525.Az

Mənim şəhid şagirdlərim - Tural Adışirinin yazısı


 

VƏTƏN ÜÇÜN CANINDAN KEÇƏRƏK ƏBƏDİYYƏTƏ QOVUŞMUŞ BEYRƏK FEZULLAYEV VƏ RÜFƏT MUSAYEVİN ƏZİZ XATİRƏSİNƏ

Mənim şəhid şagirdlərim - <b style="color:red">Tural Adışirinin yazısı </b>

"Şəhidlik hər kəsə qismət olmur, o zirvəyə hər kəs ucala bilmir", - deyirlər. Şagirdlərim Beyrək və Rüfət də, görünür, Tanrı qatında seçilmişlərdən idi.

Bir zamanlar önümdə oturan bu şagirdlərim illər sonra şəhadət şərbətini içəcək, bir ananın oğlu yox, bütöv bir elin oğlu olacaqdılar. Vətən müharibəsi başlanan gündən rəşadətli Ordumuzun qələbə xəbərlərini sevinclə izləyir, qürur hissi keçirirdim. Şəhərimizə gələn şəhid dəfnlərində iştirak edir, vətəndaşlıq borcumu yerinə yetirməyə çalışırdım. Şəhidlərimizə olan xalq məhəbbəti, sevgisi, küçələrdə şəhid tabutlarını qarşılayan ana-bacıların göz yaşları məni kövrəldirdi. Vətən müharibəsi günlərində bütün gecələrim oyaq keçir, bir an olsun yerimdə rahatlıq tapa bilmirdim. Narahat gecələrimin ağrısı, görünür, sonralar daha dərindən hiss olunacaq.

Oktyabrın 5-də sosial şəbəkəni izləyərkən qarşıma çıxan xəbər məndə sarsıntı yaratdı. Bir anlıq yerimdə donub qaldım, keçmiş şagirdim Beyrəkin şəhadət xəbərini oxuyanda məni qəhər boğdu. Gözlərimin qabağına ona dərs dediyim illər canlandı. Beyrəkə 2011-2014-cü illərdə Oğuz rayonu Malıx kənd ümumi orta məktəbində müəllimliyimin ilk təyinatında dil-ədəbiyyat fənnindən dərs demişdim. Elə məktəb illərində də o, vətənpərvərliyi ilə şagird yoldaşlarından seçilirdi. Vaxtilə işğal olunan torpaqlarımızın anım günlərini hər dəfə mənə yaxınlaşaraq bir az da kədərli halda "müəllim, bu gün Füzulinin işğal günüdür, görən nə zaman azad edəcəyik, nə zaman o yurdlara gedəcəyik" deyirdi. Mən də ona bu nisgilin, əlbəttə, bir gün sona yetəcəyini əmin edirdim. Sən demə, gün gələcək XTQ-nin giziri Beyrək Fezullayev misilsiz qəhrəmanlıq göstərərək özü Füzulinin azad edilməsində qəhrəmancasına şəhid olacaq, özü bu nisgilə, həsrətə son qoyacaqdı. Həqiqətən, illər sonra Beyrək adı kimi döyüş meydanında dastan yazdı. 30-a yaxın erməni faşistini məhv etdi, hətta əlbəyaxa döyüşdə süngü-bıcaqla 5 nəfər düşməni öldürdü. Qarın nahiyəsindən güllə yarası almasına baxmayaraq, 1 saat igidliklə döyüşdü. Onu yaralayan ermənini məhv edib, öz qisasını alıb Vətən uğrunda canından, qanından keçərək şəhid oldu. Gizir Beyrək Fezullayev 4 oktyabr Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhadət şərbətini içdi. Bizim müqəddəs and yerimizə çevrildi. Ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. Sosial şəbəkələrdə Beyrəkin döyüş yolu, şəkli hər dəfə qabağıma çıxanda qürur hissi keçirir, bir az da kövrəlirəm. Mən onunla fəxr edirəm. Fəxr edirəm həm də ona görə ki, ona Vətəni sevmək ruhunu aşılaya bilmişəm. Az da olsa, onun Vətənə layiq bir oğul kimi yetişməsində əməyim var. Adı dastandan götürülən, özü də dastan yazan şagirdim ruhun şad olsun. Əbədiyyətin ünvanın daima nurlu olsun.

Beyrəkin şəhadətindən 12 gün sonra daha bir şagirdimin - Rüfət Musayevin şəhadət xəbərini aldım. Bu şagirdimə Şəkinin Suçma məktəbində dərs demişdim. 2014-cü ildə 3 illik təyinatım bitdikdən sonra yerimi Şəkinin Suçma məktəbinə dəyişdim. Rüfətə 8-9-cu siniflərdə dərs dedim. Çox tərbiyəli, sakit, mədəni bir oğlan idi. Sinifdə olan digər oğlan şagirdlər bir az nadinc olsalar da, Rüfət tamamilə başqa biri idi. Dərsinə çalışqan, məsuliyyətli bir oğlan idi. Taleyin hökmünə bax ki, gün gələcəkdi, Rüfət də torpaqlarımızın bütövlü uğrunda şəhidlik zirvəsinə ucalacaqdı. Rüfət 15 oktyabrda Suqovuşan ətrafındakı ağır vuruşmalarda şəhid oldu və ölümündən sonra "Suqovuşanın azad edilməsinə görə" medalı ilə təltif edildi.



Beyrək də, Rüfət də ömürlərinin gənclik çağında əbədiyyətə qovuşdular. Ana torpaqdan yarandılar, son olaraq da Ana Vətənin qoynuna köçdülər. Hər iki şagirdimin şəhadəti, şəhid dəfnlərində rastlaşdığım sarsıdıcı mənzərələr sonradan məndə bu ağrılı misralara çevrildi:

Vətəni qorumağa yollanan gənc oğullar,
Bayraqlara bürünüb qayıdırlar geriyə.
Çiçəklərdən çox kövrək, quzudan dinc oğullar,
Çiyinlərdə dönürlər bir də üzü bəriyə.

Bilmək olmur, dünyanın arzusu, həvəsi nə?
Bəzən haray yerinə ölü sükutlar gəlir.
Analar yol gözləyir oğullar əvəzinə,
Anaların üstünə şəhid tabutlar gəlir.

Ürəklərimiz şəhid xəbərləriylə sızlasa da, 44 günlük Vətən müharibəsinin sonunda Vətən torpaqlarımız, işğal yurdlarımız mənfur düşməndən azad edildi. Qüdrətli ordumuz müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 30 illik həsrətimizə son qoydu. Bizlərə Qələbə sevinci yaşatdı, narahat şəhid ruhlarını sevindirdi. Üçrəngli şanlı bayrağımız Şuşada - Azərbaycanın ürəyində dalğalanmağa başladı.

Şəhidlərimiz bizim and yerimiz, əbədiyyət ünvanlarımızdır. Vətən uğrunda şirin canından keçən hər bir şəhidimizin ruhu qarşısında baş əyirik. 

 





27.01.2021    çap et  çap et