RYAZAN MOTİVLƏRİ
Sergey Yeseninə
Titrədər qəlbini burda heyrətin,-
Gör, gəlin qovaqlar nə təzətərdi.
Onları seirdən ayırmaq çətin,
Onlar Yesenindən tərcümələrdi.
Niyə ləngimədi şimşək çaxmağa?
Körpə uşaq kimi oyanır fikir:
Şair taleyinə şərik çıxmağa
Yaxşı deyiblər ki,kimsə gecikir.
Orda ki, qovaqlar nəğmə deyirmiş,
Qəfil bir xəbərdən qırılıb qalıb.
Yollar da hardasa tələsiyirmiş ,
Ölüm döngəsinə burulub qalıb.
Bu da yarpaqların payız nəğməsi,
Toprağa tapşırar ömrünü bir-bir.
Ürəyimdən keçən ölüm kəlməsi
Sükuta atılan güllə kimidir.
De, hansı insanın taleyi təkdir,
Hanı o adaşım, axtarıb tapam;
Mən də bir "Naməlum qadına məktub",
Mən də ayrılıqdan gələn cavabım.
Oğulmu arayır o gözləri nəm,
Yoxsa ümid kimi közərir ocaq?!
Birdən, Ryazanda elə bilirəm,
Qarşıma gileyli anam çıxacaq.
Bu nədir, közərib yanır arzuda,
Tökülür sinəmə duyğular çayı.
Udduğum havada, içdiyim suda
Yəqin Yeseninin ruhu yaşayır.
Təbiət bir çarpan ürəkdi burada,
Yaşıl fəvvarədir şimal qızları.
Nə İran nəğməsi gərəkdi burada,
Nə də Mərdəkanın süd hovuzları.
Bir gün ayaqları baxmaz sözünə,
Ucalar köksündən ağır bir nida.
Elə an gələr ki, özün-özünə
Deyərsən, görüşək, qardaş, əlvida!
Eh, gəlin qayınlar nə təzətərmiş,
Burada elə gələr eh, sənə hərdən,
Dünya Yeseninli xatirələrmiş,
Elə düşüb qalıb xatirələrdən.
Ryazan,1974
çap et