525.Az

"Ağıllı şəhər və kənd"lərin azad edilmiş ərazilərdə salınması məntiqli addımdır"


 

TEXNOBLOQER FƏRİD PƏRDƏŞÜNAS: "AĞILLI ŞƏHƏR VƏ KƏND"LƏRƏ TURİST AXINININ ÖLKƏ İQTİSADİYYATINA BÖYÜK KÖMƏYİ DƏYƏ BİLƏR"

"Ağıllı şəhər və kənd"lərin azad edilmiş ərazilərdə salınması məntiqli addımdır"<b style="color:red"></b>

Bu günlərdə yeni təyin olunmuş Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevi qəbul edərkən Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə yüksək texnologiyalar vasitəsilə "smart city", "smart village", yəni "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyası əsasında şəhər və kəndlərin salınacağını bildirdi:

"Azad edilmiş ərazilərdə qurulacaq şəhərlər və kəndlər "smart-city", "smart-village", - yəni "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyası əsasında qurulmalıdır. Bu işləri indidən planlaşdırın ki, şəhərsalma aparılarkən, layihələr icra edilərkən mütləq dünyanın ən qabaqcıl texnologiyaları orada tətbiq olunsun. Ondan sonra və bəlkə də bununla paralel olaraq, bizim digər şəhər və kəndlərimizdə buna oxşar layihələri də icra etmək lazımdır. Çünki əgər biz bunu bu gün etməsək, sabah geri qalacağıq. Biz geri qala bilmərik".


Sadə dildə desək, "smart-city" - şəhər üçün lazım olan hər şeyin qabaqcıl texnologiyalar vasitəsilə təmin edilməsi deməkdir. Araşdırmalara görə, 2050-ci ildə dünya əhalisi təxminən 10 milyarda çatacaq. Və çox güman ki, əhalinin yüzdə 70 faizi şəhərlərdə cəmləşəcək. Hazırda dünyanın təbii ehtiyatları sürətlə tükənir və getdikcə daha çox tükənəcək. "Ağıllı şəhər" və "ağıllı kənd"lərin salınmasının əsas məqsədi də bu xaosun sürətlə irəliləməsinin qarşısını almaqdır. Qısaca desək, az resurs, daha çox insan. Təbii ki, bu məqsədə çatmağın başlıca yolu qabaqcıl texnologiyalardan tam istifadə etməkdir.

Bu mövzu haqqında məlumat verərkən tək bir "ağıllı şəhər"dən danışa bilmərik. Çünki "ağıllı şəhər", "ağıllı kənd"in konseptləşdirilməsi şəhərin inkişaf səviyyəsindən, islahata nə dərəcədə hazır olmasından və sakinlərin istəklərindən asılı olaraq ölkədən-ölkəyə dəyişir. Lakin harda salınmasından asılı olmayaraq, hamısının ümumi məqsədi eynidir; şəhərin zəif inkişaf etməsinin nəticəsində yaranan, təbiətə və insanlara zərər verən problemləri aradan qaldırmaq, təkrar emal kimi sistemlərə alternativ olaraq ətraf mühitin çirklənməsinin minimuma endirilməsi, izdihamın nəticəsində yaranan trafik və təhlükəsizlik problemlərinin azaldılması, tükənən enerji mənbələrinin təkrar istifadəyə yararlı hala gətirilməsi, insanlar üçün daha təhlükəsiz, sağlam yaşayış sahəsi yaratmaq, ağıllı sistemlərlə evləri, məhəllələri, şəhərləri, hətta dünyanı müəyyən nəzarətdə saxlamaq və yaşanılacaq hala gətirmək. Qeyd edək ki, dünyada tamamilə qabaqcıl texnologiya vasitəsilə salınmış "ağıllı şəhər" hələ ki yoxdur.

Bəs "smart-city" üçün ilk növbədə nələrə ehtiyac var?



Azərbaycanın ən böyük texnologiya agentliyi olan "Technote" media şirkətinin təsisçisi, texnobloqer Fərid Pərdəşünasın sözlərinə görə, "ağıllı şəhər"də hər şey ağıllı texnoloji əsaslarla qurulmalıdır:
 
"Ağıllı şəhər" və "ağıllı kənd" layihələri çox geniş anlayışlardır. Texnologiyanın inkişafından dolayı artıq bütün vasitələrin ağıllandığını və internetə qoşulduğunu görürük, "internet of things" tərəfdən əşyaların da internetə qoşulduğunun şahidi oluruq. Müasir dünyada elə bir səviyyəyə gəlib çatmışıq ki, əşyalar belə internetə qoşularaq öz aralarında əlaqələr qura, bir-birlərinə məlumat ötürüb əmrləri icra edə bilirlər. Bu, istifadəçi tərəfindən uzaqdan idarə edilə bilən vasitəyə çevrilir. "Ağıllı şəhər və kənd"lər də məhz bu konseptlərə əsaslanır. Burda yalnız əşyaların internetindən söhbət getmir. Çünki "Ağıllı şəhər və kənd" layihələri nisbətən böyük layihələrdir. Ümumi olaraq bir şəhərin yaradılmasında ağıllı infrastrukturu və texnologiyadan istifadəni nəzərdə tutur. Burda həm kommunikasiya vasitələrinin qurulması, həm kanalizasiya və elektrik xətlərinin çəkilməsi, həm də su boruları, yol-nəqliyyat infrastrukturunun qurulması ağıllı texnoloji əsaslarla qurulmalıdır".

Burada həm təhsil sisteminin, həm səhiyyənin, həm də nəqliyyat infrastrukturunun ağıllı olmasından söhbət getdiyini xatırladan texnobloqer bir neçə nümunə gətirib:

"Texnoloji əsaslarla şəhərsalmanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirilməsi çox məntiqlidir. Bunun da əsas səbəbi ondan ibarətdir ki, mövcud bir şəhəri total "ağıllı" etmək çətin məsələdir. Bu, çoxlu vəsait və zaman tələb edir. Bir şəhəri və ya kəndi sıfırdan "ağıllı" etmək isə daha asan başa gəlir və məqsədəuyğundur. Burda infrastruktur sıfırdan salındığı üçün hər şeydə texnoloji qaydalara əməl edilən bir şəhər ortaya çıxır. Nəticə etibarı ilə mükəmməl texnoloji görünüş və infrastruktur yaranır. Bayaq da qeyd etdiyim kimi, yalnız əşyaların internetə qoşulmasından söhbət getmir. Burada həm təhsil sisteminin, həm səhiyyənin, həm də nəqliyyat infrastrukturunun ağıllı olmasından söhbət gedir. Misal üçün, günəş enerjisi ilə işləyən panellər görə bilərik. Hansı ki bu panellər həm enerjiyə qənaət edir, həm ətraf mühiti çirklənmədən qoruyur, həm də daha səmərəli vasitə kimi istifadə olunur. Biz sonradan "ağıllı şəhərlər"in üzərində "ağıllı evlər, binalar" görə bilərik. Təsəvvür edin, hər hansı evdə qaz sızıntısı olsa, elektrik naqili sıradan çıxsa, su borusu partlasa, avtomatik smartfon vasitəsilə xəbərdar olacağıq və dərhal aidiyyatı orqanlar problemi aradan qaldıra biləcək".



Fərid Pərdəşünas bildirib ki, "ağıllı şəhər" və "ağıllı kənd"lərə turist axınının ölkə iqtisadiyyatına böyük köməyi dəyə bilər:
 
"Bu, təkcə insanların rahatlığı üçün yox, həm də turist axını baxımından bizə çox böyük dəstək ola bilər. Sosial şəbəkədə etdiyim paylaşımlarda da dəfələrlə vurğulamışam ki, bir şəhəri, qəsəbəni robotlaşmış şəhərə çevirsək, bu, böyük turizm potensialını da özündə cəmləşdirmiş olacaq. Turizmdən əlavə, onu da qeyd edim ki, "ağıllı şəhər" və "ağıllı layihə"lər həmişə istifadəçinin, orda yaşayan insanın rahatlığına fokslanır. Yəni tam təhlükəsiz, bütün innovativ texnologiyaları tədbiq edəndə ortaya böyük layihələr və möhtəşəm işlər çıxır".

Aytac ASLAN

 





03.02.2021    çap et  çap et