525.Az

Qələbənin mühüm cəhətlərinin tarixi prototipləri - Məqalə


 

Qələbənin mühüm cəhətlərinin tarixi prototipləri - <b style="color:red">Məqalə</b>

Zəfərin iki xalqa təsiri

Bir neçə aydır ki, İkinci Qarabağ müharibəsindəki qələbənin vəsfinə həsr olunmuş xoş sözlər, həqiqi məna yükünə malik olan təriflər deyilir, sənət adamları xalqın sevincini tərənnüm etməkdə bir-birilə yarışırlar. Matəm haləsinə bürünmüş uzun illərdən sonra Qələbə ölkəyə bayram əhval-ruhiyyəsi gətirmiş, xalqın özünü təsdiqinə şərait yaratmış və onun öz qüvvəsinə inamını bütünlüklə bərpa etmişdir. Axı son iki əsr ərzində ölkəmizin buna bənzər böyük uğuru, düşməni diz çökdürmək faktı olmamışdı.

Qələbə həm də öz sağlamlaşdırıcı təsiri ilə elə bil ki, xalqı da dəyişdirə bilmiş, harada yaşamasından asılı olmayaraq azərbaycanlıları yumruq kimi birləşdirmişdi. Dünya azərbaycanlılarının həmrəyliyi ideyası çoxdan meydana gəlsə də, onun reallaşmasına, gerçəkləşməsinə böyük miqyasda yalnız 2020-ci ilin noyabrından sonra nail olunmuşdur. Qazanılan zəfər təkcə hərbi parad vasitəsilə qeyd olunmamış, həm də xalqın, millətin düşüncə tərzinə sehrli bir işıq salmış, onu saflaşdırmışdır.

Tarix dünya siyasətinə güclü təsir göstərən qüvvələr nisbətini köklü surətdə dəyişdirməklə, yeni beynəlxalq münasibətlərin formalaşmasına yol açan böyük miqyaslı müharibələrə şahiddir. 1756-1763-cü illərdə gedən Yeddiillik müharibə, Birinci Dünya müharibəsi (1914-1918-ci illər) və İkinci Dünya müharibəsi (1939-1945-ci illər) Yer üzünün xəritəsində mühüm dəyişikliklər əmələ gətirmiş, natsizmi və yapon militarizmini məhv etmiş, yeni fövqəldövlətlərin meydana gəlməsi ilə əlamətdar olmuşdur.

Azərbaycan və Ermənistan savaşı miqyasına və nisbətən kiçik ərazini əhatə etməsinə görə onlarla müqayisə olunmasa da, iki xalqın taleyində oynadığı rola görə olduqca böyük əhəmiyyətə malikdir. Azərbaycan işğal altında olan torpaqlarını bütünlüklə azad etdi, düşmən ordusunu məhv təhlükəsi altına salıb, ölkə hüdudlarından qovub çıxartdı. Ermənistan üçün isə məğlubiyyət əsl fəlakət, faciə xarakterinə yiyələndi, ermənilərin şüurunda baş verən metamorfozaya uyğun olaraq, müstəqil dövlət kimi onlara məxsus varlığı şübhə altına alan dəhşətli fikir meydana gəldi. Dünənə qədər özünü qonşu xalq üzərində qalib hesab etməklə, cəzasız qalacaqlarını güman edən ermənilər daha böyük fəlakətlə üzləşəcəkləri qorxusuna məruz qaldı. Azərbaycan uzun illər davam edən biabırçılıqdan azad olduğu halda, ermənilər daha böyük itkiyə məruz qalmaq təhlükəsini göz önünə gətirərək, dözülməz biabırçı psixoloji durumda yaşamağa başladı və gələcəyə olan ümidini də itirdi.

Qələbəmizin bir sıra mühüm cəhətlərini tarixdə baş vermiş böyük hadisələrdə, onun qədim prototiplərində tapmaq mümkündür. Bu heç də zəfərin əhəmiyyətini şişirtmək, hiperbolaya yol vermək istəyi deyildir. Çünki mənfur düşmən üzərində qazanılan uğur gözlənildiyindən də daha vacib nailiyyətlərə səbəb olduğundan, onun tarixdə mövcud olmuş bənzərliklərlə müqayisə etmək heç də qəbahət sayılmamalıdır. Böyük hadisələrə bir qayda olaraq böyük şəxsiyyətlər imza atır və onların bəzi xüsusiyyətləri sonrakı hadisələrdə də özünü büruzə verir. Digər tərəfdən, tarixi bəzəyən əməliyyatlar, hərəkətlərin də çoxu o qədər də böyük miqyasda baş verməmişdir, hətta xırda məkanda da fədakarlıq, qəhrəmanlıq öz ifadəliyinə görə həmin yerin özünə də şöhrət qazandırır. Bizim eradan əvvəl 480-ci ildə Persiya çarı Ksepksin başçılığı altında 150 minlik ordu Yunanıstana müdaxilə etmək üçün onun şimali-şərqindəki Fermonil keçidindən keçməli idi. Keçiddə onları Sparta çarı Leonidin başcılıq etdiyi 300 spartalı qarşıladı. Persiyalılar onların cəsarətinə təəccüb edirdilər. Onlar xeyli müqavimət göstərdikdən sonra, üçüncü günü son döyüşə girməli idilər. Leonid bəzi döyüşçülərin kədərli olduğunu görüb, onlara dedi: "Onsuz da şamı cəhənnəmdə edəcəyik, gəlin səhər yeməyinizi yeyin". Hamı yaxşı əhval-ruhiyyədə çörəklərini yedi, vuruşa hazır oldular. Onlar düşmənin yağdırdığı oxlardan həlak oldular, lakin qəhrəmanlıqları min illər keçsə də, dillərdən düşmədi.

B.e.ə. 431-404-cü illərdə Afina ilə Sparta arasında gedən Peloponnes döyüşü iki yunan şəhər-dövlətinin (polisinin) düşmənçiliyi, Spartanın təcavüzü nəticəsində baş vermişdi. Sparta Afinanı tutdu, lakin şəhəri viran qoymadı, bir neçə on illik sonra özü də işğal olunmaq təhlükəsi ilə üzləşdi. Fiva çarı Epaminond spartalıları darmadağın etdi, lakin Spartanı tuta bilmədi, yalnız sərkərdənin ölümü şəhəri bu təhlükədən xilas etdi. Öz militarizminə bel bağlayan, qapalı Sparta dövləti sonralar tarixi tərk etdi, b.e.ə. 146-cı ildə  Roma tərəfindən işğal edildikdən sonra imperiyanın bir əyalətinə çevrildi və bir daha dövlət kimi mövcud olmadı. Afina isə yaşamaqda davam etdi, öz mədəni və siyasi irsini bəşəriyyətə töhfə kimi verdi.

Tarixçi Fukidid Peloponnes müharibəsini elə təsvir edir ki, iki Balkan şəhər-dövləti arasındakı müharibə elə bil ki, dünya ağalığı üstündə gedir. Təcavüzkar Sparta Afinanın elmi, iqtisadi, mədəni inkişafına qısqanclıqla yanaşıb, məhv etməklə onun təsir gücünü yoxa çıxartmağa cəhd edirdi. Bəzi paxıllıq mərəzinə tutulmuş müasir dövlətlər də Sparta ilə oxşarlığı özündə büruzə verir.

Qay Yuli Sezarın b.e.ə. 52-ci ildə Qall şəhəri Aleziyanı tutması və sərkərdəVertsinqetorikı əsir götürməsi böyük hay-küyə səbəb olmuşdu.

Bunlar hamısı müəyyən şöhrət haləsinə bürünmüşdür, həmin hadisələrin baş iştirakçıları- müəllifləri görkəmli tarixi şəxsiyyətlər hesab olunur. Azərbaycanın Ermənistan üzərində qələbəsi də ən azı iki xalqın, regionun salnaməsində möhkəm iz qoyduğundan, qədim prototipləri ilə müqayisə onu heç də böyütmək cəhdi kimi qəbul edilməməlidir. Faktın özü qiymətlidirsə, hansısa bir müqayisə onun əhəmiyyətinə əsaslı bir şey əlavə edə bilməz. Elə təsəvvür yaranmamalıdır ki, bütün müharibələr böyük ərazilərdə və nəhəng güclər arasında getmişdir. Azacıq nəzər salsaq görərik ki, Makedoniyalı Aleksandrın persiyalılara qarşı İss və Qavqamala, Hannibalın romalılara qarşı Kann, Trayanın Dakiyadakı, Böyük Karlın, Çingiz xanın, Teymurləngin və Napoleonun apardığı döyüşlər, XVIII-XX əsrlərdə gedən, çox saydakı dövlətlərin iştirak etdikləri müharibələr istisna edildikdə, çox sayda müharibələr miqyasına görə elə bir təəccüb doğuran xarakter daşımamışdır. Ona görə də hansı məqsədlərdən asılı olmayaraq, Azərbaycanın qələbəsini kiçiltmək, adiləşdirmək cəhdlərinin qarşısı alınmalıdır, bu vaxt vuruşan iki xalqa aid olan müsbət və mənfi çalarların göstərilməsi bu məsələdə tutarlı dəlil rolunu oynaya bilər.

Müharibəyə başlamaq qərarının vaxtı

Prototiplərə müraciət edərkən, müharibəyə başlamaq vaxtının düzgün seçilməsi, malik olduğu resursların döyüşlərin şiddətlə və uzun sürməsinə uyğun gəlməsi, qələbənin qazanılacağına xidmət göstərən düzgün planlaşdırma və ona bəslənilən sarsılmaz inam mühüm rol oynayır. Makedoniyalı Aleksandr yürüşü davam etdirərkən logistika məsələlərinə ciddi fikir verirdi.

Dünya tarixində böyük hadisələrin baş verməsi, onu həyata gətirən şəxslərin-əsl liderlərin iradə gücündən, ağıllı riskə getməyə hazır olmasından, qətiyyətli hərəkətindən çox asılıdır. Onlar öz xəttləri ilə tarixə yeni səhifələr yazmaları ilə seçilir.

Bəşəriyyət salnaməsində ən məşhur sərkərdə kimi bir şərəfə sahib olmuş Böyük Aleksandr qeyri-adi cəsarətə, orduya məharətlə pəhbərlik etmək qabiliyyətinə görə, həm də şəxsi igidliyinə görə həqiqətən də unikal bir şəxsiyyət idi. O, 22 yaşında mərhum atasının planlarını həyata keçirmək üçün Asiyaya yürüş etmiş, on il müddətində böyük əraziləri işğal etməklə, o vaxtlar məlum olan dünyanın sonuna çatmağı qət etmişdi. Yorulmuş ordunun tələbi ilə Hindistandan geri dönməyə məcbur olmuşdu.

Atası, Makedoniya çarı II Filipp b.e.ə. 336-cı ildə artıq Yunanıstanda hegemonluğa yiyələndikdən sonra Persiyaya ümumyunan yürüşünü hazırladığını elan etdi. Lakin onu həmin il qızı Kleopatranın toyunda öldürdülər, ona görə də planını həyata keçirə bilmədi.

Oğlu, Makedoniyalı Aleksandr (III Aleksandr) çar oldu, əvvəlcə Yunanıstandakı tayfa üsyanlarını yatırtdı və sonra Persiya ilə haqq-hesabı çürütmək istədi. Çünki b.e.ə. VI-V əsrlərdə Persiya üç dəfə Yunanıstana müdaxilə etmiş, persiyalılar 480-ci ildə Afinanı yandırmışdılar. Ona görə də yunanlarda qisas hissi çox güclü idi. II Filippin planı da, Aleksandrın yürüşü də buna əsaslanırdı. Həm də həmin dövrdə Persiya imperiyası xeyli zəifləmişdi. Aleksandr əvvəlcə Kiçik Asiyanın cənubundakı İoniya yunan dövlətlərini persiyalıların zülmündən "azad etdi", dörd il ərzində Persiya imperiyasının bütün ərazisini işğal etdi. Misirdə onu xilaskar kimi qarşılayırdılar.

Napeleon da 1796-cı ilin noyabrında Milan yaxınlığında düşmən atəşi altında olan Arkol körpüsündə əsgərlərinin qorxub qaçdığını görüb, özü körpü ilə irəli yüyürməyə başlamaqla əsgərlərini ruhlandırdı və fransızlar avstriyalılara qalib gəldilər. Bu döyüş Napoleonun gələcək nəhəng şöhrətinin  başlanğıcı rolunu oynadı.

İnqilab da öz ruhu ilə müharibəyə çox bənzədiyindən, ona başlamaq vaxtının düzgün seçilməsi, gecikməyə yol verilməməsi məqsədə çatılmağa, hakimiyyətin ələ keçirilməsinə şərait yaradan vacib amilə çevrilir. Bu məsələni araşdırdıqda Böyük Oktyabr inqilabı ərəfəsində V.İ.Leninin düzgün mövqe tutub, xalqı inqilaba vaxtında qaldırmasını misal göstərmək olar.

1917-ci ilin iyulunda baş verən Kornilov qiyamı yatırıldıqdan sonra Müvəqqəti hökumətin taleyinə görə qorxuya düşən onun başçısı A. F.Kerenski hamı ilə, bolşeviklərin daxil olduğu sol inqilabçılarla da ittifaqa girmişdi. Onsuz da Müvəqqəti hökumətlə yanaşı, Petroqradda Fəhlə və Əsgər deputatları Sovetləri real hakimiyyətə malik idi. Yenə də "Bütün hakimiyyət Sovetlərə" şüarı irəli sürüldü və bu, əslində, bolşeviklərin hakimiyyəti ələ keçirməsi çağırışı idi.

Həm də Leninə məlumat verilmişdi ki, Avstriya-Macarıstan Birinci dünya müharibəsini tərk edəcək və bu, rus ordusunun vəziyyətinin yaxşılaşdıracaqdır. Cəbhədə qazanılan bir-iki qələbə Petroqraddakı inqilabi ruha zərbə vura bilərdi. Çünki inqilabı məğlubiyyət qidalandırır, meydana gətirir. 1905-ci il rus-yapon müharibəsində Rusiyanın biabırçı məğlubiyyətindən sonra I Rus inqilabı baş vermişdi. Cəbhədə rus ordusunun vəziyyəti ağırlaşanda və böyük itkilər veriləndə 1917-ci ilin Fevral İnqilabı monarxiyanın ləğvi ilə nəticələndi.

Ona görə də Lenin inqilabın gecikmədən başlanmasını tələb edirdi. RSDFP Mərkəzi Komitəsi üzvlərinə yazdığı məktubda deyirdi: "Gözləmək olmaz! Hər şeyi itirmək olar. Çıxış edilməsində gecikmək ölümə bərabərdir". Oktyabrın 24-dən 25-nə keçən gecə bolşeviklərin Hərbi-İnqilab Komitəsi Petroqraddakı strateji əhəmiyyət daşıyan idarələri tutdu və Müvəqqəti Hökumət hakimiyyətdən qovuldu. Lenin Xalq Komissarları Sovetinin sədri oldu.

Avstriya-Macarıstan məsələsinə gəldikdə, 24 oktyabrda imperiyanın əsgərləri Kaperottada italyanlarla döyüşə başlasa da, ağır məğlubiyyətə uğradı, 450 minə yaxın Avstriya-macar əsgəri və 24 general əsir götürüldü. Avstriya-Macarıstanda etnik xalqlar qiyama başladılar. Onun qoşunu müharibəni tərk etməsə də, çox zəifləmişdi.

Uzun müddət idi ki, Azərbaycan qarşısında öz ərazilərini düşməndən azad etmək vəzifəsi dururdu. Bu vacib vəzifə ciddi hazırlıq görülməsini tələb edirdi.

Respublika rəhbərliyi lazım olan bütün hazırlıq tədbirlərini görmüşdü, müharibəni vaxtında başlamaq vəzifəsi də heç də xırda məsələ deyildi. Azərbaycan prezidenti günü- gündən azğınlaşan və atəşkəsi pozan ermənilərə qarşı 2020-ci il sentyabrın 27-də müharibəyə başlamaq əmrini verdi. Döyüşlər uğurla gedirdi və noyabrın 10-da Qələbə təbili çalındı. Belə nəticə müharibəyə başlamağın vaxtının düzgün seçilməsinin də böyük əhəmiyyət daşıdığını göstərdi və hadisələrin gedişi də təsdiq etdi ki, bu cəhət də əsl ustalıq qaydasında nəzərə alınmışdır.

Əgər bir müddət gecikməyə yol verilsəydi, bu, güc sahibi olan dövlətlərini işə qarışmasına, döyüşlərin gedişinin dayandırılmasına, nəticə etibarilə işğalın müddətinin qeyri-müəyyən şəkildə uzanmasına yol açardı. Digər tərəfdən yaxınlaşan və başlayan qış ordunun döyüş əməliyyatlarına və hərbi texnikadan səmərəli istifadəyə böyük maneə törədərdi. Müharibəyə başlamağın gecikməsi həm də digər əngəllərin meydana çıxmasına, təsadüflərin təsirinin artmasına səbəb olardı. Döyüşlər payız günlərində getsə də, yaxşı hava şəraiti də işlərin uğurlu getməsinə şərait yaratdı, axı əməliyyatlar əsasən dağətəyi zonalarda gedirdi.

Ali Baş Komandan İlham Əliyev müharibənin ilk günlərindən sonuna qədər əməliyyatlara bilavasitə rəhbərlik etdi və zabitlərin çox vaxt bəhanə kimi istifadə etdikləri ehtiyatlılıq naminə ləngimələrinə, hücumun zəifləməsinə imkan vermədi. Çünki bəzi yüksək rütbəli zabitlər riskə getməkdən qorxur, hücumun baş tutmayacağını əsas gətirərək, ona fasilə verir, bu isə ordunun, əsgərlərin döyüş ruhuna zərbə vurmamış olmur.

1863-cü ilin iyulun lap əvvəlində ABŞ-dakı vətəndaş müharibəsi gedərkən Gettsburqda yunionistlər (şimallılar) və konfederatlar (cənublular) arasında gedən üçgünlük döyüş yunionistlərin qələbəsi ilə nəticələndi. Şimallıların generalı Qrant cənubluların 32 min əsgərini, 5 generalını əsir götürmüşdü. Şimallıların 1863-cü ilin yayındakı hərbi uğuru vətəndaş müharibəsinin gedişini dəyişdirdi. 4 iyunda tar-mar edilmiş cənubluların ordusu general Linin komandanlığı altında Virciniyaya dönmək istədi. Bu vaxt prezident Linkoln general Midə göstəriş verdi ki, Li ordusu Potomak çayını keçməmişdən onu haqlasın və məhv etsin. Potomakda suyun səviyyəsi qalxdığından cənublular çayı keçə bilmirdi. Əla təbii tələ yaranmışdı, düşmən sadəcə əlin içində idi. Yalnız onu əzmək lazım idi. Lakin Mid ona verilmiş tapşırığa məhəl qoymayıb, hərbi şura keçirtdi və Liyə hücum etmədi. İyulun 14-də suyun səviyyəsi endiyindən cənublular çayı keçib, öz Virciniyalarına qayıda bilmişdilər. Mid ləngiməklə Cənub ordusunun məhvinə mane olmuş, müharibənin də az qala iki il uzanmasına şərait yaratmışdı. Li ordusu məğlub edilsəydi, müharibə başa çatar, əlavə qan tökülməsinin qarşısı alınardı.

Azərbaycan ordusunda belə əməllərin baş verməsinə imkan verilmədi, dağ çayını andıran hücumun şiddəti bir an da olsun azalmadı və 8 noyabrda Şuşa alınanda müharibənin taleyi artıq bütünlüklə həll olunmuşdu.

Qətiyyətlilik uğur qazandırır

Hərb məsələlərində qətiyyətli olmaq, mümkün təhlükələri ağıllı qaydada nəzərə almaq, avantüra meyillərindən uzaq olmaq məqsədin həllinə kömək edir, yaxşı nəticələr verir. Qətiyyətli addım onun müəllifinin bəslədiyi niyyətlərə çatmaq imkanı yaradır. Axı insan özündən sonra nə qoyub getdiyi  ilə böyük olur.

Qalliyadakı döyüşlərdən qazandığı böyük uğurlarla qayıdan Yuli Sezarı triumf əvəzinə Senatın və həmin dövrdə kolleqasız konsulluq edən Pompeyin ədalətsiz münasibəti gözləyirdi. Onun tərəfdarları da sıxışdırılırdı. Sezarın Senatla münaqişəsi əvvəlki illərdən, konsul olarkən başlamışdı. Konsul kimi özünün və müttəfiqlərinin mənafeyi naminə qanunları pozur, xalq tribunlarının etirazına, hətta dini qadağalara məhəl qoymurdu. O, Senatda adamları alçaltmaqdan da çəkinmirdi, bir əleyhdarı olan senator çıxış edəndə, onun başına bir vedrə peyin tökdürmüşdü. Sezar b.e.ə. 49-cu ilin yanvarında qanun icazə vermədiyi halda, Qalliyanı İtaliyadan ayıran kiçik Rubikon çayını bir legionla keçməyi qət etdi. Bu vaxt o, bu hərəkətinin ciddi nəticələrə səbəb olacağını bilirdi, lakin tərəddüd etməyib, "Alea jacta" - "Püşk atılmışdır" deyib, çayı keçdi. Çünki qanun sərkərdəyə ordusu ilə birlikdə Roma ərazisinə girməyə icazə vermirdi. Lakin Sezar Senatın tələbi ilə ordunu buraxsa və Romaya silahsız qayıtsa, əleyhdarları onu məhkum edəcək və Romadan qovacaqdı.

Ölkədə vətəndaş müharibəsi başlandı, Sezar paytaxta müqavimət göstərilmədən daxil olarkən, Pompey ordusu ilə birlikdə Yunanıstana qaçmışdı. Sezar onun arxasınca getdi və b.e.ə. 48-ci ildə Farsaldakı döyüşdə Pompey qüvvələrini məğlub etdi. Bu dəfə də sığınacaq tapmaq üçün Misirə qaçan Pompey orada da öldürüldü, Sezar isə Misirdəki sarayda hakimiyyət dəyişikliyi etməklə, ölkəni Romanın nüfuz zonasına daxil etdi. B.e.ə. 30-cu ildə isə Misir Romanın əyaləti oldu.

Sezar Romaya qayıtdıqdan sonra çar səlahiyyətlərinə yiyələndi, lakin b.e.ə. 44-cü ilin martında respublika quruluşu tərəfdarlarının təşkil etdiyi sui-qəsddə öldürüldü.

Sezar qətiyyətli hərəkət etməklə Senatın və Pompeyin ədalətsiz münasibətinə cavab vermək istəmişdi, lakin dövlətə zərbə vuran vətəndaş müharibəsinə yol açmışdı. O, Rubikonu keçəndə yalnız öz şəxsi mənafeyini güdmüşdü, qanuna, vətəndaş müharibəsinin başlanacağı variantına məhəl qoymamışdı və gələcək şəxsi fəlakətinin də baş verməsinə şərait yaratmışdı.

Azərbaycanda isə Prezident qətiyyətli hərəkəti ilə birinci növbədə xalqın ümdə mənafeyinə xidmət etmişdi, heç bir şəxsi məqsəd güdməmişdi. Xalqının və ölkəsinin üstündən işğalın biabırçı damğasını silib təmizləməklə, düşməni doğma torpaqlardan qovmaqla, yalnız ölkənin ərazi bütövlüyünü bərpa etmək məqsədini güdmüşdü. Həm də o, nə öz dövlətinin qanunlarını, nə də beynəlxalq hüququn norma və prinsiplərini pozmamışdı.

Digər bir tarixi şəxs, Napoleon təkcə döyüş səhnəsindəki Austerlits, İena döyüşlərində qazandığı böyük qələbələrə görə şöhrət tapmamışdı. Uğursuzluqları ilə əlaqədar 1814-cü ildə Aralıq dənizindəki Elba adasının idarəçiliyinə sahib olmağa göndərildikdən bir il sonra, 1815-ci ilin martın 1-də üzüb, Fransa sahilinə çıxmışdı. Bu olduqca riskli hərəkət idi. Kral XVIII Lüinin onun həbs etməyə göndərdiyi marşal Ney söz vermişdi ki, Napoleonu "dəmir qəfəsdə gətirəcəkdir". Lakin o, qorxmadan əsgərlərin qabağına çıxıb, sinəsini açaraq onu vurmağı əmr etmişdi. Əsgərlər, marşal Ney də onun tərəfinə keçdi. Napoleon öz qətiyyəti ilə şəxsiyyətinin bütövlüyünü bir daha təsdiq etmişdi. O, Parisə daxil olanda, kral qaçmışdı və onun bərpa olunan hakimiyyəti əlavə "yüz gün" davam etdi. 1915-ci il 18 iyununda Vaterloodakı ağır məğlubiyyətindən sonra o, MüqəddəsYelena adasına sürgün edildi və altı il sonra orada öldü. Lakin onun döyüşlərdə nümayiş etdirdiyi yüksək sərkərdəlik məharəti ilə yanaşı, Elbadan qaçdıqdan sonrakı cəsarəti və qətiyyəti onun şərəf salnaməsini daha da bəzəyir.

Mahatma Qandi 1914-cü ildə vətəni Hindistana dönənə qədər Cənubi Afrika Respublikasında vəkil işləyərkən ağların ağalığına qarşı, hindli köçkünlərin siyasi hüquqları uğrunda mübarizə aparmış, işgəncələrə məruz qalsa da, tutduğu yoldan bir an da olsa çəkilməmişdi. O, zorakılıqsız müqavimət taktikasını işləyib hazırladı, bu, "satyaqraxa" ("həqiqətdə inadkarlıq" demək idi) təlimi idi. Hindistanın müstəqilliyi uğrunda onun mübarizə taktikalarını Hindistan Milli Konqresin partiyası öz ideya silahı kimi istifadə etdi.

Mahatma Qandi zorakılıqsız mübarizəni təbliğ və tətbiq edəndə, istər Cənubi Afrika Respublikasında, istərsə də öz vətənində hər cür təqiblərə məruz qalsa da, qətiyyəti və polad iradəsi hesabına öz mübarizə üsulundan bir an da olsun geri çəkilmədi.

XX əsrin digər görkəmli siyasi xadimi Uinston Çörçill Böyük Britaniya Hitler ordusunun hava hücumlarına qarşı gücsüz olan bir vaxtda, 10 may 1940-cı ildə baş nazir təyin edildi.  Bu vaxt ölkədə Hitlerlə sülh müqaviləsi bağlamaq tərəfdarları da az deyildi, kral ailəsində də Hitlerə pərəstiş edənlər var idi. Keçmiş kral VIII Eduard natsist rəhbərliyinə yaxınlığı ilə seçilirdi. Belə bir şəraitdə Çörçill son ingilis qalana qədər Hitler Almaniyası ilə vuruşmaq mövqeyində dayanmışdı. O inanırdı ki, natsizm ilə heç bir kompromis ola bilməz. İyun ayında Fransa almanlara təslim olub, mübarizə sırasını tərk edəndə, Böyük Britaniya hərbi cəhətdən çox güclü Almaniyaya qarşı təkbaşına müharibə aparmalı oldu. Lakin Almaniya Britaniya adalarına müdaxiləsinin vaxtını geri çəkməyə məcbur oldu və onun niyyəti baş tutmadı. Lakin Çörçill qələbəyə inamını itirmirdi və o, Müttəfiq ordularının alman natsizmi, Hitler üzərində 1945-ci ilin mayında qazandığı parlaq qələbənin arxitektorlarından biri oldu.

Qətiyyətli hərəkət etmək, iradə möhkəmliyi, verdiyi qərarın icrasına görə məsuliyyətdən qaçmamaq bir qayda olaraq liderə hörmət qazandırır, onun nüfuzunu artırır. Ruhdan düşənlər də liderin mövqeyinin sarsılmazlığından nəticə çıxarır, onların özündə də qarşıdakı çətin, lakin mümkün olan qələbəyə inam yaranır.

1941-ci ilin payızında alman ordusu Moskvaya çox yaxınlaşanda, hökumət, nazirliklər Kuybışev şəhərinə köçmüşdü. 16 oktyabrda İ.V.Stalin Moskvanı tərk etmək üçün dəmir yol vağzalına gəlmişdi, o, perronda xeyli gəzişdikdən sonra düşüb maşina əyləşib, Kremlə qayıtdı.

O, mühasirə vəziyyəti elan etdi və şəhərdə hərbli qayda qoydu və belə bir əmr verdi: "Moskva sonuncu sakinə kimi müdafiə ediləcəkdir".

Noyabrın 7-də isə Oktyabr inqilabının ildönümünə həsr olunmuş hərbi paradda Mavzoleyin tribunasından əsgərləri salamladı. Parad göstərdi ki, Moskva yaşayır, vuruşa kömək edir. Dekabrın 6-da isə Sovet ordusu əks-hücuma keçib, alman qoşunlarını paytaxtdan 200 km uzaqlaşdırdı. Hərbi parada gəldikdə, bu qeyri-adi tədbir bütün dünyada böyük əks-səda yaratdı.

Digər bir misal isə müasir dövrümüzə aiddir. 2011-ci ilin mart, aprel aylarında görünməmiş tsunami Yaponiyanın şimal-şərq sahilinin xeyli hissəsini yuyub, okeana tökdü. "Fukusima-1" atom elektrik stansiyasında həmin dərəcədə olan görülməmiş bir qəza baş verdi. Tokioda radioaktiv maddələrə yoluxma təhlükəsi çox böyük idi.Xarici səfirliklər paytaxtdan yüz kilometrlərlə aralı olan cənubi-qərbə qaçdılar.

Hökumət imperator Akixitoya şəhərdən çıxıb, 500 km məsafədə olan Kiotodakı köhnə imperator sarayına köçməyi təklif etdi. Hamı istəyirdi ki, mikado paytaxtı tərk edib, təhlükəsiz yerdə yaşasın. İmperatorun isə buna cavabı lakonik "mümkün deyil" (yaponca "arienay") sözü oldu. Səbəb kimi isə onu irəli sürdü ki, axı Tokio əhalisi evakuasiya edilməmişdir. Bu, Akixitonun qətiyyətini, xalqın əsl rəmzi olduğunu bir daha göstərdi. Onsuz da imperatorun ölkədə mövcud olan böyük nüfuzu bu hərəkəti ilə daha da artdı.

Digər bir hadisə isə böyük şəxsiyyətlərin deyil, sıravi yapon məmurunun vətən qarşısındakı borcuna sədaqətini, buna görə əsl fədakarlıq göstərməsini nümayiş etdirir. "Fukusima-1" atom elektrik stansiyasında tsunami nəticəsində baş verən qəzaya həm də yanğın əlavə olunmuşdu. Yanğın geniş miqyas alsa və bloklar partlasa, radioaktiv şüalanma təhlükəsi təkcə şəhər üçün deyil, bütün ölkə üçün ölümcül ola bilərdi. Tokio yanğınsöndürmə idarəsinin rəisinə göstəriş verildi ki, komandası ilə birlikdə həmin yanğını söndürməyə getsin. Bu əmrin icrası ölümün ağuşuna atılmağa bərabər idi. Rəis arvadına zəng edib, vəziyyəti çatdırdı və atom stansiyasına getdiyinə görə onunla vidalaşmaq istədi. O gözləyirdi ki, xanımı ona ehtiyatlı olmağı, özünü qorumağı deyəcəkdir. Arvadı isə ona qısa, əmrə bənzəyən bir şəkildə dedi: "Yaponiyanı xilas et!" Bu onun fədakarcasına işə girişməsi qərarlılığını daha da möhkəmləndirdi. Onlar yanğını söndürə bildilər və sağ qaldılar, Yaponiya da Çernobıl təhlükəsindən xilas olundu. Göründüyü kimi, vətənin müdafiəsinə atılmaq, tərəddüd etməmək öz mükafatı kimi insanın həyatını da hifz edə bilir.

Müharibədə yeni və səmərəli silahın rolu

Müharibədə döyüşlərin taleyini həll edən, tərəflərdən birini qələbəyə çatdıran mühüm amillərdən biri istifadə olunan silahların bolluğu və səmərəliliyidir. Silahın yeni olmasından, digərlərindən keyfiyyətcə və sürət etibarilə üstün olmasından çox şey asılıdır. Müharibədə insan ağlı və fərasəti sınağa çəkildiyinə görə daha mükəmməl silah, hücum və müdafiə vasitələri mühüm rol oynayır. Bir silah növü nə qədər fayda verməsindən asılı olmayaraq onun gücünə aludə olmaq, onun qələbəyə çatdıracağına bel bağlamaq nəticə etibarilə fayda vermək əvəzinə, onu fetişləşdirəni məğlubiyyətə yaxınlaşdırır. Napoleon quru döyüşlərində taktiki möcüzələr göstərirdi, sərəncamında olan artilleriyadan və canlı qüvvədən səmərəli istifadə etməkdə özünə bərabər olan sərkərdə tanımırdı, bu səbəbdən də tərkib etibarilə ikiqat üstün olan rəqibini ağır məğlubiyyətə düçar edirdi. Lakin onun hərbi-dəniz donanması başlıca düşmən hesab etdiyi Böyük Britaniyanınkından xeyli zəif idi. İngilis admiralı Horatsi Nelson Napoleon Misirdə vuruşarkən fransızların Abukirdəki hərbi gəmilərini məhv etmişdi. 1905-ci ilin oktyabrında isə Nelson Trafalqar körfəzində fransızların və ispanların birgə hərbi donanmalarını darmadağın edib, Napoleonun məğlubedilməzlik mifinə ağır zərbə vurmuşdu. Həmin döyüşdə Nelson özü həlak olsa da, heybətli düşməninə qarşı mübarizədə İngiltərəyə əvəzsiz xidmət göstərmişdi.

Birinci Dünya müharibəsində almanlar İngiltərəyə qarşı dəniz döyüşlərində sualtı qayıqlardan geniş istifadə etmişdi. Kayzer II Vilhelm Britaniya hərbi-dəniz qüvvələrinə nisbətən üstünlük əldə etmək üçün dəniz silah növü kimi submarinlərə ciddi fikir verirdi. Onların tətbiqi nə qədər mükəmməl olsa da, fayda versə də, təkcə bir silahla müharibədə qalib gəlmək mümkün deyildir və nəticə etibarilə Almaniyanın liderlik etdiyi Mərkəzi dövlətlər adlanan ittifaq Antantaya uduzdu.

İkinci Dünya müharibəsində isə Hitler Atlantik okeanda ağalıq etmək üstündə gedən dəniz döyüşlərində sualtı qayıqların böyük rol oynadıqlarına məhəl qoymayaraq, suüstü gəmilərin qayırılmasını prioritet əhəmiyyətli hesab edirdi. Onun böyük ümid bəslədiyi "Bismark" nəhəng hərb gəmisi ilk döyüşə başlamamış ingilislər tərəfindən partladılıb batırıldıqda, Hitlerin ümidləri də puç oldu.

Azərbaycan ordusu İkinci Qarabağ müharibəsinə hərtərəfli qaydada hazırlaşdırılmışdı, ən yeni silahlarla, hərbi texnika və pilotsuz uçuş vasitələri ilə təchiz edilmişdi. Döyüşlərin ilk günlərindən düşmənlə müqayisədə Azərbaycan ordusu daha yaxşı silahlanması ilə fərqlənirdi. Ermənistan isə bir neçə il ərzində döyüş xəttində tikdiyi möhkəm istehkamları ən güclü müdafiə silahı hesab edib, onlara bel bağlayırdı. İşğal etdiyi əraziləri fransızlarınkına bənzər yeni Majino xətti ilə qoruyacağına əmin idi, istehkamları ötüb keçmək imkanlarına isə məhəl qoymurdu. Əlbəttə, istehkam səmərəli müdafiə qurğusudur, lakin onu bütün hücumlara davam gətirə biləcək panatseya olduğuna inam bəsləmək ağılsızlıqdan başqa bir şey deyildir.

(Ardı var)

 





02.02.2021    çap et  çap et