525.Az

Xeyirxah insan, qayğıkeş dost - Umud Mirzəyevin 60 yaşına


 

Xeyirxah insan, qayğıkeş dost - <b style="color:red">Umud Mirzəyevin 60 yaşına</b>

Göz yaddaşımız uca dağları heç vaxt başı qarsız təsəvvürə gətirməz. Bu yapıncı cangüdəndir, gur çaya çevrilmək amalı ilə yola çıxan durna gözlü bulaqların qidası, güc mənbəyidir.

İnsan min illərdir belə mənzərənin əbədiliyi peşindədir. Görkəminə, xeyirxahlığına, dözümünə, iradəsinə... görə ağsaqqal adlandırdığı əbədilik rəmzinin dilindən heç vaxt "bəsdir, yoruldum, bezdim, məni rahat buraxın" kəlmələrini eşitməyəcəyinə arxayındır. Bir anlığa əksini təsəvvürə gətirsək, nələrlə qarşılaşarıq. Həyat çökər, gözdoymaz mənzərələri ölü peyzaj əvəzləyər, dodaqlardakı təbəssüm qum örtüyündən gözə görünməz olardı. Bəli, nəciblik, həssaslıq, başqalarının qayğılarına, problemlərinə şəriklik, ömür-gününü faydalı işlərə sərf etmək hər kişinin daşıya bilməyəcəyi ağır yükdür. Ağsaqqal ifadəsi isə belə əməllərin dəyərləndirilməsinin ən ali mükafatıdır.

Gəzib dağın-dərənin
Qoynunu qarış-qarış.
Təşnəyəm - çeşmələrin
Gurunu axtarıram.

Diqqətli oxucu, bu mübariz ruhlu nikbin bəndin prototipi müəllifinin özüdür - Umud Rəhim oğlu Mirzəyevdir. Fevralın 1-də yubileyidir, 60 yaşına qovuşur. Tanışlığımızın 30, dostluğumuzun 20 illik stajı var. O, yaşıdlarının hamısından erkən ağsaqqal tituluna layiq görülüb. İndisə belə müraciətləri çəkinmədən qəbul edə bilir. Əməli ilə yanaşı, yaşı da buna imkan verir. Gümüşü saçların ona meydan hərəkatının tuyğan etdiyi vaxtda yaşatdığı təhlükələri təbəssümlə yada salır. Xalqımız ikinci müstəqilliyi uğrunda mücadiləyə qalxanda və yanvarın 20-sində  "Ədəbiyyat və incəsənət" qəzetinin şöbə müdiri Umud Rəhimoğlu redaksiyada "işdə qal" xəbərdarlığına məhəl qoymadan gününü meydanlarda keçirən sözəbaxmaz əməkdaşlardan biri idi. Fəallığından əlavə, görkəmi də dəfələrlə onu ələ vermişdi. Həmin təhlükəli vəziyyətlərdən birini təbəssümlə xatırlayır. Milis zabitinin onu əli ilə göstərərək "ağsaqqal çox canfəşanlıq edir" deməsindən bilmişdi ki, ehtiyatı əldən versə, həbs olunacaq.

Umud müəllimim çalışdığı, əməkdaşlıq etdiyi sahələrdəki sanballı xidmətlərindən geninə-boluna silsilə yazılar qələmə almaq mümkündür. Mənsə qısa və konkret danışacam.  Cəsarət tapıb şairin təvazökarlığı ucbatından günümüzədək sandığında yatıb qalan, fəqət 5-6 kitaba bəs edəcək şeirlərindən söhbət açacaq, yekunda həmin konteksdə qəti fikir səsləndirəcəm: "Umud Rəhimoğlu, sən deməsən də, biz bilirik ki, şairsən. Xəsislik etmə, o sandığın ağzını aç, qoy zər qədrinə zərgərlər dəyər versin".

Biz yaxşı bilirik ki, söz əhlinə həmişə həssas yanaşırsan. Xeyir-şərlə bağlı açıb-ağartmadığın qayğı nümunələrindən danışmasan da, neçə-neçə imkansız müəllifin kitabını çap etdirmisən. Özü də çoxunu rəhbəri olduğun Beynəxalq Avrasiya Mətbuat Fondunun  xətti ilə. Sayları kifayət qədərdir.  Ulu ehkama sədaqət nümunəsi olaraq gördüyün işləri reklam etməyi xoşlamırsan. Sağ əlin verdiyini sol əl bilirsə, nə hacəti?!

Umud müəllim səxavət nümunələrimizdəndir. Paradoks! Bəs niyə ondan şeirlərini maqqaşla qoparırıq? Yadındamı, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna qəbulda qayda var idi ki, kitabı çıxanlara üstünlük verilsin. Dörd-beş şeir göndərdin. Dünyanın bu nüfuzlu yaradıcılıq təhsil ocağında arif adamlar cəmləşib. Bir-ikisini oxuyan kimi qənaətə gəlirlər: bu adamdan şair, yazıçı olar, ya yox. İnstituta qəbul olundun. Azərbaycana qayıtdın, problemləri dəf etməyi bacarıb bürokratiyaya qalib gəldin, "Ədəbiyyat və incəsənət" qəzetinə işə götürdülər. Çap olunmaq arzusunda olanlar səni ümid yeri sayırdılar.

Əsrlər uzunu təzə-tər qalıb,
Gör bizə nə qədər bal-bəhər qalıb,
Hələ dərilməmiş meyvələr qalıb
Bizim muğamların zil budağında.

Gəlin, Monqolustanda sərhəd telləri önündə azərbaycanlı əsgərin düşüncələrindən bir bəndə nəzər salaq:

Mənim kirpiklərim sərhəd dirəyi
Ətalət gözümə yol tapmaz yatam!
Sinəmin altında əsgər ürəyi,
Özüm sülh arzulu bir kainatam!

Bu lövhələr ona doğulduğu, boya-başa çatdığı Füzulinin Aşağı  Əbdürrəhmanlı kəndindən tanışdır. Atası Rəhim kişi sürücü kimi gündəlik müşahidə etdiyi bu mənzərələrdən danışanda hiss olunurdu ki, daxilindən bir xiffət, ağrı-acı keçir. Umud Rəhimoğlu günümüzədək Güneyimizin söz sərrafları ilə mütəmadi əlaqə saxlayır. Böyük Şəhriyarın yadigarı olan Hadi ilə ailəlikcə dostdur. Təbriz və Bakı görüşləri bir növ ədəbi məclislərə dönüb.

May be an image of 1 nəfər

İstərdim "525-ci qəzet"in istiqamətini əsas götürərək Umud Rəhimoğlu imzasının ədəbiyyatımız üçün necə gərəkli olduğuna aydınlıq gətirməkdə davam edim. Əlimə düşən "Ayaqqabı" şeirinin bədii məziyyətlərini səciyyələndirim. Bir hissəsini oxuyaq, görərsiniz ki, fəlsəfi mahiyyətinə görə şərhə ehtiyac yoxdur:

Ayaqlarda evlərin dəhlizinədək
gətirirlər səni.
Fəqət evə buraxmazlar
içəri dəvət olunmayan
qonaq kimi.
Qapının ağzında qalarsan,
Beləcə günlər ötüşər.
Ayaqlarda itər ömrün,
Ayaqlarda bitər ömrün.
Yazıq!..

Umud müəllimin rəhbəri və nümayədəsi olduğu təşkilatları sıralasaq, bəzilərində elə təsəvvür yaranar ki, o, şairliyini karyeraya qurban verib. Uzun illər dostluq etdiyim insanın şəxsi keyfiyyətlərinə yaxından bələd olduğumdan deyərdim ki, tam yanlış yanaşmadır. Umud Mirzəyevin xeyirxahlıq çevrəsi sərhəd tanımır. Yaxınları, doğmaları, hətta heç tanımadığı adamları əhatə edir. Təvazökarlığı imkan vermir ki, ictimaiyyət yüzlərlə nəcib əməlindən xəbər tutsun. Bu mövzuda da dəfələrlə söhbətlərimiz olub. Deyib, borcumdur - adətən təmannasız adamlar belə düşüncəyə malikdirlər.

U.Mirzəyev onu tanıyanları işgüzarlığı ilə də heyrətdə saxlayır. Çəkinmədən bal arısına bənzədərdim. Yəni bir şanının ərsəyə gəlməsi üçün nə qədər fasiləsiz qanad çalınmalıdır. Bu keyfiyyətlərinə görə də əminəm ki, erməni işğalından azad olunmuş Qarabağımızda bərpa edilən nümunəvi yurdlardan biri də onun doğma kəndi olacaq. Atası Rəhim kişi dünyasını dəyişəndə rahatca Bakıda da dəft edə bilərdi. Amma riskə, qorxu-hürküyə əhəmiyyət vermədən məzarını ata-baba qəbiristanlığında qazdı, ağac əkdi, vaxtilə kəndi su ilə təmin edən kəhrizləri təmizlədi, gözlərini açdı, onlara ikinci həyat bəxş etdi.

Mən zəfərli müharibəmizin ilk günlərindən onunla qələbə sevinclərimizi bölüşmüşəm. 44 gündə Bakıda cəmi bir-iki dəfə tapa bildim. Sorağı qələbə müjdələrinin yerlərindən gəlirdi, tək deyildi, xarici jurnalistlərə bələdçilik edirdi. Buna ürəkdən girişdi, üstəlik, BAMF-ın funksiyası da bu cəhətdən təşkilatçılığı diktə edirdi. Qonaqlarının çoxu ilə hələ 1992-ci ildən tanışlığı var idi. Kimlərinsə başı mitinqlərə qarışanda xarici həmkarları ilə cəbhəyanı bölgələri gəzir, erməni barbarlığının əyani görüntüləri ilə tanış edir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına yardımını əsirgəmirdi. Bu səfərlər həm də ona görə təhlükəsiz reallaşdırılırdı ki, Umud müəllim hər qarışa bələd idi. 

Mətbuat Şurası yaranandan sonra onunla biz də həmin əraziləri dolaşmışıq. Sağ səngər - sol səngər, minalar basdırılmış təhlükəli zolaqları elə ehtiyatla keçməlisən ki, kiməsə peşmançılıq yaşatmayasan. Düzü, Umud müəllim belə şəraitdə sükanı özündən başqa heç kəsə etibar etməməsi doğru addım olub.

Umud Rəhimoğlu çalışdığı sahələrdə novatorluğun, faydalı, müasir dövrlə səsləşən, reallığa söykənən təşəbbüslərin, ideyaların müəllifidir, yüksək təşkilati bacarığa malikdir, işindən zövq alır, yoruldum demir, giley-güzar dilinə gəlmir. Rəhbərlik etdiyi BAMF-ın nəinki ölkəmizdə, keçmiş postsovet məkanında, deyərdim ki, alternativi yoxdur. BMT-dən xüsusi statusa malik olmaq hüququnu almaq üçün nə qədər işgüzar, bacarıqlı olmalısan. Ötən müddətdə o, özünü və təşkilatını təsdiqləyə bilib. BMT-də, digər nüfuzlu beynəlxalq qurumlarda şəstlə açdığı qapılarda yaxşı bilirlər ki, bu vətənpərvər azərbaycanlının yenə hansısa beynəlxalq əhəmiyyətli layihəsi var - təbii ki, Azərbaycan həqiqətlərinin təbliği ilə bağlı. Biz bununla əlaqədar nəinki xaricdə, eləcə də Azərbaycanda aktual mövzularda tədbirlərin keçirilməsinə, ölkəmizə sanballı ekspertlərin gətirilməsinə adətkərdəyik. BMT-nin, ATƏT-in müvafiq qurumları, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası və sair təşkilatlar BAMF vasitəsilə ən aktual mövzularda seminar, treyninqlər, konfranslar düzənləməkdədirlər.

Umud Mirzəyev Azərbaycan Mətbuat Şurasının və Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə heyətlərinin üzvüdür. MŞ sədrinin müavinidir. Mülayimliyi və barışdırıcı mövqeyi təşkilatların missiyalarına uyğundur. Mətbuat Şurasının Əsasnaməsinin qayəsində şikayətlərə baxılarkən tərəflər arasında anlaşma yaradılması dayanır. Hər dəfə bunun şahidi oluruq.

Bakıyla Tərtər arasında məsafə təqribən 400 kilometrdir. Umud müəllimin həftədə bir neçə dəfə bu yolu qət etməsi işinin mahiyyətindən doğur. Bunula Yer kürəsini dövrə vurmaq olardı. Tərtərlilərin onu şəhərlərinin fəxri vətəndaşı seçmələri göstərir ki, Umud Rəhimoğlu orada da xeyirxahlığından qalmır. 

Bəli, bu yol onun ömür yoludur, yüzü aşacağına əminik!

 





02.02.2021    çap et  çap et