525.Az

Gözünüzü yumun, qulaqlarınızı qapayın... - Məhsəti Musadan yeni yazı


 

İNTİHAR ETMƏYİN!..

Gözünüzü yumun, qulaqlarınızı qapayın... - <b style="color:red">Məhsəti Musadan yeni yazı</b>

Bir mən,
Bir ülgüc,
Bir də kimsəsiz otaq -
Parçalanır aorta;
Oxxay, nə gözəldir azad olmaq...

Bəli, mən yazmışdım bunu... Bu gün ətrafdakı insanlara həyatı sevməyi təbliğ edən mən.

Gənc idim. Gördüyüm haqsızlıqlar, özümü köməksiz hiss etməyim, çarəsizliyim də nə vaxtsa intihara can atmağıma səbəb olub. Amma oxuyanda fikir verdinizsə, bu misralarda giley yox idi... Bu, şikayətdən uzaqlaşdığım, tamamilə sonrakı bir mərhələnin nəticəsi idi. Başıma yeridilmiş axmaq düşüncələr idi. Belə deyim, oxuduğum, söhbətlərdə rast gəldiyim ayrı bir təbliğatın da təsiri var idi... Bədəndən çıxınca ruhumun azad nəfəs alacağını düşünürdüm. Bu azadlığın intihar yolu ilə mümkün olacağını yəqin edirdim. Nə qədər qəribə, nə qədər sərsəm düşüncə idi bu... Ruhən azad olmağı tərsinə təbliğ etmişdilər baxdığımız filmlərdə, internetdən tapıb acgözlüklə oxuduğumuz materiallarda... Azadlığın əslində, hansı yoldan keçdiyini dərk etməmişdim. Bunun bir ülgüclə həll oluna biləcəyini düşünürdüm. Və o zaman mənim bu misralarım kimisə intihara həvəsləndirən, intiharı bir həzz kimi təbliğ edən vasitə ola bilərdi. Özüm bilmədən, anlamadan etmişdim bunu. Gənclərin bəh-bəhlə qarşılamasından daha da həvəslənmişdim...
Son günlər yenə də ard-arda intihar xəbərləri gəlməyə başlayıb. Əlbəttə, intihar etmiş insanın arxasınca çox sözlər söylənir. İnsanların fikrincə, ya çarəsizlikdən edir bunu, ya gördüyü haqsızlığa dözmədiyi üçün, ya maddi çətinliklər üzündən, ya psixoloji problemi var imiş, ya hansısa cinayət işləyibmiş, ya özü etməyib, kimsə öldürüb, sadəcə intihar görüntüsü yaradıb və sair və ilaxır...

Təbii ki, həqiqəti intihar edənin özündən yaxşı heç kim bilməz. Amma bunu bir kənara qoyuruq. Diqqət etmisinizsə, bir intihar xəbəri gələndən bir gün sonra daha biri, sonra daha biri... Hər dəfə intiharlar dalbadal baş verir. Niyə? Əslində, bunun digər bir tərəfi də var ki, o tərəfə toxunmuram. Yəni bu, daha geniş bir mövzudur. Amma ardıcıl intiharların bir günahı da mediadadır, sosial şəbəkə istifadəçilərindədir desək, yanılmarıq. Digər mövzularda olan xəbərlər bir dəfə verilir və sonra "köhnəlir". Amma eyni intihar mövzusunu dönə-dönə qabardırlar. Həmin intihar edənin kimliyini, qohumunu, əqrəbasını araşdırırlar, cəlbedici, həm də sövqedici başlıqlarla təkrar gündəm mövzusuna çevirirlər və bununla da, məhz "bıçaq sümüyünə dirənmiş" digər insanlara yol açırlar. "Bəlkə mən də?" deməsinə "həvəsləndirirlər".

Əlbəttə, intihar mövzusu üstündən sakitçiliklə keçiləcək mövzu deyil. Səbəbkar (varsa) tapılmalı, bir canı məhvə vadar etdiyi üçün qanuni şəkildə cəzasını almalıdır. Fəqət mediamız nədənsə bu xəbərlərin məhz şirnikləndirici tərəfindən istifadə edir. Olmazmı ki, əksinə, həmin ərəfədə intihardan çəkindirən yazılar hazırlansın, psixoloqlarla söhbətlər təşkil olunsun, bu söhbətlər mətbuatda yer alsın. İntiharın çarə olmadığının niyəsi ətraflı şəkildə izah olunsun? Yox, xəbəri digərlərindən birinci vermək var axı. Sonuc nə olur olsun, birinci olmalıyıq! Elə buna görə də, həmişə intihar xəbərləri başlayanda bir neçə gün davam etməli olur. Bir-birindən "güc" alaraq növbəti qurbanlar həyatları ilə vidalaşırlar.

İntihar edən şəxs tanınmış, yaxud  yeni-yeni tanınan, istedadlı, gənc biridirsə, hökmən onun ardınca gedənlər olacaqdır. Və burada intihar edənin özünün məqsədi bu olmasa belə, sonrakı canınaqəsdlərdə "əli" var. Çünki dərhal sosial mediada onun ən yaraşıqlı, ən gözəl düşmüş olduğu fotoları yayılır, bayaqdan heç kimin diqqətində olmayan statusları, şeirləri, musiqiləri, sanki gələcəkdən xəbər verirmiş kimi çəkilən hansısa hüznlü videogörüntüləri paylaşılır, nakam gedişindən bəhs edən rəylər, statuslar yazılır. Bir günün içində hamı ondan danışmağa, yazmağa başlayır. Və dəfələrlə öz bacarığını, istedadını üzə çıxarmağa cəhd edib uğursuzluqla qarşılaşan, bunun qarşılığında ruhdan düşən, onsuz da gələcək haqqında artıq heç nə planlaşdırmayan biri dərhal düşünür ki, intihar etsəm, diqqət çəkərəm. İçindəki şöhrət həvəsi onu da bu yola sürükləyir. Bəzən son nəfəsdə hiss etdiyi peşmançılıq isə fayda vermir...

İntihar mövzusu o qədər geniş mövzudur ki, hansı tərəfdən istəsən, yanaşmaq olar. Hətta kimsə haqq qazandıra da bilər intihar edənə... Lakin səbəb nə olursa olsun, intihar acizlikdir, dözümsüzlükdür. İntihar öz məğlubiyyətini sözsüz etiraf etməkdir.

Məğlub olmayın! İnanın, inanın ki, hər qaranlığın bir sonu var və o, bitən kimi işıqlı yol başlayır. Sadəcə bir az dözümlü olmaq, bir az səbr etmək, o işığa çatacağına inanmaq lazımdır.

İntihar etmək istədikdə bir anlıq gözünüzü yumun, qulaqlarınızı qapayın, nəfəs almayın. Elə zənn edin ki, ölmüsünüz. Sonra yenidən gözünüzü açıb təbiətə boylanın, qulaqlarınızla ətrafı dinləyin, sinə dolusu havanı ciyərlərinizə çəkin. İnanın, bugünə qədər diqqət etmədiyiniz gözəllikləri, rəngləri görəcək, eşitmədiyiniz ən adi səsləri eşidəcək, bir udum havanın dəyərinin nə qədər böyük  olduğunu dərk edəcəksiniz. Anlayın ki, intihar etdiyinizdə bir daha onları görmək, eşitmək, hiss etmək şansınız olmayacaq.

Doya-doya yaşayın həyatınızı!
Qıymayın canınıza!
İntihar etməyin!
 

 





03.02.2021    çap et  çap et