525.Az

Rusiyanın Türkiyəyə ehtiyacı artır - Xaqani Cəfərlinin yazısı


 

MOSKVANIN ERMƏNİLƏRƏ HAVADARLIQ ETMƏK İMKANI TÜKƏNİB

Rusiyanın Türkiyəyə ehtiyacı artır - <b style="color:red">Xaqani Cəfərlinin yazısı </b>

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, sabiq prezident Dmitri Medvedev ölkəsinin bir qrup kütləvi informasiya vasitəsinə geniş nüsahibə verib.
 
Təhlükəsizlik Şurasının sədr müavini Rusiyanın hakimiyyət iyerarxiyasında çox önəmli vəzifə olmasa da, Dmitri Medvedevin sabiq prezident və baş nazir olmasını, hazırda da hakim "Vahid Rusiya" Partiyasına sədrlik etməsi bu müsahibədə səslənən fiikirlərin əhəmiyyətini xeyli artırıb. Müsahibənin digər diqqətçəkən tərəfi Dmitri Medvedevin baş nazir vəzifəsindən azad edilərək Təhlükəsizlik Şurasının sədr müavini təyin edildiyi dövrdən ötən bir il ərzində ən geniş müsahibəsi olmaqla yanaşı, Rusiyanın bir çox məsələlərlə bağlı dövlət siyasətinin əsas cizgilərini açıqlamasıdır.

Dmitri Medvedev müsahibəsində Dağlıq Qarabağ məsələsinə də geniş münasibət bildirib və bu mövzuda üç sualı cavablandırıb. Qarabağla bağlı ilk sual 2020-ci ilin payızında Qarabağda baş vermiş müharibədə kimin qalib gəlməsilə bağlıdır. Sual məhz bu şəkildə səsləndirilib. Sualın bu şəkildə səsləndirilməsi, əbəttə, təəccüblüdür və müəyyən maraqlara xidmət etdiyi açıq-aydın sezilir. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini bu sualı birmənalı cavablandırmayaraq Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı prezident və baş nazir olduğu vaxt göstərdiyi fəaliyyətdən danışaraq, hərbi əməliyyatların qarşısını almaq üçün səy göstərdiyini vurğulayıb. Ötən ilin payızındakı hərbi əməliyyatların dayandırılmasında Rusiya prezidenti Vldamir Putinin önəmli rol oynadığını bildirən Dimitri Medvedev hərbi əməliyyatların durdurulmasının daha çox insan təlafatının qarşısının alınması baxımından önəmini qabartmaqla humanitar və iqtisadi məsələlərin əhəmiyyətini vurğulayıb.

Dağlıq Qarabağla bağlı ikinci sual bölgənin statusu ilə bağlı olub. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini bu mövzunun indiki zamanda müzakirəsinin mümkünsüzlüyünü qeyd edərək, tərəflərin mövqelərinin kəskin fərqləndiyini bildirib. Ermənistanın da Qarabağın müstəqilliyini tanımadığına qeyd edən Medvedev bu mövzunun müzakirəsinin gələcəyə saxlanmasının daha doğru olacağını deyib.

Qarabağla bağlı üçüncü sual isə Türkiyənin münaqişədə rolu və prezident Rəcəb Tayyib Ərdoğanın fəaliyyətinin Rusiyanı qorxudub-qorxutmaması ilə bağlı olub. Birinci sualda olduğu kimi, bu sualın da müəyyən maraqlara xidmət etdiyi aydın görünür. Türkiyəni Rusiyanın önəmli tərəfdaşı adlandıran Medvedev bu ölkənin Azərbaycanla çox yaxın ölkə olmasının nəzərə alınmasının vacibliyini vurğulayıb. Bununla yanaşı, Türkiyə ilə məhsuldar əməkdaşlığın olduğunu bəyan edən Medvedevin Ankara ilə Moskva arasında ziddiyyətlərin olmadığını qabartmağa çalışması maraqlı və diqqətçəkicidir.

Aydın görünür ki, hazırda Qərblə münasibətləri gərginləşən xətlə yüksələn Rusiya regionun ən önəmli ölkəsi Türkiyə ilə münasibətləri Ermənistanın maraqları üçün korlamaq niyyətində deyil. Bu, heç şübhəsiz, Azərbaycanın mənafeyi baxımından çox önəmli məsələdir. Rusiyanın belə mövqeyi Ermənistandakı "müharibə partiyası"nın planlarını alt-üst edir. Məlum olduğu kimi, Ermənistan müxalifətinin əsas hissəsinin baş nazir vəzifəsinə namizədi Vazgen Manukyan ötən ilin payızında ölkəsinin məruz qaldığı ağır hərbi məğlubiyyətin əvəzini Türkiyəyə qarşı yarana biləcəyi ehtimal olunan koalisiyada yer almaqda gördüyünü bəyan etmişdi. Manukyanın Ermənistanın siyasi-hərbi böhrandan çıxış yolu ilə bağlı üç maddəlik proqramının üçüncü maddəsi məhz belə idi. Görünür, Manukyanın Rusiya ilə Türkiyə arasında qarşıdurma yarana biləcəyi ilə bağlı ümidləri olub. Bu mənada, Dmitri Medvedevin bu müsahibə ilə Vazgen Manukyanı xəyal qırıqlığına uğratdığını söyləmək olar. Vazgen Manukyanla yanaşı, Ermənistanın siyasi elitasının böyük bir qisminin də son ümidlərinin daşa dəydiyini görmək mümkündür.

30 il öncə Rusiyanın hərbi yardımı ilə Azərbaycanın torpaqlarının bir hissəsini işğal edən Ermənistanda siyasi qüvvələrin əksər hissəsi keçmişin yenidən təkrar olunacağına ümid bəsləyir. Erməni siyasətçilər regionda qüvvələr nisbətinin dəyişdiyini ya anlaya bilmir, ya da özlərini və xalqlarını aldatmaq yolunu tuturlar.

Rusiya ilə Qərb arasında münasibətlərin hətta "soyuq müharibə" dövründəkindən də pis olması Moskvanın region ölkələrilə münasibətlərini qorumağa vadar edir. Rusiya müxalifətinin lideri Aleksey Navalnının həbsi, bu həbsə etiraz olaraq keçirilən kütləvi aksiyaların zorakılıqla dağıdılması Rusiya ilə Qərb arasında münasibətləri daha da tarıma çəkib. Rusiyanın hakim dairələri inanırlar ki, müxalifətin fəallaşmasının arxasında Qərb dövlətləri dayanır. Qərbdə isə Rusiya əleyhinə yeni təcrid və qadağalar kampaniyası start götürməkdədir. Vəziyyət elə həddə çatıb ki, hətta Rusiya ilə anlaşmağın mümkünlüyünə inanan Fransa da Moskvaya qarşı sanksiyaların tətbiqindən danışır. Fransa artıq Almaniyanı "Şimal axını-2" layihəsindən imtinaya çağırış da edib. Parisin bu mövqeyi, heç şübhəsiz, "Şimal axını-2" layihəsinin qarşısını almağa çalışan ABŞ-ın mövqelərini gücləndirdiyi kimi, kəmərin çəkilişində maraqlı olan Almaniyanın mövqelərini zəiflədir.

Rusiyada iqtidar-müxalifət qarşıdurması dərinləşdikcə Qərbin Moskvaya təzyiqləri güclənəcək. Bu isə Rusiya üçün Türkiyə ilə yaxşı münasibətlərin əhəmiyyətini hər ötən gün daha da artıracaq. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də bunun fərqindədir və ermənilərin maraqları xatirinə ölkənin mənafelərini qurban vermək niyyətində deyil. Ermənistanda isə hələ də Moskvanın ermənilərə havadarlıq etmək imkanlarının tükəndiyinin fərqində deyillər.

Bizim üçün ən vacibi isə odur ki, Rusiya ilə Qərb arasında yaranmış və dərinləşməkdə olan qarşıdurma Ermənistanın mövqelərini zəiflətdiyi kimi, Azərbaycanın mövqelərinin güclənməsinə səbəb olacaq.

 





03.02.2021    çap et  çap et