525.Az

Xarıbülbülün yurdunda şəhadətə yüksələn igid - Anım


 

XÜSUSİ TƏYİNATLI DÖYÜŞÇÜMÜZ ÜMİD NOVRUZLU "VƏTƏN UĞRUNDA" VƏ "ŞUŞANIN AZAD EDİLMƏSİNƏ GÖRƏ" MEDALLARI İLƏ TƏLTİF OLUNUB

Xarıbülbülün yurdunda şəhadətə yüksələn igid - <b style="color:red">Anım</b>

"Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü" deməyin. Əksinə, onlar  diridirlər, lakin siz onların canlı olduğunu hiss etməzsiniz" (Bəqərə surəsi, 154). Müqəddəs Kitabımızda qeyd olunan bu ayə şəhidlərə verilən ən böyük dəyərdir və orada da bəyan edildiyi kimi, şəhidlik ali mərtəbədir.

Şəhid olmaq sıradan bir ölüm deyil. Peyğəmbərimiz (s.a.v.) şəhidliyin nə demək olduğunu dəyərli hədislərində bizə açıqlamışdır: "Cənnətə girən heç bir kimsə yer üzündəki hər şey özünün olsa belə, dünyaya geri dönməyi arzu etməz. Ancaq şəhid müstəsna! Şəhid, gördüyü aşırı etibar və ikram səbəbi ilə təkrar dünyaya dönməyi və on dəfə şəhid olmağı istəyər".

Yaşadığımız dünyada elə günlər vardır ki, heç zaman unudulmur. Belə günləri yaddaşlara həkk edənlər içərisində qəhrəman şəhidlərimiz xüsusi yer tutur.  Şəhid - vətəni, dini uğrunda canını qurban verən insana deyilir. İnsan oğlunun dünya həyatına ən mükəmməl formada xudahafiz etməyinin adıdır şəhidlik.

Ölkəmizin müstəqillik və azadlığının qorunub saxlanılması qəhrəman şəhidlərimizin adı ilə birbaşa bağlıdır. Bu baxımdan Azərbaycan xalqı öz igidləri ilə qürur duymağa və fəxr etməyə daha layiqdir. Belə ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə 27 sentyabr 2020-ci il tarixdə başlanan və 44 gün davam edən Vətən Müharibəsində xalqımızın minlərlə igid övladı şəhidlik zirvəsinə ucaldı.

Qazanılan qələbə naminə Naxçıvan diyarının övladları da böyük igidlik və qəhrəmanlıq göstərdilər. Bu igidlərdən biri də "Qarabağ Azərbaycandır!" deyərək Vətən Müharibəsinə yollanan Ümid Novruzludur. O, Şuşa şəhərinin azad olunmasında düşmənlə əlbəyaxa döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv edib qəhrəmanlıq göstərdi.

No description available.

Novruzlu Ümid Bahadur oğlu 7 iyun 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Babək qəsəbəsində anadan olmuşdu. İlk təhsilinə 1998-ci ildə Babək rayon Babək qəsəbəsində Vəli Mahmudov adına 1 nömrəli tam orta məktəbdə başlamış və 2009-cu ildə məktəbi bitirmişdi. 2010-cu ildə hərbi xidmətə çağırılan Ümid 2012-ci ildə oranı bitirdikdən sonra Daxili Qoşunlarda MAXEHQ əsgər, sürücü, atıcı vəzifələrində xidmət edib. Bu müddət ərzində komandirlərinin verdiyi tapşırıqları nöqsansız yerinə yetirdiyinə və hərbi intizam nümayiş etdirdiyinə görə Fəxri Fərmanla təltif olunub. 2015-ci ilin avqust ayından Naxçıvan Muxtar Respublikası DİN-nin Xüsusi Təyinatlı taqımında, 2018-ci ildən isə Naxçıvan N saylı Xüsusi Təyinatlı Qüvvələrində hərbi xidmət keçib. İdmana böyük həvəs göstərib, bu sahədə nailiyyətlərinə görə medallarla təltif olunub.

Ümid 2020-ci ildə gizir hərbi rütbəsini qazanaraq taqım komandirinin müavini təyin edilib. Naxçıvanda keçirilən hərbi təlimlərdə fəal iştirak edib, ayağından zədə almışdı. O, zədəli olsa belə, Vətən Müharibəsində iştirak etməyi özünə böyük şərəf bilmişdi.

24 oktyabr 2020-ci ildə Naxçıvandan Bakıya, oradan da Şuşa uğrunda döyüşlərə göndərilən Ümid o müqəddəs şəhərimizin geri alınmasında qanlı vuruşmalarda fədakarlıqla çarpışıb. 5 noyabr 2020-ci ildə səhər saat 9-10 radələrində düşmən snayperindən açılan atəşlə vurularaq şəhadətə qovuşub. Xarıbülbülün vətənində müqəddəs torpaqlarımız uğrunda son nəfəsini verib şəhidliyə yüksələn igidimizin cənazəsi Bakıda şanlı bayrağımıza bükülərək 13 noyabr 2020-ci ildə Naxçıvana - ata ocağına gətirildi və Babək şəhər qəbristanlığında torpağa tapşırıldı. 

Ümid vətəninə, elinə bağlı, hörmətli, izzətli, qorxmaz cəngavər bir igid idi. Şəhidimizin iki övladı bizə yadigar və əmanət qalıb: Bahadur və Nilay!

No description available.

Ümidin ata evi Babək şəhərində, Heydər Əliyev prospektində yerləşir. Evin qapısında üçrəngli şanlı bayrağımız dalğalanmaqdadır. Bayrağa hərbi salam verib evə daxil oluram. Ümid kimi pəhləvan oğulu torpağa tapşırmaq, balasından ayrılmaq bir ana üçün çox çətindir. Şəhid anası ilə söhbət etmək ağırdır. Kimya ana Ümid adını eşidən kimi kövrəlir, amma qürurludur: "Qəhrəman oğlum hərb sənətini çox sevirdi. Döyüşdə komandirlə yanaşı gedirmiş. Mən Bakıya qızımgilə qonaq getmişdim. Axırıncı dəfə Ümidlə 25 oktyabr 2020-ci il tarixində telofonla danışdım. Dedi ki, Bakıya gəlirəm, mama! Elə bir ürəyimə damdı ki, oğlum müharibəyə gedir. Soruşdum, Qarabağa gedirsən, Ümid? Dedi ki, hə, amma qorxma, gedib gələcəm, gələndə də səni görəcəm!"

Vətənimiz uğrunda canını əsirgəməyən döyüşçülərimizin adları dövlətimiz və xalqımız tərəfindən uca tutulur, onlarn qəhrəmanlığı yüksək qiymətləndirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən, şəhid Ümid Novruzlu göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalı ilə  təltif edilib.

Ümid Novruzlu kimi qəhrəmanlarımızın şəhadəti ilə Qafqazın incisi sayılan Şuşa şəhəri və Qarabağ torpağı əbədi olaraq Ana vətəninə qovuşdu! Biz vətənin oğul və qızları olaraq səninlə fəxr edirik Babək şəhərinin Babək qeyrətli mərd oğlu Ümid! Sən hər zaman bizim qəlbimizdə və xatirələrimizdə yaşayacaqsan! Allah sənə və bütün şəhidlərimizə rəhmət eləsin!

Kübra VƏLİYEVA
AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun elmi işçisi

 





02.02.2021    çap et  çap et