525.Az

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun görüşü oldu


 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun görüşü oldu<b style="color:red"></b>

4 fevral 2021-ci il tarixində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin nümayəndə heyəti ilə görüşüb.

525.az xəbər verir ki, görüşdə Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin Baş katibi İlyas Dəmirçinin rəhbərliyi ilə qurumun nümayəndələri iştirak ediblər.

Fondun prezidenti Günay Əfəndiyeva qonaqları salamlayaraq, 44 günlük müharibə dövründə türkdilli ölkələrin, xüsusilə qardaş Türkiyənin Azərbaycanın əzəli torpaqlarının işğaldan azad olunması uğrunda apardığı haqlı mübarizəsində dəstəkləməklərini xüsusi vurğulayıb. Günay Əfəndiyeva: “ Bununla da Türkiyə və Azərbaycan dostluğunun, həmrəyliyinin əbədiliyi və sarsılmazlığı bütün dünyaya bir daha sübut olunmuşdur “ deyə qeyd edib. O, eyni zamanda Fond və Türk Dünyası Mühəndislər və Memarlar Birliyi arasında konstruktiv əməkdaşlıq münasibətlərinin olduğunu qeyd edib : “ Türk Dünyası Mühəndislər və Memarlar Birliyi tərəfindən 2016-cı ili Azərbaycan xalqının Ümummilli Liderinin xatirəsinə ehtiram əlaməti olaraq “ Heydər Əliyev ili ” elan edilmişdir və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə birgə Ankarada ilin  açılış mərasimi keçirilmişdir “.

Günay Əfəndiyeva həmçinin Qarabağda olan Azərbaycanın tarixi, dini, mədəni abidələrinin mövcud vəziyyətinin acınacaqlı halda olması məsələsinə də toxunub. Fondun prezidenti Azərbaycanın maddi-mədəni irsinə, incəsənət nümunələrinə qarşı törədilən vandal əməllərin 30 illik tarixin nəticəsi olduğunu qeyd edib. O, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Azərbaycanın işğaldan azad olunmuş torpaqlarına rəhbər səviyyəsində ilk  səfər edən  beynəlxalq təşkilat olduğunu bildirib.

Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin Baş katibi  İlyas Dəmirçi görüşdə çıxış edərək, Azərbaycana, eləcə də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna səfərlərindən xüsusi məmnunluq hissi keçirdiyini bildirib. O, Azərbaycanın qədim  torpaqlarının işğalçılardan tamamilə təmizlənməsinin və qazanılan şanlı Zəfərin bütün Türk Dünyasına böyük qürur yaşatdığını vurğulayıb. Baş Katib tarixi Azərbaycan ərazilərinin geri qaytarılması ilə Azərbaycanın milli kimliyinin bir daha qoruyub saxladığını bildirib. İlyas Dəmirçi həmçinin Dağlıq Qarabağda yerləşən memarlıq nümunələrinin dağıdılması, təhqir olunması əməllərini qətiyyətlə pisləyərək, abidələrin bərpa edilməsi istiqamətdə görülməsi planlanan işlər barədə məlumat verib.

Qeyd edilməlidir ki, TDMMB nümayəndə heyəti Dağlıq Qarabağ bölgəsində yerləşən maddi-mədəni abidələrə dəyən zərəri, eləcə də bu istiqamətdə görülə biləcək işləri müzakirə etmək məqsədilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda "Qarabağın Keçmişi, Bu günü və Gələcəyi" mövzusunda  keçiriləcək konfransda iştirak etmək üçün  Azərbaycana səfər ediblər .

Daha sonra tərəflər bir-birilərinə hədiyyələr təqdim ediblər.

 





04.02.2021    çap et  çap et