525.Az

Lənkəran zonasının "qızıl" torpaqları münbitliyini niyə itirir? - Araşdırma


 

Lənkəran zonasının "qızıl" torpaqları münbitliyini niyə itirir? - <b style="color:red">Araşdırma</b>

Lənkəran zonasının nadir bioiqlim şəraitindən - çoxçalarlı iqlimdən, zəngin bitki aləmindən, əlverişli relyefdən və s. asılı olaraq burada özünəməxsus torpaq örtüyü formalaşmışdır.

Bölgənin istər ovalıq, istərsə də dağlıq sahələrində müxtəlif torpaq tipləri və yarımtipləri əmələ gəlmişdir. Bu ərazinin torpaqlarını ötən onilliklərdə R.V.Kovalyev, M.E.Salayev, S.Z.Məmmədova kimi məşhur torpaqşünas alimlər geniş tədqiq etmişlər.

R.V.Kovalyev Lənkəran vilayətinin torpaqlarını 4 qrupa ayırmışdır: sarı, qəhvəyi, qonur və bozqır torpaqlar. Alim bölgə relyefində (oroqrafiyada) tutduğu mövqeyə görə isə torpaq əmələgəlmə prosesini 3 sırada düzmüşdür: avtomorf, avtomorf-hidromorf  və hidromorf. Lənkəranda avtomorf (qarışıq) torpaqlara aşınma məhsulları və ya torpaq əmələgəlmə prosesləri nəticəsində törənmiş maddələrin kənardan daxil olmadığı dağ və dağətəyi ərazilərin torpaqları aid edilir. Hidromorf (rütubətli) torpaqlar Lənkəran ovalığının depressiya ərazilərində yayılmışdır. Onların formalaşmasında kənardan daxil  olmuş aşınma məhsulları və dağ torpaq əmələgəlmə proseslərin törəmələri iştirak edir. Avtomorf-hidromorf torpaqlar isə əvvəlki qruplar arasında aralıq mövqedə durur.

Lənkəran ovalığında, xüsusilə şərq hissədəki çəmən bataqlıqlarda lilli-qleyli və zəif podzollaşmış lilli-bataqlıq torpaqlar inkişaf etmişdir. Bataqlıq torpaqlar əsasən allüvial və prolüvial çöküntülər əsasında əmələ gələrək, mexaniki tərkiblərinə görə birinci yarımmetrdə ağır gillicə və gillicə-qum təbəqələri ilə növbələşən gilli çöküntülərdən ibarətdir. Burada dərin qatlara getdikcə torpaq gilli-qumlu çöküntülərlə əvəz olunur. Bataqlıq torpaqlar humus maddəsi və qleyləşmə dərəcəsinin xüsusiyyətlərindən asılı olaraq, çürüntülü qleyli və lilli-qleyli torpaqlara ayrılır.

Ovalığın şimal-şərq hissəsində, Viləşçayın sol sahilindən şimala doğru çəmən-boz torpaqlar zolaq şəklində inkişaf etmişdir. Çəmən-boz torpaqlar allüvial və prollüvial çöküntülər üzərində quru bozqır iqlim şəraitində əmələ gələrək, mexaniki tərkibinə görə nazik təbəqələrlə növbələşən gilli-qumlu çöküntülərdən təşkil olmuşdur. Cəlilabad-Qarakazımlı istiqamətdə tünd və açıq şabalıdı torpaqlar inkişaf etmişdir.

Podzol, sarı-podzol torpaqlar dağətəyi qurşaqda 600-700 metr hündürlüyə qədər yayılmışdır. Podzollaşmış sarı-qleyli torpaqlar əsasən Ərkivan kəndinin cənubundan başlayıb, cənuba doğru zolaq şəklində davam edərək, Vilvan, Biləsər kəndlərini, cənub-şərqdə isə Astara rayonunun ovalıq hissəsini əhatə etmişdir.

Talış zonasının şimal-qərbində qəhvəyi torpaqlar, qonur dağ-meşə torpaqları yayılmışdır. Burada dağ-meşə, şabalıdı torpaqlara da rast gəlmək olur. Nisbətən inkişaf etmiş dağ şabalıdı torpaqlara dağarası çökəkliklərdə, suayrıcıların yamaclarında rast gəlinir. Dağ-çəmən bozqır torpaqlar isə Talış dağlarının 1800-2400 metr hündürlüyündə kserofit bitkilərin yerləşdiyi sahələrdə yayılmışdır.

Beləliklə, Lənkəran təbii vilayətinin bioiqlim şəraitindən asılı olaraq, müxtəlif torpaq tipləri yayılmışdır. Rütubətli subtropik meşələrin sarı torpaq əmələgəlmə şəraitində 3 torpaq tipi fərqləndirilir: sarı, podzol-sarı, sarı-qleyli. Torpaqşünas M.E.Salayev öz tədqiqatlarında bu bölgüyə dəyişiklik edərək, vilayətdə sarı dağ-meşə, podzolu-sarı və podzolu-sarı-qleyli torpaqların olduğunu göstərir.

Subtropik kserofit meşələrin və  bozqırların qəhvəyi, boz-qəhvəyi torpaq əmələgəlmə şəraitində,  qəhvəyi, çəmən-qəhvəyi, boz-qəhvəyi, çəmən-boz-qəhvəyi torpaq tipləri formalaşmışdır. Subboreal rütubətli meşələrin qonur torpaq əmələgəlmə şəraitində yalnız bir torpaq tipi - qonur dağ-meşə torpaqları formalaşır. Subboreal bozqırların bozqır torpaq əmələgəlmə şəraitində, dağ-çəmən-boz və dağ-şabalıdı torpaqlar formalaşmışdır.

No description available.

Lənkəran zonasının ovalıq ərazilərindəki çəmən-bataqlıq və bataqlıq torpaqlar azonal olub, çökək ərazilərdə qrunt suların səthə yaxın olduğu və ya səth suların vaxtaşırı örtük əmələ gətirdliyi ərazilərdə ləkələr şəklində müşahidə olunur. Beləliklə, vilayətin ərazisi kiçik olsa da, burada çoxlu torpaq tipləri ilə rastlaşmaq olur və torpaq ehtiyatlarının genetik tiplər üzrə qeyri-bərabər şəkildə paylanması görünməkdədir. Lakin vilayətdə qonur dağ-meşə (17,2 faiz), qəhvəyi (14,8 faiz), boz-qəhvəyi (14,1 faiz) və sarı dağ-meşə (13,4 faiz) torpaqları daha böyük çəkiyə malikdirlər. Bütövlükdə, torpaq fondunun 59,5 faizi və ya 378 min 240 hektarı bu torpaqlarda cəmləşmişdir ki, onlardan da müxtəlif məqsədlər üçün istifadə olunur.

Bir sıra əlverişli münbitlik göstəricilərilə yanaşı, Lənkəran vilayətində kənd təsərrüfatına yararlı torpaqlarının böyük bir qismi su eroziyasına və onunla bağlı müxtəlif proseslərə məruz qalmışdır. Torpaq münbitliyinə çox kəskin təsir göstərən amil kimi eroziyanın təsirindən torpağın əksər xassə və rejimləri əsaslı dəyişikliklərə məruz qalır, torpağın kimyəvi, fiziki, su-fıziki göstəriciləri pisləşir. Burada ən çox ziyan münbitliyin ən əhəmiyyətli inteqral göstəricisi olan torpaq humusuna toxunur-onun miqdarı və torpaq profılindəki ehtiyatı azalır, tərkibi pisləşir. Eyni vaxtda digər qida elementlərinin azalması və torpağın bioloji fəallığının zəifləməsi də müşahidə edilir. Eroziyanın çox şiddətli formalarında torpağın üst qatının tədricən yuyulması, bəzən ana süxurdan ibarət olan alt horizontların səthə çıxması ilə torpaq öz təbii-tarixi fəaliyyətini başa vurur.

Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, Lənkəran vilayətində kənd təsərrüfatına yararlı torpaqların 15,4 faizi və ya 43 min 261,3 hektarı bu və ya digər dərəcədə eroziyaya uğramışdır. Vilayətdə torpaqlarının eroziyaya uğrama dərəcəsinə görə də Lerik rayonu birinci yerdə durur. Rayonun torpaqlarının 36,3 faizii və ya 24 min 467 hektarı eroziyaya uğramışdır. Astara rayonunda bu göstərici 32,1 faiz və ya 4 min 528 hektar, Yardımlıda 13,6 faiz və ya 6 min 141 hektar, Lənkəranda 27,4 faiz və ya 6 min 603 hektar, Cəlilabadda 1,58 faiz və ya 1522,3 hektara bərabərdir. Vilayətdə ən az eroziya göstəricisi Cəlilabad rayonundadır - 3,52 faiz. Bu Cəlilabad inzibati rayonu ərazisinin çox hissəsinin düzən sahələrdən ibarət oması ilə əlaqədardır.

Lənkəran bölgəsində ovalıqdan dağlara relyefin kəskin dəyişməsi və yağıntıların bolluğu eroziya prosesinin yayılmasına hərtərəfli şərait yaradır. Əkin sahələrində torpaqqoruyucu aqrotexniki tədbirlərə diqqət yetirilməməsi isə eroziya prosesinin daha da intensiv getməsinə və yamac əkinlərinin münbitliyinin kəskin pisləşməsinə səbəb olmuşdur.

Kəndətrafı meşələrin qırılması ilə əmələ gələn dağ bozqırları əkin altında intensiv istifadə olunduğundan həmin sahələr müxtəlif dərəcədə su eroziyasına uğramış və əvvəlki münbitliyini xeyli itirmişdir. Bundan əlavə, yamaclarda kolluqların qırılması və mal-qaranın sistemsiz otarılması nəticəsində bitki örtüyü intensiv məhv edilməkdədir. Bütün bunlar torpaqların yuyulub aparılması ilə yanaşı, həmçinin, yamacların çılpaqlaşmasına və süxurların səthə çıxması ilə landşaftın kəskin dəyişməsinə gətirib çıxarmışdır.

Tədqiqat aparılan ərazidə eroziya prosesinin qorxulu növü olan səthi eroziya geniş yayılmış və qabarıq şəkildə gözə çarpmaqdadır. Eyni zamanda, relyefdə çoxlu miqdarda iri və xırda dərələrin, yarğan və qobuların olması eroziya prosesini daha da gücləndirir. Ayrı-ayrı təsərrüfat sahələrində yarğan və qobuların əmələ gəlməsinə qarşı heç bir mübarizə tədbiri görülmədiyindən onlar sürətlə inkişaf edir və ərazini müxtəlif istiqamətlərdə xırda hissələrə parçalayırlar.

No description available.

Yamaclarda, dərə və çay vadilərində salınmış əkin və bağları suvarmaqdan ötrü yamac boyu çəkilmiş su arxlarını da torpağın şiddətlə yuyulması, yarğan və qobu əmələ gəlməsinin inkişafetmə səbəbi kimi göstərə bilərik. Təsərrüfatdaxili yolların kənarlarının buldozer və ekskovatorlarla sərt kəsilməsi eroziyasının inkişafına əlavə hərtərəfli şərait yaradır. Belə ki, sonralar bu yollara hər hansı bir mexaniki təsir olduqda və yaxud torpağın ağırlıq qüvvəsi nəticəsində onların kənarları sökülüb dağılır.

Talış zonasının dağ yamaclarında eroziyanın intensiv getməsi ilə əlaqədar olaraq torpağın münbit qatı yuyulub aparılan sahələrdə məcburən əkinaltı qat, bəzi hallarda isə səthə çıxmış torpaq əmələgətirən süxur qatı şumlanmalı olur ki, bu da sonda ümumi məhsuldarlığın azalması ilə yanaşı, onun keyfiyyətinin də pisləşməsinə gətirib çıxarır. Bölgədə insanın təsərrüfat fəaliyyəti təkcə təbiətə deyil, torpaqəmələgəlmə proseslərinə də güclü təsir göstərmişdir. Bunu torpağın biomorfogenetik xüsusiyyətlərindən də görmək mümkündür.

Düzən ərazilərdəki becərilən podzollu-sarı-qleyli torpaqlar üçün ən səciyyəvi morfoloji əlamət suvarmanın və dərin plantajın təsiri altında nisbətən homogen əkin qatının formalaşmasıdır. Əkinaltı kipləşmiş B qatının mövcudluğu da uzun müddətli suvarmanın təsiri ilə izah edilə bilər. Bu torpaqlarda sukeçirmə qabiliyyəti pis olan gilləşmiş horizont izafi nəmlənməyə, torpağın səthində səth sularının uzun müddət qalmasına və AB horizontu boyunca qleyləşmə prosesinin inkişafına səbəb olmuşdur.

Yuxarıda göstərilənləri nəzərə alaraq vilayətin alçaq, orta və dağətəyi qurşaqlarında su eroziyasının öyrənilməsinin və alınan nəticələrə uyğun təxirəsalınmaz tətbiqi mübarizə tədbirlərinin aparılmasını məqsəduyğun və əhəmiyyəti olmaqla yanaşı, zəruri hesab edirik. Lənkəran zonasının nadir, qızıla bərabər torpaqlarının aşınıb sıradan çıxmasının, münbitliyinin azalmasının qarşısı tezliklə alınmalıdır. Vaxtında görüləcək tədbirlər bu bölgənin ölkənin kənd təsərrüfatında tutduğu özünəməxsus mövqeni qoruyub saxlamağa xidmət edərdi.

Ülviyyə ABBASOVA-İBRAHİMQIZI
Lənkəran Dövlət Universitetinin magistri

 





02.02.2021    çap et  çap et