525.Az

Qələmsiz yazılanlar - Rəşad Məcidin status-esseləri


 

Qələmsiz yazılanlar - <b style="color:red">Rəşad Məcidin status-esseləri</b>

Cənab Prezident hər dəfə Şuşadan danışanda çöhrəsi işıq saçır.

O qədər şövqlə, ürəkdən, içdən danışır ki, bu sevgi dinləyənlərə də sirayət edir, onları da ovsunlayır, Şuşanı görməyənlər də, tanımayanlar da bu möcüzə şəhərin heyranına çevrilir.

Hər sözündə, hər kəlməsində Şuşaya canlı insan kimi xitab edir, sanki canlı insanla təmas yaradırmış kimi onunla qəribə bir canıyananlıqla ünsiyyət qurur.

Sonsuz sayğıya, böyük ehtirama layiq müqəddəs Şuşa sevgisi!..

***

Bədii əsəri hiss etmək, anlamaq həm də ovqatdan asılıdır. Dəfələrlə oxusan da, hər sözü, cümləni, misranı başa düşsən də, əsərdəki işığı həmişə tuta, sehri, müəmmanı, sirri aça bilmirsən. Əsərin sehrinə düşürsən, amma bu sehrin səbəbini izah etməkdə çətinlik çəkirsən. Beynində ilişib qalan süjet birdən ovqatının hansı məqamındasa aydınlanır, sehirli qaranlıq işıqlanır və sən əsəri canlı varlıq kimi, dipdiri, hərəkət etdiyini görürsən və o müəmma, o sirr qəfildən sənə agah olur.

***

İctimai televiziyanın ən uzunömürlü layihələrindən olan "Bir mahnının tarixçəsi" verilişi öz səviyyəsini yaranandan saxlayır. Zaman dəyişir, sədrlər dəyişir və bununla bərabər, tələblər, zövqlər də dəyişir, amma bu veriliş öz nüfuzunu, sanbalını hər zaman qoruyur.

Niyə?

Birincisi ona görə ki, verilişin müəllifi Könül Arifqızı gördüyü işə sevgi ilə, şövqlə, məsuliyyətlə yanaşır və bu əvəzləmələrin öz işinə - verilişə mənfi mənada təsirinə, yoluxmasına imkan vermir. Hər dəfə baxırsan, veriliş dopdoludur, bir dənə də olsun boşluq yoxdur, mövzu ilə bağlı ən xırda detallarınacan bütün məqamlara toxunulur. İndi televiziyalarımızda belə incəliyinəcən araşdırma verilişlər azdır. Bu səviyyədə araşdırmalara fərqli mövzularda verilişlər hazırlayan telejurnalistlərimizin də fəaliyyətində rast gəlməyi arzulayardıq. Ortada öyrənmək, daha da irəli getmək üçün milli efirimizə başucalığı gətirən belə bir nümunə var - təki istedad, arzu, istək və şövq olsun.

Budəfəki veriliş Cavanşir Quliyevin "Bura Vətəndir" mahnısına həsr olunmuşdu. Yenə də hər şey peşəkarcasına hazırlanmışdı: efirlərdə az-az görünən bəstəkarın, mahnının sözlərinin ondan da az görünən müəllifi, şair Dilsuz Mustafayevin, müğənni Akif İslamzadənin bu dəyərli musiqi nümunəsinin yaranma ideyası, ərsəyə gəlməsi barədə dolğun xatirələri və hədsiz informasiya ilə dolu süjet.

Məşhur "Sarı gəlin" mahnısının mətninə Dilsuz Mustafayevin etdiyi əlavələr barədə məlumatlar o qədər yeni və maraqlı idi ki, mövzudan azacıq kənarlaşma hiss olunmadı. Bəstəkar Aydın Əzimin Hüseyn Saraclının sazının Cavanşir Quliyevə necə gəlib çıxması barədə və danışdığı başqa xatirələr verilişə əlavə rəng qatırdı. Hələ Sovet hakimiyyəti illərində - 1977-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Bədii Şurasında keçirilən müzakirələr zamanı komitənin sədr müavini, şuranın sədri, yazıçı Cəmil Əlibəyovun "türk ruhu" duyulan bu musiqi nümunəsinin efirə verilməsindən çəkinən şura üzvlərinin etirazına baxmayaraq, mahnının yayımlanmasına yaşıl işıq yandırması, eləcə də zamanın ideoloji tələblərinə görə şair Dilsuz Mustafayevin 7 bəndlik şeirindən Dərbəndə və Təbrizə aid bəndlərin mahnıdan kənarda qalması ilə bağlı deyilənlər o dövrün ideoloji ab-havası haqqında müasir tamaşaçıya informasiya vermək baxımından olduqca əhəmiyyətli idi.

Belə verilişlər tamaşaçıya zövq verməklə yanaşı, həm də televiziyalarımıza, onların yaradıcı kollektivinə güvən və inamın artması baxımından çox önəmlidir.

Bizə bu gözəl hissləri yaşatdıqlarına görə verilişin müəllifinə və yaradıcı heyətinə xüsusi təşəkkür düşür.

Şövqünüz azalmasın.

***

Nə qədər planlar pozuldu, arzular puç oldu...

***

Boğulmaq istəmirsinizsə, dərinə getməyin...

***

Bir il olardı, evdən çıxmırdı...

***

Avropa yenidən qapanır. Deyəsən, bu virus hələ çox dövr edəcək, çox canlar alacaq...

***

Uşaqlıqda yaşadığın evin, oxuduğun məktəbin, gəzdiyin küçələrin, oynadığın bağların... xarabalıqları arasında gəzməyin gətirəcəyi ağrını təsəvvür edəndə qıvrılıram. Ona görə də, can atmıram Ağdamı bu halda görməyə... Mən o yerlərdə jurnalist kimi, turist kimi soyuqqanlı, biganə, etinasız halda necə gəzə bilərəm, axı?

***

Anar Cəbrayıllı kimi mətbuat katibinin olmasını yəqin hər bir dövlət qurumu arzulayar. Səlis, aydın, məntiqli danışır, təmsilçisi olduğu qurumun maraqlarını qorumağı, dediklərini əsaslandıraraq izah etməyi bacarır və buna görə də, hətta istehlakçının maraqları xaricində olan fikirləri də dinləyicidə, tamaşaçıda, oxucuda qıcıq yaratmır. Suyun qiymətinin qalxmasını da elə gözəl anladır ki, adamın canına yağ kimi yayılır - selləmə yağış cadar-cadar olmuş torpağa hopduğu kimi...

***

"Coca-Cola"nın yeni zavod tikməsinə nə ehtiyac var ki? Onsuz da bu içkiyə münasibət birmənalı deyil. Yeni milli içki növlərini təbliğ və inkişaf etdirmək daha faydalı, vətənpərvər addım olardı...

***

Bakı çox yüklənib, tab gətirmir...

***

Heç televiziyalarda da reklam yoxdur...

***

Çalışın, gənc qalın...

***

Xalq yazıçısı Elçinin "525-ci qəzet"də dərc olunan "Şanapipik" hekayəsini iki dəfə oxudum. Mistik ovqat, axıcı təhkiyə və sirr.

Müəllifin çatdırmaq istədiyi mətləbi hiss edir, amma tam tuta bilmirdim.

Düşüncələr içində birdən mənə elə gəldi ki, hekayə qisas barədədir - insanın əlindən alınan doğmalıqlarının qisasını alması barədə, baiskarın cəzasını mütləq alacağı barədə - ilahi ədalət barədə!..

Söhbət əsnasında bəzi həmkarlarım da hekayə ilə bağlı müxtəlif səpkili yozumlarını bildirdilər və bu deyilənlərdən belə qənaət yarandı ki, hekayə çox fərqli fikirlərə yol açan bir əsərdir. Amma hamını, əlbəttə, ilk növbədə müəllifin özünün yorumu maraqlandırırdı. Bu barədə Elçin müəllimlə də danışdım, onun özünün də bir az fərqli yozumu olduğunu gördüm.

Yəqin ki, hekayə barədə müzakirələr gedəcək, müxtəlif mülahizələr səsləndiriləcək və yenə də birbaşa hansısa konkret bir yozumun üzərində dayanmaq olmayacaq.

Müəlifin öz fikri isə hələlik sirr olaraq qalsın. Yəqin, nə vaxtsa müsahiblərindən birində bu barədə özü danışacaq.

 





03.02.2021    çap et  çap et