525.Az

Əsgərdən qabaqda general gedir - Kəmaləddin Qədimin şeirləri


 

Əsgərdən qabaqda general gedir - <b style="color:red">Kəmaləddin Qədimin şeirləri </b>

Əsgərdən qabaqda general gedir

Şəhid general Polad Həşimova

Gedir ər oğlu ər, məğrur, qürurlu,
Vətən sevdalısı, əhli-hal gedir.
Gedir alnıaçıq, üz-gözü nurlu,
Gedir, söhbəti bal, dili bal gedir.

Xəbəri varmıdır barı, düşmənin,
Hazırdı kətili, darı düşmənin.
Sındırıb belini qarı düşmənin,
Çəkib sinəsinə qara xal gedir.

Silin gözünüzü, yası unudun,
Yapışın, hərəniz bir yandan tutun.
Çiyinlər üstündə uçan tabutun
gedir, arxasınca bir mahal gedir.

Ölürük, Vətənin torpağı çəkir,
Ölürük, tək Vətən yaşasın təki.
Ancaq qələbə var, o döyüşdə ki,
Əsgərdən qabaqda general gedir...

Közünə şükr...

Düşmənin gözündə qoydu murazın,
Vətən, çörəyinə, duzuna şükr.
Qızıl hərflərlə tarixlər yazır,
Minlərlə oğluna, qızına şükr.

Kimi özümüzə arxa bilirik,
Kimdi yapışmalı yaxa, bilirik.
Artıq kişi kimi baxa bilirik
biri-birimizin üzünə şükr.

Düşməyə az bərkin-boşun qalmayıb,
Quruyub, gözündə yaşın qalmayıb.
Çox da ki, daş üstdə daşın qalmayıb,
Bu bomboz çölünə, düzünə şükr.

Lənətlər yağdırdıq kor yerimizə,
Artıq dolmayacaq qor yerimizə.
Torpağın üstündə gor yerimizə,
Külünə, kül altda közünə şükr.

Deyirlər bir ana xəbərin alıb
yüyürüb Ağdama ayağıyalın.
Şuşada şuşalı bir ağsaqqalın
yenidən nur gəlib gözünə şükr.

Birləşdik ən ağır dərdi-sərdə biz,
Birlikdə güclüyük xeyir-şərdə biz.
Ali rəhbərimiz, Baş sərkərdəmiz
sadiqdi andına, sözünə şükr.

Yüzünü tanıdıq, yüzünü gördük,
Gördük, astarını, üzünü gördük.
Sonunda doğrunu, düzünü gördük,
Min şükr, doğruna, düzünə şükr...

Havanı əsgər dəyişdi

Bu qan yerdə qalmaqdaydı,
Bu qanı əsgər dəyişdi.
Yetmədi əsgərə dua,
Duanı əsgər dəyişdi.

Dağlar dumana qalmışdı,
Bədə, yamana qalmışdı.
Nə var gümana qalmışdı,
Gümanı əsgər dəyişdi.

Hərənin öz davasıydı,
Öz səsi, öz avazıydı.
Davamız söz davasıydı,
Davanı əsgər dəyişdi.

Dərd vardı, dava çatmırdı,
Yurd çatmır, yuva çatmırdı.
Şuşada hava çatmırdı,
Havanı əsgər dəyişdi...

Gücümüz üzə çıxdı

Tanrı gecindən verdi,
Gecimiz üzə çıxdı.
Almırıqmış, aldıqca
vecimiz üzə çıxdı.

Qan doluymuş bağrımız,
Qan hönkürdü çağrımız.
Sıxıldıqca, ağrımız,
acımız üzə çıxdı.

Ən xas günümüz gəldi,
Ən as günümüz gəldi.
Qisas günümüz gəldi,
Öcümüz üzə çıxdı.

Göyərdikcə sözümüz,
Daşdan keçdi düzümüz.
Ağardıqca üzümüz
içimiz üzə çıxdı.

Açıldıqca başımız,
Dindikcə göz yaşımız.
Neçə mərd qardaşımız,
bacımız üzə çıxdı.

Dirrikdə güclüymüşük,
Kürlükdə güclüymüşük.
Birlikdə güclüymüşük,
Gücümüz üzə çıxdı.

Çatıydıq şüşə kimi,
Sıxlaşdıq meşə kimi.
Sonunda Şuşa kimi
tacımız üzə çıxdı...

Ağdam məscidinin işığı yanır...

Vətən müharibəsində şəhid olmuş Əli balamızın anası, şagirdim Gülbəniz xanıma

Qoruyub dupduru, təmiz adını,
Könlündə bir nakam sevginin yası.
Evin kişisidi, evin qadını,
Şəhid atasıdı, şəhid anası.

Di gəl ürək bəslə, ürək-bu çatla,
Olurkən bu boyda dərdin sarbanı.
Bir qız köçürübdü toyla-büsatla,
Bu da oğul köçü, oğul karvanı...

Deyir əriyəcək Murovun qarı,
Çay olur, göl olur su qovuşanda.
Gözləyir bir sabah şəhid ruhları
gəlib qovuşacaq Suqovuşanda.

Al bayraq gəzdirir, qara bağlamır,
Bu rəng ürəyinə dəyir, toxunur.
Səsini içinə çəkir, ağlamır,
Susur ki, Şuşada azan oxunur.

Demir ki, bəxt yatıb, dönərgə dönüb,
Demir ki, bu dərdə necə dayanır.
Deyir ki, baxmayın çırağım sönüb,
Ağdam məscidinin işığı yanır...

Gücümüzü gördülər...

Çox gördük uzanası, açılası qolları,
Lalımızı xoşlayıb, korumuzu sevdilər.
Çıxardıq başımıza bizə gələn yolları,
Başımızda bənd alan yolumuzu sevdilər.

Bünövrəni biz tikdik, üstdə damı başqalar,
İçi-çölü başqalar, arzu-kamı başqalar.
Adı özümüzünkü, dadı-tamı başqalar
bizə xor oxutdular, xorumuzu sevdilər.

Hərə öz dərd-sərində, hərə öz azarında,
Çəkməyə öz dərd-səri alimin, yazarın da.
Lap yuxarı başdayıq dünya neft bazarında,
Ondandır ki, neft dolu borumuzu sevdilər.

Zəif yerlərimizi aradılar, tapdılar,
Gözəl yerlərimizi taladılar, çapdılar.
Haqqımızın üstündə şərə heykəl yapdılar,
Öldürdülər, sonra da gorumuzu sevdilər.

Çox gec bildik "haqqa kar",
"haqqa kor" dünyasıymış,
Gərəkəndə "qana-qan",
"çora-çor" dünyasıymış.
Dünya güc dünyasıymış,
dünya zor dünyasıymış,
Gücümüzü gördülər, zorumuzu sevdilər...

 





01.02.2021    çap et  çap et