525.Az

Rəşadətin misilsizdir, Vətən oğlu! - Yazı


 

VƏTƏN MÜHARİBƏMİZİN QAZİLƏRİ SIRASINDA "CƏSUR DÖYÜŞÇÜ" MEDALLI SEYİDAĞA İSMAYILOV DA VAR

Rəşadətin misilsizdir, Vətən oğlu! - <b style="color:red">Yazı</b>

Vətən müharibəsi başlanan gündən Ali Baş Komandanın əmri ilə hərbi xidmətə Şabran rayonundan çağırılan qəhrəmanlarımızdan biri də İsmayılov Seyidağa Zabit oğludur.

Qarabağ uğrunda müharibəyə qəlbən sevinən və qələbəyə bütün varlığıyla inanan cəsur döyüşçü müzəffər ordumuzun sıralarında mənfur düşmənə qarşı qəhrəmancasına döyüşdü, əzəli torpaqlarımızın azadlığı uğrunda gözünü qırpmadan önə atıldı. Müqəddəs borcunu layiqincə yerinə yetirərək Vətən müharibəsinin məğrur qazisi oldu. Evinə, ailəsinin yanına qalib Azərbaycan ordusunun qalib əsgəri kimi qayıtdı.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamı ilə İsmayılov Seyidağa Zabit oğlu "Cəsur döyüşçü"medalı ilə təltif olundu.

Qazilərimiz və bütün xalqımız üçün isə ən böyük mükafat, sözsüz, Qarabağın azadlığı oldu. Otuz ilə yaxın yağı düşmənin, erməni vandallarının işğalı altında olan, bir milyondan çox məcburi köçkünün, on milyon xalqın hər gün, hər an həsrətini çəkdiyi Qarabağ bu gün yenə də əzəldən aid olduğu xalqa məxsusdur. Otuz ildən sonra yenidən o torpaqlarda əzan səsi ucalır, doğma qədəmlər gəzir, o daş, o torpaq doğma səs, doğma dil eşidir. Bir milyondan çox məcburi köçkün artıq iki aydan çoxdur ki, öz yurdlarına yenidən qayıdacaqları günü daha böyük səbirsizliklə gözləyirlər.

Bütün bunlar cənab Ali Baş Komandanın rəhbərliyi, rəşadətli Azərbaycan ordusunun, Seyidağa kimi vətənpərvər, cəsur oğullarımızın qəhrəmanlığı sayəsində baş tutdu. Müharibə itkisiz omaz. Biz də Vətən müharibəsində üç minə yaxın Vətən övladını şəhid verdik. Onların qanı qarışan torpaq Vətənimizə, ruhu uçan göylər and yerimizə çevrildi. Bütün şəhidlərimizin, qazilərimizin, Vətən müharibəsi iştirakçılarının qarşısında baş əyirik. Çünki onların rəşadəti misilsiz, qəhrəmanlıqları unudulmazdır. Çünki biz bu gün onların cəsarət və mətanəti sayəsində daha böyük inamla "Qarabağ Azərbaycandır!" deyirik.

Aytən İSMAYILQIZI

 





02.02.2021    çap et  çap et