525.Az

"Mətbuatımız parazitlərdən təmizlənməlidir" - Müsahibə


 

NATİQ MƏMMƏDLİ: "GƏLİN "QƏZET BİZƏ LAZIMDIRMI" SUALI ƏTRAFINDA FİKİRLƏŞMƏK ƏVƏZİNƏ, "MÜASİR DÖVRÜN QƏZETİ NECƏ OLMALIDIR" SUALINA CAVAB TAPAQ"

"Mətbuatımız parazitlərdən təmizlənməlidir" - <b style="color:red">Müsahibə</b>

Yazıçı, jurnalist Natiq Məmmədli Novator.az saytına geniş müsahibə verib.

Müsahibəni ixtisarla oxuculara təqdim edirik.

- Savaş durduruldu, Vətən uğrunda xeyli şəhid verdik, könüllü döyüşənlər evlərinə dönür, qazilər də yavaş-yavaş hospitallardan evə buraxılırlar. Müharibə bitdimi?

- Dünya istəyir ki, müsəlmanın müharibəsi heç vaxt bitməsin. Müsəlmanlar yaşayan coğrafiyaya bir nəzər salın. Azərbaycan xalqı öz mədəni-intellektual səviyyəsi, tolerant həyat tərzinə görə həmişə sülh tərəfdarı olub. Tarixə nəzər salaq, biz yalnız iki halda silaha sarılmışıq. Ya öz elimizi-obamızı yadellilərdən müdafiə eləmək üçün, ya da tərkibində olduğumuz böyük dövlətlərin təhriki ilə. Biz heç vaxt öz təşəbbüsümüzlə müharibə etməmişik. Azərbaycan türkləri tarix boyu elə əlverişli coğrafiyada yaşayıb ki, onun başqasının torpağında gözü olmasını iddia eləmək sadəcə mümkün deyil. İmperialist düşüncəmiz yoxdu, öz torpağımızı becərib, öz güzəranımızı sürmüşük. Əksinə, öz imperiyalarının sərhədlərini genişləndirmək istəyən işğalçılar, bu yerlərə gəlmələr bizim diyara yağlı tikə kimi baxıblar, biz yalnız müdafiə olunmuşuq. Elə Prezident İlham Əliyev də bu baxımdan düzgün qeyd edir ki, "tariximizdə heç vaxt heç bir kənar qüvvə, heç bir yad dairə bizim xoşbəxtliyimizi istəməyib, əksinə, bizi əzmək istəyib, özünə ram etmək istəyib, sərvətlərimizi talamaq istəyib, bizi alçaltmaq istəyib". Xatırladım ki, xalqımız XX əsrdə üç respublika quruluşunda yaşayıb. Milli ideyamızdan yaranmış Xalq Cümhuriyyətindən fərqli olaraq Sovet Sosialist Respublikası işğal faktının nəticəsi olaraq meydana çıxmışdı, sovetlər ölkəsinin çökməsi və milli-azadlıq mübarizəsinin gedişində cümhuriyyət dəyərləri Azərbaycan Respublikası timsalında yenidən təcəssüm etdi. Siyasi-ideoloji məzmunu, idarəetmə formasına görə bir-birindən fərqlənən hər üç dövlət quruluşu modeli nə qədər qəribə olsa da, torpağa münasibət məsələsində eyni aqibəti bölüşməyə məcbur qalıb. Birincidə İrəvan, ikincidə Zəngəzur, üçüncüdə isə Qarabağı itirmişik. Azərbaycan öz sərhədlərinin bütövlüyünü bərpa etməklə artıq inkişafının yeni mərhələsinə qədəm qoyduğunu bütün dünyaya sübut etdi. Bir yazımda qeyd etdiyim fikri bir daha xatırlatmaq istəyirəm, müasir dövlətçilik tariximizdə bu dəyişiklikləri öz məzmununa görə artıq dördüncü respublika kimi qiymətləndirmək olar.

- Cəmiyyətin sosial sifarişinə qoşulan ədəbiyyat müharibə mövzusuna köklənib. Ancaq üzə çıxan bədii mətnlərin bəziləri şablon şüarçılıq, hay-küylə doludur. Müharibə mövzusunda ən yaxşı əsərlərin meydana çıxması üçün onilliklərin lazım olduğunu söyləyənlər var. Belə fikirlərə münasibətiniz necədir?

- Bax indən sonra müharibəylə bağlı dolğun əsərlər yazılacaq. Birinci savaşda biz məğlub olmuşduq, iş orasındadır ki, heç qarşı tərəf də qalib deyildi. Qarabağ mövzusu erməni ədəbiyyatının ana mövzusuna çevrilə bilmədi. İndi etiraf edirlər ki, otuz il ərzində Şuşanı özümüzünkü edə bilmədik. Məğlubiyyətdən sonra erməni baş naziri Şuşaya rişxənd elədi, onu dumanlı, tutqun və uğursuz şəhər adlandırdı. Siz bilirsiniz mən Şuşanın dumanından ötrü necə ölürəm? Hər il Novruz qabağı Ağsu aşırımına gedirəm ki, yazqabağı dumana düşüm, torpağımın ətrini duyum, Şuşanı yadımdan çıxartmayım. Hikmət Sabiroğlunun "Qarabağ söhbətləri" kitabından götürdüyüm bir fraqment əsasında "Şuşa dumanı" adında bir hekayə yazmışdım, hər dəfə Şuşaya duman gələndə Bakıda dizləri ağrıyan insanların həyatından bəhs edir. Duman görəndə ürəyimizin riqqətə gəldiyini Paşinyan hardan bilə bilər ki? Qarabağ tək bizim torpağımız deyil, mənəviyyatımızın əsas məsələsi, ədəbiyyatımızın ana mövzusudur.  

- Qəhrəman döyüşçülərimiz bir çox xarici dövlətləri, hərbi ekspertləri, peşəkar komandirləri heyrətə salan şücaətləri ilə XXI əsrin yeni savaş modelini nümayiş etdirdilər, tarix yazdılar. Dünyanı bürüyən, azərbaycanlılara da acı çəkdirən koronavirus pandemiyası sanki belə bir ağır durumda müqavimət hissimizi daha da gücləndirdi. Pandemiyanın psixoloji təsiri və müharibə reallığı, əlaqə varmı?

- Burada yəqin ki, yalnız mistik əlaqə haqqında danışa bilərik. Oqtay bəy, əldə etdiyimiz möhtəşəm qələbə haqqında düşünərkən mən daha çox başqa şeyə təəccüblənirəm. Füzuli istiqamətində düşmənin keçilməsi mümkünsüz görünən istehkamını yaran, otuz ilə yaxın həsrətində olduğumuz Zəngilanı bir neçə saata azad edən və nəhayət, Şuşa zəfərinə imza atan müzəffər əsgərimiz bu gücü hardan alırdı? Noyabr ayında, payızın qatı dumanında dəniz səviyyəsindən 1500 metr hündürlükdə müqəddəs Kirs dağının sürüşkən sıldırımlarından dırmaşaraq dədə-baba qalasını əlbəayaxa döyüşlə azad edən əsgərin fiziki göstəricilərindən savayı, siyasi-ideoloji hazırlığı da yüksək səiyyədəydi. Əsas məsələ odur ki, ruh var idi. Bir yazıçı kimi, bax, bu ruhun mənbəyi mənə maraqlıdır. Sizə "Əli və Nino" romanından bir epizod xatırladım - Əli eşidəndə ki sevgilisi Ninonu Naxararyan götürüb qaçıb, dərhal atına minib onun arxasınca çapır. Naxararyanın başının üstünü haqlayanda erməni naqanını çıxardıb onu vurmaq istəyərkən Əli bir göz qırpımında atın üstündən düşüb xəncərini onun ürəyinə saplayır. Müəllif özü də yazır ki, görəsən, Əli hardan alırdı bu gücü, necə oldu ki, real ölümün üstünə atılmaqdan qorxmur və özü də cavab verir ki, bu, onun qanına işləmiş Cavanşir nəslindən gələn babalarının gücü idi. Bax vətən torpağını xain düşmənin tapdağından xilas edən, Pənahəli xanın binəsini qoyduğu o müqəddəs qalanı əlbəayaxa döyüşlə azad edən Azərbaycan əsgərinin gücünün mənbəyi onun gen yaddaşındadır. Sən demə, Qarabağ bizim qanımıza işləyibmiş, o, heç vaxt əsarətdə qala bilməzdi. Duman görəndə uşaq kimi sevinən, ürəyi fərəhlə dolan nəsil əvvəl-axır qalasına yiyə durmalıydı, durdu da.             

- Öz işini yaxşı bacaran bir qəzetçi, redaktor təcrübəsi olan peşəkar jurnalist kimi sizdən də soruşum: qəzetlərin tarixə çevrilib keçmişə gömüləcəyinə inanırsınızmı?

- Qəzet bizim sonuncu qalamızdı, Oqtay bəy, o, tarixə çevrilsə, biz məğlub olarıq. Qəzet bizim arzumuzdur, onu yarıda qıranlar, onu məzmunsuz kağız parçasına çevirənlər, qəzetin gücündən qorxub onu gözdən salanlar özləri tarixin künc-bucağında itib-batacaqlar. Azərbaycanda keyfiyyətli qəzetlərin bumu hələ bundan sonra başlayacaq, mən buna inanıram və heç vaxt bu inamımdan dönmərəm. Azərbaycanda kitab oxuyanlar, bilet alıb teatra gedənlər, gözəl bir tablonun qarşısında dayanıb onun palitrasından zövq alanlar, klassik musiqinin melodiyasında ruhunu ovutmağı bacaranların hamısı qəzetin oxucularıdır. Belə adamlar var, azdılar, amma həmişə olublar. Gəlin "qəzet bizə lazımdırmı" sualı ətrafında fikirləşmək əvəzinə "müasir dövrün qəzeti necə olmalıdır" sualına cavab tapaq. Qəzetin siması müasirləşməlidir, gəncləşməlidir, süni yolla, arxa qapılardan redaksiyalara doluşmuş parazitlərdən mətbuatımız təmizlənməlidir. Ətrafında düşünən beyinləri, əliqələmli ziyalıları birləşdirən qəzet cəmiyyətin ictimai müqavimətini gücləndirir və eyni zamanda, dövlətin intellektual potensialını göstərir. Yaxşı qəzet bütün ağıllı cəmiyyətlərin sosial sifarişidir. Bizim yaxşı qəzetlərimiz hələ bundan sonra çıxacaq. Bizim arzularımızın yarımçıq qaldığı yerdən davam etmək şansımız olacaq.      

- Hərdən mənə elə gəlir ki, siz özünüz üçün yazırsınız. Təbliğat qurmaq üçün özünü oda-közə vuran bəzi nəfəsiyanmış qələm sahiblərindən fərqlənirsiniz. Bəlkə başınız yarımçıq yazılara qarışıb? Tezliklə Natiq Məmmədli imzasında yeni əsər görə biləcəyikmi?

- İcazə verin bu sualın cavabında yenə də qəzetdən danışım. Burada ciddi səbəb-nəticə əlaqəsi var. Bizim yaxşı qəzetlərimiz olsaydı, kitablarımız da yaxşı satılardı, necə deyərlər, ixtisaslı oxucularımız da olardı. Təbliğata gələndəsə, bunun hədəfi olmalıdı. Keçən il "Qəhrəmanım sənsən" hekayələr kitabım işıq üzü gördü. Yeni əsərə gəldikdə, iki ildir üzərində işlədiyim irihəcmli romanımı pandemiya dövründə başa çatdırdım. Bu il "Azərbaycan" jurnalının ilk saylarında ixtisar olunmuş variantı işıq üzü görəcək, yəqin ilin axırına kimi kitaba da çevrilər. Sevgi romanı yazmışam, Sarı Aşığın mifik eşqi fonunda dumana bürünmüş müasir sevgi əfsanəsi.

- Natiq bəy, nədənsə bu qarışıq məqamda "Mən də hamı kimi" hekayəsini xatırladım. "...Qlobal çağırışlara cavab verməyi müasirlik kimi anlamışam, amma həmişə içimdə o müasirlikdən iyrənmişəm". Elə isə ən yaxşı müasirlik nədir, haradan qaynaqlanmalıdır, keçmiş ənənələrdənmi? Necə fikirləşirsiniz, bizdə Azərbaycan sayağı müasirlik modeli yaratmaq mümkündürmü?

- Adını çəkdiyiniz hekayədə insanın azadlıq anlayışına münasibətini, bunu nə dərəcədə arzulamasını aydınlaşdırmaq istəmişəm. Pul və şöhrət dalınca qan-tər içində qaçan mədəniyyət özünü təməl prinsiplərindən uzaqlaşmaqdadır. Dünyada ədalət anlayışına, beynəlxalq hüquqa münasibət dəyişilib. Baxın bayrağımıza, inandırım sizi ki, mən ən çox bayrağımın qırmızı rəngini sevirəm, babalarımız deyirdi ki, o "firəng kafalı" olmağa, yəni müasirliyə işarədi. Vətən müharibəsindən sonra isə qırmızı rəngi lap çox sevdim, çünki o indi mənim üçün torpaq yolunda canını fəda eləmiş şəhidlərimizin qanını simvolizə edir. Deyə bilərsiniz, bəs müasirlik? Biz "firəng kafalı" dünyanın münasibətini gördük, bizim getmək istədiyimiz, arzuladığımız Avropa artıq yoxdur, onu dələduz siyasətçilər, pula görə hər şeyi satışa çıxarmaqdan utanmayan lobbi təşkilatlarının fırıldaqçı şəbəkələri zəbt edib. Qərb gərək əvvəlcə özü itirdiyi kələfin ucunu tapsın, öz möhtəşəm dəyərlər sisteminə yiyə dursun. Təəssüflər olsun ki, müasirliyi indi əksəriyyət yalnız müasir İKT-nin inkişafı kimi başa düşür. İnformasiyanın ötürülmə sürəti artdıqca dünyamız çox dəyərlərindən imtina etməli olacaq.     

- Natiq bəy, vaxt yetişəndə... Sizə Şuşada ən gözəl əsərinizi yazmağı arzu edirəm...

- Allah ağzınızdan eşitsin! İnşallah növbəti söhbətimizi Qalada edərik.  

Oqtay QORÇU

 





27.01.2021    çap et  çap et