525.Az

Azərbaycan-Türkmənistan əlaqələri: "Dostluq" yatağından elm sahəsində əməkdaşlığa


 

Azərbaycan-Türkmənistan əlaqələri: <b style="color:red">"Dostluq" yatağından elm sahəsində əməkdaşlığa</b>

Azərbaycanın ortaq tarixə və mədəni köklərə malik olan Türkmənistanla Xəzər dənizində birgə əməkdaşlıq haqqında imzaladığı yeni Anlaşma memorandumu müstəqillik dövründə iki ölkə arasında formalaşmış çoxcəhətli əlaqələrin ən mühüm hadisəsidir. Bu, eyni zamanda, ölkələrimiz arasında mövcud olan çoxəsirlik əlaqələrin də yeni və əhəmiyyətli bir səhifəsidir.
 
Xəzər dənizində ortaq "Dostluq" neft-qaz yatağının işə salınması ilə dost və qardaş ölkələr arasındakı əlaqələrin yeni bir tarixi erası da başlanacaqdır. Buna görədir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Dostluq" yatağı adlandırdığı bu yeni zəngin karbohidrogen mənbəyindən istifadə edilməsinə dair Anlaşma memorandumunun imzalanması mərasimindəki tarixi nitqində start verilən layihənin mühüm iqtisadi dəyərindən başqa, bütün sahələr üzrə ölkələrarası əlaqələrin inkişaf etdirilməsində mühüm rol oynayacağını bəyan etmişdir. Türkmənistan Respublikasının Prezidenti Qurbanqulu Berdiməhəmmədovun həmin tarixi əhəmiyyətə malik hadisə zamanı söylədiyi nitqində həm də "qardaş" sözünü də işlətməsi bu neft-qaz yatağının istismara verilməsini əsrlərdən gələn qardaşlıq münasibətlərinin daha da möhkəmləndirəcəyinə inamı ifadə edir.

Məlum olduğu kimi, Azərbaycan hələ Sovet hakimiyyəti illərindən etibarən Türkmənistanda neft və qazçıxarma işlərinin təşkilinə və inkişaf etdirilməsinə yaxından köməklik göstərmişdir. Türkmənistanda neft-qaz elmi məktəbinin yaradılmasında Azərbaycanın mühüm rolu olmuşdur. Türkmənistanın neft-qaz mühəndislərinin bir neçə nəsli Azərbaycan ali məktəblərində təhsil almışlar. Bundan başqa, Türkmənistanın neft-qaz üzrə alimlərinin böyük əksəriyyəti Bakıda - Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq elmi-tədqiqat institutlarında və ali məktəblərin elmi şuralarında dissertasiya müdafiə etmişlər. Dünya şöhrətli Azərbaycan alimi, akademik Azad Mirzəcanzadənin Türkmənistan üçün hazırladığı yüksək ixtisaslı elmi kadrların bu gün də qardaş ölkədə neft-qaz elminin və bu sahə üzrə ali təhsilin inkişafında özünəməxsus rol oynamaları mühüm hadisədir.

Qeyd etmək lazımdır ki, hazırda da Azərbaycan Milli Elmlər Akademiyası ilə Türkmənistan Elmlər Akademiyasının ayrı-ayrı elmi-tədqiqat institutları və universitetləri arasında səmərəli əməkdaşlıq əlaqələri vardır. Ötən 2020-ci ildə Türkmənistan Respublikasının Prezidenti Qurbanqulu Berdıməhəmmədovun Azərbaycana rəsmi səfəri zamanı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və İdarəetmə Sistemləri İnstitutu ilə Türkmənistan Elmlər Akademiyasının müvafiq elmi-tədqiqat institutları arasında qarşılıqlı əməkdaşlığa dair imzalanmış müqavilələr dövlətlərarası münasibətlərin inkişaf etdirilməsində elm faktorununda xüsusi əhəmiyyət kəsb etməsinin mühüm göstəricisidir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 2014-cü ildən etibarən hər il keçirilən Türkmənistan ədəbiyyatının böyük klassiki Məhtimqulu Fəraqinin həyatı və yaradıcılığına həsr olunmuş elmi konfranslar və sərgilər ölkələrarası elmi əməkdaşlıq körpülərinin daha da möhkəmləndirilməsinə uğurla xidmət edir. Eyni zamanda, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Məhtimqulu Fəraqinin 1913-cü ildə Buxarada doşbasması üsulu ilə çap olunmuş nadir "Divanı"nın tapılıb üzə çıxarılması və türkmən alimləri ilə birlikdə çapa hazırlanıb nəfis şəkildə nəşr etdirilməsi qarşılıqlı əməkdaşlıq əlaqələrimizin mühüm elmi hadisəsidir. Azərbaycan alimlərinin son illərdə nəşr etdirdikləri "Məhtimqulu Fəraqi və Azərbaycan ədəbiyyatı", "Məhtimqulu Fəraqi Azərbaycan ədəbiyyatşünaslığında", "Məhtimqulu Fəraqi yaradıcılığının sənətkarlıq xüsusiyyətləri" adlı monoqrafik tədqiqatlar elmi əlaqələrimizin genişlənməkdə olduğunun göstəriciləridir. Lap bu yaxında Türkmənistan Respublikasının Prezidenti Qurbanqulu Berdiməhəmmədovun "Türkmənlərin mənəvi dünyası" adlı kitabının Azərbaycan və Türkmənistan Elmlər Akademiyasının alimləri ilə birlikdə onlayn təqdimat mərasiminin keçirilməsi də əməkdaşlığımızın əhəmiyyətli hadisələrindən birinə çevrilmişdir.

Hazırkı mərhələdə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika, Neft və Qaz, Riyaziyyat və Mexanika, Memarlıq və İncəsənət, İqtisadiyyat İnstitutları ilə Türkmənistan Elmlər Akademiyasının eyni profilə malik elmi-tədqiqat qurumları arasında elmi əlaqələr davam etdirilməkdədir. Azərbaycan Respublikasının ali  məktəbləri ilə Türkmənistan Respublikasının universitetləri də əlaqələrini müxtəlif formalarda davam etdirməkdədirlər.

Ölkəmizin akademik qurumları və ali məktəblərinin Türkmənistanla əlaqələrinin daha da inkişaf etdirilməsi baxımından böyük perspektivlər mövcuddur.  Belə ki, Xəzərdə neft və qazçıxarma, ekologiya, gəmiçiliyin, yükdaşımaların inkişaf etdirilməsinin müstəqillik işığında yenidən araşdırıb öyrənilməsi və hər iki ölkə üçün faydalı olan elmi layihələrin hazırlanıb birgə həyata keçirilməsi "Dostluq" yatağından ortaq istifadə edilməsi haqqında əldə olunmuş razılaşmanın uğurla yerinə yetirilməsinə elmin real dəstəyinin təmin edilməsinə şərait yarada bilər. Bundan başqa, ortaq tariximizin, adət və ənənələrimizin, oğuz qrupu türk dillərinin öyrənilməsi istiqamətində də hər iki ölkə alimlərinin qarşılıqlı əməkdaşlığının təmin edilməsi elm üçün faydalı nəticələrin meydana çıxmasına yol aça bilər. Azərbaycan - Türkmənistan ədəbi-mədəni və iqtisadi əlaqələrinin də müstəqillik işığında birgə tədqiq olunması üçün həm zəruri ehtiyac, həm də yüksək ixtisaslı mütəxəssislər mövcuddur. Azərbaycan Elmlər Akademiyasının ayrı-ayrı elmi-tədqiqat institutları Türkmənistan üçün zəruri olan ixtisaslar üzrə doktoranturada məqsədli yer ayıra və onların ölkəmizdə dissertasiya müdafiə etmələrinə lazımi şərait yarada bilər.

Bir sözlə, Xəzər dənizində "Dostluq" yatağından birgə istifadə üçün dövlət səviyyəsində əldə olunmuş razılaşma, imzalanmış Anlaşma memorandumu ilk növbədə neft-qaz sahəsində və eyni zamanda, ölkələrimiz üçün maraqlı ola biləcək bütün sahələrdə geniş əməkdaşlıq üçün yeni bir mərhələni meydana qoymuşdur. Qarşılıqlı etinada və ortaq maraqlara əsaslanan yeni tarixi mərhələ Azərbaycan - Türkmənistan əlaqələrinin çoxəsrlik tarixinin yeni epoxasını formalaşdırmaq imkanlarına malikdir. Hazırkı şəraitdə digər bütün sahələrdə olduğu kimi, elmi istiqamətdə də əlaqələrimizin davam və inkişaf etdirilməsi üçün əlverişli şərait yaranmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının ayrı-ayrı elmi bölmələri, o cümlədən də, Humanitar və İctimai Elmlər Bölməsi Türkmənistandan olan alim həmkarları ilə əlaqələrin inkişaf etdirilməsinə hər cür dəstək verilməsini təmin etməyə hazırdırlar.

 





30.01.2021    çap et  çap et