525.Az

Parlamentdə koronavirusla bağlı dinləmə keçirilib


 

Parlamentdə koronavirusla bağlı dinləmə keçirilib<b style="color:red"></b>

Fevralın 4-də Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə parlamentin Səhiyyə və İqtisadi  siyasət, sənaye və sahibkarlıq  komitələrinin birgə iclasında “Koronavirus infeksiyası (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və digər görülən tədbirlər” mövzusunda videokonfrans formatında dinləmə keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 525.az-a verilən məlumata görə, dinləməyə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, sədr müavini Fəzail İbrahimli, deputatlar, Səhiyyə Nazirliyinin və müvafiq qurumların nümayəndələri  qatılıblar.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki,  koronavirus  infeksiyasının mövcudluğu dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də hər kəsi narahat edir.  Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəbbüsü ilə baş tutan bu tədbirin məqsədi  ölkəmizdə pandemiya  şəraitində ümumi vəziyyətin, həyata keçirilən mübarizə  tədbirlərinin müzakirə edilməsidir. Əhliman Əmiraslanov qeyd  edib ki,  COVİD-19  infeksiyasının qarşısının alınması və təhlükəsiz  idarə olunması  dövlət  başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqətindədir. Ötən il Azərbaycanda bununla bağlı böyük işlər  görülüb.

Komitə sədri məsələ ilə əlaqədar qanunvericilikdə müəyyən  dəyişikliklər həyata  keçirildiyini diqqətə çatdırıb. Bu gün  koronavirusla  bağlı vəziyyətin stabil olduğunu, yoluxma ilə azalma  arasında  ciddi  fərqin olmadığını  bildirən komitə  sədri  vurğulayıb ki,  heç bir şəkildə arxayınlaşmaq və  profilaktik  müdafiə  tədbirlərini  zəiflətmək olmaz.

Onlayn iclasda İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev çıxış edərək əhalinin sağlamlığının qorunması istiqamətində icbari tibbi sığortanın vacib  element  olduğunu  diqqətə çatdırıb.  O, 2020-ci ildə Azərbaycanda icbari tibbi siğortanın  həyata  keçirilməsinin gedişatı ilə bağlı ətraflı məlumat verib. Qeyd  edilib ki, ötən il 23 rayonda  icbari tibbi sığorta tətbiq edilib, tibbi xidmətlər zərfində nəzərdə tutulan xidmətlərdən həmin rayonların əhalisinin təqribən 50 faizi istifadə edə bilib. Zaur  Əliyev əhalinin göstərilən xidmətlərdən çox məmnun qaldığını da vurğulayıb.

Sonra İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Nigar Bayramova icbari tibbi sığorta haqqında  qanunvericiliyə təklif edilməsi nəzərdə tutulan  dəyişikliklərdən danışıb.

Onlayn dinləmədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı  çıxış edərək qurumun pandemiya  dövründə  gördüyü işlər,  xəstəliyin müəyyən olunması, müalicənin aparılması, infeksion nəzarət və izolyasiya, icra, koordinasiya və nəzarət  qruplarının fəaliyyəti, vaksinasiya prosesi barədə ətraflı məlumat verib.

TƏBİB rəhbəri çıxışında bu sahədə maddi-texniki bazanın təkmilləşdirilməsi, sərhəd-buraxılış  məntəqələrində  prosesin idarə olunması, xəstələrə psixoloji  dəstək xidmətləri, beynəlxalq  əməkdaşlıq məsələlərindən geniş söhbət  açıb. Bildirilib ki,  pandemiya  dövründə ölkəmizdə çarpayı fondu 2046 olan 12 yeni Modul tipli xəstəxana, çarpayı fondu 570 olan  Yeni Klinika istifadəyə  verilib. Ötən il ərzində tibb müəssisələri 4474 ədəd yeni cihaz və avadanlıqla təmin edilib. COVID-19-la mübarizə məqsədilə ÜST, UNICEF, AEBA, AİB kimi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıqlar qurulub, çoxsaylı ortaq layihələr həyata keçirilib.

Dinləmələrdə çıxış edən Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli, İqtisadi  siyasət, sənaye  və sahibkarlıq komitəsinin sədri Tahir  Mirkişili, deputatlardan  Vahid Əhmədov, Əli Məsimli, Məlahət  İbrahimqızı, İlham Məmmədov, Mahir Abbaszadə, Məşhur Məmmədov, Sədaqət Vəliyeva,  Kamilə Əliyeva, Məzahir Əfəndiyev, Elnur Allahverdiyev virusla  mübarizə sahəsində görülən işləri  yüksək  qiymətləndirib, bu tədbirlərin virusun qarşısının  alınmasında  böyük rol oynadığını bildiriblər. Hər bir  çıxışda  dövlət  rəhbərliyinə  minnətdarlıq   ifadə  edilib. Qeyd  edilib ki, yoluxma sayının azalması infeksiyanın tamamilə yox olması  demək  deyil  və  bu, insanları  arxayınlaşdırmamalıdır.

Onlayn toplantıda millət vəkillərini maraqlandıran suallara aydınlıq  gətirilib.

Dinləmədə deputatlardan Ziyad Səmədzadə, Rəşad Mahmudov, Ülvi Quliyev, Vüqar Bayramov, Rüfət  Quliyev, İqbal Məmmədov, Anatoliy Rafailov, Soltan Məmmədov, Kəmaləddin Qafarov, Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdir əvəzi Teymur Musayev iştirak ediblər.

 





04.02.2021    çap et  çap et