525.Az

Putinlə Bayden anlaşa biləcəklərmi? - Xaqani Cəfərlinin şərhi


 

Putinlə Bayden anlaşa biləcəklərmi? - <b style="color:red">Xaqani Cəfərlinin şərhi</b>

Rusiya və ABŞ prezidentləri arasında ilk telefon danışığının gerçəkləşməsi, strateji hücum silahlarının ləğvi ilə bağlı üçüncü müqavilənin (SHS-3) müddətinin uzadılması haqda anlaşma əldə edilməsi bütün dünyada geosiyasi sabitliyin yaranacağına kövrək ümidlər yaradıb. Bu da  təsadüfi deyil. Hər kəs anlayır ki, İkinci dünya müharibəsindən sonra Yer kürəsində geosiyasi sabitlik Moskva ilə Vaşinqton arasındakı münasibətlərdən birbaşa asılıdır.

Bu iki dövlət arasında müharibə bəşəriyyət üçün ən böyük təhlükə ola bilər. Stokholm Sülh Araşdırmaları İnstitutunun  (SIPRI) məlumatına görə, dünyada mövcud olan 15 minə yaxın nüvə başlığının 90 faizindən artığı Rusiya və ABŞ-ın əlində cəmləşib. Rusiya 7000 ədəd, ABŞ isə 6800 ədəd nüvə başlığına malikdir. Ona görə də, bu iki ölkə arasında nüvə müharibəsi bütün bəşəriyyət üçün təhlükə hesab olunur. Nüvə başlıqlarını daşıyacaq strateji hücum silahlarının ləğvi ilə bağlı ilk müqavilə Moskva ilə Vaşinqton arasında Sovet İttifaqının süqutunun son günləridə imzalanmışdı. Bu müqavilənin imzalanmasından bir ay sonra Sovet İttifaqı süqut etsə də, onun hüquqi varisi sayılan Rusiya üzərinə düşən öhdəlikləri yerinə yetirmişdi.  Strateji hücum silahlarının ləğvi ilə bağlı ikinci müqavilə (SHS-2) 1993-cü ildə imzalnsa da, yalnız 2000-ci ildə qüvvəyə minmişdi. Lakin 2002-ci ildə ABŞ raket əleyhinə müdafiə sistemlərinin məhdudlaşdırılması müqaviləsindən çıxdıqdan sonra Rusiya da SHS-2 müqaviləsindən çıxdığını bəyan etdi.

ABŞ-da Barak Obamanın prezident seçilməsi, həmin il Rusiyada da prezidentin dəyişməsi, Vladimir Putinin yerinə Dmitri Medvedyevin keçməsi Moskva-Vaşinqton münasibətlərində mülayimləşməyə imkan yaratdı. Bunun nəticəsində 2010-cu ildə SHS-3 müqaviləsinin imzalanması mümkün oldu. Lakin Rusiyada Vladimir Putinin yenidən hakimiyyətə qayıtmasından sonra Moskva ilə Vaşinqton arasında münasibətlər yenidən gərginləşdi. Bu, "soyuq müharibə"dən sonra iki ölkə arasında münasibətlərin ən pis olduğu dövrdür.

ABŞ-ın sabiq prezidenti Donald Trampın Rusiya ilə münasibətləri yaxşılaşdırmaq cəhdləri ötən dörd ildə heç bir nəticə vermədiyi üçün SHS-3 müqaviləsinin uzadılması ilə bağlı danışıqlar reallığa çevrilmədi. Co Baydenin prezident seçilməsi ilə bir çoxları SHS-3 müqaviləsinin taleyinin sual altına düşəcəyini güman edirdi. Müqavilənin müddətinin bu ilin fevralın 5-də başa çatacağını və bunun Rusiya ilə ABŞ arasında silahların məhdudlaşdırılmasına dair yeganə qüvvədə olan sənəd olduğunu nəzərə alanda siyasi şərhçilərin narahatlıqlarını anlamaq mümkün idi. Buna görə, Co Baydenin prezident kimi vəzifəsinin icrasına başlamasından bir həftə sonra Moskva ilə Vaşinqton arasında SHS-3 müqaviləsinin müddətinin növbəti beş il müddətinə uzadılması geosiyasi stabiliklə bağlı təhlükənin azalması kimi qəbul edilir.

ABŞ və Rusiya prezidentləri arasında bu anlaşma telefon danışığı zamanı əldə olunub və  dərhal da təsdiqlənmək üçün qanunverici orqana göndərilib. Rusiya parlamentinin yuxarı palatası isə dərhal sənədi təsdiqləyib. Prosesin belə inkişafından sonra bir çox şərhçilər Moskva ilə Vaşinqton arasında münasibətlərin yumşalacağı və hətta yenilənmənin mümkünlüyü haqqında fikirlər səsləndirməyə başlayıblar.

Ancaq Vaşinqtonla Moskva münasibətlərində yenilənmə hazırda mümkünsüz görünür. Bu qənaəti yaradan əsas məqam ABŞ prezidenti Co Baydenin Rusiya ilə münasibətlətdə yenilənmənin olmayacağını rəsmən bəyan etməsidir. Vaşinqtonda hesab edirlər ki, Rusiya ilə münasibətlərin yenilənməsi məhz Vladimir Putinin yenidən hakimiyyətə qayıtması ilə tarixə qovuşub və Moskvada hakimiyyət dəyişmədikcə münasibətlərdə yeni mərhələ olmayacaq.

ABŞ və Rusiya prezidentlərinin telefon danışığından sonra Vaşinqton və Moskvanın yaydığı məlumatların da üst-üstə düşməməsi göstərir ki, iki dövlət arasında ziddiyyətlər çox dərindir. Vaşinqtondan yayılan məlumata görə, Co Bayden telefon danışığında Ukraynanın suverenliyinə birmənalı dəstəyini bildirib, rusiyalı həmkarı ilə ABŞ-a qarşı həyata keçirilən kiberhücum, ABŞ-ın Əfqanıstandakı əsgərlərinin öldürməsilə bağlı Moskvanın Taliban terror qruplaşmasına maliyyə mükafatı vəd etməsi, ən nəhayət, Rusiya müxalifətinin lideri Aleksey Navalnının zəhərlənməsi və daha sonra həbs olunması məsələlərini müzakirə edib. Çox maraqlıdır ki, rəsmi Moskvanın iki prezidentin telefon danışığı ilə bağlı yaydığı məlumatda bu məqamlar yer almayıb. Ancaq Rusiya tərəfi Vaşinqtonun iki liderin telefon danışığı ilə bağlı yaydığı məlumatı da təkzib etməyib. Görünür, bu zaman Vaşinqtonun telefon danışığını açıqlaya biləcəyi nəzərə alınıb.

SHS-3 müqaviləsinin müddətinin beş il uzadılması ümidverici olsa da, çox böyük ehtimalla, bu, Vaşinqtonla Moskva arasında son uğurlu əməkdaşlıqdır. Bundan sonra Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Co Bayden arasında kəskin mübarizənin şahidi olacağıq. Məsələ ondan ibarətdir ki, Co Bayden prezident səlahiyyətlətinin icrasına başladıqdan dərhal sonra ABŞ-a qarşı həyata keçirilən kiberhücum, Əfqanıstandakı əsgərlərinin öldürülməsinə görə Moskva tərəfindən qonorar vəd edilməsi və müxalifət lideri Aleksey Navalnının zəhərlənməsi məsələsinin araşdırılması ilə bağlı kəşfiyyat xidmətinin qarşısına məsul vəzifə qoyub. Qərb mətbuatının məlumatına görə, ABŞ-ın 17 kəşfiyyat xidməti dərhal prezident tərəfindən qarşıya qoyulmuş vəzifənin icrasına başlayıb. Əgər bu məsələlərdə Rusiyanın izinə rast gəlinsə, Vaşinqtonun çox ağır cəza tədbirlərinə əl atacağı gözlənilir. Bu isə Rusiya prezidenti Vladimir Putinin amerikalı həmkarı  Co Baydenlə anlaşa biləcəyini istisna edir.

 





01.02.2021    çap et  çap et