525.Az

Ürəkdən tikan çıxaran sözlər - Nadir Rzalı yazır


 

PREZİDENT İLHAM ƏLİYEVİN SON MÜSAHİBƏSİNDƏ SÖYLƏDİYİ TƏSİRLİ VƏ QƏTİYYƏTLİ FİKİRLƏR DÖVLƏT BAŞÇISININ XALQLA VƏHDƏTİNİN NÖVBƏTİ PARLAQ TƏZAHÜRLƏRİ OLDU

Ürəkdən tikan çıxaran sözlər - <b style="color:red">Nadir Rzalı yazır </b>

Müasir cəmiyyətimiz elə bir həssas toplumdur ki, ilk baxışdan adi gələn məsələ də gözlənilmədən böyük rezonans doğura, sensasiya kimi qarşılana bilər. Hansısa kiçik bir yanlış xalqın inamına xələl gətirər və yaxud hər hansı bir müsbət addım insanların sevincinə səbəb olub onları ruhlandırar. Xüsusən, sosial şəbəkələrin həyatımızda aktiv rol oynadığı bu dövrdə insanlar daha sürətli və daha genişmiqyaslı müzakirələr apara bilirlər. Hansısa bir hadisənin kimsə tərəfindən şərhi digərlərində də bənzər fikirlər formalaşdırır və necə deyərlər, axına qarşı yox, axın istiqaməti ilə kütləvi rəy formalaşır.

Məmur-xalq münasibətləri də bu baxımdan çox dəyişkən və mürəkkəbdir. Məsələni mürəkkəbləşdirən isə odur ki, bəzən dövlət məmurları cəmiyyətin düşüncəsini, həssaslığını, psixologiyasını nəzərə almadan müəyyən addımlar atır, açıqlamalar verirlər. Bu kimi problemlərin həlli üçün mütləqdir ki, hər bir şəxs xalqın içində olsun, cəmiyyətin problemini öz problemi kimi qəbul eləsin və bu düşüncədən çıxış edərək obyektivliyini qoruyub saxlasın. O baxımdan, təəssüf ki, cəmiyyətimizdə göz önündə olan rəsmi şəxslərə, vəzifəli insanlara qarşı tez-tez qıcıq yaranır. Təbiidir ki, hamı həmişə nədənsə razı ola bilməz, bu, normal haldır. Ancaq hər halda, xalqın gözü tərəzidir və ümumi rəy çox zaman yanılmadan doğru səmtə yönəlir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında verdiyi müsahibə, orada toxunduğu məqamlar, bu cəhətdən, sözün əsl mənasında, xalqın ürəyindən tikan çıxartdı. Cənab Prezident dəfələrlə olduğu kimi, bir daha sübut elədi ki, o, xalqın yanındadır və xalqın nə düşündüyü onun üçün əsas məsələdir.

Bir müddət əvvəl Mərkəzi Bankın yeni binasının tikilməsi ilə bağlı çox böyük səs-küy qalxdı. Bu binanın tikilməsinə ayrılan vəsaitin miqdarı insanları təəccübləndirdi və haqlı olaraq, narazılığa səbəb oldu. Mərkəzi Bankın sədri məsələ ilə bağlı açıqlama versə də, cəmiyyətdə xoş olmayan təəssürat hələ də silinməmişdi. Dövlət başçısı müsahibəsində Mərkəzi Bankın sədrinin Şuşada nümayəndəlik yaradılacağı ilə bağlı verdiyi açıqlamaya kəskin münasibət bildirdi. İlham Əliyev bu kimi açıqlamaları "ucuz populyarlıq cəhdi" kimi dəyərləndirdi. Mərkəzi Bankın sədrinin Prezident tərəfindən bu cür tənqid olunması, əslində, xalqa aydın bir mesaj idi. Cənab Prezident insanları əmin etdi ki, hər bir məsələ mənim nəzarətim altındadır və heç bir şəxs özbaşınalığa yol verə bilməz.

Dövlət başçısının müsahibəsindən öyrəndik ki, təkcə Mərkəzi Bank yox, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Azəravtoyol, AZAL da Şuşada filial, yaxud buna bənzər qurumlar yaradılması arzusunda olublar. Cənab Prezident mükəmməl bir cümlə ilə bütün bu kimi fikirlərə son qoydu:
 
"Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı yox".

Bu müsahibəsində sözügedən qurumlara və məmurlara öz vəzifələrini qətiyyətlə xatırladan dövlət başçısı həmin vəzifəli şəxslərin Şuşada "məskən salmaq arzusu"nu Bakıdakı "hasarlama" işləri ilə, ucadılan "iqamətgahlarla" müqayisə etdi. O cür arzuolunmaz hallara xalqın münasibəti və cəmiyyətin belə məsələlərə son qoyulmasına dair istəkləri də cənab Prezidentin bu müqayisəsində, həmin mövzuda söylədiyi cümlələrdə dəqiq ifadəsini tapdı. Məsələ burasındadır ki, tənqid hədəfinə tuş gələn qurumlar bilavasitə insanlara xidmət etmək üçün fəaliyyət göstərməlidir. Azad olunan həmin ərazilərdə hələlik insanlarımız yaşamadığı halda, bu qurumlar oralarda yerləşməklə kimə və nəyə xidmət edə bilərdi axı?! İnsanların orada məskunlaşmasına qədər hələ uzun bir mərhələ varsa, bu tələskənlik nəyə lazım idi?! Cənab Prezident bu məqamı da əsas gətirərək müsahibəsində məsələni son dərəcə ciddiyyət və dəqiqiliklə ifadə etdi:
 
"İndi Mərkəzi Bank insanlara xidmət göstərib ki, orada filial açsın? Kimin üçün filial açacaq? Özü üçün ki, gedib orada otursun, yaxud da gedəndə bunun bir iqamətgahı olsun, şəraiti olsun, oraya pullar xərclənsin və bunun insanlara hansı xeyri dəyəcək? Heç bir. Təkcə bu deyil. Digər qurumlar da, indi mənə müraciət etmişlər. Onların hər halda ağlı çatıb mənə müraciət etməyə və mən onlara dedim ki, gedin oturun yerinizdə".

Dövlət başçısının bu qəti mövqeyi, sözsüz ki, hər bir vəzifəli şəxsə, strukturların rəhbərlərinə ibrət dərsi olmalıdır. Onlar bütün bunlardan vaxtında və düzgün nəticə çıxarmalıdırlar. Əks təqdirdə, onların yanlış addım və açıqlamaları xalqla hakimiyyət arasında münasibətlərə zərər verə, vətəndaşların dövlətə güvənini zəiflədə bilər. Bu xoşagəlməz ehtimalı özünəməxsus həssaslıq və dəqiqliklə sezən Prezident İlham Əliyev belə halların "vətəndaşları iyrəndirmək" kimi acı nəticə verə biləcəyini tam vaxtında düşünərək, qarşısını almaq üçün təsirli addımlar atmaqdadır.

Haqqında söz açdığımız müsahibənin duyğularımıza tərcüman olan digər bir mühüm məqamı isə Prezident İlham Əliyevin azad edilmiş torpaqlarla bağlı təəssüratına dair suala verdiyi cavabdır:
 
"Təəssüratlar - əlbəttə ki, hər bir Azərbaycan vətəndaşı hansı hissləri keçirir, mən də o hissləri keçirirəm, bəlkə daha çox". Bu vacib məqam bir daha göstərdi ki, dövlətimizin başçısı xalqımızla hər cəhətdən, həmçinin, duyğu-təəssürat müstəvisində də möhkəm vəhdət halındadır. Odur ki, cənab Prezidentin ölkənin taleyinə dair ən müxtəlif məsələlərə münasibəti də, onları ifadə etmə tərzi də xalqın ürəyindən xəbər verir.  


 





03.02.2021    çap et  çap et