525.Az

Ermənisayağı xəyali perspektiv və reallıq - Telman Orucovun yazısı


 

Ermənisayağı xəyali perspektiv və reallıq - <b style="color:red">Telman Orucovun yazısı</b>

Qələbənin mühüm cəhətlərinin tarixi prototipləri

(Əvvəli ötən saylarımızda)

Ermənistan da ağır fəlakətin matəmini saxlamaqla yanaşı, dərdini bir qədər yumşaldan amil kimi öz ərazisinə Azərbaycan əsgərinin girməməsindən istifadə edə bilər. Burada Azərbaycan rəhbərliyinin özgə torpaqlarına göz dikməməsi barədəki prinsipə riayət etməsi mühüm rol oynadı. Ermənistan, bəlkə də, ağalarının onlara görə vuruşacağına bel bağlayırdı, hətta onlar gəlib çıxana qədər, yəqin ki, çox məsələlər öz həllini tapardı. Ermənilər onu da nəzərə almalıdırlar ki, Azərbaycan zəiflərə xas olan qisas hissindən çox uzaqdır. 1992-1993-cü illərdə Ermənistan ordusu ona göstərilən böyük hərbi yardım hesabına Azərbaycanın 20 faizə yaxın ərazisini işğal etmişdi, müasir ordumuz üçün bu nisbəti Ermənistan ərazisində meydana gətirmək o qədər də çətin bir iş deyildi, özü də bu, heç də Hamburq hesabı olmayacaqdı.

Ermənilər, ayıq başla hadisələrə qiymət verənlər unutmamalıdırlar ki, onların keçən əsrin 90-cı illərini geri qaytarmaq ümidləri ximeradan başqa bir şey deyildir, əgər onlar revanş hissləri ilə yaşamağa meyl etsələr, 2020-ci ildə onun silahlı qüvvələrini acınacaqlı vəziyyətə salan Azərbaycan ordusu istənilən ərazidə vuruşmağa hazır olmaqla, ölkəsindən yenə nəyisə qoparmaq meylinə düşənlərə elə tutarlı cavab verəcəkdir ki, onlar Yer üzündə cəhənnəm əzabları ilə üzləşmək məcburiyyətində qalacaq, Qiyamət gününə qədər onu unutmayacaqlar. Xəyala dalmaq insana xas olan xüsusiyyətdir, əgər siyasi və hərbi xidmətlər kor olub, reallığı görə bilmirsə, uyduqları xəyallar onlara yalnız bəla töhfəsi verəcəkdir.

Erməni qatı millətçiləri susmaq bilmir

Ermənistanın müharibədə canlı qüvvə və hərbi texnika barədə ağır itkilər verməsinə, alçaldıcı məğlubiyyətinə baxmayaraq, erməni qatı millətçiləri hissləri qızışdırmaqda davam edirlər. Ölkənin tam şəkildə militarizasiyası və ruhi səfərbərliyə alınmasına (başqa sözlə, qonşu xalqdan qisas almağa) dair çağırışlar eşidilir. Bu, taun vaxtı ziyafət qurmaq istəyinə bənzəyir. Çünki ölkə iqtisadiyyatı ağır vəziyyətdədir. Onu dirçəltmək əvəzinə, diqqət yenə də hərbiləşməyə verilir, maliyyə imkanlarının yoxluğu da bu vaxt nəzərə alınmır.

Real vəziyyəti sağaltmaq qayğısına qalmaq əvəzinə, xalqa yenə də onun müstəsna olduğu, ultraqədimliliyi təlqin edilir, bu barsız ağaca, yenə də hərtərəfli qulluq göstərilməsi davam etdirilir. Özünün başqa xalqlardan guya fərqli olması, onlara heç bir rüsum verməsə də, bu fiks ideyadan əl çəkilmir. Bunu onların psixiki sağlamlığında olan problemlərdə axtarmaq lazımdır.

Ölkə iqtisadiyyatı uçmuş ev təsiri bağışlayır, onun sahibi isə evi bərpa etmək əvəzinə, xəyali dizayn barədə düşünür və qonşu xalqın möhkəm evini uçurtmaq məqsədini güdür.

Belə ağılsız təxəyyülə son qoymaq vaxtı çoxdan çatmışdır, İkinci Qarabağ müharibəsi ermənilərə matəm zəngini çaldı. Xalqı dilənçi vəziyyətinə salanlar yenə də müharibə cığırını tərk etmək istəmirlər. Ondan əlavə qurbanlar verməyi tələb etmək nə qədər ədalətə sığır? Xalqın ədalətsız müharibədə axıtdığı qan gölü kimi ikinci Sevana malik olmaq istəyirlərmi? İndi də bəzi qızmış başlar ağır vəziyyətdən çıxmaq yolunu terrorçuluqda görürlər, bədnam "Asala"nı dirçəltmək istəyirlər. Onlara demək isəyirsən ki, ağlınızı başınıza yığın, xam xəyallara düşməyiniz yetər. Nə qədər ilğım arxasınca qaçmaq olar? 

Erməni xalqının bir ovuc qatı millətçilərin əsirinə çevrilməsi, qonşu xalqlar hesabına öz ərazisini genişləndirmək xəyalları ilə yaşaması bu psevdoqəhrəmanların ifşa edilməsini tələb edir. Onlar zəhərli illüziyaları ilə bütöv xalqı qidalandırmağa can atırlar. Erməni marginalları elə bil ki, Edip kompleksinə yiyələnmişlər, öz vətənlərinə təcavüz etmək istəyirlər. Nə qədər öz ölkəsini utopik dövlətə bənzətmək olar? Əli qonşu xalqların qanına batmış caniləri əbədiləşdirmək, onlara qəhrəman qiyafəsini geyindirmək, heykəllər qoymaq nə dərəcədə düzgündür?

Başqa xalqlar kimi ermənilər də firavan həyata qovuşmaq arzusu ilə yaşamalı olduğu halda, onların nəzərləri qonşu xalqın torpaqlarını işğal etmək vektoruna yönəldilir. Bu ideologiya erməni xalqını yeni bəlalara cəlb edir. Ayrı-ayrı adamların xəyala dalması, illüziya ilə yaşaması heç də qorxulu deyildir, çünki onlar dünyanı başqa şəkildə görür, paralel koordinatlar sistemində yaşamaq yolunu seçirlər. Onları başa düşməyənlərə elə bir ziyan vurmurlar, sadəcə olaraq onlara gülürlər. Bütöv xalq gerçəklikdən uzaq olan bir arzu ilə yaşamağa məcbur edildikdə, güman edir ki, başqaları, birinci növbədə qonşu xalqlar ona mane olur, istəklərinin həyata keçməsinə yol vermirlər. Ona görə də həmin xalqlara qarşı nifrət, ikrah hissi yaranır və bu, nəhayət, xəyanət və başqasının ərazisinə müdaxilə ilə nəticələnir. Sonra isə təcavüzə məruz qalmış xalqdan aldığı ağır zərbə cavabı ilə mükafatlanmalı olur. Buna baxmayaraq, qatı millətçilər öz ağılsız mövqelərini tərk etmək istəmirlər. Aristotel  cəmiyyəti harmoniyaya, musiqiyə bənzədirdi, musiqi isə müxtəlif notlardan ibarətdir. Ermənistanda isə musiqi belə yaddan çıxmışdır, orada yalnız qatı millətçilərin kakafoniyası eşidilir.

Qatı millətçilik, şovinizm vampir kimi qanla qidalanmağa üstünlük verir. Marginallar da qonşu xalqın ərazisini işğal edib, işğalın permanent olmasına can atırlar. Hər cür məkrli tədbirlərinə baxmayaraq, sonda onları haqlayan ağır cəzadan qaça bilmirlər. Başa düşmürlər ki, iyrənc instinktləri reallışdırmağa çalışmaq heç vaxt fayda verməyəcəkdir.

Erməni ziyalıları, xüsusən qatı millətçilər adi bir hadisədən yapışıb, onu millətinin böyük zəfəri kimi qələmə verməyə çalışırlar. Tarixçi akademik böyük həvəslə Ori adlı bir erməninin onları əsarətdən xilas etmək barədə Rusiya imperatoru Böyük Pyotra müraciətindən söhbət açır, lakin onun heç bir dəyişikliyə səbəb olmaması kimi nəticə barədə isə susmağa üstünlük verir. İsrail Ori 1701-ci ildə Moskvada olarkən Böyük Pyotra Syunik ermənilərinin xahişini yazılı şəkildə çatdırmış, çar ona 7 il sonra cavab versə də, heç nə etməmişdi, onu ancaq Rusiyanın öz problemləri maraqlandırırdı.

Çox hallarda uydurulmuş qədimliyə maniakal aludəçilik, müasir dünyaya da onun birbaşa davamı kimi baxmaq heç də böyük ağıldan xəbər vermir, erməni tarixçiləri isə öz xalqının çox hissəsini virtual təamlar süfrəsindən həzz almağa dəvət edir. Ona görə də başlanan yarışda hər kəs digərindən daha böyük zikkurat tikməsi ilə fərqlənməyə çalışır, onun isə möhkəm bünövrəsi olmadığından az sonra uçub dağılır.

Sovet dövründə Dağlıq Qarabağ erməniləri muxtar vilayətin statusundan, tərkibində olduğu Azərbaycan SSR-in donorluğundan yaxşıca faydalanırdılar. Dəmir yoluna, hava limanına, abad şəhərlərə, kəndlərə malik idilər. Ermənistan ordusunun işğal əməliyyatlarından sonra özünü respublika elan etsə də, lakin onu heç bir dövlət tanımadı. Vassalı olduğu Ermənistanın özü kimi xaricdə yaşayan ermənilərin maliyyə yardımı, əslində, ianəsi ilə yaşamaq yolunu tutdu. Ərazidə həyat səviyyəsi yüksəlmirdi, ona görə də sakinlər oranı tərk edib Rusiyada və başqa ölkələrdə özünə az-çox müvafiq yaşayış şəraiti axtarırdılar. Erməni millətindən olan əhalinin sayı Azərbaycanın tərkibində olduğundan 20 faiz azaldı, bu məsələdə Ermənistan erməniləri də onlara nümunə göstərirdilər.

Bunun səbəblərini araşdırmaq əvəzinə, yenədə Dağlıq Qarabağı əlavə ermənilərlə məskunlaşdırmaq çağırışları eşidilir. Süni şəkildə nəyəsə nail olmaq olar, oraya köçürülənlər bir az sonra ağır sosial şəraitə görə yenə də başqa ölkələrdə yaşamağa üz tutacaqlar.

Məğlubiyyətdən sonra təkcə Dağlıq Qarabağ deyil, Ermənistan özü də müdhiş vəziyyətə düşmüşdür. Onun maliyyə imkanları daha da zəifləmişdir. Belə şəraitdə övladları döyüşdə həlak olmuş valideynlərə maddi yardım göstərmək, yaralılar ordusuna pensiya vermək müşkül məsələyə çevrilmişdir.

Ölkəsini, xalqını sevmək insana xas olan xüsusiyyətdir. Lakin millətçilik müəyyən hədlərdə olmalıdır, onun fanatizmə çevrilən növü - qatı millətçiliyi sirayətləndirən marginallar nəticə etibarilə öz milləti üçün bəla mənbəyinə çevrilir. Başqa xalqlara qarşı bəslənilən nifrət düşmənçiliyə və nəhayət, müharibələrə yol açır. Ona görə də qatı millətçilik zəhərli alaq otu kimi kökündən çıxarılmalıdır.

Azərbaycanlıların vətənpərvərliyi İkinci Qarabağ müharibəsində gözəl bəhrələr verdi. Yaxşı haldır ki, ölkəmizdə qatı millətçilik meyllərinin yayılmasına imkan verilmir. Tək-tük nümunələr isə ya tezliklə solur, ya da onları təbiətin hökmü yoxa çıxarır.

Qələbənin tarixdə prototiplərini axtarmaq, araşdırmaq ilk növbədə onun qazanılması yolunda qəhrəmanlıq göstərənlərə, şəhid olanlara hörmət əlaməti kimi meydana gəlmişdir. Qələbənin özü böyük sevinc mənbəyi olduğundan, ona hansısa bəzək vurulmasına ehtiyac duymur. Lakin mühüm tarixi hadisələrə bənzərliyi adamda daha xoş hisslər yaradır. Xalqımız öz torpaqlarını azad etməklə, düşmən üzərində zəfərə nail olmaqla bir daha özünü təsdiq etdi və dünyaya da göstərdi ki, onun hüquqlarına hörmətsizlik edənlər cəzasız qalmır.

Ermənisayağı xəyali perspektiv və reallıq

Qələbənin bənzər olduğu tarixi nümunələri, prototipləri tapmaq cəhdi həm də ondan sonrakı dövrə nəzər salmaq, əks tərəfdə nələr baş verəcəyini təxəyyüllə müəyyən etmək istəyi yaradır. Ona görə də ermənilər kimi xəyalı işə salmaq, illüziyzor dəyişiklikləri göz önünə gətirmək cəhdinə ehtiyac duyulur. Bu vaxt həqiqətən də olduqca müsbət dəyişikliklər səhnəsini seyr etməyin özü əhval-ruhiyyəni daha da yaxşılaşdırır. Televiziyada Ermənistan hökumətinin başçısı, görünür, xalqın ona göstərdiyi etimadın məsuliyyətini başa düşən bir adam kimi öz xalqına müraciətlə çıxış edirdi. Nitqində həm də qonşu xalqlara münasibətə toxunulurdu. Ermənistan tribunasından son 30 ildə ilk dəfə gerçəkliyin acı da olsa tələbini nəzərə alan və gələcəyə ünvanlanmış sözlər səsləndiyindən, onları bütünlüklə yazılı şəkildə vermək istəyi meydana gəldi:

"Ermənistan rəhbərliyi öz xalqının tarixinə nəzər salıb, son əsrlərdə ilk dəfə düzgün nəticə çıxarmaq qərarına gəlmişdir və onları sizin nəzərinizə çatdırmaq şərəfini mənə həvalə etmişdir. Biz, bütünlüklə erməni xalqı özümüzün müstəsnalığımız kimi daim mənafelərimizə zərər verən ideyadan uzaqlaşır, özümüzün bütün xalqlarla bərabər olduğumuzu bəyan etməyi vacib sayırıq. Biz bu gündən etibarən qonşularımızla düşmənçiliyə son qoyuruq, onlardan da müvafiq cavab alacağımıza şübhə etmirik. Biz əvvəllər yol verdiyimiz təcavüz hərəkətlərinə görə üzr istəyir və həmin siyasəti pisləməklə, ondan bütünlüklə uzaqlaşdığımızı bildiririk. Biz əllərimizi düşmənçilik virusundan (bu ifadə latınca "zəhər" deməkdir) təmizləyib, azərbaycanlılara, türklərə və digər qonşularımıza uzadırıq, çox ümid edirik ki, sülhsevər siyasətimizə onlar da inanıb, onu sıxmaqdan imtina etməyəcəklər. Biz qonşularımıza zeytun budağı təklif edirik və bu, bizim bundan sonrakı münasibətimizin rəmzi olacaqdır.

Müharibə aparmaq və onun ağrılarını çəkmək kimi ağır yükdən azad olmaqla, militarizm yolu ilə birdəfəlik vidalaşırıq, bütün səylərimizi ölkəmizin inkişafına, doğma şəhərlərimizin və kəndlərimizin çiçəklənməsinə, xalqımızın maddi rifahının yüksəlməsinə sərf edəcəyik. İndiyə qədər isə müharibəyə hazırlaşmaq və onu aparmaq ağır xərclərə səbəb olduğundan, ölkədə iqtisadi və sosial vəziyyət olduqca pisləşmişdi. Ona görə də əhalinin bir hissəsi vətəni atıb, didərgin kimi başqa ölkələrdə yaşamağa üz tutmuşdu.

Qonşu xalqın ərazilərinə təcavüzümüz onlar üçün ağır nəticələrə səbəb olmuşdu. Azərbaycanda bir neçə şəhər və yüzlərlə kənd bizim ordu tərəfindən dağıdılmışdı. Lakin onlar öz torpaqlarını azad edəndə xarabalıqlar yaratmağa səy göstərmədilər və Ermənistan ərazisinə girmədilər. Biz həmin şəhərlərin və kəndlərin qaçqına çevrilmiş bütün sakinlərindən, Azərbaycan xalqından üzr istəyirik, onlara görə tövbə etdiyimizi bildiririk. Həm də şübhə etmirik ki, hərtərəfli gücə malik olan Azərbaycan həmin yaşayış məntəqələrini əvvəlkindən daha abad şəkildə bərpa edəcəkdir.

Biz dövlətimiz üçün sülhü seçməklə həm də regionda dinc həyatın, firavanlığın bərqərar olacağına, qarşılıqlı iqtisadi əlaqələrin meydana gəlməsinə və böyüməsinə çox ümid bəsləyirik. Çünki bundan ən çox qazanan Ermənistan olacaqdır. Arzu edirik ki, Cənubi Qafqaz bir daha heç vaxt müharibə səhnəsinə çevrilməsin, düşmənçilik toxumunu səpib, onun zəmisindən bol bəhrə götürmək istəyənlərin iyrənc əməllərinə yol verilməsin. Biz birinci növbədə öz qatı millətçilərimizi xəbərdar edirik, qoy onlar xalqı bədbəxtliklər girdabına salmaqdan əl çəksinlər, əks təqdirdə onların əməllərinin müvafiq qaydada cəzalandırılmasına nail olacağıq. Qanunlarımız da nifrət yayanlar barədə sərt tədbirlərin görülməsini nəzərdə tutur, baxmayaraq ki, biz bu prinsipdən istifadə edilməsinə indiyədək məhəl qoymamışıq".

Sonra hökumət başçısı çıxışına yekun vuraraq dedi:

- Bu sözlərim qoy and xarakteri daşısın, onu pozsam, xalq mənə ən ağır cəzanı versin.

Baş nazirin çıxışından sonrakı rəylər də fərəhləndirici idi. Xalqın əksəriyyəti onun fikirlərinə tərəfdar olduğunu bildirirdi. Bircə şeyə təəssüflənirdilər ki, bu bəyanat 2020-ci il müharibəsi başlanandan əvvəl səslənməmişdi.

Ermənistandan gələn sədaların xoş təsiri bizdə də razılıq hissi yaratdı. Xəyaldan ayılıb, gerçəkliyə qayıdanda, tam başqa məzmunlu çıxışlar əvvəlki fikrimizi dağıtdı. Çünki yenə erməni marginallarının sərsəm bəyanatları, qisasa çağırışları eşidilirdi.

07.01.2021

 





04.02.2021    çap et  çap et