525.Az

Pomidor ixracı problemi - Münasibət


 

İSTİXANA TƏSƏRRÜFATLARIMIZA ZƏRBƏ HARADAN DƏYİB?

Pomidor ixracı problemi - <b style="color:red">Münasibət</b>

Doğrudan da, Mirzə Cəlil demişkən, bu dünyada nigarançılıqdan pis şey yoxdur! Xüsusən də bu nigarançılıq ilin-günün bu çətin vaxtında, on illərlə ardıcıl məşğul olduğun, dolanışığının əsasını təşkil edən təsərrüfat işin ilə bağlı ola...

İki aydır, ölkəmizin tərəvəzçiliyində böyük istehsal payına malik olan, ilin bütün fəsillərində gərgin zəhmətə qatlaşıb istixanalarda pomidor yetişdirən təsərrüfatçılar hali-pərişan və işlərinin gələcək aqibətindən nigarandırlar. Bu vəziyyət əlbəttə, Rusiyanın Azərbaycanda yetişdirilən pomidorun, eləcə də almanın  ixracına tətbiq etdiyi məhdudiyyətlərlə bağlı olsa da, məsələnin çox ilginc kökləri də varmış.

Rusiya Federasiyasının kənd təssərrüfatında nəzarəti həyata keçirən orqanı -"Rosselxoznadzor"un qərarına nəzər salaq. Qurum Rusiyaya gətirilən bir sıra məhsullarda hələ oktyabr ayından etibarən   "Avrasiya İqtisadi Birliyi üçün karantinə alınan obyektlərin - Cənubi Amerika pomidor güvəsi və şərq almaqurdu"nun 17 dəfə aşkarlandığını vurğulayaraq bildirib: "Fitosanitar rifahı qorumaq, bu zərərvericilərin Rusiya ərazisinə gətirilməsinin və yayılmasının qarşısını almaq üçün "Rosselxoznadzor" 10 dekabr 2020-ci il tarixindən etibarən Rusiyaya Azərbaycan mənşəli pomidor və alma idxalını QADAĞAN ETMƏK MƏCBURİYYƏTİNDƏ qalır".

Bəs nə təhər olub ki, bizim ölkəmizdəki bəzi təsərrüfatlardan ziyanverici orqanizmli məhsullar müəyyən həcmdə Rusiyaya gedib çıxa bilib və bununla da həmişə keyfiyyəti ilə öyünə bildiyimiz Azərbaycan tərəvəzinin, xüsusilə də Moskva, Sankt-Peterburq və digər iri rus şəhərlərində bazara demək olar ki, tam hökmran olmuş pomidorumuzun nüfuzuna ağır zərbə vurulub?

Bunun cavabı üçün "Rusiyaya ixrac olunan yoluxmuş pomidorlara fitosanitar sertifikatlar verən müfəttişlər cəzalandırıldı" adlı xəbərə (bu ifadəni yazıb, həmin xəbəri internetdə tapmaq olar) azacıq diqqətli yanaşmaq yetər. Xəbərdə deyilir:

"Yanvarın 26-da Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (Rosselxoznadzor) sədr müavini Yuliya Şvabauskene və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli videokonfrans formatında danışıqlar keçiriblər. Şvabauskene qeyd edib ki, "Rosselxoznadzor" Azərbaycandan gətirilən yeni partiya pomidorda pomidor güvəsi ilə yoluxmanın açkarlanmasından son dərəcə narahatdır. Zərərverici, QTA-nın zəmanəti ilə Rusiyaya tədarükünə icazə verilən 5 müəssisənin pomidor məhsulunda aşkar edilib (!? - Z.M). Təhməzli məlumat verib ki, Rusiya orqanının fəaliyyəti Azərbaycanın ölkədə yetişdirilən və ixrac olunan meyvə-tərəvəz məhsullarının təhlükəsizliyinin təminatına yanaşmanı əsaslı sürətdə dəyişdi, fitosanitar xidməti gücləndirdi. O vurğulayıb ki, aparılan araşdırma nəticəsində Rusiyaya ixrac hüququ əldə edən müəssisələrin pomidor məhsulunda pomidor güvəsinin olduğu təsdiq olunub. Agentlik tərəfindən YOLUXMUŞ MƏHSUL PARTİYALARINA FİTOSANİTAR SERTİFİKATLAR TƏQDİM EDƏN MÜFƏTTİŞLƏR BARƏSİNDƏ tədbirlər görülüb" (İnterfaks).

Yəqin aydın olur ki, hansısa məmurlar, özlərinə bəlli olan hansısa "mülahizələr" daxilində, yəqin ki, istehsala dair şərtlərə o qədər də ciddi yanaşmayan və yalnız gəlir haqda düşünə bilən  pomidor yetişdirmə obyektlərinə tərəfkeşlik edərək, onlara ixrac üçün əsas verən sertifikat veriblər. Bu da Azərbaycan məhsulunun nüfuzunu daima göz bəbəyi kimi qoruyan vicdanlı istehsalçıların hamısının işinə kölgə salıb. Necə deyərlər, "qurunun oduna yaş da yanıb". O da maraqlıdır ki, "yoluxmuş məhsul partiyalarına fitosanitar sertifikatlar təqdim edən müfəttişlər barəsində görülən tədbirlər" nədən ibarət olub və bu cəza onların iqtisadiyyatımıza vurduğu zərbənin miqyasına adekvatdırmı? Çətin!

Pomidor ilə bağlı bu məsələ yerli fermerlərin rifahını təhdid edir. O deyilən nigarançılığın lap dərinini respublikamızda istixana işinin və Rusiyanın pomidor bazarının avanqardı olan Şəmkir əhlində müşahidə etmək olar.  

Bəli, Şəmkirdə bəzi istixana sahibləri bu səbəbdən öz fəaliyyətlərini dayandırır ki, bu da ilboyu ölkəmizdən Rusiyaya ən çox pomidor ixrac olunan rayonda istixana komplekslərinin iflası anlamına gələ bilər.

"Əvvəlki illərin bu aylarında istixanalarda yetişdirilən məhsullar artıq Rusiya bazarlarında piştaxtada olurdu. Ancaq bu il  məhsul göz görə-görə istixanalarda məhv olur. Bu isə həm sahibkarlara, həm də bu təsərrüfatda çalışan işçilərə ağır zərbədir", - deyə istixana sahibi Məhərrəm Musayev bildirir.

Təcrübəli təsərrüfatçı vurğulayır ki, ötən ilin dekabrın 4-də məhsul yığımına başlayıblar, lakin məhsulun cəmi ilk partiyasını münasib qiymətlə sata biliblər. "Tətbiq olunan məhdudiyyətdən sonra pomidorun ixracı dayandığından məhsul yalnız yerli bazara, əvvəlki dəyərindən 6 dəfə aşağı qiymətə, kiloqramı 20-30 qəpiyə satılır. Bu isə yetişdirməyə çəkilən xərci ödəmir. Bu səbəbdən muzdla işləyənlərimizin pulunu verə bilmədiyimiz üçün onların hamısını buraxmışıq", - deyə o şikayətlənir.

Fermer qeyd edir ki, yetişdirilən məhsul Qida Təhlükəsizliyi  Agentliyinin Tovuz Regional şöbəsində laborator müayinələrdən də keçirilib və onda heç bir xəstəlik və ya ziyanverici aşkarlanmayıb, amma...

"Qida təhlükəsizliyi qurumu, fitosanitar xidmət Rusiyanın "Rosselxoznadzor"u ilə görüntülü monitorinqlər keçiriblər. Kimlərinsə bəxtinə bu monitorinqlər düşüb, onlara sertifikat verilib. Biz də fitosanitarlara nə qədər müraciət etdik ki, gəlin bizim təsərrüfatda da görüntülü monitorinq edin, hələ ki bir nəticə yoxdur. Belə getsə,  istixana sahibləri fəaliyyətlərini  dayandırmağa məhkumdurlar", - deyə o, qeyd edir.

Belə görünür, bu məsələdə ziyan çəkən sahibkarlar kifayət qədərdir. Qida Təhlükəsizliyi Agentliyinin təmsilçisi Aysel Fərziyevanın Gəncədə yayımlanan regional televiziya kanalına verdiyi müsahibədə sadaladığı şərtlər də bunu deməyə əsas verir, çünki artıq Rusiyaya pomidor ixracı tək onlardan asılı olan məsələ həddindən çıxıb.

"Bəzi sahibkarlarda yanlış olaraq belə fikir formalaşıb ki, Rusiya bazarlarına məhsul ixrac etməklə bağlı icazələr bu müəssisələrdə keçirilən monitorinqlərdən sonra agentlik tərəfindən verilir. Ancaq Qida Təhlükəsizliyi Agentliyi bu ölkəyə ixrac üçün yalnız Rusiyanın müvafiq qurumu tərəfindən icazə verilən müəssisələrin məhsullarına laborator müayinələrdən sonra fitosanitar sertifikatlar verir. Digər müəssisələrin pomidor və alma məhsulları ilə bağlı icazələr isə Rusiyanın aidiyyatı qurumunun qərarı əsasında mümkündür", -deyə o bildirib.

A.Fərziyeva bu prosesin hazırda da davam etdirildiyini və yaxın vaxtlarda bu yöndə vəziyyətin yaxşılaşa biləcəyini də vurğulayıb.

Bu arada, aparılan birgə videomonitorinqlərin nəticəsini nəzərə alan "Rosselxoznadzor" Azərbaycanın pomidor yetişdirən 12 müəssisəsinə fevralın 5-dən etibarən, AQTİ-nin zəmanəti altında, Rusiyaya bu məhsulun ixracı üçün icazə verdiyini bəyan edib (TASS).

Bu yerdə təkcə pomidorçuluğun, yalnız Rusiyada satış baxımından ölkəmizə, vətəndaşlarımıza nə qədər gəlir gətirən bir sahə olduğu haqda təsəvvür yaratmaq üçün bəzi rəqəmləri də nəzərə çatdırmaq faydalı olardı.

Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, 2019-cu ildə Azərbaycandan bu ölkəyə təzə və soyudulmuş pomidor idxalı 172,4 min ton təşkil edib ki, bu da həmin məhsulların ümumi idxalının 31 faizi deməkdir. Rusiyaya pomidor tədarükünün həcminə görə ölkəmiz Türkiyə, Özbəkistan və Çini onların tədarükünün bir neçə misli qədər qabaqlayaraq, davamlı surətdə birinci yerdə olub. 2020-ci ilin 10 ayında isə Azərbaycandan  Rusiyaya 171 min ton pomidor ixrac olunub. Təbii ki, bu rəqəmin yaxın gələcəkdə getdikcə artacağı gözlənilirdi. Amma Rusiyanın haqlı prinsipial mövqeyinə səbəb olan o "daş atan" məsələsi olmasaydı.

O "barələrində tədbirlər görülən" məmurların əməlləri ilə bəzi şeylər arasında müqayisələr də aparmaq olar. Əgər Şuşada lüzumsuz iqamətgahlar qurmaq istəyi büdcəyə ziyandırsa, haqqında danışdığımız məsələ aqrar ixrac potensialımızı zəiflətməklə, iqtisadi suverenliyimizə birbaşa təhdiddir.

Zakir MURADOV
Şəmkir-Gəncə

 





05.02.2021    çap et  çap et