525.Az

"Qadın yükü" - Müsahibə


 

BU RƏSM DEYİR Kİ, QADIN GÜCLÜDÜR, HƏM DƏ ÇOX GÜCLÜ...

"Qadın yükü" - <b style="color:red">Müsahibə</b>

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı müniatürçü rəssam Pəri Müniatürdür. Onunla müəllifi olduğu "Qadın yükü" əsəri haqqında danışmışıq.

- Pəri xanım, niyə məhz qadın?

- Düşünürəm ki, özüm də qadın olduğum üçün qadının hisslərini, ağrısını-acısını daha yaxşı başa düşürəm. Qadın həqiqətən də dünyanı daşıya biləcək bir potensialdadır. Qadın təbiət kimi doğurqandır, qadın güclüdür, həm də çox güclü.

- Bəs niyə geriyə baxır?

- Yox, geriyə baxmır, dünyaya baxır, daşıdığı yükə baxır.  Gözləri yükündə olsa da, ayaqları irəli baxır. Çünki irəliyə gedir və gələcəyə ümidləri var. Əlindəki tərəzi isə dünənlə bu gün arasında axtardığı ədaləti ehtiva edir.

- Dünya yuxarıdadır, tərəzi isə aşağıda. Mənə elə gəlir ki, bu, həm də biz qadınların ruhundan xəbər verir. Biz ədaləti axtaranda belə, çox vaxt səsimizi çıxara bilmirik, tərəzini gizlətməli oluruq. Mən yanılıram yoxsa?

- Yox, yanılmırsınız.

- Bəs sırğa niyə bir qulaqdadır?

- Biz qadınlar hər dəfə aldananda, hər dəfə cəmiyyət tərəfindən qəbul edilməyən bir şeylə üzləşəndə "qulağına sırğa et" sözünü eşidirik. Bax, bu sırğa həmin sırğadır. Sırğanın uzunluğu keçdiyi yolun işarəsidir. Baxmayaraq ki, bu sözü çox eşidib, ancaq o sırğa yenə uzanacaq. Məncə, biz qadınlar uzanan sırğadan dərs çıxarmaq istəmirik. Bəzən özümüz bilə-bilə aldanırıq, bəlkə də, özümüzü aldadırıq. Sırğa ona görə bir qulaqdadır ki, "qulaqlarına sırğa elə" demirlər, "qulağına sırğa elə" deyirlər. Bu da həmin sırğadır.

- Bu qadın şərq qadınıdır, yoxsa qərb qadını?

- Qadın hər yerdə qadındır. fərqi yoxdur ya şərq, ya qərb. Sevincin də, ağrının da rəngi dünyanın hər yerində eynidir. Hər qadının öz dərdi, öz sevinci var. Fikir versəniz, mən onun zahiri görkəmində də konkret bir istiqaməti vurğulamıram. Həm şərq, həm də qərb detalları var.

- Ancaq şərq qadınının çiyinlərində yük daha çox olur.



- Bu yük həm də ona güc verir. Şərq qadınları mənən daha dözümlü olurlar, məncə. Həm də daha həssas. İdealları onları daha güclü edir. Ancaq yenə də qayıdıram bayaqkı sözümə, harda olmasından asılı olmayaraq qadın güclü varlıqdır. Qadın bir çox şeydə kişidən daha dözümlüdür. Deyirlər, doğum zamanı bircə beyin sümüyü ayrılmır. Təsəvvür edin, qadın nəyə dözür. Bir də deyirlər ki, beyin həyatda çəkdiyimiz bütün ağrıları qeydə alır, təkcə doğum ağrısından başqa. Əgər doğum ağrısının yaddaşı olsaydı, ikinci dəfə yəqin heç bir qadın bu ağrını gözə almazdı. Ümumiyyətlə, uşaq dünyaya gətirmək özü-özlüyündə böyük güc tələb edir. Sən doqquz ay bətnində körpəni daşıyırsan, sonra onu o ağrılarla dünyaya gətirirsən, böyüdürsən. Ən dəhşətlisi isə bir gün onu itirə və bütün varlığınla bağlandığın övladının yoxluğuna dözməyə məcbur ola bilirsən. Bu, çox dəhşətli bir şeydir. Həm də çox.

- Çox güman, başına qonan quş tale quşundan çox, azadlığı simvolizə edir.

- Bəli. Güclü qadın həm də azad qadındır. Güclü olmaq özünə meydan oxumaq, azadlığını dərk etməkdir həm də. Öz içindəki tabuları yıxmadan, özün-özünə azadlığını qəbul etdirmədən güclü ola bilməzsən. Bu da çox vaxt cəsarət və risk istəyir. Elə düşünün ki, risk bir şüşədir. sadəcə bir şüşə. Onu sındırıb keçsəniz, əsl azadlığa qovuşacaqsınız. Yox, əgər bunu edə bilməsəniz, bir ömür qəfəsdə qalacaqsınız.

- Qadının tək təsvir olunması, mən özüm-özümə yetirəm mesajıdır?

- Bəlkə də. Mən özüm də təkliyə meyilli insanam. Yəqin burda həm də özümü, öz hisslərimi təsvir etmişəm. Təklikdən heç vaxt qorxmamışam. Məncə, bu qadın da qorxmur. Dünyanı kürəyinə alan biri təklikdən niyə qorxsun ki?

- Bu, həm də miniatür rəsmdir. Ancaq miniatürü çox vaxt xırda görməyə öyrəşdiyimiz üçün sanki bu rəsm bir az qəribə gəldi.

- Hə, bu, tam klassik miniatür deyil. Klassik miniatür çox vaxt kiçik ölçüdə olur. Lakin mən iri həcmli miniatürlər də işləyirəm. Həcmindən asılı olmayaraq burada miniatür detallar özünü göstərir. Məsələn, qadının boynu, çarıqları, gözləri və s.

- Əsərin rəng həlli barədə nə deyə bilərsiniz?

- Əsərdə həm isti, həm də soyuq rənglərə müraciət etmişəm. Ümumiyyətlə, isti və soyuq rənglərin növbələşməsini çox sevirəm. Bu, estetika baxımdan mənə daha xoş gəlir. Fikir verin, xalçalarda bu qanuna daha çox əməl edirlər. İsti rənglər gəlir-gəlir, birdən bir soyuq çalar görünür. Beləcə, tarazlıq qorunmuş olur. Mənim burada istifadə etdiyim rənglərdə isə həm bu məqam, həm də rəngin kompozisiyaya uyğun təsviri var. Məsələn, qırmızını gücün, bəyazı təmizliyin rəmzi kimi vermişəm.

- Bu rəsm bizə nə deyir?

- Deyir ki, qadın güclüdür, həm də çox güclü.

Aytac SAHƏD

 





27.01.2021    çap et  çap et