525.Az

"Gömrük orqanları bu işin fəlsəfəsini bilmirlər" - Natiq Cəfərli


 

İQTİSADÇI EKSPERT NATİQ CƏFƏRLİ: "PROBLEMİN HƏLLİ ÜÇÜN DÖVLƏT GÖMRÜK KOMİTƏSİ İLƏ KARQO ŞİRKƏTLƏRİ BİRGƏ FƏALİYYƏT GÖSTƏRMƏYİ ÖYRƏNMƏLİDIR"

"Gömrük orqanları bu işin fəlsəfəsini bilmirlər" - <b style="color:red">Natiq Cəfərli </b>

Bu gün, demək olar, hər birimizin söhbətlərimizin əsas mövzularından biri də pandemiyanın bir çox fəaliyyət sahələrinə vurduğu ziyanla bağlıdır. Ancaq elə fəaliyyət sahələri də var ki, əksinə, COVİD-19-un insanları evə bağlaması nəticəsində onlara təlabat xeyli artıb. Belə sahələrindən biri də onlayn alış-veriş sektorudur.
 
Vətəndaşların onlayn alış-verişə üstünlük vermələri karqo şirkətlərinin də fəaliyyətini xeyli aktivləşdirib. Amma fəallığın artması bu sahədə də bir sıra problemlərin mövcudluğunu üzə çıxarıb. Müşahidələr göstərir ki, bir çox hallarda sifarişlər gəlib çıxana qədər müştəri, sözün əsl mənasında, gözləməkdən yorulub əldən düşür. Ən pisi isə bilmirsən, günah Dövlət Gömrük Komitəsindədir, yoxsa karqo şirkətlərində? Hər iki tərəf bu məsələdə özlərinin günahkar olmadığını iddia edir.

Müştəri şikayətlərini nəzərə alaraq artıq Dövlət Gömrük Komitəsi "Smart customs" adlı tətbiq yaradıb. Ancaq bu tətbiq problemi aradan qaldırmaq əvəzinə, işi daha da çətinləşdirib.

Məsələ ilə bağlı "525"ə açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli əvvəlcə Azərbaycanda infrastruktur problemlərinin olduğunu qeyd edib:

"Təəssüf ki, dünyada olan bəzi trendlər Azərbaycanda ya gec istifadə olunmağa başlayır, ya da tədbiqilə bağlı ciddi problemlər yaşanır. Pandemiya dövründə onlayn sifarişlər bütün dünyada 5 dəfə artıb.  Son bir ildə onlayn sifarişlərin artım tempi son 10 ilin birgə artımına bərabər olub. Tək elə Rusiyada 5 dəfəyə yaxın artım müşahidə edilib.  Azərbaycanda infrastruktur problemləri də var. Əfsuslar ki, bizdə tam oturuşmuş sistem yoxdur. Bu da əhalinin vərdişi ilə də bağlıdır. Bir çox ölkələr 2010-cu ildən indiyə qədər, yəni 10 il ərzində onlayn ticarətdə irəliləyiş əldə etmələrinə baxmayaraq, Azərbaycanda əhali buna təzə-təzə vərdiş edir".

Ekspert Gömrük Komitəsinin bu məqsədlə yaratdığı saytın qeyri-peşəkar olduğunu vurğulayıb:
 
"Təbii ki, bir problem də gömrük orqanları və qəbul olunmuş qərarlarla bağlıdır. Keçən il pandemiyaya görə onlayn sifarişlərin geniş yayılmasına baxmayaraq, qəribə qərar verilib. Onlayn sifarişlərin həcmi birdən-birə ay ərzində 1000 dollardan 300 dollara qədər azaldılıb. Bu, kifayət qədər neqativ və heç bir məntiqə sığmayan qərar idi. Sonradan Gömrük Komitəsi bütün malların qeydiyyatını ayrıca təşkil etmək üçün sayt yaratdığını elan etdi. Ancaq sayt çox qeyri-peşakar və infrastruktur cəhətdən zəif  olduğundan insanlar sayta giriş edəndə günü bu gün də çoxlu problemlər yaşayır. Bu problemlər də məhz Gömrük Komitəsinin özündən qaynaqlanır".

Natiq Cəfərliyə görə, gömrük orqanları bu işin fəlsəfəsini bilmirlər:

"Ümümiyyətlə, Azərbaycanda gömrük orqanları bu işin fəlsəfəsini doğru-düzgün bilmirlər. Gömrük orqanları istehsalçıya kömək etmək üçündür, insanlara əngəl yaratmaq üçün yox.  Azərbaycanda daxili istehsalı olmayan malların gömrükdən belə çətinliklə keçirilməsi və ya rüsumların çox yüksək olması heç bir məntiqlə izah edilə bilməz. Ona görə də, Azərbaycanda bu sahədə ciddi inkişafın olması, rahat alış-veriş imkanlarının genişlənməsi üçün gömrük orqanlarının fəaliyyəti təkmilləşdirilməlidir. Əlavə olaraq, neqativ və korrupsiya halları da aradan qalxmalı, infrastruktur çalışmaları güclənməlidir. Kifayət qədər ciddi problemlər var. Buna müqavimət göstərməyin mənası yoxdur, onsuz da dünya bu yolla gedir. Azərbaycan buna nə qədər müqavimət göstərsə, bir o qədər ləngiyəcək. Bu səbəbdən də, fikrimcə, yaxın gələcəkdə Azərbaycan hökuməti, o cümlədən, Gömrük Komitəsi və karqo şirkətləri vətəndaşların rahatlığı üçün birgə fəaliyyət göstərməyi nəhayət, öyrənəcəklər".

Aytac ASLAN

 





28.01.2021    çap et  çap et