525.Az

Həyat eşqi və... COVİD fırtınası... - Müsəllim Həsənov yazır


 

Həyat eşqi və... COVİD fırtınası... - <b style="color:red">Müsəllim Həsənov yazır</b>

Dostumuz Ələsgər Qurbanovun vəfatından 40 gün keçir

"Amansız COVİD əziz dostumuz, qardaşımız Ələsgər Qurbanovu da apardı..."

Düz 40 gün əvvəl yazmışdım, bu ağrılı cümləni. Nə tez keçdi bu 40 gün?!

Vaxt uçur və... itirə-itirə gedirik...

Əcəli başa düşdük. Ölüm haqdı, - deyib ulularımız...

Daha bu qədər də yox...

Belə insafsızcasına yox!

O, hələ bu dünyaya əlvida deməməliydi...

Axı həyat eşqiylə yaşayırdı. Axı sabaha böyük ümidlə baxırdı. Arzuları, planları var idi...

Və bütün bu arzu və ümidlərin üstündən hələ də bəşəriyyəti qorxu altında saxlayan "COVİD" adlı bəla xətt çəkdi...

Bir anın içində...

COVİD-ə yoluxma şübhəsi və onun təsdiqlənməsi vaxtını nəzərdə tuturam...

Biz güman edirdik ki, hər şey yaxşı olacaq.

"Korona"nı tanıyandan bəri tez-tez eşitməyə öyrəşdiyimiz "saturasiya", "ağ ciyərdə buzlu şüşə", nə bilim daha hansısa tibbi terminlər hamımıza adiləşmişdi.

Xəstəxana palatasından yazdığı mesajlarını bir də oxuyuram:

"Saturasiyam aşağıdı..."

"Buzlaşma çoxdur deyirlər..."



Söz tapa bilmirəm...

40 gün əvvəlki kimi...

Telefonda təzədən axırıncı günlərinin yazışmalarına baxıram.

"Vallah, bu xəstəliyin hər şeyi zülmdür, adam gündə min hala düşür" - yazmışdı.

Beləcə, üç gün, özünün dediyi kimi, min hala düşdü...

Hər dəfə "babatam" yazmaqla bir az ümid verdi.

Sonra "düzəlirəm, yavaş-yavaş -yazdı. Nigarançılıq keçir bir az..."

Sonra: "Halım zəifdir..."

Daha sonra: "Təzyiq bir az aşağıdır..."

Ümumi vəziyyətini isə belə təqdim etdi: "Stabil orta ağır"...

Bir az təsəlli verdim, ruh yüksəkliyinin vacibliyini xatırlatdım...

Cavabı: "Keçib ey... Allaha söykənib dözmək lazımdır".

Dekabrın 19-dakı cavabları artıq qırıq-qırıq gəlir: "Saturasiya bir az... Yorğunluq çox..."

Artıq narahatlıq yaranır məndə...

No description available.

Həkimilə danışıram.

"Gecəni pis yatıb. Amma müsbət dinamika da müşahidə edirik. Belə davam eləsə, yaxşı olacaq..."

Sonra da bir az tərəddüdlə əlavə edir: "Belə xəstələr, adətən... bu gün-sabah fırtınaya girir.  Əgər bu fırtınadan xilas edə bilsək..."

"Əgər... xilas edə bilsək..."

Diksinirəm bu şübhəli proqnozdan...

Amma neyləmək olar ki? Neyləyə bilərəm?

Durub yanına getmək?

Mümkün deyil!

Əlavə həkim, əlavə dava-dərman?

Reallıqdan uzaq!

Ümid öz həkiminə və ən başlıcası Allaha qalır...

Amma təsəlli üçün növbəti mesajı yazıram: "Həkim dedi, yatırsan, yaxşısan, sağalırsan, nə vaxt oyansan yaz, xəbər elə, mən gec yatıram..."

Uzun müddət oxumur...

Sonra mesaj məlumatında oxuduğunu görürəm, amma cavab yoxdu...

Görünür, yaza bilmir...

Belə bir vaxtda həyat yoldaşının sual dolu zənglərinə necə cavab verəsən?

Övladlarının "həkimi ilə danışa bildinizmi" sualını necə cavablandırasan?

Necə deyəsən ki, "əgər xilas edə bilsələr..."

Necə deyəsən ki...

Beləcə, ümidlə gözlədiyimiz səhər bəd xəbərlə açılır..

No description available.

Heç demə, mənim cavab axtarşında olduğum həmin gecə saatlarında o, həkimin xəbərdar etdiyi kimi, fırtınaya girib və... çıxa bilməyib...

Bizdən xəbərsiz!

Hamıdan xəbərsiz!

Əzizlərinə demədən!

Deyə bilmədən!

Bax, COVİD zəhirmarın əsas çətinliyi də budur!

İnsan əzizlərindən, doğmalarından xəbərsiz onun fırtınalarından keçməlidir... Keçə bilsə...

***

Ələsgər Qurbanov jurnalistika fakültəsini bitirmişdi.

Bu peşəyə böyük həvəsi də vardı, onun uğurlu bir mənsubu olmağa istedadı da. Amma universitetdə təhsilini başa çatdırması ağrılı 1990-cı illərin əvvəllərinə təsadüf elədi. O illərə ki, mətbuat böhran keçirirdi, jurnalistika dəbdən düşmüşdü. Bu peşənin sahiblərinin maaşı çox aşağı idi...

No description available.

İlk dəfə, səhv eləmirəmsə, "Yeni Fikir" qəzetinin redaksiyasında tanış olmuşduq. 1989 idi, gərək ki...

Və o, redaksiyada işə həvəslə girişmişdi, qəzetdə yazıları dərc edilirdi...

"Yeni Fikir"in də yaxşı vaxtlarıydı, elə bizim özümüzün də...

Sonralar parlamentin rəsmi mətbu orqanı olan "Həyat" qəzetində işləməyə başladı.

Bir arada AzTV-də də çalışdı...

Amma zəmanənin ağrıları, çətinlikləri onu sevib-seçdiyi peşədən ayrılmağa məcbur etdi.  Bacarığını, istedadını ürəyi istəyən kimi gerçəkləşdirə bilmədi...

Daha doğrusu, istəmədi bunu...

Və uzaqlaşdı...

Yaşamaq üçün uzaqlaşdı. Normal yaşamaq üçün!

Və yaşadı da!

Pis də yaşamadı!

No description available.

COVİD bu dünyaya meydan oxuyana qədər!

***

Əslində, Ələsgər hələ gəncliyində "olum və ya ölüm" sualı qarşısında bir dəfə dayanmalı olmuşdu. Hələ tələbəykən...

1987-ci ildə Moskvada ürəyində ağır cərrahiyyə əməliyyatı aparılmışdı...

Və bu ürəklə 33 il yaşadı.

33 il ürəyinə qulluq elədi. Daim qandurulducu dərman qəbul etməklə. Daim həkim nəzarətində olmaqla. Daim ürəyininin döyüntüsünü dinləməklə...

Moskva həkimləri də, elə sonradan ona nəzarət eliyən Bakı həkimləri də qorxulu bir şey vəd etmirdilər. Çünki həkim məsləhətlərinə ciddi əməl eləyirdi. Az qala ürək həkimi olmuşdu özü bu 33 ildə...

Dost-tanışa məsləhət də verirdi, ürəyi qorumaq barədə...

Az qala öz ürək döyüntüsünün ritmini də əzbər bilirdi. Bir balaca artım olan kimi, tədbir görürdü...

Ürək döyüntüsü demişkən...

Qəribə bir xüsusiyyəti var idi. Gecə yatanda hətta divar saatının cüzi tıqqıltısı belə onu narahat eliyirdi. Yatmağa qoymurdu. Sanki bu tıqqıltı ona ürəyinin səsini eşitməyə mane olurdu. Ona görə də, harda gecələməsindən asılı olmayaraq, mütləq yatdığı yerdə divar saatının batareyasını çıxarırdı...

Öz ürəyinin döyüntüsünü dinləmək üçün...

Amma... bu dəfə COVİD-in ağır addım səslərini eşitdi...

Və bu səsə tab gətirə bilmədi...

No description available.

COVİD xəstəliyinin müalicəsində qanın duruluğu vacib şərtdir. Bu adam daim qandurulducu dərman qəbul edirdi. Və şəxsən mən məhz bu amili nəzərdə tutaraq, onun COVİD-ə təslim olacağına inanmırdım! Əmin idim ki, daim qanını durultduğu üçün xilas ola biləcək! Yaxasını qurtara biləcək bu bəladan!

Bacarmadı...

Gücü çatmadı...

Ürək dözmədi, yoxsa "buzlaşmış" ağ ciyər?

Bilmirəm!

İndi daha bilməyin də mənası yox!

İnsan həyatda yoxdur!

Həyat eşqiylə döyünən ürək dayandı...

Əbədi dayandı...

Onun ürək həkimi indi də əmindir ki, o, ürəyindən gedə bilməzdi!

Getdi!

Ürəkdənmi, ciyərdənmi?

İndi bunun nə mənası? Həyat eşqi ilə yaşayan, daim gülərüz, deyib-gülən, olduğu məclislərə özünəməxsus dad-duz qatan, yaraşıq verən, şənləndirən bir dostumuz tərk etdi bizi...

Xəbərsiz tərk etdi...

***

İnsan itkisi həmişə ağırdır.

Həyatsevər insanın itikisi daha ağırdır.

Ələsgərlə müxtəlif ölkələrdə, müxtəlif şəhərlərdə səfərdə olmuşduq. Çətinliyə düşən vaxtlarımız da olmuşdu, xoş əhvallı günlərimiz də. Çətin anlarda ruh yüksəkliyi yaratmağı bacarırdı. Ən gərgin saatlarda belə bir lətifə ilə əhvalımızı düzəldə bilirdi.

Bir də... ailəsinə, övladlarına son dərəcə bağlı adam idi. 90-cı illərdə hansı xarici ölkədə olmağımıza baxmayaraq, şəhərə çatıb rahatlaşan kimi ailəsi ilə əlaqə saxlamağa can atardı. Onda indiki rabitə imkanları hələ yox idi. O, min bir çətinliklə də olsa, telefon əlaqəsi yaradar, ailəsi ilə hal-əhval tutar, özü barədə məlumat verərdi. 

Ələsgər çətinə düşən dost-tanışın, qohum-əqrəbanın hayına çatan idi. Bəzən hətta bir balaca naxoşladığını eşidirdik. Amma növbəti gün səsi ya Şəmkirdən gəlirdi, ya Goranboydan, ya da...

Eşidirdik ki, bacısının, yaxud hansısa qohumunun problemini həll etmək üçün gedib. Qardaşı oğlu hansısa problemlə üzləşib. Filan dosta filan problemi həll eləmək üçün pul lazımdır və s. və i.a...

Çünki Ələsgər ətrafdakılara yaxşılıq eləməkdən zövq alan adam idi.

Ələsgər dost-tanışa xoş sürpriz eləməyi xoşlayan idi.

Çətinə düşənə əl tutmaqdan rahatlıq tapırdı. Bunu özünə borc bilirdi...

Küsülü adamları (xüsusən dost və qohumlar arasında) barışdırmaqda usta idi. "Tərəfləri" dünyanın etibarsızlığına, "beş günlük" olmasına inandırmaqla...

Evinin, mənzilinin qapısı dost-tanışa, qohum-əqrəbaya daim açıq idi.

Və o evdə, o mənzildə, az qala, elə gün olmazdı ki, rayondan gələn qohum-əqrabadan kimsə gecələməsin: sabah həkimə getmək üçün; pensiya problemini yoluna qoymaqdan ötrü; tələbə oğluna baş çəkmək niyyətilə...

Ailəvi dost kimi biz də o qapını günün istənilən saatında döyə bilirdik. Xəbərsiz, xəbərdarlıqsız...

Amma xəbərdarlıq etdiyimiz vaxtlar da olurdu: "Bir çay dəmləyin, gəlirik..."

Şəxsən bizim üçün tək-tək ailələrdən idi ki, bu cür ərkimiz var idi (..."var idi", - yox, elə indi də var!).

... Bütün bunlardan sonra yenə də təsəlli tapa bilirik. Çünki qapısı dost-tanışın üzünə açıq olan o mənzildə özü kimi istiqanlı iki oğlu var. Bu ailə ocağına mehriban, gülərüz gəlin rəng qatır. Ələsgərin ömrünün son ayına xoşbəxtlik gətirən nəvəsi böyüyür.

Nəhayət, o evdə illərdən bəri formalaşan ailə nizamını, dost-qohum ünsiyyətini qorumağa, yaşatmağa gücü çatacaq həyat yoldaşı - Natəvan xanım var.

Əminik ki, bu evdə, bu ailədə yenə də xoş günlər hələ çox olacaq. Yenə də sevinc kədəri üstələyəcək. Ələsgər isə cismən olmasa da, ruhən orda - ailəsinin üstündə olacaq, o xoş günləri hiss eləyəcək...

 





27.01.2021    çap et  çap et