525.Az

İran üçün yeni imkan yaranıb?


 

İran üçün yeni imkan yaranıb?<b style="color:red"></b>

ABŞ-da hakimiyyət dəyişikliyi İran üçün yeni imkanlar aça bilər. Məlum olduğu kimi, sabiq prezident Donald Trampın zamanında ABŞ İranla nüvə sazişindən çıxaraq Tehrana qarşı bir sıra sərt sanksiyalar tətbiq etmişdi.

Tramp İranla sazişi çürüyən və xarab sənəd adlandıraraq bu müqavilə çərçivəsində İranın nüvə silahı əldə etməsinin qarşısının alına bilməyəcəyini iddia edirdi. Ona görə də, ABŞ Avropa ölkələrinin tövsiyələrini nəzərə almadan sazişdən çıxmışdı. Tramp hesab edirdi ki, saziş imzalandıqdan sonra İran 100 milyard ABŞ dolları dəyərində gəlir əldə edib və bu pulları Yaxın Şərqdə "terror və müharibə"yə xərcləyib. Bütün bunları əsas götürən Tramp İranla ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya və Almaniya arasında imzalanmış nüvə sazişindən birtərəfli qaydada çıxmaq qərarı vermişdi.

ABŞ-ın bu addımından sonra İran da nüvə proqramını dərinləşdirməyə başlamışdı. Bu isə iki ölkə arasında münasibətlərin daha da gərginləşməsinə səbəb olmuş və hətta müharibə ehtimalını gündəmə gətirmişdi. ABŞ-ın İran ətrafına son 30 ildə ən böyük hərbi güc cəmləməsi də müharibə ehtimalını artırırdı. Ancaq Trampın prezidentliyi sona çatsa da, müharibə olmadı. Məlumatlara görə, Tramp İranın nüvə obyektlərinə zərbə endirilməsini təklif etsə də, vitse-prezident Mayk Pens, dövlət katibi Mayk Pompeo onu fikirindən daşındıra biliblər.

İndi isə Trampın məğlubiyyəti, Co Baydenin prezident seçilməsindən sonra İran oyun qaydalarının dəyişdiyinin fərqindədir. Buna görə də, İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Co Baydeni nüvə sazişinə yenidən qoşulmağa çağırıb. İranla nüvə sazişi Co Bayden vitse-prezident olduğu zaman imzalandığı üçün Ağ evin indiki sahibinin sazişin davamında maraqlı olacağını düşünmək olardı. Ancaq Co Bayden ABŞ-ın sazişə İranın götürdüyü öhdəliklərə əməl edəcəyi halda qayda biləcəyini bəyan edib. Bu isə istər-istəməz müəyyən suallar yaradır. ABŞ sazişdən birtərəfli qaydada çıxdıqdan sonra İran nüvə proqramını dərinləşdirib və Fordodakı nüvə obyektində uranı 20 faiz səviyyəsində zənginləşdirib və bununla da uranı 3.67 faizdən artıq zənginləşdirməməklə bağlı üzərinə götürdüyü öhdəlikdən imtina edib. Aydın məsələdir ki, İran bu mövqeyindən geri çəkilməsə, ABŞ-ın nüvə sazişinə qayıtması mümkün olmayacaq.

Ekspertlər hesab edirlər ki, Trampın məğlubiyyətindən və Co Baydenin prezident seçilməsindən sonra yaranmış vəziyyəti İran yanlış dəyərləndirməməlidir. Çünki İranın nüvə silahı əldə etməsi təhlükəsinə qarşı böyük bir ittifaq mövcuddur. Əgər İran nüvə proqramını dərinləşdirmədən və uranı 20 faizədək zənginləşdirmədən imtina etməsə, Tehranla münasibətlər yumşalmayacaq. Əksinə, İranın təkidi ona qarşı geniş ittifaq yarada bilər. Digər tərəfdən, İranın nüvə proqramında təkid etməsi regionun digər böyük ölkələrinin - Türkiyə, Səudiyyə Ərəbistanı və Misirin də nüvə silahına sahib olmaq istəyini legitimləşdirəcək. Bundan sonra Yaxın Şərq də Uzaq Şərq kimi biri-biri ilə rəqabət və düşmənçilik aparan ölkələr tərəfindən nüvə anbarına çevriləcək. Uzaq Şərqdə Şimali Koreyanın nüvə başlıqları, Hindistanla Pakistan arasında nüvə müharibəsi ehtimalı dünyada onsuz da böyük narahatlıqlar yaradır. Əgər İran, Səudiyyə Ərəbistanı, Misir kimi ölkələr də nüvə sazişi əldə etsə, nüvə müharibəsi ehtimalı daha da artacaq. Buna isə heç bir dövlət razı ola bilməz. Buna görə də İran imkanlarını yanlış dəyərləndirməməli, nüvə sazişi çərçivəsində üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. Əks halda ABŞ-dakı hakimiyyət dəyişikliyi İrana münasibətdə ciddi dəyişikliyə səbəb olmayacaq.

 





27.01.2021    çap et  çap et