Görkəmli koreyalı türkoloq, Seul Donkduk Qadınlar Universitetinin professoru, Avrasiya Türk Araşdırmaları İnstitutunun direktoru, UNESCO-nun Orta Asiya ölkələri üzrə təmsilçisi, Özbəkistan Elmlər Akademiyasının üzvü, Azərbaycan Yazıçılar birliyinin fəxri üzvü, Koreya Prezidentinin müşaviri Eunkyung Ohun “XX yüz il Türkiyə və Koreya ədəbiyyatında qadın” adlı monoqrafiyası Azərbaycan dilində nəşr olunan ilk kitabıdır. XX əsr Türkiyə və Koreya romanlarında qadın probleminin müqayisəli ədəbiyyat kontekstində – feminist aspektdə təhlil edildiyi kitabı dilimizə ədəbiyyatşünas Aygün Ali tərcümə edib.
Monoqrafiyanın elmi redaktoru və ön söz müəllifi çoxşaxəli, zəngin yaradıcılığı ilə ədəbiyyatımıza böyük töhfələr verən, yazıçı, ədəbiyyatşünas, tərcüməçi, tənqidçi, filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Vaqif Sultanlı tədqiqata dair əsas məqamlara və məziyyətə diqqət yönəldir:
“Zəngin qaynaqlar əsasında yazılan monoqrafiya elmi-nəzəri tutumu ilə qarşılaşdırmalı ədəbiyyat araşdırmaçılığının mükəmməl örnəklərindən biri kimi səciyyələnir. Araşdırıcının qadın olması təhlilə çəkilən problemin ən incə və qapalı məqamlarının üzə çıxarılmasına imkan vermişdir. Əsərin Azərbaycan türkcəsində nəşr edilməsinin səbəbi, ilk növbədə, bu sahədə araşdırmalara ciddi ehtiyacın olmasından qaynaqlanır. Həmçinin, monoqrafiyada qaldırılan problemlərin Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə bağlı ortaq özəlliklərə malik olduğu unudulmamalıdır. Bununla yanaşı, qadın probleminin çağdaş dünyanın aktual mövzularından biri olması da tədqiqata olan marağı artırmaqdadır”.
Müəllifin kitabın Azərbaycan və Türkiyə nəşrlərinə yazdığı ön sözün də təqdim edildiyi monoqrafiya Giriş, 2 fəsil, Nəticə və Qaynaqlardan ibarətdir. Eunkyung Oh qadın üçün həyatın çalışmaq, xidmət etmək, sevmək, özünü yox saymaq olduğunu qeyd etməklə qadın prizmasında həyat kəlməsini şərh etmiş, kitabı özünü ailəsinə həsr edən nənəsinə, anasına, öz qabığından sıyrılmaq istəyən bütün qadınlara ithaf etdiyini bildirməklə isə qadının həyatını ailəsinə həsr etdiyini vurğulamış, ismarıc ünvanlamışdır.
Girişdə Türkiyə və Koreyada qadının ənənəvi və ictimai baxımdan statusunun tarixi inkişafı, müasirləşmədən danışarkən qadınların təhsili, hüquqları ilə bağlı dövlət qanunları, onların əmək həyatında, siyasətdə mövqeyi barədə məlumat verilir, müqayisəli təhlil aparılır.
“Türkiyə və Koreya romanlarında qadın” adlı I fəsildə hər iki ölkənin qadın problemlərini əks etdirən, xarakterini açan nümunələr seçilib.
Türkiyə ədəbiyyatından Xalidə Ədib Adıvarın “Xəndan”, “Sinəkli baqqal”, Rəşad Nuri Güntəkinin “Çalıquşu”, Orxan Kamalın “Bir Filiz vardı”, Yaşar Kamalın “İlanı öldürsələr”, Ədalət Ağaoğlunun “Ölməyə yatmaq”, Ayla Kutlunun “Cadügər ağacı”, Əminə İsınsunun “Qaf dağının arxasında” romanlarının xülasəsi verilmiş, qadın xarakterlər təhlil edilmişdir. “Xəndan” əsərində baş qəhrəman Xəndandan başqa Saffet, Şehper, Nəriman kimi qadınlar var ki, təhlil zamanı Xəndan və Nəriman təhsili, düşüncə tərzi, psixoloji vəziyyəti baxımından müqayisə edilir. Təhsil səviyyələri eyni (özəl dərs almış, avropasayağı tip), düşüncə tərzi (Xəndan – modern), (Nəriman – ənənəvi) və psixoloji vəziyyətləri (Xəndan – bədbəxt aktiv), (Nəriman – xoşbəxt passiv) fərqli olan bu surətlərin müqayisəsi cədvəl deyil, venn diaqramı şəklində təqdim edilsə idi, daha məqsədəuyğun olardı. “Çalıquşu” romanının baş qəhrəmanı uşaqlıq və təhsil illərində çılğın, müəllimlik illərində vətənsevər, ziyalı kimi xarakterizə edilən Fəridənin o zamanadək Türkiyə ədəbiyyatında rast gəlinməyən gənc qız tipi olması, yazıçının onun timsalında vətən sevgisini də göstərməklə müəllimin ideal obrazını canlandırmaq istəyinə diqqət yönəldilir.
Xaric və İstanbul mədəniyyətilə yetişən Fəridə Anadolu həyatına keçməklə yeni dünyayla tanış olan, həyatın reallıqlarını tanıyıb yetkinləşən, İstanbula dönüb problemlərini həll edən, Anadolu mədəniyyətilə İstanbul mədəniyyətini özündə birləşdirən yetkin insan kimi təhlilə cəlb edilir. “Sinəkli baqqal” romanında baş qəhrəman həyatına sahib çıxan, mədəniyyətini qorumaq üçün mübarizə aparan Rabia, onun dərki üçün anası inadcıl Əminə obrazına yer verilir. “Bir Filiz vardı” əsərində Filiz sağlam xarakterli, xoşxasiyyət, namuslu, doğru yolu asanlıqla tapmağa hazır insan kimi təqdim edilir. “Ölməyə yatmaq” əsərində ziyalı türk qadını, universitet dosenti Ayselin sıxıntılı həyatı, qarşılaşdığı ictimai çətinliklərə, “İlanı öldürsələr” əsərində sosioloji baxımdan qapalı və mühafizəkar cəmiyyətdə susmaqla geridə qalan, gücsüzlüyün qurbanı olan zəif qadın Əsmənin, “Cadügər ağacı” əsərində doğum həkimi Nülufərin, “Qaf dağının arxasında” əsərində psixologiya təhsilini yarıda qoyan, bir insan, qadın olaraq ölkədəki siyasi hadisələrin, psixoloji və sosial böhran yaşandığı dövrdə fəlakətlər yaşasa da, hadisələrin yaxşı yazıçı kimi yenidən yaranmasını təmin edən Mövsümün həyatına diqqət yönəldilir.
“Koreya romanında qadın” adlı 2-ci yarımfəsildə İncik Yinin “Qanlı göz yaşı”, Gvangsu Yinin “Mujeong”, Hun Shimin “İynəyapraqlı bir ağac”, Mansik Chenin “Takryu”, Kyungri Parkın “Əczaçı Kimin qızları”, Seokyung Kangın “Meşə içində otaq”, Vanu Kimin “Üç bacının hekayəsi”, Jiyong Gongin “Öküzün buynuzu kimi təkcə gəzin” romanlarında da qadın xarakterlərinin təhlili xülasə verildikdən sonra aparılır. Koreya ədəbiyyatında “Yeni roman” janrının ilk nümunəsi olan “Qanlı göz yaşı” əsərində baş qəhrəman Okryeondan başqa, dul qadın Jeongsangın həyatına, xarakterinə diqqət edilir. Milliyyətçilik duyğusu, təhsilin önəmi vurğulanan “Mujeong” əsərində Koreya ədəbiyyatında “güclü və namuslu bir qadın”, “sonuna qədər eşqini davam etdirən ənənəvi Koreya qadını” kimi adlandırılan Yeongchenin həyatı, cəmiyyət, ölkə haqqında düşüncəsi olmayan Seonhyungun, 1930-cu illərdə kəndliləri savadlandırmaq məqsədilə aparılan Kənd Aydınlanma Hərəkatını əks etdirən “İynəyapraqlı bir ağac” romanında Yeongsin, “Takryu” romanında Gunsanda sərvətini qumarda uduzan icra başçısı Jeong Jusanın qızı Chobong və bacısı Kebongun həyatı, duyğuları, qarşılaşdığı problemlərə diqqət edilir. “Takryu”da iki zidd qadın tipi ilə yazıçının o dövrdə cəmiyyətin problemlərini göstərdiyi, Kebong ilə ikinci şəxs olaraq güclü və müasir düşüncəyə sahib modern qadın tipini yaratsa da, ətraflı şəkildə canlandırmadığı vurğulanır. “Əczaçı Kimin qızları”nda 4 qız – Yongsuk, Yongbin, Yongran və Yongokun həyatı fonunda qadın probleminə diqqət yönəldilir. “Meşə içində otaq” romanında universitet tələbəsi Soyangın məktəb, ailə və cəmiyyətdə xoşbəxtlik tapa bilmədiyindən intiharla nəticələnən həyatı təsvir olunarkən əsəri nəql edən şəxsiyyəti bacıları ilə münasibətdən də aydın olan Miyang gerçəklə idealı ayıra bilən insan kimi təqdim edilir. “Üç bacının hekayəsi”ndə Ben, Myunghe, həm baş personaj, həm də əsəri danışan “Mən” (Yonge) həyatı işıqlandırılır. “Öküzün buynuzu kimi təkcə gəzin”də Hevan, Kyunghe və Yongseon universitetdə birgə oxuduqdan sonra dostluqlarını davam etdirən, xarakteri, yaşantısı çox fərqlənən üç qadının həyatı fonunda dünyada ona sahib çıxacaq özündən başqa kimsənin olmadığı, insan özünə sahib çıxa bilmədikcə, heç kimin sahib çıxmayacağı fikri əsas götürülür, həyatda yalnız olduğumuzu qəbul etməli olduğumuz vurğulanır.
Maneələrlə qarşılaşan qadınların özünü təsdiq naminə mübarizəsi, özünəxas həyat qurmağa ehtiyacını cəmiyyətə və kişilərə qəbul etdirdikləri qeyd edilərkən şəxsiyyətinin uşağa baxmaq, ev işləri görmək, ərinə xidmət etməklə çərçivələnməyib, oxumuş və intellektual qadının sadəcə qadın şəxsiyyəti ilə bütün həyatını fəda etməsinin böyük bir itki olduğu bildirilən bu əsərlərdə onun portreti, xarakteri, mövqeyi, ən həssas məqamlara diqqət yönəldilir.
“Türk və Koreya romanlarında qadın xarakterlərinin qarşılaşdırılması” adlı 3-cü yarımfəsildə iki ölkənin XX əsrdə yazılan romanlarındakı qadın xarakterləri müqayisə edilir. “Xəndan” və “Qanlı göz yaşı”nın xarakterləri Qərb təhsili görən, yabançı mədəniyyəti mənimsəyən Xəndan və Okryeonın şəxsində qərbliləşmə dövründə millətin maariflənməsi üçün təhsilin önəmi vurğulanır. Burada qadın təhsil alsa da, işləmək haqqına önəm verilmədiyi, həyatının sevgilisi və ya əri tərəfindən idarə olunduğu əksini tapır. Qadının şəxsiyyət sahibinə çevrildiyi “Sinəkli baqqal”da Rabia və “Mujeong”da Yeongche söz sahibi olan, kişinin mülkiyyəti olmaqdan çıxan, həyatını iradəsinə görə idarə edən qadınlardır. “Çalıquşu” və “İynəyapraqlı bir ağac”da daha da ciddi səviyyəyə sahib olan qadın xarakteri yaradılıb. Fəridə və Yeongshinin işləyən qadın olub müəllimlik peşəsini seçməsi ilə onların şəxsində qadın evdən kənara çıxır, müəllimlikdə özünü təsdiqləyir, ictimai səviyyəyə qalxır. İki ölkənin ədəbiyyatında ilk dəfə qadının çalışması müzakirə olunarkən, ona verilən işin müəllimlik kimi hörmətli peşə olması diqqəti çəkir. Fəridə və Yeongshin kübar cəmiyyətin “ev içi” həyatına qapanmadığı, ölkənin aşağı təbəqəsi olan, hələ inkişaf etməmiş kəndinə gedib insanları tərbiyələndirməyə çalışdığı, yurdsevərliyi, iradələri ilə ziyalı, güclü qadın tipinin simvolu olduğu vurğulanır.
Türkiyədə Cümhuriyyət dövrü və Koreyada Yaponiya tərəfindən istilasının son illəri və Koreya savaşından sonra yazılan əsərlərdə ənənəvi patriarxal quruluş qarşısında öz şəxsiyyətinə sahib çıxa bilməyən qadın xarakterlər yaradıldığı bildirilir. Qadının qorunması gərəkən varlıq olması, qadın xarakterlərin şəxsiyyətə sahiblənməsini ictimai dəyərlərə bağlamış Türkiyə romanlarından “Bir Filiz vardı” və “İlanı öldürsələr”, Koreya romanından “Takryu” və “Əczaçı Kimin qızları”ndakı qadınlar bu qəbildəndir. Az gəlirli ailələrdən olan, yaxşı təhsil görməyən, atalarının pul qazanmaq üçün qızlarından istifadə etmək istədiyi “Bir Filiz vardı”da Filizin sonda gənc bir toxucuyla birləşməyi onu mövcud vəziyyətdən qurtarıb xoşbəxtliyə qovuşdursa da, “Takryu”da ona göz qoyan bir neçə kişiyə görə Chobongın həyatının məhv olduğu göstərilir, qadının daim qorunmalı zərif varlıq olduğu vurğulanır. “İlanı öldürsələr” və “Əczaçı Kimin qızları”nda kənddə yaşayan qadınların həyatı təsvir olunur, sevgi və cəmiyyət qarşıdurmasında I-də Əmər, II-də 4 qızın həyatının məhv olduğu tənqid edilir. Hər iki romanda eşq və evliliyin həyatı dağıdan, qadını ölümə aparan səbəb olması, hər zaman qadını xoşbəxt edə bilmədiyi, bunda cəmiyyətin böyük təsiri olduğu vurğulanır. Əxlaq, namus ideologiyası uğrunda qadınların qurban edilməsi, cəmiyyətin tənqidi ilə həyatının dağılmağa meyllənməsi bu iki romanın qadın xarakteri, həyat hekayələri vasitəsilə tənqid olunur. Mövzusu intellektual qadının mühit, ailə və evlilik həyatında böhran yaşayarkən şəxsiyyət axtarışı olan “Ölməyə yatmaq”da Ayşə və “Üç bacının hekayəsi”ndə Yongenin kiçik qəsəbədə doğulub şəhərdə ali təhsil alsalar da, ailədə, cəmiyyətdə yer tapa bilmədiklərindən xoşbəxt ola bilmədiyi göstərilir. Ayşə cümhuriyyət sonrası Türkiyəsində çalışan, ziyalı, Atatürkçü türk qadını kimi qadın haqlarını mənimsəmiş, amma qarşılaşdığı ictimai problemlərə qalib gələ bilməmiş, çalışan ziyalı qadın qarşıdurması yaşamışdır. Evlənən andan evə qapanan, şəxsiyyətini təsdiq edə bilmədiyini hiss edən Yongenin yaşadığı ziyalı qadın və cəmiyyət qarşıdurması ön plana alınaraq romanda ziyalı qadının həyatının evlilik sonrası “ev içi” həyatıyla sərhədlənməsi, qadınların bu yaşayışa məcbur edilməsi tənqid edilir. Cəmiyyətlə dəyişik ölçüdə konflikt yaşayan ziyalı qadınların qazandığı nəticələr onların inkişafını təmin edir. Ayşə və Yongenin şəxsiyyət axtarışları onların yeni həyat yaşamasını təmin edən müsbət mərhələ kimi dəyərləndirilir. Günümüzdə oxumuş qadının problemləri “Cadugər ağacı”nda Nilufər, “Öküzün buynuzu kimi təkcə gəzin”də Hevanın həyatı fonunda verilir. Onlar çalışan və ziyalı qadın olmaqdan əvvəl qadın olduqları üçün cəmiyyət onlara şübhəylə yanaşdığından daim mübarizə etmək məcburiyyətində qalırlar. Bu mübarizənin evlilikdə də mövcud olduğu, çalışan qadın və analıq vəzifəsini birlikdə idarə etməyin asan olmadığı bildirilir. Analıq duyğusu ilə cəmiyyət qarşıdurması arasında evlilikləri yaxşı getməyən Nilufər və Hevan övladlarını qəzada itirirməyin kədərini yaşayarkən, əri və ailəsi tərəfindən boşanmağa məcbur edilməsi, boşanmış qadın kimi yaşadıqları, cəmiyyətlə qarşıdurmaları həyatlarını daha da çətinləşdirdiyi göstərilir. Qadının şəxsiyyətinin sərhədini keçdiyi zaman qarşılaşdığı çətinliklər, cəmiyyətin onu, sadəcə, “ev içi” həyatı ilə çərçivələməsindən qaynaqlanır. Tədqiqatçı qadın da insandır, fərddir və oxumuş qadın istəsə, çalışan, işləyən qadın da ana ola bilməlidir fikrini əsas hesab edir, çətinliklərə qalib gəlmək üçün sistemin sosial imkanlarla qadını dəstəkləməli olduğunu vacib hesab edir.
Mövzusu ictimai və siyasi vəziyyəti səbəbilə şəxsiyyət axtarışına çıxan ziyalı qadınların həyatı olan “Qaf dağının arxasında”da Mövsüm “Meşə içindəki otaq”da Soyang anarxiya və terror içində idealist gəncliyin sahibsizliyini, faciəsini göstərir. Mövsüm məmləkət məsələlərinin hesablaşması ilə öz qarşıdurmalarını davam etdirir, çıxış yolunu milliyyətçi məqamda görür. Soyangın isə, gənclərin idealistlər və artıq dərəcədə əlaqəsiz olanlar şəklində qütbləşməyini tənqid etdiyi, iki qrupa da qatılamayan üçüncü şəxsiyyət halına gəldiyi, özünü tapmayıb intihar etməsi özünü tapmaq, eşitdirmək istəyən gənc ziyalının üsyanı kimi dəyərləndirilir. Burada qadın şəxsiyyətindən əlavə ziyalı olaraq yaşayan, düşünən, mücadilə edən gənc qadınların həyatı və problemlərini əks etdirən Soyangın həyatının ölümlə, ziyalı kimi şəxsiyyət axtarışının isə Mövsümün yazıçı kimi yenidən doğulmasına şərait yaratması ilə nəticələndiyi göstərilir. Türkiyə və Koreya romanlarında təhlil edilən qadın xarakterlərdə, patriarxal quruluşa bağlı cəmiyyətdə qadın problemlərinin, demək olar ki, eyni olduğu, onların daima bir sıra problemlərlə mübarizə edib həllini tapmağa çalışdıqları qabardılır.
II fəsil “Türk və Koreya romanlarının qadın xarakterlər baxımından dəyərləndirilməsi” adlanır və 4 hissədən ibarətdir. I yarımfəsil “Qadın xarakterinin fiziki xüsusiyyətləri” adlanır, qadına iki aspektdən − ana və cinsiyyət baxımından bir obyekt kimi baxılır.
“Qadın xarakterlərinin dilləri və üsulları” adlı ikinci yarımfəsildə məsələnin şərhində qadınların zəif vəziyyətdə olması içinə qapanması, susma və daxili monoloqlarında təsdiqini tapır, susma bəzən etiraz kimi qiymətləndirilir, məktub, avtobioqrafiya və ironiya kimi üsullardan istifadə edərək danışmaq istədikləri vurğulanır.
“Qadın xarakterlərinin qarşılaşdıqları hallar və xüsusyyyətlər” adlı 3-cü yarımfəsil hər biri 3 hissəsən ibarət “Dünya ilə tanış olmaq” (“Ev və təzyiq”, “Yolçuluq və hərəkət”, “Geriyə baxmaq və kəşf etmək”), “Dünya ilə təmas qurmaq və konflikt”(“Müsbət analıq və məcburi analığın qarşıdurması”, “Qadınlıq və kişiliyin yanlış dəyərləndirilməsi”, “Aşiq və toplum arasındakı konflikt”) və “Xarici dünyadan geri dönmək”(“Öz şəxsiyyətini kəşf etmə və inkişaf”, “Vazkeçmə və məğlubiyyət”, “Xoşbəxtliyə qovuşma” ) adlı bölmələrdən ibarətdir ki, hər bir başlıq özündə problemə yanaşma tərzini əks etdirir. Tədqiqatçı yazçıların prizmasında qadının məqsədinə, onu xoşbəxt edəcək eşq və evlilik məqamına diqqət yönəldir. Daim təhlükələrdən qorunmalı olduğu vurğulanır.
“Romandakı qadın xarakterlərinin arada qalmaqları və “Ara poetikası” adlı dördüncü yarımfəsildə qadın xarakterlər fiziki xüsusiyyətləri, dil-üslub və yer aldıqları vəziyyət baxımından üç səviyyədə təhlil edilmişdir.
“Nəticə”də müəllif qənaətlərini ümumiləşdirir, iki fərqli mədəniyyətə malik xalqın əsərlərində problemi eyni olan qadın xarakterləri, gerçək dünyası, yazıçılarının qadına münasibəti, zaman faktorunun məsələyə fərqli münasibət formalaşdırmağa təsiri, qadının həyatda ən son nail olması gərəkən məqsədin sevgi və ya evlilik olduğunu göstərən, məsələlərinə toxunan, haqlarını müdafiə edən əsərlərdə yanaşması daha mücərrəd, səthi olmuş kişi yazıçılar və qadının vəziyyətini daha konkret şəkildə bildirməyə çalışan, problemlərinə dərindən toxunan, yanlış formalaşan “qadınlıq” qavramını tənqid edən, qarşılaşdıqları dəyər məhkəmələrindən yararlanaraq qadınların üstündə hakimiyyət qurmaq istəyən kişiləri, ailə mənsublarını və cəmiyyətin yanlışlıqlarını tənqid edən qadın yazıçıların əsərlərində qadına fərqli münasibəti, mövzu ilə bağlı digər məsələlərə dair qənaətlərini bildirmişdir. Qadın yazıçıların əsərlərində toxunulan məsələlərin zaman keçdikcə dəyişdiyi, patriarxal ideologiyanı tənqid edərək qadının haqq və dəyərini qorumağa çalışdıqları, qadının öz dəyərini yenidən kəşf etməyə, ictimai səviyyədə özünüdərkinə yönəldiyi bildirilir, gələcəkdə qadın yazıçıların yerinə yetirmələri olduğu vəzifəyə diqqət yönəldilir.
Haqqında bəhs etdiyimiz qadın xarakterini açan, mübarizə və inkişaf yolunu əks etdirən, cəsarətli olmağa səsləyən kitab ədəbi ictimaiyyətin diqqətini cəlb etməkdə, feminist ədəbiyyat araşdırmaçıları üçün zəruri vəsaitə çevrilməkdədir.
İlahə Dadaşova
Filologiya üzrə fəlsəfə doktoru
çap et