525.Az

Üzeyir Hacıbəylinin Ev-Muzeyindən zəruri düzəliş


 

Üzeyir Hacıbəylinin Ev-Muzeyindən zəruri düzəliş<b style="color:red"></b>

Hörmətli redaksiya və dəyərli oxucular!

"525-ci qəzet"in 30 yanvar 2021-ci il tarixli sayının 18-19-cu səhifələrində fizika-riyaziyyat elmləri doktoru, professor, şair, yazıçı, publisist və tərcüməçi Hamlet İsaxanlının müəllifi olduğu "Mənim Qarabağım və ya Qarabağ düyünü" adlı yazısının ikinci hissəsində bir faktın yanlış təqdim edildiyinin şahidi olduq.

"(Qeyd. Üzeyir bəy öz içimizdə "Arşın mal alan"ı heçə sayanlara qısa və məntiqli cavab verir (1924): "Burasını dəxi qeyd etməyə məcburam ki, türk opera və operettalarından "Arşın mal alan" hər yerdə rəğbət qazanıb, dildən dilə tərcümə edilib, Gürcüstanda, Ermənistanda, yüzlərcə dəfə oynandıqdan sonra Rusiyanı, Türkiyəni, İranı, Fransanı, Amerikanı, İspaniya, İtaliya və Misiri dolaşıb, Azərbaycan teatr və musiqisini hər bir yerdə nümayiş etdirdiyi bir zamanda vətəndaş Samitin (maarif nazirinin müavini Tağı Şahbazinin təxəllüslərindən biri - H.İ.) bu əsərin səhnədən qaldırılmasını və qadağan edilməsini tələb etməsinə heç bir məna verməyirik)".

Göründüyü kimi, yuxarıdakı sitatda müəllif tərəfindən "Samit" təxəllüsünün maarif nazirinin müavini Tağı Şahbaziyə məxsus olduğu göstərilmişdir. Lakin "Samit" təxəllüsü əslində, Tağı Şahbaziyə deyil, ədəbiyyatşünas, tənqidçi və publisist, 1922-1928-ci illərdə Azərbaycan SSR Xalq Maarif Komissarı Mustafa Quliyevə məxsus olub. 1922-1923-cü illər ərzində Azərbaycan Xalq Maarif Komissarının müavini olmuş Tağı Şahbazinin isə təxəllüsü Simurğdur.

Qəzetin gələcəkdə bir arxiv materialına, tədqiqatçıların müraciət edəcəkləri mənbəyə çevriləcəyini nəzərə alaraq, bu faktı redaksiyanın, yazı müəllifi professor H.İsaxanlının və oxucuların diqqətinə çatdırmağı özümüzə borc bildik.

 





04.02.2021    çap et  çap et