525.Az

Ədəbiyyat çarxı - Türkan Turan yazır


 

Ədəbiyyat çarxı - <b style="color:red">Türkan Turan yazır</b>

Türkiyədə böyük nəşriyyatların işləmə sxeminə bələd olduqdan sonra başqa yerlərdə gedişatın necə olması maraqlı gəldi. Bir az araşdırdım. Fərqli, maraqlı və təəssüf ki, bizdən buludlar qədər uzaq olan bəzi nüanslarla qarşılaşdım. 

Məsələn, Amerikada kitab dünyası fərqli dinamika ilə işləyir. Nəşriyyatlar kataloqlarını bir, bəzən iki il öncədən qapadırlar. Beləcə, bəribaşdan iki il sonra hansı tarixdə hansı kitabların çap ediləcəyi müəyyən edilmiş olur. Hər əsərin çapa hazırlığı üz qabığı, redaktə işləri və s. ən azı bir il davam edir. Fövqəladə peşəkarlıqları var. İldə təqribən yüz səksən min kitab çap edirlər. Qeyd edim ki, bu statistikaya öz imkanlarıyla kitablarını çap etdirənlər daxil deyil.  Ona görə rəqəmlər insanın gözlərini qaraldır. Belə deyək, bizim hər nəfəs alış verişimizdə bu ölkədə yeni bir kitab çıxır. Yəni surətlə fırlanan çarxın içində minlərlə roman ərsəyə gəlir. Hər saatbaşı yeni bir roman rəflərdəki yerini tutur. Doğrudur, digər ölkələrlə müqayisədə daha çox kitab çap edilir, elə o qədər də surətli şəkildə buxarlanıb gedirlər. Şərqin bəzi yerlərində olduğu kimi, orada da yazıçılar bir-birlərini sevmir, bir-birilərinin əleyhinə danışırlar. Amma ölkə ərazisinin böyük, yazıçıların fərqli əyalətlərdə, bir-birilərindən uzaqda yaşamağı qısqanclığın dozasının nifrətə, kin-küdurətə çevrilməyinin qarşısını alır.

Kitab klublarının ən məşhur olduğu ölkədir Amerika. Qadınlar yığılıb kitab klubları qururlar. Hər dəfə bir kitab seçib oxuyurlar, sonra birlikdə həmin kitabı müzakirə edirlər. Hətta bir çoxları bu işə başlamaqdan qürur duyurlar. İnternet də bu işin əsas qoludur. Çoxlu sayda bloqlar var. Bu bloqların sayəsində böyük çoxluq özünü "ədəbi tənqidçi" hesab edir. Bir tələbə, bank işçisi, evdar qadın, mühəndis və digər sahədən olan insanlar boş vaxtlarında özlərinə kitab bloqu açaraq, bəyəndikləri kitabı tanıdır, bəyənmədiklərini tənqid edilər. Bu cür bloqların yüzlərlə, minlərlə təqibçiləri olur. Məsələ burasındadır ki, kənardan olduqca sadə, çəkisiz görünən bloqları böyük nəşriyyatlar ciddi qəbul edir, yazdıqlarını nəzərə alırlar. Yəni bir növ onların zövqləri, düşüncələri ilə hesablaşırlar.

Ətraf ölkələrdə ədəbiyyatın durumuna nəzər yetirəndə  görürsən ki, hazırda kitab çapının ən aktiv olduğu ölkə Türkiyədir. Bəzi nəşriyyatların gördüyü işlər elə Amerika səviyyəsindədir. Ədəbiyyat bu ölkədə öz rayındadır. Kitabın çapa hazırlığı müddətində redaktorlar az qalırlar cümlələrin başına dolansınlar. Böyük incəlik və ustalıqla işlərini görürlər. Bir kitabın qısa müddət ərzində yenidən və yenidən çap edilməsi isə satışın yüksək səviyyədə olmağından xəbər verir. Yəqin bir az da buna görədir, kitab oxuyanların, rəy bildirənlərin sayının hər keçən gün daha da çoxalmağı. Kiçik bir misal çəkim. Bu günlərdə yerli mətbuatda kitabı Türkiyədə çap edilən bir yazıçının müsahibəsinə gözüm sataşdı. Müsahibənin girişində jurnalist kitabı tanıdan xüsusi və parıltılı cümlələr seçmişdi. Açığı, belə bir kitabdan daha əvvəl niyə xəbərim olmayıb deyə təəccübləndim. Kitabla bağlı həqiqi fikirləri öyrənmək üçün internetdə axtarış verdim. Çünki müsahibə alan bir jurnalistlə, oxucu kütləsinin rəyləri bir-birindən ən azı yerlə göy qədər fərqli olur. Biri iş üçün tərifləməyə məcbur olur, digəri isə sərbəstdir, azaddır, əgər bəyənmirsə, ona heç bir güc "bu kitab möhtəşəmdir" söylədə bilməz. Ekranda ard-arda türkcə bloqlar sıralandı. Həmin vaxt yazılan fikirləri oxuyaraq kitabın keyfiyyəti ilə bağlı beynimdə fikir formalaşdıra bildim. İndi elə bir vaxtdır ki,  hər hansısa bir kitabla bağlı qalaq-qalaq yazılar keçərli sayılmır. Tanınmış adamlara özünlə bağlı palaz-palaz yazdırdığın yazıları heç kim vecinə almır. Çünki  Amerikadakı, Avropadakı tendensiya burnumuzun dibinə qədər gələrək Türkiyəyə çatıb. Ədəbiyyatın taleyi oxuculara, bloqlar açan, rəylər yazan kitabsevərlərə bağlıdır. Bir də baxırsan ki, qala kimi hündür, günəş kimi parlaq, almaz kimi işıltılı gözəl qızlar Türkiyədə bloqlar açıblar. Kitablarla bağlı çəkdikləri videoları, yazdıqları tənqid və ya tərifləri görəndə "nə deyir desin, hansı imzanı istəyir seçsin, amma yetər ki, oxusun" deyə sevinirsən. Həmin səhifələrdə sadəcə gözəl qızları deyil, evdar qadınların, yaraşıqlı oğlanların, yaş, iş fərqi olmayan digər insanların müxtəlif rəylərini, dopdolu fikirlərini də oxumaq mümkündür. Bizdə də bənzər bloq və səhifələrə ehtiyac var. Ədəbiyyat gücü cəmiyyətdən, sivil toplumdan alır. Yoxsa üç-beş elit insanın önəm verməyi ilə ədəbiyyat kök ata bilməz. Əslində, tək-tək də olsa, belə bloqlar gözə dəyir. Amma bu, Azərbaycan ədəbiyyatının hazırkı durumuna əlac deyil.

 





30.01.2021    çap et  çap et