525.Az

"Molla Nəsrəddin" ensiklopediyası - əsrin söz abidəsi


 

"Molla Nəsrəddin" ensiklopediyası - <b style="color:red">əsrin söz abidəsi</b>

Azərbaycan satirik mətbuatının əsasını qoyan və ədəbi məktəb yaradan "Molla Nəsrəddin" jurnalı 25 illik fəaliyyəti dövründə türk-müsəlman dünyasında, eləcə də Yaxın Şərqdə geniş yayılaraq xalqların azadlıq, müstəqillik və demokratiya uğrunda mübarizəsində mütəşəkkil və ardıcıl rol oynadı.

Jurnal Azərbaycan ədəbi-ictimai fikrinə yeni üslub, yeni baxış və düşüncə tərzi gətirməklə yanaşı, həm də yayıldığı ölkələrdə demokratik ictimai fikrin təkamülünə, satirik mətbuat və ədəbiyyatın inkişafına güclü təsir göstərdi. Milli və bəşəri dəyərləri özündə yaşadan "Molla Nəsrəddin" jurnalının yürütdüyü ideoloji xətt çağdaş dövrümüzdə də olduqca aktual görünür. Əbədiyaşarlıq qazanan "Molla Nəsrəddin" jurnalı xalqımızın zəngin söz xəzinəsidir. Elə bir xəzinə ki, biz bütün dövrlərdə ondan yaradıcılıqla bəhrələnə bilirik. Məhz elə bu yüksək məziyyətlərinə görə də "Molla Nəsrəddin" jurnalı həmişə çoxsaylı oxucuların və ziyalıların diqqət mərkəzində qərar tutur. Xüsusilə də, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və onun rəhbərliyi "Molla Nəsrəddin" ədəbi abidəsinə həmişə diqqət və qayğı ilə yanaşır. Bu günlərdə akademik İsa Həbibbəylinin redaktorluğu ilə işıq üzü görən "Molla Nəsrəddin" ensiklopediyası da bu ölməz, zəngin irsimizə böyük məhəbbətin bariz nümunəsidir. İnstitutun Mətbuat tarixi və publisistika şöbəsində hazırlanan ensiklopediya şərəfli və məsuliyyətli bir işin nəticəsi kimi olduqca qiymətli və dəyərlidir.

 Ensiklopediyanın ideya rəhbəri və baş redaktoru AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Tərtib edən və çapa hazırlayan filologiya elmləri doktoru, professor Vüqar Əhməd, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva, koordinatoru filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənlidir. Ensiklopediyanın korrektorları Təhminə Vəliyeva və Zərin Vəliyeva, operatoru isə Şəbnəm Şəfizadədir.

Nəşrin əsas redaksiya heyətinə Ramiz Mehdiyev, Anar, İsa Həbibbəyli, Teymur Kərimli, Vüqar Əhməd, Asif  Rüstəmli, Gülbəniz Babayeva, Aygün Bağırlı və Mehman Həsənli daxil edilmişdir. Ensiklopediya üzərində işə 2016-cı ildən start verilmişdir. Əvvəlcə akademik İsa Həbibbəylinin şəxsi təşəbbüsü ilə "Molla Nəsrəddin" ensiklopediyası üçün "Sözlük" hazırlanmışdır. Şöbənin əməkdaşı Gülbəniz Babayeva 420 səhifədən ibarət olan sözlüyü "Molla Nəsrəddin" jurnalının 8 cildliyi, Qulam Məmmədli, Elmira Qasımova və Afaq Əliyevanın "İmzalar" kitabı, keçən əsrin əvvəllərindən başlayaraq çağdaş dövrümüzə qədər  Cəlil Məmmədquluzadə, "Molla Nəsrəddin" jurnalı və mollanəsrəddinçilər haqqında yazılmış tədqiqat əsərləri əsasında tərtib edilmişdir. Bu mərhələ başa çatdıqdan sonra akademik İsa Həbibbəyli sözlüklərin seçilməsi ilə bağlı şöbə əməkdaşları və müəlliflərlə müzakirə və diskussiyalar aparmış, məsləhətləşmiş və ensiklopediya üçün daha önəmli və əhəmiyyətli olan sözlər seçilmiş və elmi məqalələrin əsas mövzusuna çevrilmişdir.

Ensiklopediya akademik İsa Həbibbəylinin "Molla Nəsrəddin" ədəbi məktəbinin ensiklopediyası" adlı "Ön söz"ü ilə başlanır. Görkəmli tədqiqatçı Azərbaycan satirik mətbuatının əsasını qoyan, 25 illik fəaliyyəti boyunca milli mətbuatımızın və ədəbiyyatımızın salnaməsini yaradan "Molla Nəsrəddin"  jurnalının cahanşümul rolundan bəhs edərək yazır: "Cəlil Məmmədquluzadə və "Molla Nəs-rəddin" jurnalı XX əsrin əvvəllərinin ədəbiyyat və mətbuat cəbhəsi-nin liderliyi missiyasını uğurla həyata keçirmişdir... "Molla Nəsrəddin" jurnalı məktəb hazırlayıb meydana çıxaran nadir mətbu-at orqanıdır... "Molla Nəsrəddin" jurnalı dövrün ən tanınmış, iste-dadlı, milli düşüncəyə malik ziyalılarını öz ətrafında birləş-dirməyi bacarmışdır. C.Məmmədquluzadə, M.Ə.Sabir, Ö.F.Nemanzadə, Ə.Haqverdiyev, Ə.Nəzmi, M.S.Ordubadi, Ə.Qəmküsar, M.Möcüz (Şəbüstəri), B.Abbaszadə, Ə.R.Şamçızadə, M.Sidqi, Ə.Məhzun və başqa görkəmli yazıçı, şair və publisistlər "Molla Nəsrəddin" ordusunun mübariz əsgərləri kimi həm milli istiqlal uğrunda, həm də realist-demokratik ədəbiyyat yollarında dönmədən mübarizə aparmaqda davam etmişlər".

İlk dəfə “Molla Nəsrəddin” ensiklopediyası çap olunub


Ensiklopediyada "Ön söz"dən sonra akademik İsa Həbibbəyli və filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayevanın birgə yazdıqları "Görkəmli dövlət xadimi Heydər Əliyev "Molla Nəsrəddin" jurnalı və mollanəsrəddinçilər haqqında" adlı məqalə yer almışdır. Məqalədə Azərbaycan xalqının ictimai-siyasi, ədəbi-mədəni həyatında müstəsna xidmətləri olan Ulu öndər Heydər Əliyevin Cəlil Məmmədquluzadə yaradıcılığına, "Molla Nəsrəddin" jurnalına və bütövlükdə klassik irsimizə, ədəbiyyatımıza və mədəniyyətimizə verdiyi yüksək qiymət diqqət mərkəzində saxlanılır. Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə zəngin və çoxşaxəli Azərbaycan ədəbiyyatına, milli mətbuatımıza və onun yaradıcılarına diqqət və qayğı göstərmişdir. "Cəlil Məmmədquluzadə yaradıcılığı elə bir dəryadır ki, o dəryanın dibinə gedib çatmaq, hamısını əhatə etmək mümkün deyildir" kimi yüksək bir fikir irəli sürən dahi Heydər Əliyev təkcə böyük realist ədibə deyil, həm də onu bütün dünyada tanıtdıran, məşhurlaşdıran və şöhrət qazandıran "Molla Nəsrəddin" jurnalının Azərbaycan xalqının milli şüurunun formalaşmasındakı, mətbuatımızın inkişafındakı müstəsna roluna böyük dəyər verir.

Ensiklopediya vahid süjet və kompozisiya əsasında qurulmuş mükəmməl və sanballı bir əsər təsiri bağışlayır. Çünki mövzu və problematika baxımından zəngin olan bu orijinal məlumat kitabı bir neçə istiqamətdə şaxələnsə də, vahid bir məcrada, yəni "Molla Nəsrəddin" və mollanəsrəddinçilər ətrafında təmərküzləşərək mükəmməllik yaradır, ensiklopediyanın effektivliyini və əhəmiyyətini artırır.

Üç illik gərgin, səmərəli, məsuliyyətli axtarış və fəaliyyətin nəticəsi kimi ərsəyə gələn ensiklopediyada hər bir müəllifin fədakarlığı və zəhməti danılmazdır. Xüsusilə də, ensiklopediyanın ideya müəllifi akademik İsa Həbibbəylinin Mətbuat tarixi və publisistika şöbəsinin əməkdaşları ilə sıx əlaqəsi, fikir mübadiləsi, vaxtaşırı toplantılar keçirərək prosesin gedişi ilə ciddi maraqlanması və ən başlıcası isə işi dönə-dönə oxuyub, dəyərli tövsiyə və məsləhətlər verməsi mükəmməl və monumental  bir ensiklopediyanın ortaya çıxması ilə nəticələndi.

Akademik İsa Həbibbəyli Cəlil Məmmədquluzadə irsini, onun redaktorluğu ilə nəşr olunan "Molla Nəsrəddin" jurnalını həmişə diqqət mərkəzində saxlamış, yaradıcılığının və çoxsaylı tədqiqatlarının prioritet mövzusuna çevirmiş, nəinki Azərbaycanda, eləcə də Şərqdən Qərbə qədər geniş bir arealda nəşrinə və təbliğinə nail olmuşdur. İsa Həbibbəylinin bu mənəvi irsə yüksək münasibəti həm də "Molla Nəsrəddin" jurnalının on cildliyini nəfis tərtibatla nəşrə hazırlayıb çap etdirməsində də aydın görünür. Ensiklopediyada təbii olaraq ön plana çəkilən, işin ana xəttini təşkil edən "Molla Nəsrəddin" jurnalı, onun Tiflis, Təbriz, Bakı mərhələləri, "Molla Nəsrəddin" ədəbi məktəbi, "Molla Nəsrəddin"in Təbriz şəhəri üzrə abunə dəftəri, Cəlil Məmmədquluzadə, mollanəsrəddinçilik təlimi, tənqidi realizm, "Səyahətnamələr" və başqa oçerk və məqalələr akademik İsa Həbibbəyli tərəfindən işlənmişdir.

Ensiklopediyanın əsas istiqamətlərindən birini də mollanəsrəddinçilər - Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əliqulu Qəmküsar, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əli Razi, Bayraməli Abbaszadə, Salman Mümtaz, Məmməd Səid Ordubadi və başqaları haqqında yazılmış oçerklər təşkil edir. Burada da XX əsrin əvvəllərində Azərbaycan satirik ədəbiyyatının və milli mətbuatımızın inkişafında müstəsna xidmətləri olan böyük ədəbi simalar haqqında elm aləminə məlum olmayan yeni faktlar aşkarlanaraq oxucuların ixtiyarına verilmişdir.

Ensiklopediyanın əsas problematikasını təşkil edən satirik publisistika və poeziyanın müəlliflərinin həyat və yaradıcılıqları, jurnaldakı fəaliyyətləri də geniş işıqlandırılmışdır.

Məlumdur ki, dövrün, zamanın sərt senzurası mollanəsrəddinçiləri gizli imzalardan istifadə etməyə yönləndirmişdir. Minlərlə imzanın aşkarlanması, müəlliflərinin müəyyənləşməsində böyük salnaməçi Qulam Məmmədlinin və bu gün xeyirxah missiyanı uğurla davam etdirən filologiya üzrə fəlsəfə doktoru Elmira Qasımovanın xüsusi əməyi vardır. Bu prinsip ensiklopediyada da gözlənilmiş, gizli imzaların əksəriyyəti Elmira Qasımova tərəfindən işlənilmişdir.

"Molla Nəsrəddin" jurnalını geniş oxucu auditoriyasına sevdirən və əhəmiyyətini artıran həm də onun çoxsaylı, satirik yönümlü rubrikalarıdır. Jurnalın nəşri boyunca istifadə etdiyi folklor nümunələrinə parodiya və perifrazlar şəklində yaratdığı "Atalar sözləri", "Bayatılar", "Nağıllar", "El ədəbiyyatı", "Tapmacalar", "Hikmətli sözlər", eləcə də, "Teleqraf xəbərləri", "Ticarət və ekonomi xəbərləri", "Daxili xəbərlər", "Xarici xəbərlər", "Qafqaz xəbərləri", "Mətbuat xəbərləri", "Elanlar" və s. çoxsaylı rubrikalar haqqında nəzəri məlumatlar jurnaldan seçilmiş nümunələr əsasında Gülbəniz Babayeva tərəfindən yazılmışdır.

"Molla Nəsrəddin" jurnalında onun publisistikası və satirik poeziyası ilə tam uyarlıq yaradan çoxsaylı karikaturaların böyük rolu vardır. Oxucuların bütün təbəqələri tərəfindən anlaşılan, istedadlı rəssamların yüksək sənətkarlıqla çəkdikləri karikaturalar jurnalın populyarlıq qazanmasında mühüm əhəmiyyət kəsb etmişdir. Jurnalda Şərq və Qərb mədəniyyətini qovuşduran, rəssamlıq sənətinin, xüsusilə də qrafika və karikatura janrının inkişafında misilsiz xidmətləri olan O.Şmerlinq, İ.Rotter, Beno, Ə.Əzimzadə, X.Musayev, H.Əliyev, K.Dorş, İ.Axundov, Q.Xalıqov, S.Behzad və başqaları haqqında yazılmış oçerklər ensiklopediyanın maraqlı səhifələrindəndir.

Məlumdur ki, jurnal keçən əsrin 30-cu illərindən başlayaraq ədəbi ictimaiyyətin diqqət mərkəzində olmuş, görkəmli ədəbiyyatşünaslar, ədəbi tənqidçilər, nəzəriyyəçi alimlər tərəfindən müxtəlif aspektdən təhlilə cəlb edilmişdir. "Molla Nəsrəddin" ədəbi hərəkatının mənbəyi və əsas istiqamətləri, tənqidi realizm, mollanəsrəddinçilik, onun dünya nəzəriyyələr sistemindəki yeri, orijinallığı və beynəlxalq aləmdə yayılaraq xarici oxuculara çatdırılması məhz görkəmli alimlərimizin cəfakeşliyi sayəsində reallaşmışdır. Ensiklopediyada böyük bir təkamül yolu keçərək çağdaş dövrümüzdə də uğurla davam etdirilən bu sistemli araşdırmaların müəllifləri - Əli Nazim, Mirzə İbrahimov, Həbibulla Səmədzadə, Əziz Mirəhmədov, Qulam Məmmədli, Nazim Axundov, Məmməd Cəfər Cəfərov, Fərman Bayramov, Mir Cəlal, Firudin Hüseynov, İslam Ağayev, Xeyrulla Məmmədov, Xalid Əlimirzəyev, Yaşar Qarayev, İsa Həbibbəyli, Təhsin Mütəllimov, Qorxmaz Quliyev, Elmira Qasımova və başqaları haqqında oçerklərə də yer verilmişdir. Mollanəsrəddinçi alimlərin Azərbaycan Mollanəsrəddinşünaslığına bəxş etdikləri tədqiqat əsərləri, onların ideya-bədii mündəricəsi, əsas parametrləri və bu sahədə əldə olunan qənaət və nəticələr təhlil süzgəcindən keçirilmişdir.

Ensiklopediyada "Molla Nəsrəddin" jurnalında əksini tapan ədəbi janrlar - bəhri-təvil, dəyənək, felyeton, karikatura, pamflet, parodiya, publisistika, satira, taziyanə, təxmis, tragikomediya və sair haqqında nəzəri məlumatlar da "Molla Nəsrəddin" jurnalından seçmə nümunələr əsasında şərh edilmiş, ensiklopediyanın söz bazasının, siqlətinin və məna tutumunun zənginliyinə və çoxçeşidliliyinə imkan yaratmışdır.

"Molla Nəsrəddin" jurnalı ədəbi məktəb yaradan ilk satirik dərgi kimi özündən sonra bir çox satirik jurnalların yaranmasına və nəşrinə yol açdı. Bu baxımdan, "Babayi-Əmir", "Bəhlul", "Məzəli", "Tuti", "Zənbur" və başqa satirik jurnallar  "Molla Nəsrəddin" ənənələrini davam etdirən mətbuat orqanları kimi mühüm əhəmiyyət kəsb edir. Ensiklopediyada bu satirik jurnallara da xüsusi yer ayrılıb.

Ensiklopediyanın "Əlavələr" bölməsində jurnalın redaktoru, ilk dəfə olaraq nömrələrinin illər üzrə dəqiqləşdirilmiş sayı, nəşr olunduğu yer, mətbəə haqqında məlumatlar əksini tapmışdır. Eyni zamanda, həmin bölmədə doktorluq və namizədlik dissertasiyaları, Cəlil Məmmədquluzadə və "Molla Nəsrəddin" jurnalı haqqında tədqiqat əsərləri də yer almışdır.

Akademik İsa Həbibbəyli bu monumental söz abidəsini yüksək dəyərləndirərək yazır: "Molla Nəsrəddin" ensiklopediyası" - Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığının, bütün mollanəsrəddinçilərin çoxcəhətli ədəbi-ictimai fəaliyyətinin ensiklopedik kitabıdır.

"Molla Nəsrəddin" ensiklopediyası" - Azərbaycanda konkret bir ədəbi məktəb haqqında yazılmış birinci ensiklopediyadır.

"Molla Nəsrəddin" ensiklopediyası" - Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu əməkdaşlarının kollektiv elmi əsəri, xüsusən, "Mətbuat tarixi və publisistika" şöbəsi əməkdaşlarının elmi axtarışları və böyük zəhməti əsasında hazırlanmış ədəbiyyatşünaslıq salnaməsidir.

"Molla Nəsrəddin" ensiklopediyası" - Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu əməkdaşlarının Azərbaycan elmi qarşısında növbəti hesabatıdır".

Ensiklopediyanın hər bir məqaləsi, oçerki müəlliflərin gərgin və səmərəli axtarışları dərin məntiqi təfəkkürü əsasında yazılmış dəyərli məlumatlar mənbəyi kimi qiymətlidir. İnanırıq ki, bu zəngin topluda əksini tapan hər bir faktoloji, terminoloji və nəzəri məlumatlar neçə-neçə tədqiqatlar üçün tükənməz, əvəzsiz bir mənbəyə çevriləcək.

Biz "Molla Nəsrəddin" ensiklopediyası"nı nəşrə hazırlayıb oxucuların ixtiyarına verən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyliyə, Mətbuat tarixi və publisistika şöbəsinin müdiri Vüqar Əhmədə, şöbənin əməkdaşlarına və bu işdə xidməti olan digər müəlliflərə vətən qarşısında, onun milli-mənəvi sərvətlərinin aşkarlanması, qorunması və xalqımıza çatdırılması istiqamətindəki xeyirxah işlərində uğurlar arzulayırıq!

 





01.02.2021    çap et  çap et