525.Az

Əbədiyyətdəki əziz ünvanlarımız - Şəhidlər ölməz, Vətən bölünməz!


 

Əbədiyyətdəki əziz ünvanlarımız - <b style="color:red">Şəhidlər ölməz, Vətən bölünməz!</b>

Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığıyla nəticələndi.

Müharibə varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. "525-ci qəzet" olaraq bu layihəmizdə mütəmadi şəkildə hissə-hissə həmin igidlərimizi oxucularımıza tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq dastanı olan bu həyatlarla qürur duyur, onları unutmayacağımıza, unutdurmayacağımıza söz veririk! Allah hər birinə rəhmət eləsin!

P.S. Bu layihəmizə dəstək olmaq üçün ətrafınızda tanıdığınız, bildiyiniz şəhidlər varsa, həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya bilərsiniz!

Şahanə MÜŞFİQ
[email protected]

Vəlizadə Kamran Əkpər oğlu 14 sentyabr 1996-cı ildə Lənkəranın Balıqçılar qəsəbəsində doğulub. 2003-cü ildə Balıqçılar qəsəbəsi E.Məmmədov adına tam orta məktəbin 1-ci sinifinə gedib. 3-cü sinifdən 11-ci sinifə qədər Balıqçılar qəsəbəsində yerləşən "Xanım Zəhra" məscidi dini icmasında dini təhsil alıb. Təhsili müddətində məscidin təşkil etdiyi "Quran" kursunu müvəffəqiyyətlə başa vurub. Digər şagirdlərdən fərqlənən Kamrana hətta İranda və ya Bakı İslam Universitetində dini təhsilini davam etdirmək təklif edilmişdi. Ancaq Kamran 2014-cü ildə ADNSU-nun Energetika fakültəsində "İstilik energetikası mühəndisliyi" ixtisasına qəbul olub. O, Bakıda keçirilən 2015 Avropa oyunlarında və 2017 İslam Həmrəyliyi oyunlarında könüllü iştirak edib.

Ali təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Daşkəsəndə N saylı hərbi hissədə xidmət edən Kamran nümunəvi xidmətə görə fərqlənmə diplomu alıb. Hərbi xidmətdə atıcı ixtisasına yiyələnib. Xidmətdən qayıtdıqdan sonra "NBA Technologies International" şirkətinin E-Kassa şöbəsində informasiya texnologiyaları üzrə mütəxəssis kimi çalışmağa başlayıb. Öz ixtisasında işləmək istədiyi üçün müraciət etdiyi "Azərenerji" ASC-də imtahandan uğurla keçir və qısa bir zamanda "Bakı İstilik Elektrik Mərkəzi"in Qazan Turbin sexində "Boyler və deaerator qurğularının böyük maşinisti" vəzifəsində ixtisası üzrə işə düzəlir. Ölkədə elan edilmiş mövcud səfərbərliklə əlaqədar Kamran bu işdə cəmi 2 həftə işləyə bildi və sentyabrın 28-də Qarabağ döyüşlərinə yollandı.

Valideynlərinin dediyinə görə, əvvəl Beyləqan, sonra Ağcabədidə olub. Növbəti mərhələdə Cəbrayıla aparılıb. Ailəsi ilə son telefon danışığı oktyabrın 20-də olub. Bundan sonra onunla əlaqə saxlamaq mümkün olmayıb. Uzun axtarışdan sonra noyabrın 10-da Kamranın cansız bədəni tapılaraq əmisi tərəfindən ilkin baxış zamanı tanınıb.

Həmişə öz ehtiyatı ilə seçilən Kamran ölüm anında belə buna riayət etmişdi. Belə ki, o, ömrünün son anlarında ailəsinə məktub yazmışdı. Məktubun mətni aşağıdakı kimidir:

"Canım atam, anam, bacım.
2 gündür yaralıyam, kömək də gəlmir. Bu gün 23 oktyabrdır.
21 oktyabrda yaralandım. Çoxu şəhid oldu. Mən də ayağımdan yaralıyam, yeriyə bilmirəm, qalmışam burda.
Əgər şəhid olsam, haqqınızı halal edin, heç vaxt pis olmayın. Başınızı dik tutun. İnşallah cənnətdə görüşərik.
Özünüzü qoruyun.
Sizi çox istəyirəm.
23.10.2020. Vəlizadə (Şəxsi imzası)".

Məlumata görə, o, Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhidimiz 11 noyabrda Balıqçılar qəsəbəsindəki kənd qəbiristanlığında dəfn edilib.

***



Nihat Natiq oğlu Rzaxanov 2001-ci il aprelin 18-i Bakının Biləcəri qəsəbəsində doğulub. O, 9-cu sinifdən məktəbdən çıxıb, valideynlərinə kömək olmaq üçün işləməyə başlayıb.

2020-ci il oktyabrda hərbi xidməti başa vuracaqdı. Sentyabrın 25-i bacısının yoldaşı hərbi hissəyə gedib və Nihata tərxis olunarkən geymək istədiyi geyimi və anası İradə xanımın hazırladığı sovqatı çatdırıb. Lakin sentyabrın 27-si Vətən müharibəsi başlayır və manqa komandiri Nihat da hamı kimi döyüşlərə "Ya Şəhid ol, ya Qazi" arzusu ilə atılır.

Arabir imkan tapanda evə zəng vurur və hər şeyin yaxşı olduğunu deyirdi. Sonuncu dəfə noyabrın 2-si Şahanə xanıma zəng vurub və bacısı qızının doğum gününü təbrik edib. İradə xanım oğluyla son danışığını belə xatırlayır:
 
"Nihat 3 gün idi, evə zəng vurmurdu, nigaran idim. Nəhayət, noyabrın 5-i axşam saat ona qalmış zəng elədi. Soruşdum ki, hardasan, necəsən, niyə zəng vurmurdun. Dedi, ana, narahat olma, yaxşıyam, burda şəbəkə yox idi, ona görə zəng vura bilmirdim". Elə bu məqamda kimsə "Rzaxanov" -deyə onu çağırıb və Nihat bir kəlmə deyib: "Ana, mən getdim!"

Səhəri gün evə zəng gəlir və Nihatın yaralandığını söyləyirlər. Onun şəhid olduğunu anaya deməyə dilləri gəlmir. Bir az sonra Nihatın komandiri İradə xanımla danışır, ona Nihatın qəhrəmancasına şəhid olduğunu deyir.

Nihat Ağcabədidə "N" saylı hərbi hissədə xidmət edib və ailəsi nigaran olmasın deyə, müharibənin ən qızğın nöqtələrində vuruşduğunu onlardan gizlədib. Həqiqəti isə komandiri söyləyib. N.Rzaxanov müharibə başlayandan Cəbrayıl, Füzulidə, axırıncı isə Xocavənddə qızğın savaşda iştirak edib. Komandiri söhbət əsnasında Nihata bütün döyüşlərdə olduğundan, Xocavənd-Şuşa istiqamətində vuruşmalara getməməyi desə də, Nihat ilk dəfə komandirinə etiraz edərək, sona qədər döyüşmək istədiyini söyləyib. Xocavənd uğrunda şəhid olan Nihatın şəhadətindən 2 gün sonra Vətən müharibəsi başa çatıb, amma həmin gün Şuşa alınıb.

N.Rzaxanov şəhadətindən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunub.

***


Vüsal Sübbuh oğlu Babayev 8 yanvar 1992-ci ildə Bakının Pirallahı rayonunun Pirallahı adasında anadan olub. O, 1999-2010-cu illərdə Pirallahı rayon 186 nömrəli tam orta məktəbdə təhsil alıb. Vətənpərvərlik ruhu, torpaqlarımızın azadlığı arzusu onun gələcək taleyini müəyyənləşdirib və Vüsal həmin il H.Əliyev adına Azərbaycan ali hərbi məktəbinə daxil olub. 2014-cü ildə hərbi məktəbi leytenant rütbəsi ilə bitirib. Daha sonra baş leytenant rütbəsinə layiq görülüb. Həmin il Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə daxil olub. 2015-ci ildə Yerüstü artilleriya taqım komandiri kursunu bitirib.

V.Babayev 2015-ci ildə Goranboy "N" saylı hərbi hissədə, 2018-ci ildə isə Abşeronun Pirəkəşkül qəsəbəsində ağır artilleriya hissəsində komandir vəzifəsində xidmət göstərib. Xidmət müddətində əsgərlərinin, iş yoldaşlarının sevgisini, rəğbətini qazanıb. Əsgərlərə qarşı tək komandir deyil, həm də ata münasibəti göstərərək, hər zaman onların qayğısına qalıb. Bu müddətdə məsuliyyətli, peşəkar hərbçi mütəxəssis kimi Fəxri fərman və medalla təltif olunub, bir çox hərbi təlimlərdə də iştirak edib.

Vətən müharibəsi başlayan kimi cəsur zabit vəzifə borcunu yerinə yetirmək üçün ön cəbhəyə yollanır və 2020-ci il oktyabrın 21-i Füzulinin Gecəgözlü kəndində yaralı döyüş yoldaşını xilas edərkən yanına mərmi düşməsi nəticəsində qəhrəmancasına Şəhidlik zirvəsinə ucalır.

***



Şixmuradov Kamil Şixəmməd oğlu 25.12.1978-ci ildə Xaçmazın Xudat kəndində anadan olub. 1994-cü ildə Xudatda 3 nömrəli orta məktəbin 9-cu sinfini bitirərək Xaçmaz rayon peşə liseyinə daxil olub və 1997-ci ildə həmin liseyin "rəngsaz-suvaqçı" peşəsi üzrə tam kursunu bitirib. 1997-ci ilin iyul ayında SHXÇDX Xaçmaz rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 1997-1999-cu illərdə Naxçıvan MR-da N nömrəli hərbi hissədə "sürücü-elektrik", 1999-cu ilin fevral-iyul aylarında digər hərbi hissədə "atıcı" vəzifəsində müddətli həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata buraxılıb. 2004-2008-ci illərdə Azərbaycan Dövlət Dəmir Yollarının Təhlükəsizlik Xidmətinin Yalama Yüklərin və Obyektlərin Təhlükəsizliyi komandasında "atıcı" vəzifəsində çalışıb. 2014-cü ildən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətə daxil olaraq "mühəndis-istehkamçı" ixtisası üzrə "manqa komandiri" və "taqım komandirinin müavini-manqa komandiri" vəzifələrində xidmət edib. Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə komandalıq tərəfindən ona "çavuş" və "baş çavuş" hərbi rütbələri verilib.

O, həmçinin, 2016-cı ilin "Aprel döyüşləri"nin iştirakçısı olub, Lələtəpə uğrunda qəhrəmancasına döyüşüb. Bununla əlaqədar general-mayor Mais Bərxudarov tərəfindən müvafiq qaydada mükafatlandırılıb.  2018-ci ildə Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibəti ilə "Azərbaycan Ordusu 1918-2018" yubiley medalı ilə təltif edilib. General-mayor M.Bərxudarov və Milli Qəhrəman polkovnik Şükür Həmidovun rəhbərlik etdikləri hücum istiqamətində ön sıralarda hücuma keçən birlik və birləşmələrin önündəki mina sahələrindən və möhkəmləndirilmiş maneələrdən keçidlər açaraq öz vəzifə borclarını layiqincə yerinə yetirib.

O, Vətən müharibəsinin ilk günlərindən Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı uğrunda gedən döyüş əməliyyatlarında aktiv iştirak edib, noyabrın 6-da Qubadlı-Laçın istiqamətində gedən şiddətli döyüşlər zamanı düşmən arxasına sızmağa çalışan kəşfiyyat qruplarına keçid açdıqdan sonra düşmənin artilleriya atəşi nəticəsində aldığı ağır xəsarətlərdən döyüş meydanında qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Noyabrın 7-də Xaçmazın Fərzəlioba kənd qəbiristanlığında sonuncu yolculuğuna uğurlanıb. Ölümündən sonra "Azərbaycan bayrağı" ordeni ilə təltif olunub.  Ailəli idi, bir oğlu və qızı var.

***


Məmmədov Soltan Akif oğlu
21.07.1981-ci ildə Yevlaxın Səmədabad kəndində anadan olub. 1987-1997-ci illərdə Səmədəbad kənd orta məktəbində təhsil alıb. 1997-ci ildə C.Naxçivanski adına hərbi liseyə qəbul olub. 1999-cu ildə həmin liseyi bitirib və Azərbaycan Ali Hərbi məktəbinə daxil olub. 2003-cü ildə həmin məktəbin "Motoatıcı" ixtisasını bitirib. Məktəbi bitirdikdə ona "Leytenant" hərbi rütbəsi verilib və Müdafiə nazirinin əmrinə əsasən xidməti davam etdirmək üçün SQ-nın Təlim Tədris Mərkəzində dinləyici kursuna daxil olub.

2004-cü ildə N saylı Hərbi hissədə motoatıcı tağım komandiri vəzifəsinə təyin edilib. 2007-ci ildə 1-ci motoatıcı taborun qərərgah bölük komandiri, 1-ci motoatıcı taborunun 1-ci motoatıcı bölük komandiri, 2011-ci ildə həmin Hərbi hissənin 5-ci motoatıcı taboruna Tabor komandirinin maddi texniki təminat üzrə müavini, 2013-cü ilin iyun ayında Naxçıvan MR-də N saylı Hərbi hissəyə Tabor komandirinin maddi texniki təminat üzrə müavini seçilib.

2014-cü ilin yanvarında Naxçıvanda N saylı Hərbi hissənin 2-ci taboruna Qərargah rəisi təyin edilib. Oktyabr ayında isə Şahbuz rayon N saylı Hərbi hissəsinin 4-cü Şada kəndində yerləşən taboruna Qərərgah rəisi göndərilib. 2018-ci ildə Culfa şəhər N saylı Hərbi hissəsinin 1-ci motoatıcı mexanikləşdirilmiş taboruna tabor komandiri, 2019-cu ildə həmin Hərbi Hissənin Soyuqdakı 5-ci motoatıcı taboruna tabor komandiri, 2019-cu il oktyabr ayında Tərtər rayon N saylı Hərbi hissəyə tabor komandiri göndərilir.

Xidməti dövründə "Silahlı Qüvvələrin 90 illik yubiley medalı", "Silahlı Qüvvələrin 95 illik yubileyi medalı", "Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medal", "Qüsursuz xidmətə görə 3-cü dərəcəli medal", "Azərbaycan Ordusunun 100 illik yubileyi medalı", "Qüsursuz xidmətə görə 2-ci dərəcəli medal"la təltif olunub.

Polkovnik-leytenant S.Məmmədov Vətən Müharibəsində Talış kənd və Suqovuşanın azad edilməsində qəhrəmancasına mübarizə aparır. Oktyabrın 10-da Suqovuşanda Şəhidlik zirvəsinə ucalır.

Şəhidimiz ailəlidir, 3 övladı var. Kiçik qızı Məmmədova Sumayə hal-hazırda 1-ci sinifə şagirdidir. Atasının ölümündən xəbərsizdir. Atası ölməmişdən 3 gün əvvəl telefonla danışanda atasına demişdi: "ata, mən "E" hərfini öyrənməyəcəm, çünki "E" hərfi ermənilərin baş hərfidir. Sən onları öldürüb gələndən sonra mən "E" hərfini öyrənəcəm". Şəhadətindən sonra atasının cibindən çıxan kiçik vərəqdə yazılmışdı: "Görəsən "E" hərifini qızıma sevdirmək mənə nəsib olacaqmı".        
  
Son dəfə sentyabrın 26-da evdən çıxan şəhidimiz həyat yoldaşına ölməyə yox, torpağı almağa getdiyini deyib, övladlarını ona əmanət edib. Həyat yolodaşı da atası üçün narahat olan qızı Ləmanı "sən hərbiçi qızısan - hər şeyə hazır ol! Bu, bizə yaraşmaz. Onda orduda yeni xidmətə başlamış hərbiçilərin ailəsi nə etsin? - deyə sakitləşdirib. Oğlu Əli isə atasının sağlığında polis olmaq istəsə də, indi hərbçi, atasının arzuladığı kimi general olacağını deyir.

Oktyabrın 10-da S.Məmmədov şəhadətə yüksəlir. Onun cənazəsini qızı "Ata, şəhadətin mübarək!"-deyə qarşılayır.

***



Babayev Elməddin Cəfərqulu oğlu 26 oktyabr 1981-ci ildə Biləsuvarın Çaylı kəndində doğulub. 1988-1999-cu illərdə Çaylı kənd orta məktəbində oxuyub. Məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə gedib. 2001-ci ilin 3 iyununa kimi N saylı hərbi hissədə xidmət edib. 2006-cı ildə gizirlik kursuna daxil olub. 2007-ci ilin 22 dekabrında Təlim Tədris mərkəzinin gizirlik kursunu bitirib və gizir hərbi rütbəsi alıb. Müdafiə Nazirliyinin əmriylə N saylı hərbi hissəyə göndərilib. 2017-ci ildə göndərildiyi N saylı hərbi hissədə 3-cü tank bölüyünün 1-ci tank taqımının 3-cü tankının komandırı vəzifəsində xidmətini davam etdirib. Xidməti müddətində "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal ilə təltif olunub.

2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində Elməddin ilk günlər ən ağır əməliyyatlarda iştirak edib və şücaətlə vuruşub. O, sentyabrın 29-da Talış kəndə və Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhadətə ucalıb, elə həmin gün Çaylı kənd qəbiristanlığında dəfn olunub.

Ailəli olan şəhidimizin Vətənə əmanət Asif, Aysun və Nihat adlı övladları qalıb. Azərbaycan Dillər Universiteti şəhidimizin övladlarını himayəyə götürüb.

***



Tağıyev Nurağa Davud oğlu 20 aprel 2001-ci ildə Xaçmazda doğulub. Ailənin 2-ci və tək oğlan övladı idi. Özündən bir yaş böyük bacısı var. 2007-2018-ci illərdə Xaçmaz rayon İsmət Qayibov adına 3 nömrəli məktəbdə təhsil alıb. Nurağanın  idmanada marağı var idi. Bir neçə il cudoyla məşğul olmuş və yarışlarda iştirak edib, medal və diplomlar qazanmışdı. Bir neçə il futbollada məşğul olmuşdu. Uğurları, tərbiyəsi və xoş xasiyyətiylə ailəsinin fəxri, qohumların, tanışların sevimlisi olan Nurağa 22 aprel 2019-cu ildə hərbi xidmətə yollanıb, Goranboyun Aşağı Ağca kəndində xidmət edib. 2020-ci il oktyabrın 1-dətərxis olunmalı idi. Amma Vətən müharibəsi başlananda könüllü döyüşlərə qatılır, 14 gün qəhrəmancasına vuruşur. Ailəsi ilə son danışığında da"məndən narahat olmayın, hər şey yaxşıdır, siz özünüzə yaxşı baxın, qələbə bizimlədir"-deyir, atasına söz verir ki, sağ-salamat qayıdacaq. Lakin heçnə gözlənildiyi kimi olmur.
 
Nurağa  10 oktyabr 2020-ci ildə Murov dağ ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır. Şəhidimizin son sözəri "Kəlmeyi-Şəhadət" olur. O, oktyabrın 11-də Xaçmazın Qarğalıq kəndində dəfn olunub.

***



Xalid Hassan Mahmud oğlu 26 yanvar 1995-ci ildə Sumqayıtda doğulub. O, 6-7 aylıq olanda atasının işiylə əlaqədar ailəsiylə birgə Qazaxıstana köçür. Anası Maya Quliyevayla birgə 2 ildən bir Azərbaycana gəlir. Şərait elə gətirir ki, o, 1-ci sinfə Bərdədə köçkünlərin məskunlaşdığı Ərəb çadır şəhərciyində yerləşən 2 №li Ağdam rayon tam orta məktəbində gedir. Misir Ərəb Respublikasının vətəndaşı olan atası da "İslam Nicat Təşkilatının" Azərbaycana yardım gətirən üzvlərindən biri olub. Bir neçə il sonra Xalid anasıyla birgə Almataya qayıdır və 10-cu sinfəcən orda oxuyur. Anası hər zaman onunla Azərbaycan dilində danışar, ona Azərbaycan sevgisi aşılayardı. 2009-2010-cu illərdə anası və kiçik qardaşı Ömərlə birgə həmişəlik Azərbaycana qayıdır. 11-ci sinfi həmin 2 №li Ağdam rayon tam orta məktəbində bitirir. Onda məktəb Bərdədə deyil, Ağdamın Bənövşələr qəsəbəsində yerləşirdi. Ana nənəsi də burda yaşayırdı.

O, hərbi xidmətə 2014-cü ildə bu evdən gedir. Bir ildən çox Tovuzun ən yüksək mövqeylərindən biri olan Muncuqlu kəndindəki Maral postunda xidmət edib. Həmin ilin avqustun 1-də anasının MAXE olan dayısı oğlu Qaryağdı Ağdamda ermənilərin snayperdən açdığı atəşilə şəhid olur. Bunu xidmətdə olan Xaliddən gizlətsələr də, o, hardansa eşidir və Qaryağdının yeddi mərasiminə gəlir. Ona necə icazə verildiyinə təəccübənən anasına "Qaryağdının qanını aldım!"-deyir. Snayperlə bir erməni vurduğuna görə, ona 5 günlük məzuniyyət verilibmiş.

Onun ən böyük arzusu kəşfiyyatçı olmaq olub. Atası xarici ökə vətəndaşı olduğundan hrbi xidmətdə kəşfiyyata yazılması mümkün olmayıb. 2015-ci ilin oktyabrında hərbi xidmətdən qayıdıb. Anası polis olmağını istəsə də, o, istəməyib, hərbiyə qayıtmaq arzusu olduğunu deyib. Anasıyla birgə sənədlərini hazırlasa da, nənəsi razı olmayıb. 2020-ci ilin yayında Tovuzda baş verən hadisələrdən sonra könülü səfərbərliyə yazılır. Səfərbərlik zamanı onu da aparmaları üçün 2 dəfə Ağdam hərbi komissarlığına müraciət edir. Müharibə başlanan gündən anası Maya xanımla birgə könüllü şəkildə əsgərlərə ərzaq, yemək aparır. Oktyabrın 8-də özü də müharibəyə çağırılır. Anasına deyir ki, "mən gedirəm, bundan sonra əsgərlərə ərzaq daşımaq üçün qardaşım Öməri çağır, o, kömək eləsin". Təlimdə olan zaman Bərdə korpusunun kəşfiyyat rəisindən kəşfiyyata götürülməsini xahiş edir. Bu arzusuna birtəhər nail olur. Qəlbi vətən sevgisiylə döyünən, övladlarını da o cür yetişdirən anası Maya xanım bu xəbəri eşidəndə özünü artıq ən pis nəticəyə də hazırlayır. Çünki xüsusən müharibə zamanı kəşfiyyatda olmağın riskini yaxşı bilirdi. Noyabrın 4-də Xalid Şuşaya gedən yolda yolda alnına dəyən qəlpə yarasından şəhid olur. Ailəli olan şəhidimizdən vətənə əmanət bir qızı qalıb.

***



Abdullazadə Qasım Əli oğlu 27 iyul 1999-cu ildə Bakının Mərdəkan qəsəbəsində doğulub. 2005-ci ildə Mərdəkanda yerləşən H.Z.Tağıyev adına 123 №li orta məktəbə başlayır. 2013-cü ildə təhsilini İsmayıllı rayonu 1 saylı tam orta məktəbdə davam etdirib. 2016-cı ildə məktəbi bitirir. 2017-ci il iyulun 27-də həqiqi hərbi xidmətə yola düşür. 2019-cu ildə hərbi xidmətini başa vurur.

Qasım foto çəkməyi çox sevirdi. Buna görə də fotoqrafiya sahəsini öyrənir və işləməyə başlayır. 2020-ci il sentyabrın 21-də səfərbərliklə yenidən hərbi xidmətə yollanır. Sonra isə Vətən müharibəsinə qatılır. Ailəsiylə hər danışığında hər şeyin yaxşı olduğunu deyən, Qasım oktyabrın 14-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Qeyd: Bu qəhrəmanlarımızın hər biri, şəhadətə qovuşduqdan sonra, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, "Vətən uğrunda" medalı ilə təltif olunub.

 





28.01.2021    çap et  çap et