525.Az

Ədəbiyyat İnstitutunda Elmi şuranın onlayn iclası keçirilib - Foto


 

YAQUB ÖMƏROĞLU İNSTİTUTUN "FƏXRİ DOSTU", DANİYA ZAQİDULLİNA İSƏ "FƏXRİ DOKTORU" ADINA LAYİQ GÖRÜLÜB

Ədəbiyyat İnstitutunda Elmi şuranın onlayn iclası keçirilib - <b style="color:red">Foto</b>

AMEA Ədəbiyyat İnstitutunun Elmi şurasının 2021-ci ildəilk onlayn iclası keçirilib. İclasda şuranın üzvləri, İnstitutun ayrı-ayrı şöbələrinin müdirləri ilə yanaşı, Türkiyədən Yaqub Öməroğlu, Tatarıstandan Daniya Zaqidullina, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid də iştirak ediblər.

Elmi şuranı AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələlərlə iştirakçıları tanış edib. Sonra akademik İsa Həbibbəyli türk dünyası və Azərbaycanla ədəbi-mədəni əlaqələrin inkişafında verdiyi töhfələrə görə hər iki qonağın İnstitut tərəfindən mükafatlandırıldığını bildirib. Bu mükafatların Azərbaycanın Zəfər ilində təqdim olunmasını xüsusi vurğulayıb. Bundan sonra əlaqələrimizin daha da güclənəcəyi və "Qardaş qələmlər" dərgisinin may nömrəsinin Azərbaycana həsr olunmasının əməkdaşlığa böyük töhfə verəcəyini əlavə edib. Tatarısanda Nizami Gəncəvinin təbliği sahəsində görülən işlərin miqyasının genişlənəcəyinə əminlik ifadə olunub.

Tatarıstan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Daniya Zaqidullina türk dünyası ölkələrinin əlaqələrinin genişləndirilməsində və Azərbaycan ədəbiyyatının təbliğində gördüyü böyük işlərə görə İnstitutun "Fəxri doktoru" və Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğlu isə Türkiyədə və ümumtürk dünyasında Azərbaycan ədəbiyyatına verdiyi dəyərli töhfələrə görə İnstitutun "Fəxri dostu" adına layiq görülüb.

AYB-nin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid həm Daniya Zaqidullinanı, həm də Yaqub Öməroğlunu böyük uğurlarına görə təbrik edib və onlara verilən bu dəyəri vəfa borcunun təzahürü kimi qiymətləndirib. O, əlavə edib ki, Yaqub Öməroğlu AYB tərəfindən də təltif edilib. Avrasiya Yazarlar Birliyinin həyata keçirdiyi misilsiz işləri yüksək qiymətləndirən Rəşad Məcid Türkiyədə 200-dən çox azərbaycanlı müəllifin kitabının çap edilməsində Yaqub Öməroğlunun xüsusi əməyi olduğunu diqqətə çatdırıb.

Qonaqlar göstərilən böyük etimada görə minnətdarlıqlarını bildiriblər. Yaqub Öməroğlu onun hekayələr kitabının Türkiyədən öncə ilk dəfə Azərbaycanda çap olunduğunu qeyd edib. "Nizami Gəncəvi ili"ndə Nizami Gəncəvinin adını daşıyan bir elm ocağından belə bir təltifə layiq görülməsinin qürurverici olduğunu bildirib.

Sonra Ortaq başlanğıc və İntibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İmamverdi Həmidov 80 illik yubileyi ilə əlaqədar olaraq təbrik edilib və təltif olunub.

"İlin gənc alimi - 2020" nominasiyasına Mətbauat tarixi və publisistika şöbəsinin elmi işçisi, Ədəbi tənqid şöbəsinin doktorantı Gülnar Səma (Qasımlı Gülnar Vaqif qızı) layiq görülüb.

İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli İnstitutunun  "Müqayisəli ədəbiyyatşünaslıq" jurnalının elmi nəşrlərin beynəlxalq indeksləşdirmə bazası olan "Copernicus" sisteminə və Türkiyədə faəliyyət göstərən   "ASOS indeks" sisteminə daxil edildiyi haqqında məlumat verib.

Gündəlikdəki digər məsələlərdən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında 5 yanvar 2021-ci il tarixli  Sərəncamı və qarşıda duran vəzifələr, "Qarabağ ədəbi mühiti" monoqrafiyasının plan-prospektinin, müəlliflər heyətinin müəyyənləşdirilməsi, İnstitutun 2021-ci il üçün elmi tədqiqat işlərinin əhatəli planının müzakirəsi və təsdiqi, çap məsələləri və s. müzakirə olunaraq təsdiq olunub.

 





30.01.2021    çap et  çap et