525.Az

"Televiziya və radiolar bayağı mahnıların təbliğinə təkan verir" - Müsahibə


 

FİDAN MƏMMƏDOVA: "İZLƏYİCİLƏRİMİN BİR KƏLMƏ XOŞ SÖZÜ MƏNƏ DÜNYA BƏXŞ EDİR"

"Televiziya və radiolar bayağı mahnıların təbliğinə təkan verir"  - <b style="color:red">Müsahibə</b>

Sosial şəbəkələrdə parlayanlar

Zövqlü və klassik musiqinin təbliğində radio və  televiziya kanalları ilə yanaşı, sosial media istifadəçiləri də maraqlı olmalıdır. Bəzən gənclər müasirlik adı ilə Avropa mahnılarını mənimsəməyə çalışır, milli musiqilərimizdən isə ümumiyyətlə, imtina edirlər. Ancaq qeyd etmək lazımdır ki, nostalji hissləri yaşamağı və yaşatmağı sevən gənclərimiz də kifayət qədərdir. Budəfəki həmsöhbətim də belə gənclərdən biridir. O, İnstaqramda yetəri qədər izləyicisi olan "Retro Azerbaijan Music" səhifəsinin yaradıcısı və idarəçisi Fidan Məmmədovadır. Retro musiqilərimizi paylaşaraq izləyicilərin zövqünü oxşayan Fidan xanım söhbət zamanı gənc nəslin musiqi zövqü haqqında olduqca maraqlı məqamlara toxundu.

Fidan Məmmədova ilə müsahibəni təqdim edirik.

- Fidan xanım, sosial medianın təqdim etdiyi imkanlardan nə dərəcə razısınız?

- Sosial şəbəkələr bizə bir növ öz televiziya və ya radiomuzu yaratmağa imkan verir. Burada özümüz kimi düşünən insanlar da tapa bilirik. Məncə, dünyada bundan gözəli yoxdur. Sevdiyimiz mahnılardan ibarət kanalları, səhifələri izləyirik. Hər kəs öz maraq dairəsinə uyğun məlumatları əldə edir. Çox nümunələr göstərmək olar.

- İzləyicilərinizdən gələn rəylər sizi qane edirmi?

- Bəzi ifaçılar haqda şou biznes səhifələrində yazılan rəylərlə mənim səhifəmdəki rəylər arasında fərqi aydın görə bilərsiniz. 5 il ərzində heç vaxt mənfi rəyə rast gəlməmişəm. Düşünürəm ki, gələcəkdə də belə bir hal baş verməyəcək. Zövq insanın dünyagörüşündən xəbər verir. Rəylərdə bəziləri öz keçmiş günlərini yada salır, bəziləri hansısa musiqi əsəri ilə bağlı öz tarixçələrini yazırlar. İzləyicilərə səhifənin keyfiyyətini qorumaqda mənə kömək etdikləri üçün təşəkkürümü bildirirəm.

- "Retro Azerbaijan Music" səhifəsi bir çox gəncləri öz ətrafına toplamağı bacarıb. Bəs bu səhifəni açmağa necə qərar verdiniz?

- Mən musiqiyə bağlı biriyəm. Retro musiqilərimizlə tanışlığımı isə anama borcluyam. Anam Flora Kərimovanın sənətinin heyranıdır. Onunla birlikdə bu musiqiləri dinləyərək mən də həvəsləndim.
Səhifə yaratmaq fikri isə qəfil ağlıma gəldi. Düşündüm ki, retro musiqilərimizdən ibarət səhifə yaratsam, maraqlı alınar. Lakin təsəvvür edə bilməzdim ki, səhifə bu qədər sevilər. Uşaqlıqdan həmişə radio aparıcısı olmaq istəmişəm. Səhər 7-dən axşama kimi radio dinləyirdim. Amma bunun üçün özümü hazır saymadım deyə, arzumun arxasıyca getmədim. Bu səhifə vasitəsi ilə arzumu az da olsa gerçəkləşdirirəm. Musiqi siyahısı hazırlayıram, musiqiçilər haqda məlumatlar toplayıram, sorğular keçirib izləyicilərlə söhbətləşirəm.

- Gündəlik paylaşımlarla bağlı necə qərar verirsiniz, dostlarınızdan kömək alırsınız bu barədə?

- Bu, bir az qarışıq prosesdir. Elə olur ki, izləyicilərim də videoların formatı, görünüşü haqda təkliflərini bildirib kömək edirlər.

- Ali təhsiliniz varmı?

- Bəli, 2017-ci ildə Bakı Slavyan Universitetinin Tərcümə fakültəsini bitirmişəm. Bitirəndən dərhal sonra işləməyə başlamışam.

- Bəs gündəlik vaxtınızın nə qədərini səhifəyə ayırırsınız?

- 4 ildən çoxdur ki, işləyirəm. Təxminən gündəlik 2 saatımı səhifəyə ayırıram. Əvvəllər bu vaxt daha uzun idi. Sadəcə yaş artdıqca gündəlik qayğılar da artır. Onu da deyim ki, heç vaxt səhifəni bağlamağı düşünməmişəm. Çünki bu məşğuliyyətim vasitəsilə dincəlirəm. Bəzən elə olur ki, günlərlə səhifəyə daxil ola bilmirəm. Lakin izləyicilərin rəylərini oxuyan kimi bütün yorğunluğum yox olur. Bir xoş söz mənə dünya bəxş edir.



- Bir çox gənclər səhifənizi izləsə də, bayağı mahnıları da dinləyənlər var. Sizcə, gənclərin bu qədər bayağılığa qaçmağına səbəb nədir?

- Məncə, bu, təbii proses deyil. Ötən əsrin 70-80-ci illərində yazılan mahnılar və onların dinləyici kütləsi kifayət qədər yüksək idi. Təxminən 2010-cu ildən bu yana bayağı mahnıların dinlənilməsi halı artdı. Buna bir çox faktorlar təkan verdi. Əsas faktorlardan biri də radio və televiziyadır. Bunu başa düşmək üçün televiziya qarşısında bircə saat vaxt keçirmək kifayətdir. Düşünürəm ki, əvvəl tamaşaçılar daha çox seçici olublar. 90-cı illərin uşaqları olaraq biz keyfiyyətli musiqi görmüşük. Buna görə də, indi ağı qaradan seçə bilirik. İndiki yeniyetmələrin belə imkanı çox azdır. Bunun üçün təbliğat güclü olmalıdır.

- Sizcə, gənclər sosial mediadan doğru şəkildə istifadə edirlərmi?

- Dünyanın hər yerində bu mövzu aktualdır. Keyfiyyət hər zaman üstün gələ bilmir. Lakin mən gələcəyə ümidliyəm. Bu, bir neçə il ərzində həll olunacaq bir şey deyil. Bunun üçün zaman və təbliğat lazımdır. Yetəri qədər fayda verən səhifələri izləyirəm. Beş il əvvəl siz bir dənə də olsun, retro musiqilərimizdən ibarət səhifə tapa bilməzdiniz. İndi isə sayı çoxdur. Bu, sevindirici haldır. Getdikcə belə səhifələrin artacağına inanıram.

- İlk paylaşımınız nə olmuşdu, yadınızdadırmı?

- İlk paylaşımımı 2016-cı il martın 12-də etmişəm. Bu, Nərminə Məmmədova və Sinan Səidin "Evlərinin önü yonca" mahnısı olub. Həmin paylaşım mənə çox uğur gətirdi. Yadımdadır ki, hər kəs öz dostlarını işarəliyib səhifəyə dəvət edirdi.

- Mütaliə etməklə aranız necədir, kimlərin yaradıcılığını oxuyursunuz?

- Daha çox rus ədəbiyyatını sevirəm. Fyodor Dostoyevski və İvan Turgenevi misal göstərə bilərəm. Düzü, işimlə əlaqədar tələbəlik vaxtlarımdakı qədər oxuya bilmirəm. Ancaq çalışdığım qədər İnternetdən məqalələr və sənətkarların müsahibələrini oxuyuram.

- Gələcəkdə səhifənizlə bağlı hansı planlarınız var?

- Əslində, 4 il əvvəl bu suala başqa cür cavab verərdim. İndi reallığı nəzərə alaraq bu bir qədər dəyişib. Hələ ki, Yutubda kanal yaradıb bütün musiqilərimizi paylaşmaq istəyirəm. 

Günel ABBAS

Foto: Tural HÜSEYN

 





03.02.2021    çap et  çap et