525.Az

Özümüz özümüzün ən yaxşı dostu olaq - Müsahibə


 

Özümüz özümüzün ən yaxşı dostu olaq - <b style="color:red">Müsahibə</b>

Leyla Xanəhməd ali təhsil ala bilmək üçün böyük çətinliklərdən keçmiş, özünün bu haqqını sözün əsl mənasında güc-bəla ilə əldə etmiş azərbaycanlı qızdır. Onunla danışanda insan düşünür ki, axı valideyn bu qədər aydın, bu qədər işıqlı bir gəncin təhsil almaq haqqını necə tapdalaya bilər? Həm də sadəcə ona görə ki, qız uşağıdır.

Təəccüblüsü də odur ki, bunun səbəbini guya övladlarını qorumaq istədikləri ilə izah edirlər. Halbuki bu, bir uşağın həyatına, onun arzularına, xəyallarına, potensialına kilid vurmaqdır, onun ruhunu öldürüb təkcə bədəniylə həyatda var olmasını istəməkdir. Amma çox şükür  ki, Leyla ona biçilən bütün qəliblərə etiraz edərək, bunlara sinə gərərək həmin mühitdən çıxmağı, özünü reallaşdırmağı bacarıb. İndi o, Amerikada uğurlu bir iş xanımıdır. Yutub kanalında yayımladığı videolarla da ölkəmizdəki gənc qızların mənəvi dəstəkçisinə çevrilib.

-  Leyla, təhsil almaq üçün böyüdüyün ailəyə qarşı uzun müddət mübarizə aparmısan. Bu dönəmdə ümidlərinin qırıldığı, motivasiyadan düşdüyün, ruh düşkünlüyünə qapıldığın zamanlar oldumu heç? Bunlarla necə mübarizə aparırdın?

- Bəli, əlbəttə, motivasiyamı itirməsəm də, fiziki və mənəvi cəhətdən paramparça olduğum günlərim çox olub. Hiss edirdim ki, artıq mən gənc yaşımda həyatımı yekunlaşdırmağa doğru gedirəm. Bilirəm, bu, çox həssas mövzudur. Amma bu yolda arxamda olan, dəstəyini əsirgəməyən, ilham verən amerikalı müəllimlərimin və "Kamil Vətəndaş" məktəbinin təşkilatçısı Həsən Hüseyinlinin yardımı sayəsində bu çətinliklərdən keçməyi bacardım. Əmin idim ki, artıq on səkkiz yaşımdan sonra ailəmin icazəsinə ehtiyacım olmayacaq və mən müstəqil şəkildə həyatıma davam edə biləcəm. Bu fikir mən güc verirdi. Məhz buna görə mən indi bu videoları hazırlayıram. Çünki istəyirəm uşaqlar bilsinlər ki, əgər onlar təhsil, peşəkar inkişaf, şəxsi inkişaf arxasınca getmək, öz yollarını özləri müəyyənləşdirmək istəyirlərsə, mütləq şəkildə güclü olsunlar və öz yolları ilə getsinlər. Burda əsas məsələ maddi müstəqillikdir. Maddi müstəqilliklə insanın həyatında bir çox yollar açılır. Bunu da əlbəttə ki, biliklə təmin etmək olar. Elə indidən ingilis dili öyrənməklə, hər hansı bir bacarığımızı başqasına öyrətməklə qazanc əldə edə bilərik. Məsələn, bizdə çox qızlar, elə oğlanlar da məktəblə paralel musiqi təhsili də alırlar. Onlar bu sahə üzrə də maddi müstəqillik qazana bilərlər. Yəni bunun üçün hansısa yüksək səviyyəli bir şirkətdə işə başlamağı gözləməyə ehtiyac yoxdur.

Mənim mübarizəmdə ən düzgün qərar bu oldu ki, bir nöqtədə qərar verdim ki, ehtiyacım olan tək icazə öz icazəmdir. Mənim heç kimin leqal və ya mənəvi icazəsinə ehtiyacım yoxdur. Əlbəttə ki, leqal olaraq on səkkiz yaşdan yuxarı, mənəvi olaraq isə bu duyğu məktəbin son illərində artıq insanın içində formalaşır. Ona görə də özümüzə bu mənəvi və leqal icazəni verməliyik, öz şəxsi inkişafımızın arxasınca getməliyik.

- Özünə inam, fərdi inkişaf, həm də gender bərabərliyi məsələlərində həssas olmağın paylaşmalarında, hazırladığın videolarda da öz əksini tapır. Sənin üçün gender bərabərliyi məsələsi Azərbaycanda yaşadığın vaxtdan gündəm mövzulardan idi, yoxsa xarici ölkələri gəzib dünyagörüşünü daha da artırdıqca formalaşdı?



- Gender bərabərliyi dedikdə söhbət qadınlara və kişilərə təklif olunan eyni fürsətlərdən gedir. Mənə elə gəlir ki, bu mövzu Azərbaycanda çox araşdırılmır, açıqlanmır deyə, insanların da məlumatı azdır. Buna görə də, bir çoxları həmin bu bərabərlik anlayışını tamamilə səhv qavrayırlar. Bərabərlik sadəcə o deməkdir ki, cinsiyyətindən asılı olmayaraq, insanlar eyni fürsətlərə layiqdirlər. Baxın, ən elementar bir misal gətirirəm: əgər bir qadın avtobus sürücüsü olmaq istəyirsə, bu, ona təklif olunmalıdır və qadın artıq özü qərar verməlidir ki, bunu qəbul etsin, yoxsa yox?

Gender bərabərliyi mövzusunda mənim məlumatım var idi. Amerika məktəbində bizə gender bərabərliyi öyrədilirdi. Oğlanlarla eyni fürsətlərə bizim də layiq olduğumuz, qadınların heç bir şəkildə kişilərdən əskik olmaması, heç bir halda kişilərdən arxada gəlməməsi öyrədilirdi bizə. Bununla yanaşı, feminizm mövzusu da bizdə o qədər yanlış anlaşılır ki, insanlar elə bilir, bu, ancaq qadınlara aid anlayışdır. Feminizim qadınların kişilərlə eyni fürsətlərə sahib olduğunu müdafiə edir. Bu bərabərliyi təmin etmək üçün bunun tərbiyəsi evdə, ailədə başlamalıdır. Buna görə də bizim valideynlərimizin, valideyn olacaq şəxslərin bu mövzularda maariflənməsinə ehtiyac var. Bunun üçün xüsusi bir elmi dərəcə almağa, yüksək təhsilə  ehtiyac yoxdur, sadəcə olaraq internetdən oxusunlar və məlumatlansınlar ki, gender bərabərliyi nədir, bunu ailədə aktiv şəkildə tərbiyə prosesinə necə daxil etmək olar. Təkcə bir neçə araşdırmanın nəticələrini oxumaqla gender bərabərliyinin olmadığı ölkələrdə göstəricilərin necə aşağı olduğunu, gender bərabərliyi olan ölkələrdə inkişafın necə sürətlə gediyini və bu balansın təmin olunmadığı ölkələrin inkişafdan geri qaldığını anlamaq mümkündür.

Buna görə valideyn olmaq istəyən şəxslər birinci növbədə özlərini maarifləndirməli və bunu uşaqlarına da ötürməlidirlər. Bu isə bizdə bir qədər çətindir. Təhsil sferasında tənqidi düşüncənin bir az inkişaf etdirilməsinə ehtiyac var ki, cəmiyyət daha sağlam və adekvat fikirlərə meyilli olsun.

- Leyla, görünür, səndə doğuşdan mübariz bir ruh var. Bu da bütün maneələrə və çətinliklərə rəğmən öz hədəflərinə doğru getməkdə sənə güc verib. Çəkdiyin videolarla həm bu uğurlarını insanlara göstərir, həm də onlar üçün bir motivasiya qaynağı olursan. Xəyallarını arzulara, arzularını hədəflərə çevirməyə qorxan, özünə inamı olmayan gənclərə, xüsusilə qızlara nə demək istərdin?

- İstəyirəm gənclərimiz anlasınlar ki, Azərbaycanda da, ABŞ-da da doğulan insanların hər biri müəyyən maeələrlə rastlaşırlar. Bütün cəmiyyətlərdə insanların qarşısında maneələr olur. Onlara qarşı güclü dayanmaq üçün bizim ilk öncə özümüzə ehtiyacımız var. Biz özümüzün ən yaxşı dostu olmalıyıq və özümüzə ehtiyacımız olanı verməliyik. Əlbəttə ki, burda söhbət konstruktiv seçimlərdən gedir, distruktiv seçimlərdən yox. Mən təklif edirəm ki, ümumiyyətlə, məktəblilər, tələbələr, gənclər özlərinin ən yaxın dostları olsunlar və birinci növbədə özləri özlərini dəstəkləsinlər. Əgər ailədə, məktəbdə, cəmiyyətdə sizi dəstəkləmirlərsə, siz özünüz özünüzə sahib çıxın. Burada birinci nöbədə psixoloji sağlamlıq çox önəmlidir. Bu faktorun əsasında bir az maddi müstəqillik də durur. Çünki maddi müstəqillik olmadıqda biz psixoloqlara, psixoterapevtlərə gedə bilmir və bu distruktiv mühitdən qurtula bilmirik. Psixoloji sağlamlıq çox önəmlidir. Əgər bilirsinizsə ki, sizin məqsədiniz təhsil almaqdır və buna görə kimsə sizə pis baxır, psixoloji olaraq sağlam qalmağa çalışın və sağlam düşünün. Cəmiyyət buna pis baxırsa, deməli, bu, pis bir şeydir düşüncəsi ilə əsla fikrinizi dəyişməyin. Əgər sizin məqsədiniz təhsil almaqdırsa, öz yolunuzda davam edin. İcazə verməyin ki, cəmiyyətin qeyri-adekvat düşüncələri sizin adekvat düşüncələrinizə təsir göstərsin.

Gənclərə sözüm budur: mənəvi cəhətdən o qədər güclü olmaq lazımdır ki, həyatınızı bir başqası üçün yaşamamaq, öz həyatınızı cəmiyyətin kriteriyalarına qurban verməyəsiniz. Özünüzə icazə verin və deyin ki, mən uğurlu olmağı, xaricdə təhsil almağı özümə icazə verirəm. Bunun üçün ehtiyacınız olan tək icazə öz icazənizdir.

Bəzi gənclər mənə yazırlar ki, həyatımız təhlükədədir, mən xaricə, yaxud Bakıya getsəm, məni tapıb öldürəcəklər. Əgər həyatınız təhlükədədirsə, bunu ictimailəşdirmək, mütləq şəkildə polisə xəbər vermək, məhkəməyə müraciət etmək lazımdır. Çünki artıq bu cür distruktiv davranan valideynlər durdurulmalıdır, bu cür hallara son qoyulmalıdır. Gənclər öz valideynlərinin daşınmaz əmlakı deyil. Bunu valideynlər çox çətin başa düşür adətən, amma ən azından, gənclər bunu anlamalı, öz qərarlarını verib düzgün addımlar atmaqdan çəkinməməlidirlər.

Ümid edirəm ki, dediklərim bir çoxlarını ruhlandıracaq və onlar anlayacaq ki, bu, mümkün bir şeydir. Mən özüm də çox gərgin vəziyyətlərdən çıxmışam. Mən bu yolda pxisoloji zorakılıq da görmüşəm, fiziki şiddət də, cinsi təcavüz də yaşamışam. Bütün bunların öhdəsindən gəlmək heç də asan olmayıb. Bu yol çox çətin oldu mənim üçün, amma zəhmətə, əziyyətə dəydi və nəticəsini, bəhrəsini gördüm.

Natəvan ABDULLA

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 





01.02.2021    çap et  çap et