrlərdə kreativ adlar da mövcud olub. Məsələn, Xalq yazıçısı Anarın adı bu baxımdan maraqlı tarixçəyə malikdir. Anar nüəllimə qədər heç kimə bu ad verilməmişdi, çünki bu, onun valideynlərinin tapıntısı idi. Məhz ondan sonra Anar adı çox məşhurlaşıb.

Ötən il iyun ayının 15-i bir dostumuzun oğlu dünyaya gəldi, həmin körpəyə verilən isim çox kreativ və maraqlı idi. Bildiyimiz kimi, iyun ayı sərt karantin rejiminin tətbiq olunduğu vaxtlar idi. Eyni zamanda, dostumuz əslən Azərbaycanın dilbər guşəsi olan Lənkəran şəhərindəndir. Məlumunuzdur ki, şəhərin adını həmin bölgənin adamları (L a n k a r a n ) deyə tələffüz edirlər. Oğul bala KARANtində anadan olduğu üçün və "LanKARAN"lı olduğu üçün valideynləri tərəfindən ona "Karan" adı verildi. Həqiqətən, çox maraqlı hadisədir. Karan həmişə yaşıdları arasında fərqlənəcək və bu adın tarixçəsi daim maraq dairəsində olacaq.

İkinci Qarabağ müharibəsi yaddaşımızda acılı-şirin xatirələrlə həkk olundu. Hansı ki, istər ön cəbhədə, istərsə də arxa cəbhədə bu müharibənin şahidi olan gənc nəsil ömrünün sonuna qədər bu hadisəni unutmayacaq və gələcək nəsillərə ötürəcək. Şəhid olan hərbçilərimizin bir çoxunun ya döyüşdə olduğu zaman, ya da şəhidlik zirvəsinə ucaldıqdan sonra övladları dünyaya gəldi. Onların içərisində uzun illərdir övlad həsrətində olanlar da var idi. Bəziləri həmin körpələrə atalarının adını verdilər. Bəzilər də döyüşə yollanmamışdan qabaq onların arzusunda olduqları adlardan xəbərdar idi. Ona görə də elə atalarının seçdiyi adı körpəyə veriblər. Şəhid baş leytenant Elçin Ağayevin qızına isə ŞUŞA adı verilib. Körpəyə bu adın verilməsi, məncə, mistik hadisədi. O uşaq müharibənin təcəssümüdür, müharibənin bütün acı və şirin tərəfləri qızcığazın adında əks olunub. O, bir şəhid qızıdır, atasız həyat ona çətin olacaq. Amma həm də torpaqları düşməndən azad edən bir şəhidin qızıdır, Şuşalı Azərbaycan tamdır, bütöv candır. Bu gün Şuşa şəhəri də şaddır, Elçinin ruhu da. Şuşa adlı qız böyüyəcək və o da özünün və atasının adı ilə xoşbəxt olacaq: "Mənim adım Şuşadır. Mən şəhid qızıyam, adımı da atam qazandı. Mən adımla böyüyəcəm, Azərbaycan isə Şuşa ilə..."

 





27.01.2021    çap et  çap et