525.Az

Mart qırğınlarına "Yeni Qafqasya" dərgisinin baxışı - Araşdırma


 

Mart qırğınlarına "Yeni Qafqasya" dərgisinin baxışı - <b style="color:red">Araşdırma</b>

"Şərq məsələsi"ndə çirkin alət kimi istifadə olunan ermənilər havadarlarının hərtərəfli siyasi, ideoloji və maddi yardımı ilə mənfur və məkrli niyyətləri, sonu görünməyən ərazi iddiaları ilə tarixin ayrı-ayrı dövrlərində - xüsusi ilə 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və müstəqilliyin ilk illərində xalqımıza qarşı dəhşətli cinayətlər, qətliamlar, qırğınlar, terror aktları törətmiş, sovet rejiminin repressiya və sürgün siyasətinin həyata keçirilməsinə rəvac vermiş, on minlərlə azərbaycanlını qanına qəltan etmiş, yüz minlərlə soydaşımızı doğma ocağından didərgin salmış, şəhərləri, kənd və qəsəbələri yandırmış, viran qoymuşlar.

 1918-ci il martın 30, 31-də və  aprelin 1-də, bolşevik cildinə girmiş S.Şaumyan, G.Korqanov, T.Əmiryan, H.Amazasp, C.Lalayev və digər cinayətkar erməni-daşnak quldurlarının rəhbərliyi ilə, Bakıda, Şamaxıda, Göyçayda, Ərəş və Quba qəzalarının kəndlərində, Azərbaycanın digər bölgələrində soydaşlarımıza qarşı ağlasığmaz üsullarla kütləvi qırğınlar törədilib, minlərlə günahsız insan qətlə yetirilib. Bakıda 15 min nəfərdən, Şamaxı qəzasında 8 min nəfərdən çox əliyalın, müdafiəsiz azərbaycanlı misli görünməmiş vəhşiliklə öldürülmüş, şəhərlərin əsas mədəni, tarixi, dini binaları, maarif, təhsil müəssisələri, nəşriyyat və qəzet redaksiyaları yandırılmışdı. Quba qəzasında 122, Şamaxı qəzasında 86 müsəlman kəndi dağıdılmış, Gəncə, Qarabağ, Zəngəzur, Naxçıvan, Zəngilan və ölkəmizin digər bölgələri də eyni taleyi yaşamışdı.

Yeni qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ilin mart hadisələrinin araşdırılmasına və onun qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xüsusi diqqət yetirib. İki dəfə - 1919 və 1920-ci illərdə mart ayının 31-i ümummilli matəm günü kimi qeyd edilib. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ermənilərin  Zaqafqaziyada dinc müsəlman əhalisinə qarşı törətdikləri zorakılığın tədqiq edilməsi üçün 1918-ci il iyulun 15-də Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqında qərar verib. Bakı qırğını, demək olar ki, tam sənədləşdirilib. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu Komissiya öz fəaliyyətini dayandırır, beləliklə, erməni cinayətləri sona qədər tədqiq edilmir, ona siyasi-hüquqi qiymət verilmir.



Böyük dövlətlər bu dəfə də erməni vəhşiliyini laqeydliklə seyr etmiş, bəşəriyyət bu cinayətlərə biganə qalaraq yenə susmuşdu... Yanlız bir səs - Azərbaycanın istiqlalı uğrunda bolşevik rejiminə və kommunist ideologiyasına qarşı amansız mücadilə aparan mühacir mücahidlər susmadılar. Mart qırğınlarına dair materiallara mühacirlərin yazdığı məqalə və memuarlarda (Ceyhun Hacıbəylinin "Bir il xəyallarda... və bütöv bir ömür", Mirzə Abay Dağlının "Onlar türklərdi", Hüseyn Baykaranın "Azerbaycan istiklal mücadelesi tarixi", Məhəmməd Altunbayın "Hürriyyətə uçan türk" və s.), dövri nəşrlərdə ("Yeni Qafqasya", "Odlu yurd", "Azəri türk", "Azərbaycan yurd bilgisi", "Mücahid", "Türk izi" - (İstanbul), "İstiqlal", "Qurtuluş" (Berlin), "Azərbaycan" (Ankara) və s. kimi), mətbu orqanlarda təsadüf edilir.

Sovet hakimiyyəti illərində mart soyqırımının əsl mahiyyətinin ciddi cəhdlə xalqdan gizlədildiyini, tarixi hadisələrin saxtalaşdırıldığını, mənbələrin məhv edildiyini nəzərə alsaq, mühacirlərə məxsus materialların bu gün nə qədər böyük əhəmiyyət kəsb etdiyi aydın olar. Bu baxımdan mühacirət və ümumən Azərbaycan mətbuat tarixinin ən şərəfli, döyüşkən nümunələrindən olan "Yeni Qafqasya" dərgisində dərc olunan yazılar xüsusi ilə diqqəti çəkir.

Dövrün mühüm hadisələrini, o cümlədən, Mart qırğınlarını, erməni cinayətlərini öyrənmək, nəticə çıxarmaq nöqteyi-nəzərindən əvəzsiz mənbə olan  "Yeni Qafqasya" dərgisi 1923-cü il sentyabrın 26-da M.Ə.Rəsulzadənin rəhbərliyi ilə İstanbulda nəşrə başlamış, 5-il sonra -1927-ci il oktyabrın 15-də sonuncu - 95-ci nömrəsi buraxılmışdı. "Ədəbi, ictimai, siyasi məcmuə" kimi on beş gündə bir dəfə ərəb əlifbası ilə çıxan "Yeni Qafqasya"nın ilk nömrəsində M.Ə.Rəsulzadənin "Atəş çalan Prometey (Proqram məqaləsi əvəzinə)" yazısı dərc olunmuşdu. Proqram məqalədə və dərginin 4 oktyabr 1924-cü il tarixli 1-ci nömrəsində "İkinci ilə girərkən" sərlövhəli baş məqalədə Məhəmməd Əmin Rəsulzadə "Yeni Qafqasya" qarşısında duran məram və vəzifələrdən geniş bəhs edir, dərginin 3 oktyabr 1925-ci il tarixli 1-ci nömrəsində isə müəllif "Yeni Qafqasya"nın proqramını maddələr şəklində belə ümumiləşdirir:



"1. "Yeni Qafqasya" milliyyətçi, radikal və demokratdır.

2. "Yeni Qafqasya" Türkçüdür. Türklərin mədəni tərəflərini, mədəni əlaqələrini, mənəvi vəhdət və istiqlallarını hədəf seçir.

3. "Yeni Qafqasya" Türk davasının Azəri cəbhəsini müdafiəyə mükəlləf Azərbaycan istiqlalçılarının ümumi fikridir.

4. "Yeni Qafqasya" Qafqaz millətlərinin Rusiya əsarətindən xilas olmasını və baş verə biləcək Rusiya istilasına qarşı müvəffəqiyyətlə durmasını təmin üçün Qafqazın konfederasiya şəklində birləşməsi tərəfdarıdır.

5. "Yeni Qafqasya" yalnız Azərbaycançılıq, Türkçülük və Qafqazyaçılıqla qalmaz; o, Şərqdəki milli istiqlal hərəkatını da, məqbul hesab etdiyi ictimai fikri mənimsəmiş, Şərqin radikal bir surətdə müasirləşməsini bütün səmimiyyəti ilə gələcək fəaliyyəti üçün seçmişdir;

6. "Yeni Qafqasya" xüsusilə Rusiya imperializminə qarşı mücadilə edir, o, çarizmi olduğu qədər bolşevizmi də Türk dünyası üçün zərərli və Qafqaza düşmən görür".

Yeri gəlmişkən, dərginin bütün dəsti kitab şəkilində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə nəşr olunmuşdur ("Yeni Qafqasya". 4 kitab. 1923-1927-ci illər. Nəşrə hazırlayanlar: Yavuz Akpinar, Səlcuk Türkyılmaz, Yılmaz Özkaya. TEAS Press Nəşriyyat evi., İstanbul, 2018). "Yeni Qafqasya"nın mətbuat tariximizdəki yeri və rolunu, onun bolşevik rejiminə, kommunist ideologiyasına qarşı amansız və ciddi mübarizəsini Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məhəmmədzadə, digər mücahidlər çox yüksək dəyərləndirmişlər.

Dərginin (M.Qərib. "Türklüyünn böyük günlərindən (15 Sentyabr münasibəti ilə)" (№1, 1923); Azəri. "31 Mart 1918" (№13, 1924); Azəri. "Erməni məsələsi" (№16, 1924); Miralay İsrafil bəy İsrafilov. "Azərbaycan Ordusu haqqında"; "Azərbaycan İstiqlal Cəmiyyəti"i Mərkəzi Heyətindən. "Bir intibahnamə" (№17, 1924); Azəri. "Mart faciəsi" (№13, 1925); "15 Sentyabr" (№24, 1925); M.Ə.Rəsulzadə. "Üçüncü il başında" (№1, 1925); Mirzə Bala Məhəmmədzadə. "Azərbaycan misaqi-millisi" (№17, 15 , №18, №19, №20, №21, 1926; №1, 1927); "15 Sentyabr münasibəti ilə" (№24, 1927-ci il) və digər yazılar 1918-ci ilin mart-aprel aylarında ermənilərin törətdikləri qanlı aksiyalar, dəhşətli cinayətlər, onların miqyası və amansızlığı, faciə qurbanlarının sayı haqqında daha geniş, dolğun məlumat əldə etmək üçün etibarlı məxəzlərdir. Mühacir müəlliflər xarici ölkələrdə, eləcə də Türkiyədə Sovet kəşfiyyatçıları, xəfiyyələri tətəfindən təqib olunduğu, qətlə yetirildiyi üçün bədii əsərlərini, publisistik məqalələrini, o cümlədən, Mart qırğınları haqqındakı yazılarını da gizli imzalarla qələmə almaq məcburiyyətidə idilər. Türkiyə və Azərbaycanlı tədqiqatçılar "Yeni Qafqasya" dərgisində "Azəri" imzasının haqlı olaraq, Məhəmməd Əmin Rəsulzadəyə aid olduğu qənaətindədirlər. Fikrimizcə, "M.Qərib" imzası da Məhəmməd Əmin Rəsulzadəyə mənsubdur və bu qənaətimiz üçün ciddi əsaslar var:



- İlk illərdə, Mirzə Bala (M.Ə.Rəsulzadədən sonra dərginin əsas yazarı) İrandan redaksiyaya ara-sıra məqalələr göndərsə də, onun Türkiyəyə gəldiyi vaxta kimi dərginin əksər materiallarını Məhəmməd Əmin Rəsulzadə yazır və çapa hazırlayırdı;

- Dərgidə Mart qırğınları mövzusuna əsasən Məhəmməd Əmin Rəsulzadə müraciət etmişdir;

- "M.Qərib" imzası ilə "Yeni Qafqasya"nın yalnız ilk nömrələrində və cəmi 4 yazı dərc edilmişdir. Həmin yazılara məxsus dil, üslub, sənətkarlıq məsələləri, toxunulan problemlər, mövzular Məhəmməd Əmin Rəsulzadə yaradıcılığına xasdır və bütün bunlar həmin imza ilə dərc olunan yazıların da Məhəmməd Əmin Rəsulzadəyə mənsub olduğuna dəlalət edir.

 "Türklüyünn böyük günlərindən (15 Sentyabr münasibəti ilə)" adlı məqalədə müəllif göstərir ki, car Rusiyası dağıldıqdan sonra əsarətdəki millətlər, o cümlədən, azərbaycanlılar da öz hürriyyət və istiqlalı uğrunda mübarizəyə qalxdı. Amma bu yolda soydaşlarımız faciəli qətliama məruz qaldılar: "1918-ci ilin 31 martı Bakı müsəlmanlarına yeni bir Aşura və öz vətənləri bir Kərbəla olmuşdu. Daşnaksütyun partiyası bolşeviklərlə ittifaqa girib şəhərin Türk məhəllələrini üç gün, üç gecə qətliama məruz qoyaraq, on mindən çox əliyalın əhalini gülləbarandan keçirmişdir. Azərbaycan milli hərəkatının mərkəzi cəzalandırıldıqdan sonra qətliam Şamaxı, Quba, Lənkəran, Salyan və digər bölgələrdə davam etdirildi". "Azəri" imzası ilə M.Ə.Rəsulzadənin "31 Mart 1918" adı altında 1924-cü ildə dərc etdirdiyi məqaləsi 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlar haqqında daha geniş, daha müfəssəl məlumat almaq, xalqımızın tarixinə və taleyinə qanlı hərflərlə yazılmış hadisənin mahiyyətini, törədilməsi səbəblərini, cinayətin miqyasını öyrənmək baxımından mühüm əhəmiyyət kəsb edir. Müəllif 31 Martı Azərbaycan Cümhuriyyətinin təşəkkülü tarixinə yazılacaq "ən həzin və qanlı tarixlərdən biri" adlandırır və yazır ki, həmin günlər şəhərin müsəlman məhəllələri ermənilər tərəfindən "atəşdən keçirilmiş, müsəlman bazarı talan edilmiş, Təzəpir məscidinin minarələri mərmilərlə dəlik-deşik edilmiş, döşləri kəsilmiş qadınların çılpaq bədənləri, südəmər körpələrin cansız bədənləri küçələrə atılmışdır". Böyük publisistin 1925-ci ildə dərc etdirdiyi eyni adlı məqaləsi də Mart faciəsi ərəfəsində Sovet Rusiyasının Qafqazda yürütdüyü çirkin siyasət, V.İ.Leninin tapşırıqlarına uyğun olaraq, S.Şaumyanın Bakı ilə bağlı məkrli planlarının həyata keçirilməsi, o cümlədən, cəbhədən qayıdan çoxsaylı əli silahlı rus və erməni əsgərlərinin şəhərdə yerləşdirilməsi və saxlanılması istiqamətindəki fəaliyyəti, Mart qırğınının coğrafiyası, amansızlığı və nəticələri barədə tam və acı təəssürat yaradır. S.Şaumyan bolşevik Partiyasının Qafqaz Komitəsi ilə üzdəniraq Daşnaksütyun Partiyası arasında siyasi və əsgəri ittifaq bağlanılmasına nail olduqdan sonra azərbaycanlıları cismən və mənən məhv etmək üçün bəhanə axtarır və pusquda duran yırtıcı kimi məqam gözləyir. Lənkəranda təşkil edilməkdə olan Türk milli alayının bir qrup üzvü ilə mübahisəsindən sui-istifadə edən erməni-daşnaq quldurları S.Şaumyanın rəhbərliyi və göstərişi ilə Bakının müsəlman əhalisini topa tutmağa başlayır. M.Ə.Rəsulzadə Kulka adlı bir əcnəbi xristianın Mart hadisələri zamanı müşahidələri əsasında hazırladığı sənəddən bəzi sitatları oxucuların diqqətinə olduğu kimi çatdırır. Onun yazdıqlarını oxuduqca ermənilərin insanlığa qarşı, bəlkə də bəşər tarixində görünməmiş dəhşətli cinayətlərin mənzərəsi göz önündə canlanır. Kulka yazır ki, ermənilər müsəlman məhəllərinə girir, dinc əhalini, hətta 3-4 günlük südəmər yavruları süngüdən keçirir, qılıncla param-parça edir, qulağını, burnunu, cinsiyyət orqanlarını kəsir, evləri yandırır, körpələri diri-diri odun-alovun içinə atır, öldürülmüş qadınları saçlarından tutaraq çılpaq halda küçələrdə sürükləyir, bəzilərini diri-diri divara mıxlayırlar. Kulkanın bu faciəni qələmə almaqla kifayətlənmədiyini, eyni zamanda, bu dəhşətli səhnələrin fotosunu da çəkdiyini qeyd edən M.Ə.Rəsulzadə yazır: "...erməni xalqının Azərbaycan Türklərinə qarşı necə müdhiş bir kin və ədavət bəslədiyini göstərmək üçün bu qədərini söyləmək də kafidir". Müəllif ermənilər tərəfindən eyni vəhşiliyin Azərbaycanın digər bölgələrində də - Qubada, Lənkəranda, Şamaxıda... da törətdiyini ürək ağrısı ilə qələmə alır. Bütün bunlardan sonra isə "S.Şaumyanın qəzeti "Bakinskiy raboçi"nin milliyyətçi azərbaycanlılara "Muxtariyyət deyil, xarabazar taparsınız" - yazdığını qeyd edir.



M.Ə.Rəsulzadənin "Azəri" imzası ilə dərc etdirdiyi digər yazısı -"Erməni məsələsi" məqaləsi həm problemə yanaşma tərzi, həm bu çirkin siyasətin yaranması, tarixi kökləri və Mart qırğınlarına aparan proses barədə maraqlı mülahizələri, dərin və obyektiv təhlili, dəyərləndirilməsi ilə diqqəti çəkir.  M.Ə.Rəsulzadə mətbuat səhifələrini zəbt edən "erməni məsələsi"nin tarixinin və mahiyyətinin hər kəsə məlum olmadığını, Türk dünyasına zərər vurduğu kimi, ermənilər üçün də fəlakətə vəsilə olduğunu kimi qeyd edir. Bolşeviklər milli məsələdə çarizmin "parçala, hökm sür" prinsipindən imtina etdiklərini iddia etsələr də, əslində, dəyişən rəng olmuşdur, bu sahədə yenə köhnə Rusiyanın üsulundan istifadə olunur. Lozanna konfransında "erməni yurdu" haqqında təşəbbüs boşa çıxdıqdan sonra Çiçerin erməni nümayəndələrinə Rusiyada "yurd" təklif etmişdi. Birinci Dünya müharibəsində olduğu kimi, yenə Türkiyə əleyhinə qiyama qaldırılan, xəyanət yolunu tutan ermənilər nəticədə yersiz-yurdsuz qalmış və erməni mühacirlər Don çayı boyunda- Rostov şəhəri yaxınlığnda salınan Naxçıvan adlı şəhərdə məskunlaşmışlar. M.Ə.Rəsulzadə yazır: "Vaxtı ilə çarizmin yerləşdirdiyi erməni mühacirləri indi də bolşevizm tərəfindən himayə olunur. Çarizm yalnız Don vilayətində erməni qəsəbəsi vücuda gətirməklə qalmamış, Cənubi Qafqazda da erməniliyi hər vasitə ilə dəstəkləyərək gücləndirmiş, mühacir erməniləri burada məskunlaşdırmışdır. Çarizmin Qafqazda istinad etdiyi millət ermənilər idi və onların vasitəsi ilə çar müstəmləkə siyasətini həyata keçirir, Tiflis və Bakını erməniləşdirirdi". İndi də Çekanın, Moskvanın kommunist müəssisələrinin ən sadiq agentlərinin ermənilərdən ibarət olduğunu yazan müəllif erməni partiyalarının, ictimai təşkilatlarının tamamilə Rusiya ağuşuna atıldıqlarını vurğulayır. Amerikada, Bolqarıstanda məskunlaşan ermənilər Rusiyaya sığınmağı yeganə çıxış yolu hesab edirlər. Ermənistanın müstəqilliyini önə çəkənlərə, sovet rejimini tənqid edənlərə rusiyapərəstlərin cavabı da maraqlıdır: "Bolşevizm müvəqqəti ola bilər, fəqət Rusiya daimidir". Rəhbərləri tərəfindən daim qonşuları ilə vuruşdurulan erməniləri M.Ə. Rəsulzadə "talesiz millət" adlandırır.

Oktyabr inqilabından sonra Stepan Şaumyanın Bakı sovetinin sədri təyin olunmasını təsadüf hesab etməyən M.Ə.Rəsulzadə V.İ.Leninin "Türkiyə Ermənistanı" haqqında dekretini (bu dekret 1917-ci il dekabrın 29-da verilmiş, 1918-ci il yanvarın 15-28-də III Ümumrusiya Sovetlər qurultayında təsdiqlənmişdir) məqaləyə əlavə edir və həmin dekretin bədnam müddəalarının Türkiyədə həyata keçirilməsinə nail ola bilməyən bolşeviklər bu planı S.Şaumyanın, "Daşnaksütyun" partiyası və Erməni Milli Şurasının vasitəsi ilə Azərbaycanda həyata keçirməyə başlayır. Beləliklə, Mart qırğınlarının törədilməsi, azərbaycanlıların qətliamı üçün zəmin hazırlanır. M.Ə.Rəsulzadə məqaləni bu qənaətlə bitirir: "Sovetlərin erməni məsələsindəki istiqaməti də Rusiyanın əskidən bəri yürütdüyü məlum siyasətin davamıdır".

"Azərbaycan İstiqlal Cəmiyyəti"nin soydaşlarımıza 28 May münasibəti ilə ünvanladığı intibahnamədə Mart qırğınları, erməni vəhşiliyi ilə bağlı məqamlara da toxunulur: "1918-ci ilin Mart faciəsindən sonra Bakıda bolşeviklər, silah yoldaşları olan daşnaklarla bərabər ağalıq edirdi. Minlərcə müsəlman qanı içmiş ermənilər qələbədən sərməst idilər. Düşmənlər Türklük, muxtariyyət və hürriyyət ocağı olan "İslamiyyə" binasını Azərbaycan türklərinin başına yıxdıqdan sonra öz təbirlərincə, "Türkiyənin məşhur Bakı cəbhəsini yarmış" oldular. Bakıda dəhşətli yanğın törətdikdən sonra bolşevik-erməni qara-qırmızı güruhu Şamaxı, Kürdəmir, Quba, Lənkəran və Salyan qəzalarına axışdılar. Bu qəzalarda da müsəlman əhalini rəhmsizcə qırdılar, kəndlərini torpaqla yeksan etdilər". Bu tarixi sənəd bir daha təsdiq edir ki, məkrli, murdar ermənilər hər cür fürsətdən, siyasi, tarixi təbəddülatlardan - bu dəfə isə Birinci Dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişindən alçaqcasına, istifadə edərək bolşevik bayrağı adı altında azərbaycanlılara qarşı ən qəddar soyqırım aktı törətmişlər.

"Yeni Qafqasya"nın ən istedadlı və fəal əməkdaşlarından Mirzə Bala Məhəmmədzadə irihəcmli "Azərbaycan misaqi millisi" adlı məşhur məqaləsində 28 May İstiqlal Bəyannaməsini, Milli Andı maddələrlə izah və təhlil edir, Bəyannamədən sonra Azərbaycanda baş verən hadisələri işıqlandırır, dəyərləndirir. Əlbəttə, həmin dövrdən bəhs edən Mirzə Bala "Azərbaycan istiqlal məfkurəçiliyinin fikirdən felə, nəzəriyyədən əməliyyata keçməsinə mane olmaq üçün tətib edilmiş faciə" - Mart qırğınları barədə susa bilməzdi: "O zaman məfkurəni irəli apara biləcək bir məfkurə ordusu yenicə təşəkkül edirdi. Gəncədə, Şirvanda, Qarabağda, Salyan və Lənkəranda Tatar alayı nəfərlərinin himməti ilə milli ordu hazırlığı davam etdiyi zaman idi ki, bolşevik və daşnak gücləri ...meydana çıxaraq Azəri məfkurəçilərinin istinad edəcəkləri maddi gücü beşikdə boğmaq istədilər".

"Yeni Qafqasya"nın Mart qırğınları ilə bağlı yuxarıda bəhs etdiyimiz yazıları və bu mövzudakı digər məqalələri yekunlaşdıraraq bu qənaətə gəlirik:

- Bolşevik rejimi və kommunist ideologiyasının göstərişi ilə ölkə daxilində Mart qırğınlarının əsl mahiyyəti saxtalaşdırılsa da, mühacirətdə məskunlaşan istiqlalçılar bütün çətinliklərə baxmayaraq, Azərbaycan xalqının cismən yox edilməsinə hesablanmış bu bəşəri cinayəti, erməni vəhşiliyini ifşa etmiş, əsl həqiqəti deməkdən çəkinməmiş, gizli yollarla SSRİ də daxil olmaqla bir sıra ölkələrdə yayılan dərgidə işıqlandırmışlar;

- Mart qırğınları Rusiyanın "parçala, hökmranlıq et" siyasətinə uyğun olaraq, Cənubi Qafqazda məskunlaşdırılmış ermənilərə Azərbaycan torpaqları hesabına dövlət yaratmaq, eyni zamanda, Azərbaycan istiqlal hərəkatına öldürücü zərbə vurmaq məqsədi ilə həyata keçirilən növbəti cinayət aktı idi və məqalə müəllifləri yazılarında konkret tarixi fakt və hadisələrə istinad edərək erməni-bolşevik ittifaqının çirkin niyyətlərini kifayət qədər ətraflı əsaslandırmışlar;

- Bolşevik-daşnak birləşmələri Mart qırğınları zamanı "Kaspi" mətbəəsini, "Açıq söz" qəzetinin redaksiyasını, "İsmailiyyə" binasını yandırmış, "Təzə pir" məscidinin minarələrini top atəşləri ilə dağıtmış, onlarca digər milli, dini, tarixi abidələri, maarif, mədəniyyət, təhsil müəssisələrini məhv etmiş, soyqırım nəticəsində Bakıda 15 mindən, bölgələrdə 38 mindən artıq azərbaycanlı ağlasığmaz vəhşiliklərlə qətlə yetirilmişdir;

- Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin müvafiq qərarı ilə yaradılmış Fövqəladə İstintaq Komissiyası Azərbaycan ərazisinin müxtəlif bölgələrini dağıdan, viran qoyan, dinc müsəlman əhalisinin həyatına və əmlakına qarşı vəhşilik edən quldur dəstələrinin törətdiyi cinayətləri, vurulmuş zərərin qədərini müəyyənləşdirmək üçün ciddi və sanballı fəaliyyət göstərmiş, erməni cinayətləri ilə bağlı cildlərlə sənəd toplanılmışdır. Sovet hökumətinin qərarı ilə komissiyanın topladığı çoxcildlik materiallar nəinki xalqa çatdırılmamış, on illərlə arxiv dustağına çevrilmişdir. "Yeni Qafqasya" dərgisinin Mart qırğınları ilə bağlı materialları xalqımızın istiqlalına və istiqbalına susamış ermənilərin tarixi cinayətlərini, vəhşiliklərini öyrənmək baxımından etibarlı, mötəbər mənbələr, məxəzlərdir;

- Mühacir müəlliflərin bu problemlə bağlı məqalələri istər 1918-ci ilə qədər (1905 fevral, avqust) istərsə də ondan sonrakı dövrlərdə (1948-1953; 1988-2020) ermənilərin azərbaycanlılara qarşı törətdiyi saysız-hesabsız qətliamların, qırğınların, terror aktlarının, eləcə də onların vasitəsi ilə həyata keçirilən repressiya, sürgün və köçürülmələrin məqsədli şəkildə dövlət siyasəti səviyyəsində reallaşdığına dəlalət edir;

- Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması baxımından "Yeni Qafqasya"da dərc olunan materiallar müstəsna əhəmiyyət kəsb edir və bu gün də aktualdır.

 





28.01.2021    çap et  çap et