525.Az

Milli birliyin möhkəmlənməsində mənəvi dəyərlərin rolu


 

Milli birliyin möhkəmlənməsində mənəvi dəyərlərin rolu <b style="color:red"></b>

Mənəvi dəyərlər bir cəmiyyətdə tarixən formalaşan, əksəriyyət tərəfindən qəbul olunan və ictimai münasibətlərdə mühüm rol oynayan, insanların həyat tərzini, seçimlərini müəyyən edən dünyagörüşü, kollektiv aidiyyətlik hissləri yaradan və milli şüurun əmələ gəlməsində mühüm rol oynayan vacib komponentdir.
 
Bu dəyərlər tarixin müxtəlif dönəmlərində insanların mənəvi, əxlaqi normaları və baxışlarının nəticəsi olaraq ortaya çıxmışdır. Bir xalqın varlığı və milli kimliyinin qorunması onun mənəvi dəyərlərinə münasibəti ilə sıx bağlıdır.

Mənəvi dəyərlərimiz bizim bir xalq olaraq formalaşmağımıza böyük təsir göstərmiş, milli dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rol oynamışdır. Azərbaycan xalqının bir millət kimi formalaşması və milli dövlət qurmasının əsas amillərindən biri zəngin mənəvi dəyərlər sisteminə malik olmasıdır, başqa sözlə, zəngin mənəvi dəyərlər sisteminə malik xalq olmağımızdır. Çünki sözügedən dəyərlərin yaradıcısı xalqdır.

Tarixi təcrübə göstəriri ki,  öz tarixinə, soykökünə, milli dəyərlərinə, inanclarına dönük çıxan millətlər və dövlətlər tarixi prosesdə "əriyib" yox olmuş və tarix səhnəsindən birdəfəlik itmişlər. Ona görə ki, hər hansı bir xalqı, dövləti məhv etmək üçün onu milli dəyərlərindən ayırmaq kifayətdir. Bir toplumun mövcudluğunun qorunub  saxlanmasi üçün hər şeydən öncə onun varlığını özündə ehtiva edən milli-mənəvi dəyərlərini qoruyub saxlaması lazımdır.

Azərbaycanın ən yeni tarixinə nəzər saldıqda milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı prinsiplərinin banisi kimi Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərinin şahidi oluruq. Müstəqillik dövrünün təməl daşları üzərində tarixi imzası olan Ulu öndər xalqımızın Azərbaycançılıq ideologiyasının əsasında gələcəyə gedən yolunu böyük uzaqgörənliklə müəyyən etmişdir. Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu məsələni diqqət mərkəzində saxlayan Ümummilli liderimiz Heydər Əliyev bu sahədə lazımlı addımların atılmasına zəmin yaratmışdır. Məhz bunun nəticəsində milli-mənəvi dəyərlər sistemimiz daha da güclənmiş, aşınmadan xilas olmuş, milli dövlətçiliyimizin möhkəmlənməsinə öz töhfəsini vermişdir.

Ulu öndər milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm atributu hesab edirdi. Mənsub olduğu xalqın tarixi keçmişinə, mənəvi irsinə və milli dəyərlər sisteminə böyük hörmət bəsləyən Ulu öndər deyirdi:  "Hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhval-ruhiyyədə tərbiyələndirməliyik".

Dövlət quruculuğu sahəsində zəngin təcrübəyə malik Ümummilli liderimiz Heydər Əliyev tərəfindən Azərbaycanın dini və etnik zənginliyini nəzərə alaraq xalqımızın tarixin dərinliklərindən süzülüb gələn tolerantlıq ənənələrinin dövlətimizin multikulturalizm siyasətinə uğurlu keçidinin əsası qoyulmuşdur. Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Ümummilli lider ölkədə mövcud olan xaos və özbaşınalığa son qoymuş, ölkəmizi vətəndaş qarşıdurması kimi böyük bəlalardan xilas etmişdir. Belə bir dövrdə Azərbaycanda yaşayan bütün xalqların və dinlərin nümayəndələrinin ortaq dəyərlər ətrafında birləşməsinə ehtiyac var idi. Ulu öndər Azərbaycançılıq məfkurəsinin prinsiplərini bəyan etməklə ölkəmizin inkişafı və tərəqqisi üçün işıqlı yolun təməlini qoymuşdur. Bu yanaşmanın məntiqi nəticəsi kimi biz geridə qoyduğumuz 44 günlük Vətən müharibəsində  multikulturalizm siyasətinin dövlətimiz üçün nə qədər gərəkli olduğunu canlı şahidi olduq.

Xalqımızın milli-mənəvi dəyərlərini qorumaq və inkişaf etdirmək, eyni zamanda, müasir dünyanın elmi-texniki tərəqqisi ilə ayaqlaşa bilən, mənəvi köklərinə bağlı gənc nəslin yetişdirilməsinə, hüquqi, dünyəvi, demokratik və unitar dövlət sisteminə zəmin yaradan, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən Azərbaycançılıq ideologiyasi ölkədə vətəndaş birliyi və vahid sosium üçün uğurlu bünövrədir. Bu mənada, Azərbaycançılıq millətindən asılı olmayaraq özünü azərbaycanlı sayan vətəndaşların həmrəyliyi üçün möhkəm istinad mənbəyi, ideoloji təməldir. Milli ideologiyamızın pozitiv xarakteri həm də bütün dünyaya səpələnmiş 50 milyondan artıq azərbaycanlını vahid ideallar naminə səfərbər etmək qüdrəti ilə müəyyən olunur. Azərbaycançılıq dinindən, dilindən, millətindən, sosial mənsubiyyətindən asılı olmayaraq bütün ölkə vətəndaşlarını ümumi vətən naminə həmrəyliyə dəvət edir. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın bu torpaq üçün milli yiyəlik hissini yaşaması isə tolerantlığın bariz təzahürüdür.

Bütün bunlarla yanaşı, milli dövlətçiliyimiz və mənəvi dəyərlərimiz üçün təhdidlər də mövcuddur. Xüsusilə, bu təhdid həm də ondan ibarətdir ki, dünyada qloballaşma adı altında ayrı-ayrı xalqların milli-mənəvi dəyərlərinə müxtəlif formalarda, gizlin və aşkar şəkildə təcavüz edilir. Bir sıra elm adamları bu prosesin həm də milli dövlətçiliyə qarşı olması, gələcəkdə milli sərhədlərin yoxa çıxması ilə nəticələnəcəyi barədə proqnozlar verirlər. Buna görə də, milli dövlətçiliyimizin qorunması üçün öz milli dəyərlərimizi yaşatmalı, onlara təkcə tariximizin mirası yox, gələcəyimizin təminatı kimi yanaşmalıyıq. Qloballaşma beynəlxalq əməkdaşlığı, xoş münasibətləri, səmimi dostluğu nəzərdə tutmalı, qloballaşma adı altında digər xalqların adət-ənənələrinə zidd olan, milli mentalitetə xas olmayan dəyərlərə qarşı mübarizə aparılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 40-cı maddəsində yazılıb: "Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır". Milli şüura, milli mədəniyyətə sahib olan cəmiyyətin mövcudluğu qloballaşma mühitində milli-mənəvi dəyərlərin və dövlətçiliyin əhəmiyyətini inkar edən düşüncə tərzinin yayılmasının qarşısını alır. Dövlətimizin bu məsələdə mövqeyi dünya ilə harmonik inkişaf fonunda milli dəyərlərin qorunmasından ibarətdir. Bu baxımdan gənclərin milli-mənəvi dəyərlər əsasında - milli ruhda tərbiyə alması vacib məsələ kimi çıxış edir. Bu gün dövlətin yüksək səviyyəli diqqət və qayğısının fonunda, eləcə də ölkəmizdən kənarda müstəqil formada inkişaf edən Azərbaycan gəncliyi həm milli-mənəvi dəyərlərin mənimsənilməsində, həm də təbliğində dinamik təbəqə kimi çıxış edir.

Ölkə Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, biz öz köklərimizə həmişə bağlı olmalıyıq və gənc nəsil bu ruhda tərbiyə almalıdır:

"... Çünki bu gün qloballaşma prosesi gedir. Düzdür, son vaxtlar bu "qloballaşma" sözü daha az çəkilir. Ancaq proses gedir. Sadəcə olaraq, bəzi ölkələr qloballaşma adı altında öz təsir dairələrini genişləndirmək, xalqları, bir növ, öz milli köklərindən ayırmaq, qoparmaq, o tarixi bağları qırmaq istəyirlər. Budur bunun təməlində dayanan əsas məqsəd. Əlbəttə ki, indi qloballaşma deyəndə bəziləri bunu inteqrasiya, dünyanın   yeni inkişaf modeli kimi qələmə verirlər. Ola bilər, müsbət məqamlar da var, onları mən inkar etmək istəmirəm. Ancaq eyni zamanda, açıq-aydın görünür, bu siyasətlə böyük dairəyə hakim olmaq, təsir imkanlarını genişləndirmək istəyirlər ki, xalqlar öz köklərindən ayrılsınlar, öz əcdadlarını, tarixlərini unutsunlar, sadəcə amorf, kosmopolit bir kütləyə çevrilsinlər ki, onları istənilən istiqamətə göndərmək mümkün olsun. Ona görə milli ruhda tərbiyə almaq hər bir gəncin borcudur. Yaşlı nəslin borcudur ki, bax bu ənənələri yaşatsınlar və gəncləri milli ruhda böyütsünlər".

Cənab Prezidentin yuxarıdakı çıxışından yola çıxaraq 2020-ci il sentyabrın 27-də başlamış Vətən müharibəsi zamanı öz təntənəsini yaşayan dövlət-xalq birliyindən, bu birliyin əldə olunmasında və möhkəmlənməsində milli-mənəvi dəyərlərimizin rolunu daha aydın anlamaq olar. Tarixdən də məlum olduğu kimi, xalqın milli ruhu dövlətin siyasəti ilə daha da yüksəlir, onu regional və qlobal təhdidlərə qarşı səfərbər edir, qarşıya qoyulmuş hədəflərə, milli maraqların təmin olunmasına zəmin yaradır. Vətən müharibəmiz ölkəmizin müxtəlif etnik mənsubiyyətə malik vətəndaşlarının bötüvlükdə isə xalqımızın birlik və vəhdətinin alnıaçıq sınağı oldu, əslində, bütün millətimizin qəhrəmanlığı ən çətin şəraitdə nümayiş olunaraq bir daha  təsdiqini tapmış oldu.

Uzun illər aparılmış məqsədyönlü siyasətin məntiqi nəticəsi kimi 44 günlük aktiv müharibədə Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək tarixi zəfərə nail oldu. Müharibənin ilk günündən Ali Baş Komandanın qətiyyəti, zəfərə inamlı çağırışı böyük ruh yüksəkliyi yaratdı və dinindən, etnik mənsubiyyətindən, siyasi baxışlarından asılı olmayaraq bütün vətəndaşlarımızın güc və enerjisini qələbəyə yönəltdi. Vətən müharibəsi göstərdi ki, lazım gəldikdə bütün ölkə vətəndaşları dininindən, məzhəbindən, inancından asılı olmayaraq bir yumruq kimi birləşə bilir.

Vətən müharibəsi ərəfəsində və ondan sonrakı dövrlərdə Ermənistanın bu münaqişəni əsl mahiyyətindən yayındırıb, dini müstəvidə təqdim edərək dəstək qazanmaq cəhdləri də artdı. Ermənilər tarixin müxtəlif dönəmlərində zorla erməniləşdirilmiş bir sıra qədim xristian abidələrinin təhlükədə olduğu, yerli əhalinin guya dini etiqad azadlığının pozulduğu barədə hay-həşir qopardılar. Azərbaycanın öz sərhədləri daxilində öz suveren hüquqlarını, ərazi bütövlüyünü bərpa etməsi üçün apardığı hərbi əməliyyatları tamamilə təhrif edərək bunun ermənilərin timsalında xristian dünyasına qarşı yönəlməsi kimi qələmə verməyə çalışdılar. Təbii ki, erməni xislətinə uyğun olaraq Ermənistanın yüksək çinli rəsmilərinin "yeni müharibə, yeni ərazilər"  barədə bəyənatlarını və bu iddiaların reallaşdırmaq üçün Azərbaycana özlərinin hücum etdiklərini gizləməyə çalışdılar.

Məhz bu məqamda Ermənistanın iddialarını puça çıxaran bir sıra amilləri vurğulamaq yerinə düşər:

- Azərbaycan xalqının tarixən formalaşmış zəngin tolerantlıq ənənələri

- Azərbaycan dövlətinin demokratik, hüquqi, dünyəvi konstitutsion əsaslara söykənməsi

- Azərbaycanın müxtlif dinlərə, inanclara münasibətdə həyata keçirdiyi daxili və xarici siyasət

- Azərbaycan həqiqətlərinin, o cümlədən, mədəniyyəti və multikulturalizminin dünyada  uğurlu təbliği

Azərbaycan xalqının tarixən formalaşmış zəngin tolerantlıq ənənələri artıq uzun illərdir ki, həm regional, həm də qlobal miqyasda bütün dövlətlərə, beynəlxalq və regional təşkilatlara, həmçinin, ölkəmizə səyahət edən müxtəlif millətlərdən olan turistlərə, elm və iş adamlarına məlumdur. Əsrlər boyu yəhudilərin ölkəmizdə kompakt şəkildə sülh və əmin-amanlıq şəraitində yaşamaları, həmçinin, xristianlığın demək olar ki, bütün qollarının ölkəmizdə təmsil olunması, bəhailik, krişnaçılıq kimi inancların sərbəst fəaliyyət göstərməsi, bütün dinlərin mənsublarına aid mədəni-tarixi abidələrin xalq tərəfindən günümüzədək qorunması və hazırda dövlətin qayğısı və himayəsi altında olması kimi çoxsaylı faktlar ermənilərin iddialarının əksini sübut edir.

Eyni zamanda, Azərbaycan Respublikasının konstitusiyasında Azərbaycan Respublikasında dinin dövlətdən ayrı olması, bütün dini etiqadların qanun qarşısında bərabərliyi və Azərbaycan xalqının vahidliyi prinsipləri bu iddiaların əsassızlığını göstərir. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ konstitusiyamızda təsbit olunmuşdur və bu prinsiplər praktikada öz əksini həmişə parlaq şəkildə tapır. Azərbaycan nəinki ölkəmizdə, hətta müxtəlif ölkələrdə dini abidələrin təmir və bərpası istiqamətində böyük layihələr həyata keçirmiş və burada qeyri-islam abidələri xüsusi yer tutmuşdur. 

Bu erməni iddialarını çürüdən digər fakt Azərbaycanda təmsil olunan bütün konfessiyaların, o cümlədən, həm katolik, həm də pravoslav xristianların dövlətimizlə həmrəylik nümayiş etdirməsi, bununla bağlı rəsmi bəyənatları, eləcə də dini etiqadından asılı olmayaraq Vətən müharibəsində iştirak etməsi oldu. Bütün bunlar ölkəmizin burada yaşayan bütün dini və etnik qrupların əzəli və əbədi, bölünməz Vətəni  olduğunu göstərir.

Beləliklə, tam əminliklə demək olar ki, Azərbaycan xalqı müxtəlif dini və etnik qruplardan təşkil olunsa da, onları birləşdirən müqəddəs dəyərlər var. Bu dəyərlərin içərisində ən ümdəsi ortaq Vətən və əsrlər boyu formalaşmış, qarşılıqlı hörmət və etimada əsaslanan mənəvi dəyərlərdir. Məhz bu mənəvi dəyərlər bizim Vətənimiz və milli dövlətçiliyimiz naminə birliyimizi möhkəmləndirir və gələcəyə gedən yolumuza işıq tutur.

 





05.02.2021    çap et  çap et