525.Az

Vətən müharibəsində Gəncənin ilk şəhidi


 

BÜRCƏLİYEVLƏR BÜRCÜNÜN TEZ PARLAYIB, TEZ SÖNƏN ULDUZU

Vətən müharibəsində Gəncənin ilk şəhidi <b style="color:red"></b>

Hansısa bir işin "ilk qaranquşları" yaddaşlara əbədi hopur. Bu anlayış müstəqillik və torpaq bütövlüyümüz uğrunda mübarizə tariximizə də aiddir. Misal üçün, 1990-cı ilin qan qoxusu ilə gələn yanvarında, hələ Bakı qətliamına bir neçə gün qalmış, ayın 13-də Gəncəətrafı bölgədə erməni quldurları ilə Çaykənd və Todan yaxınlığında gedən döyüşlərdə canlarını fəda etmiş Abbasqulu Məmmədov, Ruzigar Qasımov və Bəxtiyar Əliyev on illər ərzində davam edəcək döyüş şəhidliyi salnaməmizin "ilk qaranquşları" olmuşdular.

Azərbaycan Əsgərinin şərəflə, ölümdən belə çəkinməyərək, haqq uğrunda apardığı Vətən müharibəsi salnaməsinin də bu Vətənin hər bir guşəsi üçün öz ilk şəhidləri var. Böyük Yaradanın hökmü ilə Nizami yurdunda bu şərəfə 19 yaşlı İlqar layiq bilinib.

O, Gəncənin incəsənətlə sıx bağlı olan bir soyadı daşıyan nəslinin övladı idi. Azərbaycanın görkəmli teatr və kino xadimləri, Xalq artistləri Məmməd Bürcəliyevin və Sədayə Mustafayevanın nəticəsi olan İlqar lap erkən yaşlarından öz istedadı ilə seçilib. Rəsmlər çəkər, mahnılar, ədəbi əsərlərdən parçalar, səhnələr ifa edərdi. Xüsusilə Vətən, Bayraq, qəhrəmanlıq mövzuları bu bacarıqlarının başlıca mövzusu idi. Azərbaycan gəncinin müasirlik və ənənəçilik, gözəllik və mərdlik xüsusiyyətlərini öz zahiri və daxili obrazı ilə izhar etmək mahirliyinə malik olduğundan, İlqar hətta müxtəlif çəkilişlərdə model kimi də iştirak edib.

İdman aləminə də, necə deyərlər, əməli maraq göstərib. 13 yaşında yeniyetmələrin "Vətən", 16 yaşında "Kəpəz" futbol klublarında oynayıb, bacarıqlı hücumçu kimi, 17 yaşadək futbolçulardan ibarət milli komandamızın sıralarına dəvət olunub və onun heyətində Gəncə futbol məktəbini uğurla təmsil edib. Bir qədər sonra bacarıqlı gənc futbolçunu "Zirə" Futbol Klubu "gözaltı edib" və onu öz sıralarına qatıb. Burada da özünü "necə lazımdır" göstərən İlqar Vətənə hərbi xidmət borcunu verdikdən sonra usta futbolçu karyerası qurmağı düşünürmüş.

2019-cu ilin yayında İlqar Vüqar oğlu Bürcəliyev ordu sıralarına yollanır. Burada da yaxşı fiziki hazırlıqlı, ən əsası da yüksək mənəvi xüsusiyyətli vətənsevər İlqar xidmət yoldaşlarının sevimlisi olur.

Erməni işğalçıların davamlı təxribatlarına birdəfəlik son qoymaq və 3 onillik ərzində düşmən tapdağı altında qalmış əzəli yurd torpaqlarımızın azad edilməsi məqsədilə xalqımız öz müasir tarixində görünməmiş birlik göstərərək və haqsızlığa daha dözməyəcəyini bütün dünyaya bəyan edərək, 2020-ci ilin sentyabrında Vətən müharibəsinə girməyə qərar verdi. Hərbin ilk anlarındanca hər bir Azərbaycan əsgəri millətimizin haqq işi uğrunda canından keçməyə hazır olduğunu nümayiş etdirdi. Döyüşlərin başlandığı istiqamətdə qulluq edən manqa komandiri İlqar Bürcəliyev də ilk döyüşlərin ilk şəhidlərindən oldu.

"Sentyabrın 27-də mənə telefonla mesaj yazmışdı: "Ata, biz döyüşə gedirik, anama heç nə demə, haqqınızı halal edin!" 12-14 saaat vuruşublar. Həmin döyüşdə İlqar  iki yaralı döyüş yoldaşını atəş altından çıxarıb, üçüncü dəfədə isə özü də ağır yaralanıb. Əvəz adlı döyüş dostu sonradan mənə dedi ki, İlqar yarım saat sağ qaldıqdan sonra, onun qolları üstündə keçinib. Onu geriyə, tibbi yardım üçün aparmağa da qoymayıb. Deyib ki, hücumumuzu bitirək, hamı ilə öz mövqeyimizə gedərik, sonra. Həlak olandan sonra onun əşyaları arasından xidmət dövründə yazdığı gündəliyi çıxdı. Səhifələrin birində yazıb ki, əgər tərxis müddətimdən qabaq müharibə başlasa, dəqiq bilirəm ki, mən şəhid olacam - bir Mübariz İbrahimov olacam. Mən doğrudan da, şəhidlərin ruhlarının bizlərin yanında olduğuna inanıram. Pəncərəmizdən müqəddəs bayrağımızı asmışam. Duyuram ki, İlqarın ruhu o bayraq vasitəsilə bizimlə danışır. Pəncərəyə yaxınlaşıb, İlqarla xəyalən danışanda bayraq çox xoş bir tərzdə dalğalanmağa, insanın üzünə toxunmağa başlayır", - deyə şəhidin atası Vüqar Bürcəliyev bildirir.

44 günlük Vətən müharibəsində  canlarını fəda etmiş şəhidlərimizin qəhrəmanlığı ilə bərabər, onların yaxınlarının dəyanəti də millətimizin mənəvi gücünün göstəricisidir.

"Onun şəhid olacağı aydın idi. Axı hansısa döyüş yoldaşını yaralı halda köməksiz qoya bilməzdi. O, şəhid olduğu an mən durduğum yerdə huşumu itirib yıxıldım. Sonra bəlli oldu ki, elə həmin an onun ürəyi dayanıb. İlqarın həlak olması xəbərini onun cənazəsi evimizə gətirilən zamana kimi məndən gizli saxlayırdılar. İlqar həmişə mənə yazardı ki, nigaran qalmayım. Anasını müharibə günlərində çox nigaran da qoymadı - tez şəhid oldu. O, hamının - alilənin, qohumların, dostların, qonşuların sevimlisi, ünsiyyətcil, bütün məclislərin ürəyi idi. Şənliklərdə elə cani-dildən, zövqlə oynayardı ki, gəl görəsən. İndi onu tanıyanlar deyirlər ki, toylarımız İlqarsız necə keçəcək?" - deyə İlqarın anası Elnurə Bürcəliyeva bildirir.

Ana həmçinin, İlqarın mərdliyini və daxili zənginliyini xarakterizə edən bir əhvalatı da danışır: "Bir neçə il qabaq, yayda dənizə dincəlməyə getmişdik. Yaxınlıqda nənəsi ilə gəlmiş bir kiçik uşaq suya girmişdi. Birdən dalğa onu aparıb sahildən xeyli uzaqlaşdırdı. Uşaq batmağa başladı. İlqar heç düşünmədən, həmin an özünü dənizə atdı. Biz ardınca qışqırdıq ki, qayıtsın, təhlükəlidir. Kimə deyirsən, kişi kimi, uşağı xilas etdi də! Sonra həmin uşağın valideyinləri bizi tapıb, minnətdarlıqlarını bildirdilər. İlqar da bu hərəkətin hər bir insanın borcu olduğunu bildirmişdi. Belə təvazökar, həssas ürəkli övlad idi İlqar. Onu torpağa tapşırdığımız gündən çox ağlayırdım, hər gecə  onun ruhuna yalvarırdım ki, yuxuma girsin, onunla danışmağa ehtiyacım var. Amma bircə dəfə də yuxuma gəlmədi. Sonra kiçik qardaşının yuxusuna girib: evimizdəki kreslosunda oturmuş halda, özü də çox sərt deyib ki, mamaya de, ağlamasın, mənim olduğum yer çox gözəldir!"

İlqarın qardaşı, 17 yaşlı Tamerlan da futbol ilə ciddi məşğul olur, "Zirə"nin gənclər komandasında oynayır. Artıq o, meydana kürəyinə "Tamerlan İlqar" yazılmış idman forması ilə çıxır. Onun da şəhid qardaşı ilə bağlı kövrək xatirələri var.

"İlqarın cibindən üstündə kiçik qırmızı ləkə olan bir manatlıq əskinas da çıxmışdı. Əvvəl elə bildim, onun qanıdır, sevindim ki, onun bu izi daim mənimlə qalacaq. Amma diqqətlə baxanda, aydın oldu ki, sadəcə ləkədir. Nə fərqi var, ondan yadigardır, daim üstümdə gəzdirirəm", - deyə Tamerlan bildirir.    

"O, yalnız uşaqlıq və erkən gənclik dövrünü yaşamağa macal tapsa da, onun yurdumuzu, onun tarixini, dəyərlərini, eləcə də ətrafdakı insanları, təbiəti, mənzərələri, hətta ağacları, çiçəkləri sevdiyini və bu hissləri daim başqalarına da təlqin etmək istədiyini  hər bir kəs bir andaca anlaya bilərdi. Bu onun vətənpərvər və yanar ürək sahibi olduğundan irəli gəlirdi" - bu isə İlqarın nənəsi Məleykə Bürcəliyevann sözləridir.

Şəhidin əmisi, tanınmış teatrşünas Anar Bürcəliyev də İlqarın öz qısa ömrü ərzində onu tanıyan insanların qəlbində dərin izlər qoya bilməsinin hər cəhətdən istedadlı insanlara xas olduğunu vurğulayır.

"Biz, yaxınları onu "Şahzadə balamız" da adlandırırdıq. Onun bircə baxışda belə xoş təəssürat yarada bilən zahiri görünüşü, zəngin daxili aləmi, təmiz ürəyi, alicənab məntiqi və davranışı, eləcə də əl qoyduğu bütün işlərdə, o cümlədən, idmanda lider xüsusiyyətlərinin parlaq şəkildə özünü göstərməsi buna əsas verirdi. Həm də İlqarın, lap uşaqlıqdan tutmuş şəhadət vədəsinədək tədbir, dost-qohum toplantısı, yaxud yarışmalarda çəkilən əksər fotolarında mütləq müqəddəs bayrağımız əsas fonda görünür. O, sanki çatdırmaq istəyirdi ki, milli amallar insanın şəxsi istəklərindən qabaqdadır, yəni öncə Vətəndir!" - deyə A.Bürcəliyev bildirir.

Həqiqətən də "Öncə Vətən!" amalı ilə canlarından keçən övladların qəhrəmanlığı sayəsində öz milli qürurumuzu və  torpaq bütünlüyümüzü bərpa etdik. Bu tarixi missiyanın həyata keçməsi yolunda şəhid olanların sırasında ölümündən sonra iki medalla - "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilən İlqar Bürcəliyev də var.

Zakir MURADOV
Gəncə

 





29.01.2021    çap et  çap et