525.Az

"Nizami ili" Gəncədə necə keçəcək?


 

DAHİ MÜTƏFƏKKİRİMİZİN DOĞMA ŞƏHƏRİNDƏ İRİMİQYASLI TƏDBİRLƏR HAZIRLANIR

"Nizami ili" Gəncədə necə keçəcək?<b style="color:red"></b>

Dövlət başçısının 2021-ci ili Nizami Gəncəvinin adı ilə bağlaması böyük şairin doğma yurdunda da böyük ruh yüksəkliyi yaradıb.

Gəncə şəhəri "Nizami ili" çərçivəsində öz dahi övladının adına yaraşacaq tədbirlərə hazırlaşır. Nizami irsinin öyrənilməsi yönündə beynəlxalq və yerli miqyaslı elmi və ictimai konfransların keçirilməsi, yeni kitabların nəşri ilə yanaşı, şəhərdə "Nizami Gəncəvi kitabxanası"nın, "Nizami Gəncəvi institutu"nun, yeni "Xəmsə parkı"nın yaradılması və digər əlamətdar layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Həmçinin, bu il respublikamızda müxtəlif sahələri əhatə edən bir sıra ənənəvi elmi görüşlərin də "Nizami Gəncəvi ili" ilə əlaqədar olaraq məhz Gəncədə keçiriləcəyi bildirilir. Ümumən bu şəhərdə 40-a yaxın beynəlxalq və yerli konfransın reallaşdırılması planlaşdırılır.

"Gəncədəki elmi-tədqiqat  və ali təhsil ocaqlarından başqa, ölkəmizin digər bu kimi təsisatları da öz iri tədbirlərinini bu il Gəncədə keçirmək arzusundadırlar. Məsələn,  Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən 50 ölkədən 500-dən artıq mütəxəssisin iştirakı ilə iyun ayında keçiriləcək beynəlxalq konfransın ünvanı da Gəncə olacaq. Həmçinin, müxtəlif ölkələrin Azərbaycandakı səfirlikləri Gəncə şəhərində Nizami irsinə həsr olunan tədbirlər keçirməyi nəzərdə tuturlar. Nizami irsinin populyarlaşdırılması üçün yaradılması nəzərdə tutulan "Nizami institutu", eləcə də "Nizami kitabxanası" da maraqlı və vacib layihələrdir. Həmçinin, dahi şairin məqbərəsi ətrafında daha bir parkın salınacağı nəzərdə tutulub. Bu park böyük şairin "Xəmsə"sinin simvolu olaraq, hər biri müxtəlif növ ağaclardan ibarət olan 2-3 hektarlıq yaşıllıq guşələrinin  birləşməsi ilə ümumən 15 hektarı  əhatə edəcək", - deyə millət vəkili Müşfiq Cəfərov bildirir.

AMEA-nın Gəncə bölməsində də Nizami Gəncəvi ilə bağlı keçiriləcək silsilə tədbirlər üzərində işlər gedir.

"Biz dünyanın bütün qitələrində Nizami irsini öyrənən, tədqiq edən alimlərlə əlaqələr qurmuşuq. Dahi Nizami Gəncəvinin yubileyi ilə bağlı onun doğma şəhərində beynəlxalq konfranslar keçirəcəyik.  "Dünya ədəbiyyatında Nizami Gəncəvi irsi", "Nizami Gəncəvi - bəşərilik və müasirlik", eləcə də digər mövzularda respublika və beynəlxalq miqyaslı elmi-praktik konfranslar olacaq. "Nizami ili" çərçivəsində böyük mütəfəkkirimizin irsinə aid onlarla monoqrafiyalar nəşr olunacaq, "Nizami Gəncəvinin həyat və yaradıcılığı", "Nizami Gəncəvi və xalq yaradıcılığı", "Nizami Gəncəvi şəcərəsinin tarixi", "Nizami Gəncəvi yubileyləri" adlı, həmçinin, Nizaminin məqbərəsinin tarixçəsinə dair kitablar da çap olunacaq. Şeyx Nizaminin öz dövründəki xeyriyyəçiliyi haqda da nəşrimiz olacaq. Dünyanın bir çox muzeylərində Nizaminin əsərlərinin əlyazmaları, onlara dair miniatürlər qorunub saxlanılır. Bu nümunələrin surətlərini toplayıb, sərgilərdə təqdim edəcəyik", - deyə AMEA-nın Gəncə bölməsinin rəhbəri, akademik Fuad Əliyev bildirir.

F.Əliyev həmçinin, bir neçə il əvvəl Hacıkənd qəsəbəsində "Xələflər və sələflər" adlı park-muzeyin salınmasını da xatırladaraq, onun simvolik mənasına da toxunur: "Hacıkənddəki park-muzeydəki heykəllər Nizaminin müəllimləri və tələbələrinindir. Bu, millətimizin min illəri əhatə edən dəyərlərinin davamı ənənəsinə işarədir. "Xələflər və sələflər" məsələsi özlüyündə bir elmi araşdırma üçün əsas verir və bu mövzuda da monoqrafiya hazırlayırıq".

Qeyd edək ki, "Nizami ili" çərçivəsində hər il sentyabrda keçirilən Nizami poeziya günləri də bərpa olunacaq. Gəncənin incəsənət kollektivləri də Nizaminin fikir dünyası və onun əsərləri üzrə rəngarəng proqramlar hazırlayırlar.

Zakir MURADOV
Gəncə

 





02.02.2021    çap et  çap et