525.Az

Əbədiyyətdəki əziz ünvanlarımız - Şəhidlər ölməz, Vətən bölünməz!


 

Əbədiyyətdəki əziz ünvanlarımız - <b style="color:red">Şəhidlər ölməz, Vətən bölünməz!</b>

Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığıyla nəticələndi.

Müharibə varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. "525-ci qəzet" olaraq bu layihəmizdə mütəmadi şəkildə hissə-hissə həmin igidlərimizi oxucularımıza tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq dastanı olan bu həyatlarla qürur duyur, onları unutmayacağımıza, unutdurmayacağımıza söz veririk! Allah hər birinə rəhmət eləsin!

P.S. Bu layihəmizə dəstək olmaq üçün ətrafınızda tanıdığınız, bildiyiniz şəhidlər varsa, həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya bilərsiniz!

Şahanə MÜŞFİQ
[email protected]

***



Ürfan Firdovsi oğlu Orucov
1996-cı il oktyabrın 9-da Şabranda anadan olub. Orta məktəbi Şabranda başa vuraraq 2014-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akedemiyasına daxil olub. 2018-ci ildə Akademiyanı bitirərək hərbi xidmətə yollanır. "N" saylı hərbi hissədə əvvəlcə əsgər, sonra isə "kiçik çavuş" kimi "manqa komandiri" olur. 2019-cu ildə xidmətini başa vuraraq geri qayıdır. 2020-ci ilsentyabrın 21-də səfərbərlik haqqında qanuna əsasən təlimlərə qatılır, 27 sentyabrdan döyüşlərdə iştirak edir, Füzuli və Cəbrayıl bölgələrində bir çox ərazilərin işğaldan azad olunması uğrunda vuruşur. Göstərdiyi şücaətə görə döyüşlər davam edən zaman "gizir" rütbəsi alır. Belindən zədə alsa da, müalicədən boyun qaçırıb, müalicəsini israrla istəyən qardaşına "əsgərlərimi tək qoysam, vicdanım buna dözməz" - deyərək döyüşlərə davam edib. Oktyabrın 11-də səhər saatlarında ailəsi ilə telefon əlaqəsi qurarkən sanki son zəng olduğunu hiss etmişdi. Səsi xırıldadığı üçün öncə ailəsi onun yaralı olduğunu düşünür. Ürfan qəhrəman əsgərləri ilə birlikdə 3 günlük müharisədən döyüşərək çıxdığını bildirir. Ailəsinə son dəfə "özünüzdən muğayat olun" - deyir. Elə həmin gün günorta saatlarında Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşür, bir neçə yaralı əsgər yoldaşını döyüş meydanından çıxarır. Həmin döyüşdə Ü.Orucov düşmənin iki snayper gülləsi ilə şəhadətə qovuşur. Bir gün sonra oktyabrın 12-də Şabranın Şəhidlər Xiyabanında dəfn edilir. O, şəhadətindən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

*** 



Uşaqlıqdan hərbçi olmağı hədəfləyən Şahbazov Elnur Qədir oğlu 20 avqust 2001-ci ildə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində doğulub. 2007-2015-ci illərdə Suraxanı rayonu 89 nömrəli tam orta məktəbində təhsil alıb. İdmana həvəs göstərən Elnur məktəbdə təhsil aldığı vaxtlarda futbola gedib, məktəbi bitirdikdən sonra isə futbol sahəsində işləməyə başlayıb. Ən sevdiyi idman növü də elə futbol, qaydasız döyüş olub. Bir müddət sonra ağır atletika ilə məşğul olmağa başlayan Elnur mərd xarakteri, möhkəm dostluğu ilə həm məktəb kollektivi, həm də dostları tərəfindən sevilirdi. Elnurun rəssamlığa da böyük həvəsi və marağı var idi. Qardaşı Eldarın dediyinə görə, Elnur o qədər gözəl rəsmlər çəkirdi ki, hətta məktəbin həyətinə çəkilmiş "buta" təsvirini silməyə belə icazə verməmişdilər.

O, uşaqlıqdan hərbçi olmağı arzulayırdı. 2019-cu il oktyabrın 2-də Goranboya hərbi xidmətə yola düşür. Ailəsinin sözlərinə görə, şəhid olacağını bilirdi. Buna görə də hərbi xidmətə yola salınarkən ailəsindən bunu təntənəli şəkildə etmələrini xahiş etmişdi. Rəqs etməyi sevirdi. Bacısı Nəsibə deyir ki, Elnur yolasalma zamanı anasından, qardaşından gizlin qonşularına "gəlin doyunca oynayaq, mən qayıtmayacağam" demişdi. Qardaşının "Qarabağ uğrunda mən vuruşacağam, müharibədə mən də iştirak edəcəyəm" sözlərinə Elnur "Bu döyüşü sənə saxlamayacağam, sən evdə qal, ata-anamın yanında ol" -deyə cavab vermişdi.

Hərbi xidmətə yola salındıqdan 2 ay sonra könüllü şəkildə Xüsusi Təyinatlılar dəstəsinə qoşulur. Atası Qədir Şahbazov deyir: "Elnur həmişə evə zəng edib bizi soruşur, deyirdi ki, narahat olmayın, hamınızın yerinə vətən borcunu artıqlaması ilə yerinə yetirəcəyəm".

2020-ci il avqustda Tovuzda gedən döyüşlərdə fəal iştirak edir. Sentyabrın 27-də Füzuli istiqamətində gedən qızğın döyüşlərə qatılır. Anası Tərifə Fətullayeva deyir ki, komandirinin xəbərdarlığına baxmayaraq, yaralı halda 6 şəhidi döyüş meydanından kənara çəkib. O, oktyabrın 23-də Laçın dəhlizi uğrunda gedən qızğın döyüşlərdə şəhid olub.

*** 



Nahid Vahid oğlu Məmmədov 1996-cı il 11 iyunda Xəzər rayonu Binə qəsəbəsində doğulub. Orta təhsilini qəsəbədə yerləşən şəhid R.Sadıqov adına 136 saylı tam orta məktəbdə alıb, sonra Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində fəaliyyət göstərən İnşaat kollecində oxuyub.

2014-cü ildə Ağdamın sərhəd kəndlərindən birində hərbi xidmət keçmiş, 2015-ci ildə tərxis olunmuşdu. Baş atıcı Nahidin, demək olar ki, hər anı təhlükəli idi.

Vətən müharibəsi başlanandan sonra 2020-ci il 29 sentyabrda könüllü müraciət edərək döyüşlərə qatılıb. Müharibəyə yollandıqdan iki gün sonra Nahid Suqovuşan uğrunda gedən döyüşlərə qatılır. Oktyabrın 3-ü Suqovuşan işğaldan azad edildikdən sonra Nahid də döyüş yoldaşları ilə birgə Ağdərə istiqamətində gedən döyüşlərə qatılır və 14 oktyabrda Ağdərə döyüşlərində düşmənin mərmi atəşi nəticəsində ürəyindən qəlpə yarası alaraq şəhadətə yüksəlib. Bir gün sonra şəhidimizin ailəsinə məlumat verilib və nəşi Bakıya gətirilərək oktyabrın 16-da torpağa tapşırılıb. Şəhadətindən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

*** 



Ələkbərov Telman İqdam oğlu 30 mart 1991-ci ildə Bakıda doğulub. Körpə ikən valideynləri ayrıldığı üçün tək övlad kimi anasının himayəsində böyüyüb. 1997-2003-cü illərdə Sabunçu rayonu 215 nömrəli tam orta məktəbdə təhsil alıb. 2003-2008-ci illərdə orta təhsilini Azərbaycan Respublikası Olimpiya İdman Liseyində davam etdirib. 2009-cu ildə həqiqi hərbi xidmətə çağırılıb, 2011-ci ildə Goranboyda xidmətini başa vurub. 2013-2018-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb. Qiyabi oxuduğundan iş fəaliyyətini də dayandırmayıb, 2012- 2019-cu illərdə "Azərişıq" ASC-də, sonra "Azərsu" ASC-də mühafizə xidmətində işləyib.

2019-cu ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Ehtiyat zabit hazırlığı kursunda "motoatıcı taqım komandiri" ixtisası üzrə təlim keçib. 2019-cu il yanvarın 29-da kursu bitirdikdən sonra leytenant rütbəsində taqım komandiri kimi Ağdamda yerləşən N saylı hərbi hissənin 1902-ci motoatıcı taboruna təyinat alıb. İşinə məsuliyyətlə yanaşdığı üçün həmin il martın 30-da 1901-ci motoatıcı taborunun (BMP_1) motoatıcı bölüyünün 1-ci motoatıcı taqım komandiri vəzifəsində xidmət göstərməyə başlayır. T.Ələkbərov xidməti dövründə vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə hərbi hissə komandiri tərəfindən dəfələrlə "Fəxri fərman"larla təltif olunub. 2020-ci il avqustun 12-də T.Ələkbərov Müqaviləsini uzadaraq "Hərbi xidmət keçmə haqqında" Əsasnamənin 9-cu maddəsinə müvafiq olaraq Azərbaycan Ordusunun zabit heyətinə keçib.

Vətən müharibəsinin ilk günündən döyüşlərdə iştirak edən Telman 2020-ci il 7 oktyabrda Ağdam istiqamətində döyüş tapşırıqlarını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Şəhadətindən sonra o, "Ağdamın azadlığı uğrunda", "Vətən Müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

*** 



Şıxıyev Səyyad Abdul oğlu 4 sentyabr 1999-cu il Saatlıda anadan olub. 2006-2017-ci illərdə Saatlı rayon Ə.Şüküroğlu adına Varxankənd tam orta məktəbində təhsil alıb. 1 yanvar 2018-ci ildə hərbi xidmətə yollanıb. Zaqatalanın Dövlət Sərhəd Xidmətində xidmət keçib. Hərbi xidmətdən sonra qısa müddətliyinə evlərinə geri dönür. Lakin 19 noyabr 2019-cu ildən Dövlət Sərhəd Xidmətlərində gizir kimi xidmətə başlayır. Öncə Zaqatala, sonra Qazaxda xidmət edib. Qazaxa gəldikdən bir neçə ay sonra Diversiya qrupunun kəşfiyyat bölümünə daxil olur və bir kəşfiyyatçı gizir kimi dövlət sərhədlərimizi qorumağa başlayır. Qısa müddət sonra pulemyotçu (qumbaraatan) vəzifəsinə təyin edilir.

Uşaq yaşlarından vətənə olan sevgisi bağlılığı ilə seçilib. O, dəfələrlə bacısı namaz qılarkən: "Bacı, namazında mənə də dua et. Dua et ki, məni vətəni qorumaq şərəfinə layiq bilsinlər" - deyərmiş. Onu gizirliyə qəbul edən zaman çox sevinib.

2020-ci ilin sentyabrında Vətən müharibəsi başlamazdan öncə evə gəlir və ailəsi ilə son görüşü olur. 44 günlük müharibənin 20 gününü döyüşür. Öncə Kəlbəcər yaxınlığında gedən döyüşlərdə pulemyotçu kimi vuruşur. Sonra Füzuli-Cəbrayıl döyüşlərinə yollanır. 11 oktyabr saat 17:31-də ailəsi ilə son danışığı olur. Bacısı ilə danışarkən sanki şəhidliyini hiss etmiş kimi "vətənə canım da qurban, bacı, özündən muğayat ol" - deyib sağollaşır. Həmin gün onun 22 illik həyatının son günü olur.

Gecə saatlarında dəfələrlə düşmən hücuma keçir. Səyyad, döyüş yoldaşları və komandiri öz postlarında əks-hücuma keçmək üçün gözləyirlər. Artıq onlar açıq döyüşə hazrlaşmışdılar. Səyyad qumbaraatan vəzifəsində olduğu üçün silahı olmur. Amma olmasa belə, yaralıları çıxarmağa gedən döyüş yoldaşının silahını əlindən alır və döyüşə girir. 70-dən çox işağlçını məhv edir, özü isə ən sonda düşmən üzərinə irəliləyən zaman ürəyindən snayperlə vurulur. Komandiri Səyyadın 40 mərasimində "Ata, sən başını dik tut. Sənin oğlun 70, bəlkə də daha çox ermənini öldürüb, snayperlə ürəyindən vurulduqdan sonra belə silahını bərk-bərk sinəsinə sıxıb son nəfəsini verib. Silahını güclə əlindən aldıq oğlunun" - sözlərini qürurla deyib. Səyyad şəhadətindən sonra "III dərəcəli Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

*** 



Rəşidov Natiq Məmmədrza oğlu 2 sentyabr 1991-ci ildə Saatlının Dədə Qorqud kəndində doğulub. 1997-2008-ci illərdə Saatlı rayonu Əhmədbəyli kənd tam orta məktəbində təhsil alıb.

2020-ci il Tovuz döyüşlərindən sonra könüllü ordu sıralarına yazılıb. 21 sentyabr 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi təlimlərə cəlb olunub. Müharibə zamanı Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə iştirak edib. Döyüş yoldaşlarının dediyinə görə, Natiq döyüşlərdə böyük qəhrəmanlıq göstərib, bir neçə düşmən tankını məhv edib. Hadrut döyüşlərində itkin düşən Natiqin təxminən bir ay sonra şəhid olduğu məlum olub və o, 30 noyabrda Dədə Qorqud kəndində dəfn edilib. Şəhadətindən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunub.

Ailəli olan şəhidimizin Vətənə əmanət iki övladı qalıb.

*** 



İman və Bəhrəm Məmmədzadə qardaşlarının arasında iki yaş fərqi olsa da, bir-birlərinə bağlılıqlarından hər kəs onları "əkizlər" deyə çağırarmış. Elə taleləri də əkiz oldu... 

İman Elman oğlu Məmmədzadə 1998-ci il sentyabrın 13-də, kiçik qardaşı Bəhrəm isə 18 aprel 2000-ci ildə Lerikin Kəlvəz kəndində anadan olub.

Ataları Elman Məmmədov deyir ki, qardaşlar şəhid olmağı qarşılarına məqsəd qoymuşdular. İman və Bəhrəm uşaqlıqdan qardaş kimi, dost kimi çox yaxın olublar. Məktəbə, idmana bir gediblər, tələbə kimi bir oxuyub hərbi xidmətə yollanıblar.

Qardaşlar Rusiyada ali məktəbi bitirdikdən sonra Bakıya gəliblər və hələ hərbi xidmətə çağırılmaqlarına bir il qalsa da, bir gün sonra hərbi komissarlığa gedib qeydiyyata düşüblər. Qusarda hərbi xidmətdə eyni bölükdə olublar və ilk Bəhrəm kəşfiyyatçı olub, bu səbəbdən İman da kəşfiyyat bölüyünə keçib. Sonra İmanın səhhəti kəşfiyyatçı olmağa imkan vermədiyi üçün bölükdən uzaqlaşıb, Bəhrəm də ona görə könüllü kəşfiyyatdan çıxıb.

Sentyabrın 27-də döyüşlər başlayanda ilk cəbhəyə gedənlərdən olublar. Şəhid olduqları vaxt isə onların hərbi xidməti başa vurub gəlməklərinə 2 ay qalırdı.

Elman bəy deyir ki, sentyabrın 27-də oğlanları döyüşə gedərkən Kürdəmirdə onlara çatıb və görüşə bilib: "Əsgərlərdə o qədər ruh yüksəkliyi var idi ki, deyərdim döyüşə yox, şənliyə gedirdilər. Döyüşə, ölümə gülə-gülə gedirdilər".

İman və Bəhrəm döyüşlərə Füzulidə başlayıblar. Füzuli, Cəbrayıl və Zəngilanın kəndlərinin işğaldan azad edilməsində iştirak ediblər. Son döyüşləri isə Xankəndi uğrunda olub. Döyüşdə də bir-birilərini tək buraxmayıblar. Qardaşlar eyni döyüşdə, eyni anda şəhid olublar. Yaşayanda bir-birini tək qoymadıqları kimi sonda da bir yerdə şəhid olublar.

*** 



Nurzadə Rövşən Əli oğlu 24 mart 1975-ci ildə Sumqayıtda anadan olub. Sumqayıtda 31 saylı orta məktəbi bitirib. I Qarabağ müharibəsində 9-cu sinifdə oxuyan Rövşən evdən qaçaraq müharibəyə gedib, onu ön cəbhədə xidmət edən bir mayor geri qaytarıb, özü şəxsən evlərinədək gətirib.

Azərbaycan Dövlət İqtisad Universitetini bitirdikdən sonra hərbçi olmaq istədiyini deyib və Hərbi Akademiyada oxuyub. Hərbi xidmətini Qarabağın sərhəd bölgəsində N saylı hərbi hissədə rota komandiri kimi başa vurub. 2002-ci ildə baş leytenant kimi ehtiyata buraxılıb. Uzun müddət məişət sahələrində müəyyən vəzifələrdə olub.

2020-ci ildə Vətən müharibəsinə ailəsindən xəbərsiz, könüllü gedərək baş leytenant kimi Ağcabədi, Füzuli, Cəbrayıl, Qubadlı istiqamətində döyüşüb, 6 noyabrda Şuşanın azadlığı uğrunda şəhid olub və II Fəxri Xiyabanda dəfn olunub.

Şəhadətindən sonra Qubadlı və Şuşanın azad olunmasına görə medalları ilə təltif olunub. Ailəli olan şəhidimizin iki oğul övladı var. Övladlarından biri Vaqif Nurzadə Kiprdə Ağdəniz Universitetinin 2-ci kursunda təhsil alır. İkinci oğlu Kənan Nurzadə isə 6-cı sinifdə oxuyur. O, artıq təhsilini Müasir İnnovasiyalar Liseyində davam etdirir.

Qeyd edək ki, şəhid baş leytenant Rövşən Nurzadə Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Əli Nurun övladıdır.

*** 


Quliyev Vüqar Füzuli oğlu 12 dekabr 2001-ci ildə Ağsunun Qaraqaşlı kəndində doğulub. Orta təhsilini Ağsu şəhər 4 saylı məktəbdə alıb. 2018-ci ildən Bakıda peşə məktəbində qaynaqçı kimi peşə təhsili alırdı. Hərbi çağırış gələn zaman təhsilini yarımçıq qoyub, Füzulinin Şükürbəyli kəndinə N saylı hərbi həssədə xidmətə gedir. Təhsil alsa da, uşaqlıqdan hərbidə çalışmaq istəyirdi. 12-13 yaşlarından isə şəhid olacağını deyirdi. Ailədə 3 qardaş, 1 bacıdırlar. Böyük qardaşı Quliyev Kamran da 2016-cı il Aprel döyüşlərində düşmənlə layiqincə vuruşub. Vüqar evin sonbeşiyi idi. Onun idealı Milli Qəhrəman Mübariz İbrahimov imiş.

Vətən müharibəsi zamanı ailəsinə döyüşlərdə olduğunu hiss etdirməyib. Hər danışanda arxa cəbhədə olduğunu deyib. Son dəfə kiçik qardaşı Gülxanla danışıb, ona "tunelə giririk, birdən şəhid olaram, haqqını halal et" -deyib. Qardaşı isə "belə demə, atam, mən, bibilərim səninçün qurbanlar demişik, sağ-salamat gəl, qurbanlarımızı kəsək" - deyib. Bu son danışıqdan sonra Vüqardan xəbər çıxmır. Bir həftə sonra şəhid olduğu xəbəri gəlir. Şuşanın işğalı günü hərbi xidmətə gedən Vüqar, azadlığı günündə şəhid kimi son dəfə evinə qayıdır. 8 noyabr 2020-ci ildə Ağsu şəhər Şəhidlər Xiyabanında dəfn olunur. Şəhadətindən sonra Xocavəndin və Füzulinin azad edilməsinə görə medallarıyla təltif olunub.

*** 



Asif Məmmədağa oğlu Kərimov 12 noyabr 1989-cu ildə Cəlilabadın Ləzran kəndində doğulub. Həmin kənddə orta təhsilini bitirdikdən sonra Azərbaycan Dövlət Neft Akademiyasına daxil olub. Burda ali təhsil almaqla yanaşı, sonda hərbi rütbəyə də sahib olub. Buna görə də 44 günlük Vətən müharibəsinə zabit kimi qatılıb. Daşkəsəndə hərbi xidmət zamanı komandiri olmuş general Polad Həşimovun şəhadəti onu çox narahat edib, onun qanını düşməndən almağa tələsib. Cəbhənin cənub istiqamətində döyüşlərdə olub. Füzuli, Cəbrayıl və Qubadlının azad olunmasında iştirak edib. Asifin qatıldığı ən ağır döyüşlərdən biri də Şuşa uğrunda olub. 2020-ci il noyabrın 3-də burda düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub, doğulduğu Ləzran kəndində torpağa tapşırılıb. Ailəli olan şəhidimizin vətənə əmanət iki övladı qalıb.

Şəhadətindən sonra A.Kərimov "Qubadlının azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medallarıyla təltif edilib.

*** 



Novruzov Şəhnin Şahlar oğlu 3 fevral 1998-ci ildə Astaranın Səncərədi kəndində doğulub. 2004-cü ildə həmin kənddə E.Ağayev adına məktəbdə təhsilə başlayır. 2007-ci ildə təhsilini yarımçıq qoyaraq ailəsi ilə birgə Bakının Zirə qəsəbəsinə köçürlər. Kiçik yaşlarından ustalığı öyrənən Şəhninin çox gözəl əl qabiliyyəti var idi. 9 aprel 2016-cı ildə həqiqi hərbi xidmətə yollanır. 2017-ci ildə Beyləqanda xidmətini başa vurur. Ancaq MAXE kimi xidmətini davam etdirir.

2020-ci ildə Vətən müharibəsi başlananda səfərbərliklə yenidən hərbi xidmətə yollanır. Bu ərəfədə Şəhnin telefonla danışarkən ailəsini qardaşına əmanət edir və onlardan halallıq istəyir. Oktyabın 20-də Xocavənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır. Hər zaman "Mən məktəb oxumasam da, bunu bilin, özümdən sonra böyük bir tarix yazacam" - deyən şəhidimiz həqiqətən də yeni Azərbaycan tarixinin yazılmasında misilsiz rol oynadı. O, şəhadətindən sonra "Cəbrayılın azad olunmasına görə" medalıya təltif olunub.

*** 



Murad Qurbanov Asəf oğlu 23 mart 1996-cı ildə Salyanda doğulub. Orta təhsilini 51 nömrəli tam orta məktəbdə alan Murad 2013-cü ildə Maliyyə İqtisad kollecinə daxil olur. Tələbəlik illərində də öz yüksək təşkilatçılığı, biliyi ilə fərqlənir. 2015-ci ildə həqiqi hərbi xidmətə çağırılır, 2016-cı ildə xidmət zamanı Aprel döyüşlərində iştirak edir və polkovnik İlqar Mirzəyevdən "Təşəkkürnamə" alır. 2020-ci il avqust ayında Murad sevdiyi qızla nişanlanır. 2020-ci ilin sentyabrında Ali Baş Komandan İlham Əliyevin qismən səfərbərlik elanından sonra Murad sentyabrın 29-da könüllü Qarabağa yollanır. O, Cəbrayıl, Hadrut, Füzuli uğrunda gedən döyüşlərdə mərdliklə vuruşur, 11 oktyabrda Hadrutda qəhrəmancasına şəhid olur. Evin tək oğlu olan Murad 24 illik ömrünə 2 müharibə sığdırdı.

*** 



Kərimov Ayaz Azər oğlu
12 fevral 2002-ci ildə Salyanın Qaraçala qəsəbəsi Çadırlı kəndində doğulub. Orta məktəbi yeni bitirib həqiqi hərbi xidmətə yollanıb. 2020-ci ilin sentyabrında müharibə başlayan gündən ön cəbhədə ağır döyüşlərdə iştirak edən Ayaz Tərtər, Ağdərə, Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla fərqlənib. Oktyabrın 14-də son dəfə ailəsiylə danışan Ayaz elə həmin gün şəhidik zirvəsinə ucalıb.

İnsanlarla ünsiyyəti çox da sevməyən Ayaz sevdiyi qız olsa da, "mənim heç zaman toyum olmayacaq" deyərmiş. Sanki hələ 18 yaşı tamam olmadan həyatının yarım qalacağını bilirmiş kimi kimsəyə şəkil çəkdirməz, özünü sevdirməzmiş. Amma hər zaman üzü gülərmiş.

Qeyd: Bu qəhrəmanlarımızın hər biri, şəhadətə qovuşduqdan sonra, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, "Vətən uğrunda" medalı ilə təltif olunub.

 





04.02.2021    çap et  çap et