525.Az

Ani Ödənişlər Sistemində "QR kod"la ödəmə funksionallığı istifadəyə verilib


 

Ani Ödənişlər Sistemində "QR kod"la ödəmə funksionallığı istifadəyə verilib <b style="color:red"></b>

Prezident İlham Əliyevin 26 sentyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı" çərçivəsində Azərbaycan Mərkəzi Bankının (AMB) yaratdığı Ani Ödənişlər Sistemi (AÖS) ötən il oktyabrın 1-dən real rejimdə istismara verilib.

Bu barədə AMB-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, AÖS-ün yaradılmasında əsas məqsəd fiziki şəxslər, biznes strukturları arasında qarşılıqlı hesablaşmaların, həmçinin, dövlət orqanlarının xeyrinə aparılan ödəniş əməliyyatlarının bank hesabları üzərindən 24/7 rejimində mobil telefon nömrəsi, FİN kod, e-poçt ünvanı kimi sadələşdirilmiş identifikatorlar vasitəsilə innovativ ödəniş həllərindən istifadə edilməklə aparılmasıdır.

Layihənin cari mərhələsində sistemin "AniPay" mobil tətbiqi istismara verilib. Tətbiq vasitəsilə fiziki şəxslər öz bank hesablarından köçürmələri, "Hökumət Ödəniş Portalı"na inteqrasiya olunmuş dövlət orqanları, kommunal təşkilatlar, rabitə operatorları və digər kütləvi xidmət müəssisələri üzrə ödənişləri, həmçinin fiziki şəxslər arasında vəsaitin sorğulanması və aparılmış köçürmənin geri qaytarılması əməliyyatlarını həyata keçirə bilərlər.

Qeyd olunanlarla yanaşı, sistemin yeni istifadəyə verilmiş mobil tətbiqi vasitəsilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi qeydiyyata aldığı e-kassa operatorlarından pilot olaraq seçilmiş "NBA Technologies International" şirkətinin və "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin iştirakı ilə Bakı şəhəri və Abşeron rayonu üzrə "Neptun" supermarket şəbəkələrində malların dəyərini "QR kod" vasitəsilə rahat və təhlükəsiz formada ödəmək imkanı yaradılıb.

AÖS platformasına 18 bank, aliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC inteqrasiya olunub. AMB AÖS-ün əhatə dairəsinin genişləndirilməsi və "QR kod" ödəniş həlli vasitəsilə nağdsız ödənişlərin artırılması istiqamətində tədbirləri davam etdirəcək.

 





28.01.2021    çap et  çap et